Yevlax r. Ə.Yolçuyev adına Hacıselli kənd tam orta məktəb
Səhifədə məktəblə bağlı məlumatlar yerləşdirilir
ÜÇRƏNGLİ BAYRAĞI ÖZ QANLARIYLA,
VƏTƏN GÖYLƏRİNƏ ÇƏKDİ ŞƏHİDLƏR!🇦🇿🇦🇿
26/09/2021
ANIM GÜNÜ
Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
🇦🇿28 MAY RESPUBLİKA GÜNÜ 🇦🇿münasibətilə III sinif şagirdi Əliyev Rəsulun hazırladığı təqdimat.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı məktəbimizin şagirdlərinin ifasında hazırlanmış video çarx
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin keçirilməsi ilə bağlı Təhsil Nazirinin 10.03.2021-ci il tarixli F-76 nömrəli əmrinə əsasən məktəbin 9-cu sinif şagirdi Allahverdiyeva Zeynəb Fuad qızının "Heydər Əliyevin gənclər siyasəti" mövzusunda hazırladığı videoçarx
UNUTMAYAQ, UNUTDURMAYAQ!🇦🇿
Məktəbin 4a sinif şagirdlərinin "Novruz bayramı" ilə bağlı keçirdikləri tədbirdən videoçarx
Məktəbin tədbirlər planına əsasən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş video çarx.
Azərbaycan enerji, nəqliyyat sahəsində yeni zirvələr fəth edir
Dövlətimiz möhkəmlənib. Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib. Azərbaycanın 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb. Azərbaycan dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilib.
Ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir. Çünki hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır. Bu sahə inkişaf etməsə, heç bir başqa sahə inkişaf edə bilməz. Ona görə kompleks tədbirlər nəticəsində elektrik stansiyalarının inşası, xarici investorların Azərbaycana gəlişi, yarımstansiyalarda aparılan təmir-bərpa işləri və yeni yarımstansiyaların tikintisi, ötürücü xətlərin təmiri və yeni xətlərin çəkilişi, qonşu ölkələrlə yüksəkgərginlikli elektrik xətlərinin tikintisi və artıq regional əməkdaşlıq üçün zəminin yaradılması da çox önəmlidir. Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır. Nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə işlər görür.
Hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır.
Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması var. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var. Azərbaycan bu ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.
Məktəbin direktor əvəzi: G. Xəlilova
Tarix yazmış Azərbaycan xalqı
Azərbaycan əsgərləri lap qədim dövrlərdən cəsur döyüşçülər kimi tanınıblar. Bunu bir çox yerli və yadelli tarixçilər öz əsərlərində qeyd ediblər.
Tarixən Azərbaycan əsgəri regionda güclü dövlətlər quran, geosiyasi vəziyyəti dəyişən bir qüvvə olub. Bu əsgərin cəsarəti, mərdliyi, gücü və axıtdığı qan hesabına Səfəvilər, Qacarlar kimi böyük dövlətlər yaradılıb və bölgədə dominant güc olub.
1918-ci ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının ilk ordusu yaradılan kimi dərhal bir neçə uğurlu əməliyyat keçirildi. İyun-avqust aylarında Gəncədə qiyam qaldırmaq istəyən ermənilər tərksilah edildilər; Qaraməryəm, Kürdəmir, Ağsu, Şamaxı, Salyan döyüşlərində yenicə yaradılmış ordumuz Cümhuriyyətə qarşı döyüşən düşmən qüvvələri üzərində qələbələr qazandı.
Azərbaycan Ordusuna Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov, Süleyman bəy Əfəndiyev, Cavad bəy Şıxlınski, Feyzulla Mirzə Qacar kimi cəsur, peşəkar və vətənpərvər generallar rəhbərlik edirdilər. Onlardan bəzilərinin şöhrəti Azərbaycandan çox-çox uzaqlara yayılmışdı.
1918-ci il, dekabrın 25-də Səməd bəy Mehmandarov xalqa müraciətlə deyir: “Qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və istər kasıb, istər dövlətli olsun, cəmi vətəndaşları əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını azad etsə, böyük cəzaya düçar olacaqdır. Əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmasına mən çox çalışıram”.
1919-cu ilin sentyabrında general Həbib bəy Səlimovun başçılığı ilə keçirilən Lənkəran əməliyyatı zamanı dövlətə tabe olmaq istəməyən qiyamçı dəstələr zərərsizləşdirildi, ölkənin ərazi bütövlüyünə yaranmış təhlükə aradan qaldırıldı.
Azərbaycan Ordusunun ən böyük əməliyyatı 1920-ci ilin mart-aprel aylarında həyata keçirilmiş Qarabağ hərəkatıdır. Ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün Novruz bayramı ərəfəsində başladıqları təxribat və hücumları əsl müharibəyə çevirirlər. Amma Azərbaycan ordusu iki ayı ərzində onlara qalib gəlir və Qarabağı xilas edir.
Həmin vaxt Əsgəran qalasının müdafiəsinə rəhbərlik edən general Cavad bəy Şıxlınski Bakıya, baş nazirə göndərdiyi teleqramda “Ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq!” yazmış və sözünə əməl edərək, Əsgəranı qorumuşdu.
Azərbaycan Ordusu 100 il əvvəl olduğu kimi, yenə də Qarabağı düşməndən azad etməyə hazır və qadirdir. Bunu bir neçə dəfə sübut edib.
1993-cü ilin dekabr-yanvarında Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən alınmışdı.
2016-cı ilin aprel zəfəri göstərdi ki, Azərbaycan Ordusu ildırım sürətli müharibə ilə düşməni əzməyə qadirdir. 4 gün ərzində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Madaqiz kəndi istiqamətində yollar, Goranboyun Gülüstan kəndi, Cəbrayıl rayonunun vacib strateji əhəmiyyətə malik Lələ Təpə yüksəkliyi düşməndən azad olundu.
Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardğı döyüşlərin müasir hərb tarixinə yazılacağı dəqiqdir. Bu döyüşlərdə ordumuzun düşmənə qarşı müxtəlif tipli çoxsaylı dronlar tətbiq edərək onun canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi hərbi mərkəzlərdə təhlil edilir. Ən mühümü odur ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar döyüş əməliyyatlarının aparılması taktikasını dəyişir. Belə ki, hərbi əməliyyatlarla bağlı indiyə qədər mövcud olmuş ənənələr yeniləri ilə əvəz olunur, o cümlədən bir sıra hərbi texnikalar tədricən effektivliyini itirir.
Bütövlükdə, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi ordumuzun gücünün və ümumən Silahlı Qüvvələrimizdə aparılan quruculuğun və modernləşmənin nəticələrinin döyüş meydanındakı praktik təsdiqi oldu. Azərbaycan göstərdi ki, ən müasir vasitələrlə döyüş aparmaq imkanları olan bir orduya malikdir.
Direktor əvəzi: Xəlilova Günay Məzahir
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Yevlax Rayon Haciselli Kənd
Yevlakh
066