24/08/2026
26 avqust Laçın şəhəri günü
Ölkəmizdə Laçın şəhəri günü böyük qürur hissi ilə qeyd edilir. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möhtəşəm tarixi Qələbə qazanaraq, doğma torpaqlarımızı 30 ilədək davam edən işğaldan azad etdi.
Azərbaycanın döyüş meydanında əldə etdiyi böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı və ordusu tamamilə darmadağın edilən, kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan üç rayonumuzdan, o cümlədən Laçından öz qoşunlarını çıxardı. Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilərək, öz azadlığına qovuşdu.
2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Ordumuz tərəfindən nəzarətə götürüldü. Bununla da Laçının işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust – Laçın şəhəri günü kimi qeyd olunur.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatıb.
Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapıb – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qalıb və bununla da tarixi ədalət bərpa olunub. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil verilib.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.
Bütün azad edilmiş ərazilərimiz kimi, ölkəmizin dilbər bölgələrindən biri olan, əsrarəngiz təbiət mənzərələri, gözəlliyi ilə seçilən, doğma sakinlərinə qovuşaraq azad günlərini yaşayan Laçın da genişmiqyaslı bərpa-quruculuq işlərinin məkanına çevrilib. Ardıcıl şəkildə aparılan bu işlər nəticəsində Laçın yeni inkişaf dövrünü yaşayır və gündən-günə daha da gözəlləşir
A.Abdullayev adına Alpı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Əsgərova Şəbnəm