Zəngilan rayon 5 nömrəli tam orta ümumtəhsil məktəbi

Zəngilan rayon 5 nömrəli tam orta ümumtəhsil məktəbi Zəngilan rayon 5 nömrəli tam orta ümumtəhsil məktəb

Azərbaycan-Özbəkistan münasibətlərinin yeni zirvəsiTarixi rəğbət və qardaşlıq telləri üzərində qurulan Azərbaycan-Özbəki...
25/08/2026

Azərbaycan-Özbəkistan münasibətlərinin yeni zirvəsi
Tarixi rəğbət və qardaşlıq telləri üzərində qurulan Azərbaycan-Özbəkistan əlaqələri bu gün keyfiyyətcə yeni müttəfiqlik və strateji tərəfdaşlıq mərhələsini yaşayır. İki ölkə liderinin siyasi iradəsi, artan iqtisadi kooperasiya və regional inteqrasiya layihələri Bakı və Daşkəndi Türk dünyasının və Avrasiya məkanının əsas güc mərkəzlərindən birinə çevirir.
Prezident İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin nə qədər dərin və çoxşaxəli xarakter aldığını aydın şəkildə ortaya qoydu. Müsahibədə səslənən fikirlərdən görünür ki, iki ölkə arasında münasibətlər yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmır, artıq siyasi müttəfiqlik, iqtisadi inteqrasiya və regional əməkdaşlıq kimi mühüm istiqamətləri əhatə edən strateji xarakter daşıyır.
Azərbaycan və Özbəkistanı birləşdirən bağların gücü onların ortaq tarixindən və mənəvi yaxınlığından qaynaqlanır. Bu münasibətlər zamanın sınağından keçərək bu gün dövlətlərarası müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qarşılıqlı dostluq və etimad münasibətlərinin xüsusi qeyd olunması da təsadüfi deyil. Liderlər arasında formalaşmış siyasi dialoq iki ölkənin strateji əməkdaşlığının əsas hərəkətverici qüvvələrindən biridir.
İki ölkə arasındakı əməkdaşlıq artıq ənənəvi iqtisadi sahələri də aşaraq yüksək texnologiya, enerji, nəqliyyat və logistika kimi strateji istiqamətlərə yayılır. Yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsü Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji potensiallarının əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerjinin istehsalı və ixracı gələcəkdə regionun iqtisadi xəritəsini dəyişdirə biləcək mühüm amillərdən biri kimi çıxış edir.
Nəqliyyat və logistika sahəsi isə Azərbaycan–Özbəkistan tərəfdaşlığının ən perspektivli istiqamətlərindəndir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada strateji mövqeyi onları Şərqlə Qərbi birləşdirən marşrutlarda təbii tərəfdaşlara çevirir. Orta Dəhliz, TRIPP və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu kimi layihələrin bir-biri ilə əlaqələndirilməsi Avrasiyanın nəqliyyat xəritəsində yeni imkanlar yarada bilər.
Müsahibənin diqqət çəkən məqamlarından biri də mədəni diplomatiyaya verilən yüksək qiymətdir. Azərbaycan və Özbəkistanın mədəniyyət günləri keçirməsi, təhsil sahəsində əməkdaşlığı genişləndirməsi, media və QHT forumları təşkil etməsi xalqlar arasında münasibətlərin yalnız dövlətlər səviyyəsində deyil, cəmiyyətlər səviyyəsində də inkişaf etdiyini göstərir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi, Bakıda “Özbəkistan” parkının yaradılması, şəhərlər arasında qardaşlaşma münasibətlərinin genişlənməsi bu dostluğun rəmzi ifadələridir. Bu layihələr siyasi sənədlərdən daha artıq məna daşıyır: onlar xalqların bir-birinə olan ehtiramının və gələcəyə yönəlmiş əməkdaşlığın real təzahürləridir.
Azərbaycan–Özbəkistan əməkdaşlığının regional ölçüsü də getdikcə genişlənir. Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkənin fəal mövqeyi türk dünyasının inteqrasiyasının dərinləşməsinə xidmət edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı isə Azərbaycanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha sıx əlaqələrin qurulmasında mühüm aktora çevirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi regional əməkdaşlığa yeni məzmun qazandırır.
Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistanın münasibətləri yalnız bu günün reallıqları ilə məhdudlaşmır. Bu əlaqələr gələcək üçün uzunmüddətli strateji baxış üzərində qurulur. Siyasi sabitlik, iqtisadi qarşılıqlı fayda, nəqliyyat imkanları, enerji potensialı və ortaq türk-mədəni irsi birləşdirən bu əməkdaşlıq modeli daha geniş regional tərəfdaşlıq üçün nümunə təşkil edir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini bir daha ortaya qoydu: bu, sadəcə iki dövlət arasında əməkdaşlıq deyil, ortaq tarixdən güc alan, bu günün strateji maraqları ilə möhkəmlənən və gələcəyin böyük imkanlarına hesablanan qardaşlıq və müttəfiqlik münasibətləridir. Qarşıdakı dövrdə Azərbaycan və Özbəkistanın birgə təşəbbüslərinin daha da artacağı, iki ölkənin regional proseslərdə rolunun güclənəcəyi və qardaş xalqlar arasında əlaqələrin yeni, daha yüksək mərhələyə yüksələcəyi şübhəsizdir.
Fahirə Qasımova


Özbəkistan-Azərbaycan münasibətləri möhkəmlənməkdədirPrezident İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli ...
25/08/2026

Özbəkistan-Azərbaycan münasibətləri möhkəmlənməkdədir
Prezident İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə də iki ölkə arasındakı əlaqələrin dərinliyini, qarşılıqlı etimadın möhkəmliyini və gələcək əməkdaşlığın geniş perspektivlərini əks etdirən mühüm siyasi məzmun daşıyır.
Dövlət başçısının müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biri kimi ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət önə çəkilir. Bu amillər iki dövlət arasında münasibətlərin yalnız diplomatik və siyasi maraqlara deyil, daha dərin tarixi və mənəvi təməllərə söykəndiyini göstərir. Məhz bu möhkəm təməl üzərində Azərbaycan və Özbəkistan münasibətləri son illərdə yeni məzmun qazanaraq müttəfiqlik mərhələsinə çatıb.
Prezident İlham Əliyev müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərin dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. Dövlət başçıları arasında qarşılıqlı hörmət, səmimi dostluq və etimad iki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsinə mühüm siyasi zəmin yaradıb.
Azərbaycan–Özbəkistan münasibətlərinin hüquqi-siyasi bazasının möhkəmləndirilməsi də xüsusi diqqətəlayiqdir. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən mühüm siyasi sənədlərə çevrilib.
Bu gün Azərbaycan–Özbəkistan əməkdaşlığı siyasi münasibətlərlə məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, enerji, təhsil, mədəniyyət, media, turizm, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi iki ölkənin qarşılıqlı maraqlarının getdikcə daha çox istiqamətdə uzlaşdığını göstərir. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaradılan mexanizmlər, birgə layihələr və investisiya imkanları qarşıdakı illərdə ikitərəfli əlaqələrin praktiki nəticələrinin daha da artmasına şərait yaradır.
Münasibətlərin xüsusi istiqamətlərindən biri humanitar əməkdaşlıqdır. Azərbaycan və Özbəkistanın ortaq mədəni irsi xalqlarımızı birləşdirən ən mühüm mənəvi körpülərdən biridir. Mədəniyyət və incəsənət sahəsində keçirilən tədbirlər, elm və təhsil müəssisələri arasında əlaqələr, şəhərlərarası əməkdaşlıq bu tarixi bağların müasir dövrdə daha da möhkəmlənməsinə xidmət edir.
Təhsil sahəsində mövcud göstəricilər də əlaqələrin real məzmununu ortaya qoyur. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması iki ölkə arasında gənclər və təhsil mühitində əlaqələrin genişləndiyini göstərir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəb isə qardaş ölkənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və gələcəyinə verdiyi dəstəyin rəmzi nümunələrindəndir.
Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafı da diqqət çəkən istiqamətlərdəndir. Daşkənddə və Bakıda Azərbaycan–Özbəkistan media forumlarının keçirilməsi jurnalistlər və media qurumları arasında peşəkar əlaqələrin genişlənməsinə imkan yaradıb. Bu əməkdaşlıq iki ölkə haqqında obyektiv və dolğun informasiyanın ictimaiyyətə çatdırılması, qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin məhz Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi də bu baxımdan xüsusi məna kəsb edir.
Müsahibədə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın perspektivləri də önəmli yer tutur. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsi həm tarixi və mədəni yaxınlıq, həm də qarşılıqlı iqtisadi və strateji maraqlar baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı türk dünyasının birlik və həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Müsahibədə regionlararası əməkdaşlığın inkişafı da xüsusi vurğulanır. Bakı və Daşkənddən başlayaraq müxtəlif Azərbaycan və Özbəkistan şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətlərinin qurulması xalqlar arasında əlaqələrin yalnız paytaxtlar səviyyəsində deyil, regionlar və şəhərlər səviyyəsində də dərinləşdiyini göstərir. Şuşa ilə Xivə, Lənkəran ilə Buxara, Şəki ilə Kokənd, Quba ilə Cizak, Füzuli ilə Gülüstan və digər şəhərlər arasında qurulan əlaqələr bu baxımdan mühüm əhəmiyyət daşıyır. Yaxın perspektivdə Naxçıvan ilə Ürgənc arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasının planlaşdırılması da əlaqələrin coğrafiyasının daha da genişləndiyini göstərir.
Prezident İlham Əliyevin müsahibəsində Özbəkistan xalqına dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı səmimi təbrik və xoş arzular da iki xalq arasında münasibətlərin ruhunu əks etdirir. Sülh, əmin-amanlıq, tərəqqi və yeni nailiyyətlər arzusu Azərbaycan xalqının qardaş Özbəkistan xalqına olan münasibətinin ifadəsidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin mövcud inkişaf səviyyəsini və qarşıdakı dövr üçün əsas hədəfləri aydın şəkildə ortaya qoyur. Bu münasibətlərin təməlində tarix, mədəniyyət və mənəvi yaxınlıq, inkişafında isə güclü siyasi iradə və qarşılıqlı etimad dayanır.
Aidə Həsənova


Beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıqCənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə ...
25/08/2026

Beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq
Cənab Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan əlaqələrinin hazırkı mərhələsini xarakterizə etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkələrimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Son illərdə qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların intensivləşməsi də münasibətlərin təsadüfi deyil, ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyevin müsahibəsində son beş il ərzində ən yüksək səviyyədə qarşılıqlı səfərin həyata keçirilməsini qeyd etməsi Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlərin dinamik xarakterini göstərən mühüm faktordur. Bu intensiv təmaslar iki ölkə rəhbərləri arasında qarşılıqlı etimadın və səmimi münasibətlərin möhkəm əsasını formalaşdırır.
Burada diqqətçəkən digər məqam qarşılıqlı münasibətlərdə mövcud olan səmimiyyət və qardaşlıq atmosferidir. Diplomatik münasibətlərin möhkəm olması üçün siyasi maraqlar mühüm olsa da, xalqlar arasında qarşılıqlı rəğbət və etimad olmadıqda bu münasibətlərin uzunmüddətli inkişafı çətinləşir. Azərbaycan və Özbəkistan nümunəsində isə dövlətlərarası münasibətlər xalqlarımızın tarixi və mənəvi yaxınlığı ilə tamamlanır.
Prezident İlham Əliyevin müsahibəsində Özbəkistanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Özbəkistan böyük əhali potensialına, geniş əraziyə, zəngin təbii və insan resurslarına malik Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biridir.
Son illərdə Özbəkistanda iqtisadiyyatın şaxələndirilməsi, müasir şəhər infrastrukturunun yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi, sahibkarlığın inkişafı, elm və təhsilə diqqətin artırılması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev də müsahibəsində müasir şəhərlərin salınmasını, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqəti ölkənin inkişaf tempinin mühüm göstəriciləri kimi qeyd edir.
Özbəkistanın inkişafında dövlət idarəçiliyində həyata keçirilən islahatların da xüsusi rolu vardır. Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə aparılan islahatlar ölkənin iqtisadi və sosial həyatında yeni mərhələnin başlanmasına səbəb olmuşdur. Azərbaycan Prezidentinin müsahibəsində Özbəkistanın inkişafını onun rəhbərliyinin düşünülmüş siyasəti və strateji baxışı ilə əlaqələndirməsi iki ölkə rəhbərləri arasında yüksək qarşılıqlı hörmətin daha bir ifadəsidir.
Məsələyə bir qədər geniş yanaşdıqda görürük ki, Azərbaycan və Özbəkistanın inkişaf proseslərində müəyyən oxşar cəhətlər də vardır. Hər iki ölkə milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür, iqtisadiyyatın şaxələndirilməsinə, nəqliyyat və logistika imkanlarının genişləndirilməsinə, insan kapitalının inkişafına və beynəlxalq əməkdaşlığın artırılmasına xüsusi əhəmiyyət verir.
Azərbaycan və Özbəkistan münasibətlərinin gücünü yalnız dövlətlərarası sənədlərlə izah etmək mümkün deyil. Bu əlaqələrin arxasında əsrlər boyu formalaşmış ümumi türk mədəniyyəti dayanır.
Xalqlarımızın ədəbiyyatında, musiqisində, folklorunda və milli adət-ənənələrində çoxsaylı oxşarlıqlar mövcuddur. Nizami Gəncəvi, Əlişir Nəvai kimi böyük söz ustadlarının yaradıcılığı Azərbaycan və Özbəkistan ədəbi-mədəni əlaqələrinin tarixinin nə qədər dərin köklərə malik olduğunu göstərir.

Azərbaycan və Özbəkistanın türk dünyasının iki mühüm dövləti kimi müxtəlif sahələrdə birgə təşəbbüslərlə çıxış etməsi ortaq tarixi və mədəni irsin müasir siyasi və iqtisadi əməkdaşlıq üçün möhkəm baza olduğunu göstərir.
Prezident İlham Əliyevin müsahibəsində diqqəti cəlb edən əsas məqamlardan biri Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız mövcud səviyyəsi ilə kifayətlənməmək, onun gələcək perspektivlərini də görməkdir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mənzərəsini anlamaq baxımından mühüm mənbə kimi qiymətləndirilə bilər. Müsahibədə səsləndirilən fikirlərdən aydın olur ki, iki ölkə arasında münasibətlər tarixi və mənəvi yaxınlıqdan başlayaraq müasir dövrdə çoxşaxəli və dinamik dövlətlərarası tərəfdaşlığa çevrilmişdir.
Natiq Orucov


Azərbaycan–Özbəkistan əlaqələri yeni inkişaf mərhələsindəAzərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürə...
25/08/2026

Azərbaycan–Özbəkistan əlaqələri yeni inkişaf mərhələsində
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə sürətli inkişaf dinamikası ilə seçilərək, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da möhkəmlənməsinə mühüm zəmin yaradıb. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər də bu münasibətlərin hazırkı yüksək səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında siyasi dialoq ən yüksək səviyyədədir. Son beş ildə dövlət başçıları arasında həyata keçirilən qarşılıqlı səfərlər və müntəzəm təmaslar əlaqələrin dinamik inkişafına ciddi töhfə verib. Qarşılıqlı səfərlərin intensivliyi iki ölkə arasında münasibətlərin yalnız diplomatik müstəvidə deyil, həm də strateji əməkdaşlıq səviyyəsində möhkəmləndiyini göstərir.
Prezident İlham Əliyevin Özbəkistana səfərləri zamanı bu ölkənin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elm, təhsil, mədəniyyət və idmana göstərilən diqqət Özbəkistanın sürətli inkişafının əsas göstəricilərindəndir. Azərbaycan tərəfi bu uğurları yüksək qiymətləndirir və Özbəkistanın inkişaf modelinə, əldə etdiyi nəticələrə hörmətlə yanaşır.
İki ölkə arasındakı münasibətlərin mühüm xüsusiyyətlərindən biri dövlət başçıları arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlərdir. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev haqqında səsləndirdiyi yüksək fikirlər bu siyasi münasibətlərin şəxsi dostluq və qardaşlıq bağları ilə də möhkəmləndiyini nümayiş etdirir. Bu amil dövlətlərarası əlaqələrin daha da dərinləşdirilməsi üçün mühüm siyasi zəmin yaradır.
Dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində Azərbaycan–Özbəkistan münasibətlərinin müttəfiqlik xarakteri daha da möhkəmlənib. Bu, iki müstəqil, güclü və suveren dövlətin bir-birinin milli maraqlarına hörmət əsasında yaxın əməkdaşlıq qurduğunu göstərir. Müttəfiqlik münasibətləri siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi, nəqliyyat, enerji, investisiya və humanitar sahələrdə yeni layihələrin həyata keçirilməsinə də imkan yaradır.
Xüsusilə nəqliyyat və logistika sahəsində Azərbaycan və Özbəkistanın əməkdaşlığı böyük perspektivlər vəd edir. Orta Dəhliz çərçivəsində iki ölkənin imkanlarının əlaqələndirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında ticarət əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verə bilər. Bu baxımdan Azərbaycan və Özbəkistan yalnız ikitərəfli əməkdaşlıqda deyil, daha geniş regional proseslərdə də bir-birini tamamlayan tərəfdaşlardır.
Mədəni-humanitar əlaqələr də Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biridir. Ədəbiyyat, incəsənət, təhsil, elm və digər sahələrdə qarşılıqlı layihələrin həyata keçirilməsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Tarixi və mədəni irsin qorunması və təbliği istiqamətində əməkdaşlıq isə gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir.
Bu gün Azərbaycan və Özbəkistan münasibətləri sadəcə qonşu və dost dövlətlərin əməkdaşlığı deyil, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan möhkəm müttəfiqlik nümunəsidir. Dövlət başçılarının siyasi iradəsi və xalqlar arasında mövcud olan qardaşlıq münasibətləri bu əlaqələrin gələcəkdə də yeni mərhələyə yüksələcəyinə əminlik yaradır.
Yeganə Nəcəfova


26 Avqust - Laçın şəhəri günüQırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi il...
24/08/2026

26 Avqust - Laçın şəhəri günü

Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. İmzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.
Azərbaycanın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Mirik kəndi ərazisində "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndində mağara məbədi yerləşir. Ərazidə IX-XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb.Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.
Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarıisə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.
2026-cı il iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı olub. Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür.Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək.Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır.Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. 2023-cüilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb.Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsiplanlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub. Təməli 2025-ci ildə qoyulan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edəcək.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Şənlik Əliyev

Dirçələn ZəfərTacımız: 26 Avqust – Laçın Şəhəri GünüAzərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan günlərdən biri...
24/08/2026

Dirçələn ZəfərTacımız: 26 Avqust – Laçın Şəhəri Günü

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan günlərdən biri də 26 avqustdur. Bu günün əzəməti ondadır ki, əzəli və əbədi Azərbaycan torpağı olan Laçın şəhəri işğaldan azad olunaraq doğma sakinlərinə qovuşmuşdur. 26 avqust artıq təkcə bir tarixi fakt deyil, milli iradənin, azadlıq eşqinin və qələbə əzminin parlaq simvoludur.
Laçın qədimliyi, zəngin tarixi və mədəniyyəti, füsunkar təbiəti ilə seçilən müqəddəs yurd yerlərimizdəndir. Əsrlər boyu Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan bu diyar xalqımızın qəhrəmanlıq dastanlarında, şifahi ədəbiyyatında, musiqisində, gündəlik həyat tərzində özünəməxsus yer tutmuşdur. Lakin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal nəticəsində Laçının şəhəri və kəndləri dağıdıldı, tarixi abidələrimiz vandalizmə məruz qaldı, laçınlılar isə doğma el-obasından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur oldular. Otuz ilə yaxın davam edən bu həsrət Azərbaycan xalqının ürəyində sağalmaz yara kimi qaldı.
Lakin xalqımız heç vaxt Laçından, Qarabağından, Şərqi Zəngəzurundan imtina etmədi. Dövlətimizin apardığı ardıcıl siyasət, güclü ordu quruculuğu və milli həmrəylik nəticəsində 2020-ci ildə tariximizin ən möhtəşəm səhifəsi yazıldı – 44 günlük Vətən müharibəsi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində qələbə çaldı, işğala son qoyuldu. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Laçın rayonunun böyük hissəsi Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam olaraq doğma Vətənlə birləşdi. Bununla da tarixi ədalət bərpa olundu, xalqımızın otuz illik həsrəti sona yetdi.
Bu gün Laçın böyük quruculuq meydanına çevrilib. Qısa müddət ərzində yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, sosial obyektlər, yollar və kommunikasiya xətləri inşa olunur. Artıq ilk sakinlər öz doğma yurdlarına qayıdıb, həyat yenidən canlanmağa başlayıb. Dövlətimizin əsas məqsədi yalnız dağıdılmış evləri bərpa etmək deyil, Laçını və bütövlükdə Qarabağ-Şərqi Zəngəzuru müasir şəhərsalma nümunəsinə çevirməkdir. Prezident İlham Əliyevin sözləri bu hədəfi parlaq şəkildə ifadə edir:
“Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”
Laçının azad olunması hərbi-strateji baxımdan olduğu kimi, siyasi və mənəvi baxımdan da mühüm əhəmiyyət daşıyır. Laçın Qarabağın qapısı, Zəngəzurun açarıdır. Bu torpağın azad olunması Azərbaycan xalqının bütövlüyünü möhkəmləndirdi, bölgədə yeni reallıqlar yaratdı. Laçın indi yalnız bir şəhər deyil, həm də müstəqil Azərbaycanın gücünü, xalqımızın iradəsini və milli birliyimizi simvolizə edən müqəddəs məkandır.
26 avqust – “Laçın şəhəri günü” xalqımız üçün qürur və iftixar günüdür. Bu tarix bir daha sübut edir ki, haqq-ədalət gec-tez öz yerini tapır, işğalçı siyasət isə məhvə məhkumdur. Bu gün Laçın azad, Laçın abad, Laçın dirçələn Vətən torpağıdır. Burada həyata keçirilən nəhəng layihələr, qurulan yeni həyat Azərbaycanın qüdrətini və xalqımızın gələcəyə inamını nümayiş etdirir.

Elnurə Kərimova

Address

Sumqayıt şəhər 18-ci Məhəllə R. Qəhrəmanov 54
Sumqayıt

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994186556477

Website

Alerts

Be the first to know and let us send you an email when Zəngilan rayon 5 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category