Zaqatala Çökəkoba kənd tam orta məktəbi

Zaqatala Çökəkoba kənd tam orta məktəbi Məktəb 4 tərəfi divarlarla örtülü yer deyil, bilginin, öyrənmənin olduğu hər yer MƏKTƏBdir.

19/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

17/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri mühüm siyasi, sosial-iqtisadi və strateji əhəmiyyət daşıyan hadisə kimi yadda qalıb. Bu səfər Naxçıvanın hərtərəfli inkişafının ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə isə görülən işlərin və qarşıda duran vəzifələrin daha geniş şəkildə ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər etdiyini və hər səfərin də böyük mənası və gözəl nəticələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin hərbi qüdrətinin və müdafiə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edib.
Müsahibəsi zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirən prezident İlham Əliyev hazırda təxminən 200 meqavat generasiya gücünə malik olan Naxçıvanda 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşa ediləcəyini bildirib.
Bəli, Naxçıvan artıq enerji təminatında yeni mərhələyə keçir. Bu layihə Naxçıvanın enerji imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, regionun gələcək sənaye inkişafı üçün də mühüm baza yaradacaq. Bərpaolunan enerji sahəsində də Naxçıvan üçün böyük perspektivlər mövcuddur. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Cənab prezidentin qeyd etdiyi kimi, aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edilib və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq. Enerji təhlükəsizliyinin digər mühüm komponenti qaz təminatıdır. Naxçıvanın qazlaşma səviyyəsinin 100 faizə çatdırılması əhalinin sosial rifahı və iqtisadi fəaliyyət üçün mühüm nəticədir.
Çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malik Naxçıvanın Azərbaycanın tarixində və dövlətçilik ənənələrində xüsusi rolunu vurğulayan Prezident qeyd edib ki, “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.”
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Zəngəzur dəhlizi və Naxçıvanın gələcək nəqliyyat imkanları ilə bağlı fikirləridir. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycana məxsusdur və Azərbaycanın əsas hissəsinin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirilməsi çoxdankı hədəfdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda bu məsələnin əks olunması üçün göstərilən siyasi səyləri xatırladan prezident İlham Əliyev 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşünün bu məsələdə dönüş nöqtəsi olduğunu bildirib.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğu, dəmir yolunun tikintisinin də sürətlə davam etdiyi diqqətə çatdıran prezident İlham Əliyev Naxçıvan istiqamətində Ordubad və Sədərək rayonları ərazisində mövcud olmayan dəmir yolu hissələrin yenidən tikiləcəyini bildirib. Ölkə başçısı vurğulayıb ki, “Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.”
Bir çox beynəlxalq qurumların, bəzi ölkələrin bu yola maraq göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq.”
Prezidentin sözlərinə görə, bu yolun əhəmiyyəti təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq.
Beləliklə, Zəngəzur layihəsi nəqliyyat dəhlizindən daha geniş anlayışa çevrilir. Bu, enerji, rəqəmsal kommunikasiya, logistika və iqtisadi inteqrasiyanı özündə birləşdirən çoxfunksiyalı regional bağlantıdır.
Bununla yanaşı, Naxçıvanın inkişafında xarici investisiyaların cəlb edilməsidə mühüm istiqamət kimi müəyyənləşdirilir. Prezident artıq müxtəlif istiqamətlərdən investisiya təkliflərinin daxil olduğunu və Naxçıvanın potensialından daha geniş istifadə olunacağını bildirib. Bu isə muxtar respublikanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarə etmə modelinin üstünlüklərinin Naxçıvanda da nəzərə alınacağı bildirilib. Prezident qeyd edib ki, “kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.”
Beləliklə, Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi yalnız Naxçıvanın inkişafı haqqında deyil, Azərbaycanın gələcək regional modelinin konturlarını göstərir.

Kamran Məmmədov
Zaqatala RİHBA-nın Sosial-iqtisadi məsələlər,
informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi

01/08/2026

Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir
- - - -
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi davam edir.

Bu günədək şimal-qərb bölgəsində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 1832 uşağın qeydiyyatı uğurla tamamlanıb.

Qeydiyyat prosesi mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2021-ci il təvəllüdlü uşaqlar qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların məktəb mühitinə uyğunlaşmasını asanlaşdırmaq, onların psixoloji dayanıqlığını gücləndirmək, ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək, eləcə də gələcək təhsil mərhələsinə daha hazırlıqlı başlamalarını təmin etməkdir.

🔗 Qəbul prosesi ilə bağlı tez-tez verilən sualların cavabları ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://ref.az/5ykZa

01/08/2026

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.

24/07/2026

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmiş, Avropa dövlətləri ilə siyasi dialoqu, iqtisadi əlaqələri və humanitar əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirmişdir. Bu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında qarşılıqlı hörmət, bərabərhüququlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanan münasibətlərin davamlı inkişafıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi çoxşaxəli xarici siyasətin növbəti mühüm uğuru kimi qiymətləndirilir.
İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulub. Keçən müddət ərzində iki ölkə arasında 70-dən çox sənəd imzalanıb, həmçinin ticari dövriyyənin artması məqsədi ilə 2011-ci il tarixində Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupu təsis edilib. Bu gün Azərbaycan və Almaniya arasında əməkdaşlıq uğurla həyata keçirilir.
21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Berlində yüksək səviyyəli görüşlər keçirilib, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında ikitərəfli gündəliyin kifayət qədər geniş olduğunu, Azərbaycan-Almaniya əlaqələrinin təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə və əmin-amanlığa töhfə verəcəyini vurğulayıb. Bir çox Alman şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürüldüyünü qeyd edib.
Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutub. Dövlət başçısının da qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti olduğunu və Almaniya şirkətlərinin bu istiqamətdə çox böyük uğurlar əldə etdiyini qeyd edən prezident İlham Əliyev bildirib ki, “Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.”
Bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqları da geniş şəkildə əks etdirən Prezident İlham Əliyev bildirib ki, “Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi.”
Bəli, Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən Ermənistana benzin və dizel yanacağının tədarükü həyata keçirilir, eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması sürətlə artır. Qısa müddət ərzində 40 min tondan artıq yükün ölkəmizin ərazisindən tranzit daşınması yeni əməkdaşlıq mühitinin real nəticəsidir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətləri də diqqətə çatdıraraq, torpaqları uzun illər işğal altında olan Azərbaycanın bu gün çox tarixi bir dövr yaşadığını, öz gücü ilə işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, Ermənistana sülh təklif etdiyini və müsbət cavab aldığını qeyd edib və Almaniya hökumətinin bu prosesdə oynadığı rolu da yüksək qiymətləndirib.
Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunub: "Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon derLyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək.”
Etibarlı tərəfdaşlığın yüksələn xətlə inkişafının əyani göstəricisi olan bu səfər ölkələrimiz arasında siyasi dialoqun daha intensiv xarakter almasına, iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar açacaq.

Eldar Mustafayev
RİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri

22/07/2026

Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur. 1875-ci il iyulun 22-də görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşmüşdür. Azərbaycan milli mətbuatının təşəkkül tapmasında və inkişafında əvəzsiz rolu olan “Əkinçi”nin ömrü uzun sürməmiş, cəmi 56 sayı işıq üzü görmüşdür. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlamış və sonda qəzetin nəşrini dayandırmışdır.
Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilmiş, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmışdır. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratmışlar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrilmişdir.
Mətbuat yarandığı gündən milli dəyərlərin qorunmasına, dilimizin, incəsənətimizin və mədəniyyətimizin inkişafına böyük töhfələr vermişdir. Xüsusilə 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçildikdən sonra digər sahələr kimi, milli mətbuatın inkişafında və milli jurnalist kadrların yetişməsində çox mühüm tədbirlər həyata keçirilmiş, Məhz Ulu Öndərin qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilərkən orada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına, habelə milli mətbuatımızda ədəbi dilin, anadilli mətbuatın inkişafına və milli jurnalist kadrlarının hazırlanmasına xüsusi diqqət ayrılmışdır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etmiş, göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır.
Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, mətbuata qayğıda da Ümummlili Liderin ənənələrini layiqincə davam etdirir. Ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmış, ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılması məqsədi ilə “Media haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında ölkə başçısının sərəncamları, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis olunması mətbuata və mətbuat işçilərinə dövlət qayğısının tərkib hissəsidir. Bununla belə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid qurumun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara müvafiq dəyişikliklərin edilməsi barədə qanun layihəsi 2026-cı il iyulun 14-ü Milli Məclisdə qəbul olunub.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Artıq dörd ildir ki, Qarabağın ürəyi sayılan Şuşada ənənə halını almış Qlobal Media Forumu keçirilir. Bu tədbirlərdə dünyanın aparıcı mətbuat rəhbərləri, radio, televiziya və agentlik nümayəndələri təmsil olunurlar.
Bəli, bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən media mövcuddur. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Möhkəm bünövrəyə, zəngin təcrübəyə əsaslanan və hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən milli mətbuatımız zamanla birgə irəliləyir, inkişaf edir, həm müstəqil Azərbaycanın, həm də yazılı fikir tariximizin yeni şərəfli səhifələrini qələmə alır. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Bu gün dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Mediamız müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.
22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işlərində yeni-yeni uğurlar, obyektivlik, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram. Dövlətimizin və xalqımızın firavanlığı üçün apardığınız mübarizədə yorulmayasınız!

Elmira Mehdiyeva
Əməkdar mədəniyyət işçisi, jurnalist,
"Yeni Fikir" İctimai Birliyinin sədri

16/07/2026

Qarşılıqlı hörmətə və etimada əsaslanan, strateji tərəfdaşlığa və regional sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə inkişaf edir. İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə və strateji əməkdaşlığın gücləndirilməsinə yönəlmiş addımdır.
Səfər çərçivəsində Qarabağın dilbər güşəsi olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşa şəhərində verdiyi bəyanatda Slovakiya-Azərbaycan əlaqələrinin inkişafının uğurla davam etdiyini diqqətə çatdırıb.
Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkürünü bildirib və Slovakiya-Azərbaycan siyasi əlaqələrinin çox yüksək səviyyədə olduğunu qeyd edib: “2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.”
Bəyanatında Slovakiyanın Qarabağın bərpasında fəal iştirak etdiyini xatırladan Prezident İlham Əliyev bu dəstəyə görə ölkə başçısına bir daha təşəkkürünü bildirib. Müzakirə edilən məsələlər arasında iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələrin prioritet təşkil etdiyini diqqətə çatdıran prezident İlham Əliyev bundan sonra da bu münasibətlərin uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən mühüm məqamlardan biri də Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə gəlməməsi ilə bağlı fikirləri olub.
Şuşadan verilən mesajlar iki ölkə arasındakı strateji tərəfdaşlığın və dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu növbəti dəfə nümayiş etdirib.

Sərxan Musayev
Zaqatala RİHBA Ərazi-təşkilat məsələləri sektoru müdiri

Müəllimlərin sertifikatlaşdırılması imtahanında müəllimlərimiz bu il də uğurlara imza atmışdır. Bu uğur müəllimlərimizin...
26/06/2026

Müəllimlərin sertifikatlaşdırılması imtahanında müəllimlərimiz bu il də uğurlara imza atmışdır. Bu uğur müəllimlərimizin peşəkarlığının, zəhmətinin və öz üzərində daim çalışmasının göstəricisidir. Hər bir müəllimimizə gələcək fəaliyyətlərində yeni nailiyyətlər, möhkəm cansağlığı və bitməz-tükənməz uğurlar arzulayırıq.

26/06/2026

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.
Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünərək 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Onun sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
“Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.” deyən Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Bu gün ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir, dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silahlı qüvvələrin büdcəsi durmadan artır. Hərbi qulluqçuların sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.
2016-cı ilin aprel döyüşlərində və 2018-ci ilin mayında Günnüt zəfəri ilə öz gücünü bütün dünyaya göstərən Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə başlanılan lokal xarakterli antiterror təməliyyatı ilə suverenliyimiz tam bərpa edildi.
Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.
44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu və Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir.
Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Eyni zamanda İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Həmçinin Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır.
Bəli, bu gün Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur. Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur. Azərbaycan Silahlı Qüvvələrinin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.

Anar Seyidov
Zaqatala RİHBA-nın Müharibə iştirakçıları
və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri

Address

Zaqatala

Telephone

+994242240362

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala Çökəkoba kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zaqatala Çökəkoba kənd tam orta məktəbi:

Shortcuts

Share

Category