14/04/2013
Xəzər İntellektual Gənclər Klubu 12 yaşını qeyd edir
Azərbaycan intellektual oyunlar hərəkatının ilk anadilli intellektual klubu - Xəzər İntellektual Gənclər Klubu yaranmasının növbəti ildönümünü qeyd edir. 2001-ci ildə Bakı Dövlət Universitetinin bir qrup tələbəsi tərəfindən yaradılan klub Azərbaycanda anadilli intellektual oyunlar hərəkatının əsasını qoymaqla bir tarix yazdı.
Xəzər İntellektual Gənclər Klubunun yaradılmasından sonra Azərbaycan dilində intellektual oyunlar populyarlaşdı, minlərlə gənc oyunlara qatıldı, təcrübəli bilicilərə çevrildi. Klub uzun illər intellektual oyunlar hərəkatının avanqardı olaraq onlarla çempionat və müxtəlif yarışlar təşkil edib. Mövcud olduğu illər ərzində 19 mindən çox gəncin maariflənməsində iştirak edən klub universitetlərdə və ölkəmizin müxtəlif regionlarında intellektual oyunlar üzrə klubların yaradılmasını təşfiq edib.
Hazırda Xəzər İntellektual Gənclər Klubunun yaratdığı intellektual oyunlar klubları şəbəkəsinə - Universitet liqası layihəsinə Bakı universitetləri, Gəncə, Sumqayıt, Quba, Biləsuvar, Beyləqan, Sabirabad, Göyçay şəhərlərindəki klublar, eləcə də Türkiyə Cumhuriyyəti və Şimali Kipr Türk Cumhuriyyətindəki bəzi universitetlərdə təhsil alan azərbaycanlı tələbələrinin intellektual oyunlar klubları daxildir. Bu şəbəkədə ümumilikdə 1000-ə yaxı gənc hər həftə peşəkar intellektual oyunlarda iştirak edir.
Klub məktəbliləri də diqqət mərkəzində saxlayır. Həftənin bazar günü təşkil olunan oyunlarda 100-ə yaxın məktəbli iştirak edir. Həm məktəblilər, həm də böyüklər müxtəlif illərdə klubu mötəbər tədbirlərdə təmsil edərək daima ən yaxşı nəticələrə nail olublar.
12 illik fəaliyyətdə əldə olunan nəticələrlə kifayətlənməyən klub yeni layihələr üzərində çalışır.