04/09/2026
Xaçmazda ali məktəblərə qəbul olan məzunlarla növbəti görüş keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə 57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tələbə adını qazanan məzunları təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb. İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi təhsil strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə təhsilin inkişafı istiqamətində mühüm layihələr reallaşdırılır.
Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda artıq ənənə halını alan belə görüşlərin gənclərə göstərilən diqqətin bariz nümunəsi olduğunu qeyd edib. O, tədbirin mahiyyətinin təkcə maddi dəstək göstərməkdən ibarət olmadığını, eyni zamanda, gələcək nəslə mənəvi qayğının və gənclərə böyük inamın ifadəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən müəllimlər, valideynlər və məzunlar təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonda 57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb. Belə ki, imtahanlarda 400–500 bal aralığında nəticə göstərən 65 nəfərə 200 manat, 500–600 bal aralığında nəticə göstərən 31 nəfərə 300 manat, 600–650 bal aralığında nəticə göstərən 8 nəfərə 500 manat, 650–700 bal aralığında nəticə göstərən 2 nəfərə isə 1000 manat məbləğində mükafat təqdim edilib.
Bundan əlavə, topladığı baldan asılı olmayaraq, ali məktəbə qəbul olan bir nəfər şəhid övladına 500 manat məbləğində maliyyə dəstəyi göstərilib.
Ümumilikdə, tədbirdə 107 nəfər mükafatlandırılıb.