23/07/2026
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmiş, Avropa dövlətləri ilə siyasi dialoqu, iqtisadi əlaqələri və humanitar əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirmişdir. Bu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında qarşılıqlı hörmət, bərabərhüququlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanan münasibətlərin davamlı inkişafıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilir.
İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub. Keçən müddət ərzində iki ölkə arasında 70-dən çox sənəd imzalanıb, həmçinin ticari dövriyyənin artması məqsədi ilə 2011-ci il tarixində Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupu təsis edilib. Bu gün Azərbaycan və Almaniya arasında əməkdaşlıq uğurla həyata keçirilir.
21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Berlində yüksək səviyyəli görüşlər keçirilib, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında ikitərəfli gündəliyin kifayət qədər geniş olduğunu, Azərbaycan-Almaniya əlaqələrinin təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə və əmin-amanlığa töhfə verəcəyini vurğulayıb. Bir çox Alman şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürüldüyünü qeyd edib.
Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutub. Dövlət başçısının da qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti olduğunu və Almaniya şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini qeyd edən prezident İlham Əliyev bildirib ki, “Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.”
Bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqları da geniş şəkildə əks etdirən Prezident İlham Əliyev bildirib ki, “Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi.”
Bəli, Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Ermənistana benzin və dizel yanacağının tədarükü həyata keçirilir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması sürətlə artır. Qısa müddət ərzində 40 min tondan artıq yükün ölkəmizin ərazisindən tranzit daşınması yeni əməkdaşlıq mühitinin real nəticəsidir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətləri də diqqətə çatdıraraq, torpaqları uzun illər işğal altında olan Azərbaycanın bu gün çox tarixi bir dövr yaşadığını, öz gücü ilə işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, Ermənistana sülh təklif etdiyini və müsbət cavab aldığını qeyd edib və Almaniya hökumətinin bu prosesdə oynadığı rolu da yüksək qiymətləndirib.
Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunub: "Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon derLyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.”
Etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani göstəricisi olan bu səfər ölkələrimiz arasında siyasi dialoqun daha intensiv xarakter almasına, iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar açacaq.
Eldar Mustafayev
RİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri