24/08/2026
Azərbaycan–Özbəkistan qardaşlığından strateji müttəfiqliyə: Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində yeni regional əməkdaşlıq vizyonu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin müasir inkişaf mərhələsini, iki ölkə arasında formalaşmış strateji müttəfiqliyin mahiyyətini və gələcək əməkdaşlığın əsas istiqamətlərini əks etdirən mühüm siyasi-diplomatik sənəd kimi qiymətləndirilə bilər. Müsahibə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ərəfəsində baş tutub və burada iki ölkənin münasibətlərinin yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, bütövlükdə Türk dünyasının və Mərkəzi Asiya ilə Cənubi Qafqazın qarşılıqlı əlaqələrinin inkişafı baxımından strateji əhəmiyyəti geniş şəkildə ifadə olunub.
Müsahibənin əsas ideyalarından biri Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin möhkəm tarixi, mədəni, dil və mənəvi əsaslara söykənməsidir. Prezident İlham Əliyev iki xalq arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət, həmrəylik və mənəvi yaxınlığın bugünkü dövlətlərarası münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusiyyəti ondan ibarətdir ki, siyasi və iqtisadi əməkdaşlıq xalqların tarixi-mədəni yaxınlığı ilə tamamlanır. Belə münasibətlər yalnız dövlət rəhbərlərinin siyasi iradəsinə deyil, həm də iki xalqın ortaq tarixi yaddaşına və mənəvi dəyərlərinə əsaslanır.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan–Özbəkistan əlaqələrinin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsidir. Dövlət başçısı qeyd edib ki, son illərdə münasibətlər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə çatıb. Bu, iki ölkə arasında münasibətlərin sadəcə dostluq və əməkdaşlıqdan daha yüksək siyasi məzmun qazandığını göstərir. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib.
Müsahibədə iki ölkə liderləri arasında mövcud olan qarşılıqlı etimad və şəxsi dostluğun dövlətlərarası münasibətlərin inkişafına verdiyi töhfə də xüsusi vurğulanıb. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulan əlaqələr kimi xarakterizə edib. Bu amil dövlətlərarası münasibətlərdə siyasi qərarların daha çevik qəbul edilməsinə, ortaq maraqların müəyyənləşdirilməsinə və uzunmüddətli layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır. Son beş ildə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin intensivliyi də münasibətlərin yüksək siyasi səviyyəsini nümayiş etdirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin institusional əsaslarının möhkəmləndirilməsində Ali Dövlətlərarası Şuranın yaradılması da mühüm hadisə kimi təqdim olunur. 2023-cü ildə təsis edilmiş bu mexanizm iki ölkə arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə imkan verir. Beləliklə, Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız yüksək səviyyəli görüşlərə deyil, konkret institusional mexanizmlərə və uzunmüddətli fəaliyyət proqramlarına əsaslanır.
Müsahibədə iqtisadi-ticari əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinin ən sürətlə inkişaf edən istiqamətlərindən biri kimi göstərilir. Prezident İlham Əliyevin qeyd etdiyi məlumatlara əsasən, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Bu rəqəmlər siyasi münasibətlərin iqtisadi əlaqələrin genişlənməsinə real şəkildə təsir etdiyini göstərir.
İnvestisiya sahəsində əməkdaşlıq da iki ölkə arasında iqtisadi tərəfdaşlığın mühüm dayaqlarından biridir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılması qarşılıqlı investisiyaların təşviqi baxımından mühüm addım olub. Bu şirkət Azərbaycan və Özbəkistanda müxtəlif iqtisadi sahələrdə perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə xidmət edir. Bununla yanaşı, Hökumətlərarası Komissiyanın fəaliyyəti də iqtisadi, ticari və investisiya əlaqələrinin koordinasiyasında mühüm rol oynayır.
Energetika sahəsi də müsahibədə mühüm yer tutur. Azərbaycan və Özbəkistan arasında neft-qaz sahəsində əməkdaşlıq uzun illərdir davam edir. Eyni zamanda münasibətlər ənənəvi enerji sahəsi ilə məhdudlaşmır və bərpaolunan enerji istiqamətində də yeni mərhələyə keçir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi”nin məqsədi Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin inkişafına, bərpaolunan enerjinin ixracına və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsinə xidmət etməkdir. Bu təşəbbüs Azərbaycanın enerji siyasətinin yalnız enerji resurslarının ixracına deyil, gələcəyin yaşıl enerji sistemlərinin qurulmasına da yönəldiyini göstərir.
Nəqliyyat və logistika məsələləri müsahibənin digər mühüm istiqamətidir. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm coğrafi mövqeyə malikdir. Bu mövqelər iki ölkəni Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarında təbii tərəfdaşlara çevirir. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında tranzit daşımalarının artdığını qeyd edərək 2025-ci ildə daşımaların 6,7 faiz artaraq 1,4 milyon tona çatdığını, 2026-cı ilin yanvar-iyun aylarında isə 12,2 faizlik artım qeydə alındığını bildirib.
Bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti xüsusilə böyükdür. Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin inkişafı nəticəsində Xəzər üzərindən keçən nəqliyyat imkanları genişlənir və Azərbaycan özünü Avropa ilə Asiya arasında mühüm tranzit qovşağı kimi möhkəmləndirir. Prezidentin müsahibəsində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının bütün region üçün yeni iqtisadi və tranzit imkanları yarada biləcəyi vurğulanır. Bu yanaşma Azərbaycanın regional nəqliyyat siyasətində Mərkəzi Asiya ilə daha sıx inteqrasiyaya xüsusi əhəmiyyət verdiyini göstərir.
Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də sənaye və birgə istehsaldır. Füzuli rayonunda Özbəkistanın iştirakı ilə “Dostluq bağı” adlı 100 hektarlıq nar bağının salınması, avtomobil istehsalı sahəsində “Chevrolet” və “Isuzu” markaları üzrə əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin praktik nəticələrini nümayiş etdirir. 2026-cı il iyulun 13-nə olan məlumata əsasən, Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib. Bu cür layihələr iqtisadi əlaqələri yalnız ticarət səviyyəsində saxlamır, onları real istehsal və investisiya əməkdaşlığına çevirir.
Azərbaycan şirkətlərinin Özbəkistanda, özbək şirkətlərinin isə Azərbaycanda fəaliyyətinin genişlənməsi qarşılıqlı iqtisadi etimadın göstəricisidir. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının müxtəlif sahələrdə fəaliyyət göstərməsi, Azərbaycan şirkətlərinin də Özbəkistanda böyük investisiya layihələri həyata keçirməsi iqtisadi münasibətlərin qarşılıqlı xarakter daşıdığını göstərir. Daşkənddə “The Ritz-Carlton” brendi ilə hotel və yaşayış kompleksinin, həmçinin “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin yaradılması Azərbaycanın xarici investisiya imkanlarının genişliyini nümayiş etdirən nümunələrdir.
Müsahibədə mədəni-humanitar əməkdaşlığa verilən əhəmiyyət də xüsusi diqqət çəkir. Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Mədəniyyət günlərinin keçirilməsi, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan–Özbəkistan münasibətlərinin gücü məhz ondadır ki, siyasi və iqtisadi əlaqələr xalqların gündəlik həyatına, təhsilinə, mədəniyyətinə və humanitar münasibətlərinə də təsir göstərir.
Bu baxımdan Nizami Gəncəvinin adını daşıyan Özbəkistan Milli Pedaqoji Universiteti xüsusi rəmzi məna daşıyır. Azərbaycan klassik ədəbiyyatının böyük nümayəndəsi Nizami Gəncəvinin adının Özbəkistanda nüfuzlu ali təhsil müəssisələrindən birinə verilməsi iki xalqın mədəni yaxınlığının göstəricilərindəndir. Eyni zamanda Bakıda “Özbəkistan” parkının yaradılması da iki xalq arasında dostluğun şəhər məkanında rəmzləşdirilməsi baxımından mühüm addımdır.
Təhsil sahəsində əməkdaşlıq da Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəyə hesablanmış istiqamətlərindən biridir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması iki ölkənin gəncləri arasında əlaqələrin genişləndiyini göstərir. Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb isə təhsil əməkdaşlığının və işğaldan azad olunmuş ərazilərin bərpasına verilən dəstəyin mühüm nümunəsi kimi təqdim edilir.
Media və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq da yeni istiqamətlərdən biridir. Azərbaycan və Özbəkistan arasında media forumlarının keçirilməsi, QHT forumlarının təşkili və 2026-cı ildə iki ölkənin QHT-ləri üçün birgə qrant müsabiqəsinin elan edilməsi qarşılıqlı əlaqələrin dövlət strukturları ilə məhdudlaşmadığını göstərir. Belə təşəbbüslər xalqların və müxtəlif ictimai qurumların bir-birini daha yaxından tanımasına, birgə layihələrin həyata keçirilməsinə və humanitar əlaqələrin daha da dərinləşməsinə şərait yaradır.
Turizm sahəsində də müsbət dinamika müşahidə olunur. Özbəkistandan Azərbaycana gələn turistlərin sayının 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min nəfər olması iki ölkənin xalqları arasında qarşılıqlı marağın artdığını göstərir. Regionlararası əməkdaşlığın genişlənməsi də bu prosesə əlavə imkanlar yaradır. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Füzuli–Gülüstan və digər şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması Azərbaycan–Özbəkistan əlaqələrinin artıq paytaxtlar səviyyəsindən çıxaraq regionlara və şəhərlərə qədər yayıldığını göstərir.
Müsahibənin daha geniş geosiyasi əhəmiyyət daşıyan hissələrindən biri Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya ilə əməkdaşlıq məsələsidir. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın TDT çərçivəsində əməkdaşlığını xüsusi əhəmiyyətli istiqamət kimi qiymətləndirib. TDT-nin yalnız siyasi əməkdaşlıq platforması deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin gələcəyə daşınması üçün mühüm birlik olduğu vurğulanıb. Azərbaycan və Özbəkistanın TDT daxilində siyasi, iqtisadi, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr Türk dünyasının inteqrasiyasına xidmət edir.
Prezidentin müsahibəsində Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulmasının tarixi əhəmiyyəti də vurğulanır. Bunun nəticəsində əvvəllər “C5” adlandırılan əməkdaşlıq formatının faktiki olaraq “C6” formatına çevrildiyi bildirilir. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin artıq müşahidəçi və ya tərəfdaş səviyyəsində deyil, regional proseslərin mühüm iştirakçısı kimi inkişaf etdiyini göstərən mühüm siyasi göstəricidir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında formalaşan yeni əməkdaşlıq modeli həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də humanitar sahələrdə böyük perspektivlər açır.
Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətləri daha böyük bir regional mənzərənin mühüm hissəsinə çevrilir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri kimi çıxış edir. İki ölkənin əməkdaşlığı regionlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinə, Türk dünyasının siyasi və iqtisadi potensialının artırılmasına, Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır. Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan öz xarici siyasətində Mərkəzi Asiya istiqamətinə xüsusi strateji əhəmiyyət verir.
Müsahibənin ümumi məzmunu göstərir ki, Azərbaycan–Özbəkistan münasibətlərinin əsas dayaqları qarşılıqlı hörmət, etimad, ortaq tarix, iqtisadi maraqlar və siyasi iradədir. Bu münasibətlər artıq yalnız diplomatik əlaqələr çərçivəsində deyil, investisiya, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət, turizm və media kimi çoxsaylı sahələrdə konkret layihələrlə möhkəmlənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkənin iqtisadi imkanları bir-birini tamamlayır və bu tamamlayıcılıq gələcəkdə yeni əməkdaşlıq formatlarının yaranmasına imkan verir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin keçmişdən gələn qardaşlıq bağları üzərində qurularaq müasir dövrün strateji müttəfiqliyinə çevrildiyini nümayiş etdirir. Müsahibənin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan artıq yalnız ikitərəfli münasibətləri inkişaf etdirən iki dost dövlət deyil, eyni zamanda Türk dünyasının inteqrasiyasına, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə, nəqliyyat və enerji dəhlizlərinin inkişafına, iqtisadi tərəqqiyə və regional sabitliyə töhfə verən strateji tərəfdaşlardır. Qarşılıqlı səfərlər, imzalanan sənədlər, Ali Dövlətlərarası Şuranın fəaliyyəti, artan ticarət dövriyyəsi, investisiya layihələri, birgə istehsal müəssisələri, yaşıl enerji təşəbbüsləri, mədəni-humanitar layihələr və təhsil proqramları bu münasibətlərin sözlə deyil, konkret fəaliyyətlərlə möhkəmləndiyini göstərir.
Bu müsahibənin ən mühüm siyasi mesajlarından biri də Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəyə hesablanmasıdır. Burada söhbət yalnız əldə olunmuş nəticələrin qorunmasından getmir; qarşıda yeni investisiya layihələrinin, nəqliyyat marşrutlarının, enerji əməkdaşlığının, sənaye müəssisələrinin, humanitar proqramların və Türk dünyası daxilində daha sıx inteqrasiyanın yaradılması dayanır. Beləliklə, Azərbaycan və Özbəkistan arasında formalaşan müttəfiqlik münasibətləri iki xalqın ortaq tarixi və mənəvi irsinin müasir dövlətçilik və iqtisadi inkişaf imkanları ilə birləşdirilməsi baxımından nümunəvi model təsiri bağışlayır. Prezident İlham Əliyevin müsahibəsi də məhz bu yeni mərhələnin siyasi mahiyyətini və strateji istiqamətlərini aydın şəkildə ortaya qoyur.
Ucar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Ülkər İsmayılova.