Sumqayıt 43 N-li tam orta məktəb

Sumqayıt 43 N-li tam orta məktəb Sumqayıt şəhər 43 nömrəli tam orta məktəb

11/08/2026
22/07/2026

Azərbaycan mətbuatı: milli oyanışdan qlobal informasiya məkanına
Azərbaycan milli mətbuatı xalqımızın milli oyanış, maariflənmə və dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuat təkcə informasiya mənbəyi deyil, həm də cəmiyyətin inkişafına, milli kimliyin formalaşmasına və azadlıq ideyalarının yayılmasına xidmət edən mühüm ictimai institut kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, "Əkinçi" milli jurnalistikanın ideya və peşəkarlıq məktəbini yaratmış, sonrakı nəsillərə yol göstərmişdir. Məhz buna görə də 22 İyul – Milli Mətbuat Günü təkcə peşə bayramı deyil, həm də milli düşüncənin və söz azadlığının tarixini ehtiva edən əlamətdar gündür.
"Əkinçi"dən sonra nəşr olunan "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər qəzet-jurnallar Azərbaycan ictimai fikrinin formalaşmasında, ana dilinin inkişafında, milli özünüdərk prosesinin sürətlənməsində mühüm rol oynadılar. Bu nəşrlər xalqın maariflənməsinə, milli istiqlal ideyalarının yayılmasına və ziyalı təbəqəsinin formalaşmasına misilsiz töhfələr verdilər. Azərbaycan mətbuatı müxtəlif tarixi dövrlərdə çətin sınaqlarla üzləşsə də, milli maraqlara sədaqətini və cəmiyyət qarşısında məsuliyyətini qorumağı bacarmışdır.
Müstəqillik illərində Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində senzuranın ləğvi, söz və məlumat azadlığının təmin olunması, medianın hüquqi bazasının formalaşdırılması ölkədə azad jurnalistikanın inkişafı üçün mühüm zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə medianın iqtisadi dayanıqlığının gücləndirilməsi, qanunvericiliyin müasirləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması və dövlət-media münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Qanunun qəbul edilməsi və media subyektlərinə tətbiq olunan vergi güzəştləri bu siyasətin mühüm nəticələrindəndir.
Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründə tarixi missiyasını yüksək peşəkarlıqla yerinə yetirdi. 44 günlük müharibə zamanı jurnalistlər informasiya cəbhəsində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıraraq dezinformasiyaya qarşı prinsipial mübarizə apardılar. Müharibədən sonrakı dövrdə də azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, ölkəmizin sülh təşəbbüslərinin və regional əməkdaşlıq siyasətinin beynəlxalq auditoriyaya çatdırılmasında milli media fəal iştirak edir. Bu, Azərbaycan jurnalistikasının dövlətçilik maraqlarına sadiqliyini və yüksək peşə məsuliyyətini bir daha nümayiş etdirir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı media qarşısında yeni çağırışlar formalaşdırır. Süni intellekt, rəqəmsal platformalar, sosial media və informasiya təhlükəsizliyi artıq jurnalistikanın gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu şəraitdə operativliklə yanaşı, məlumatın dəqiqliyi, etibarlılığı və etik prinsiplərə sadiqlik daha böyük əhəmiyyət kəsb edir. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması və peşəkar jurnalistikanın qorunması təkcə media qurumlarının deyil, bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Son illər Şuşada keçirilən Qlobal Media Forumları Azərbaycanın beynəlxalq media dialoqunun əsas platformalarından birinə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, jurnalistlərin və ekspertlərin iştirakı ilə keçirilən forumlarda dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə media etikası, qlobal informasiya təhlükəsizliyi və sülh jurnalistikası kimi aktual mövzular müzakirə olunur. Bu platforma Azərbaycanın beynəlxalq media gündəliyində artan rolunu, ölkəmizin qlobal informasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Bu il milli mətbuatımızın 151 illik yubileyinin qeyd olunması Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yolun dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz ifadəsidir. Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik missiyası bu gün də öz aktuallığını qoruyur. Azərbaycan mediası milli maraqları əsas tutaraq cəmiyyətin düzgün məlumatlandırılması, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və beynəlxalq informasiya mübarizəsində ölkəmizin mövqeyinin müdafiəsi istiqamətində mühüm vəzifələr yerinə yetirir.
Milli mətbuatın gələcəyi peşəkarlıq, obyektivlik, yüksək vətəndaş məsuliyyəti və müasir texnologiyalara açıq olmaqdan keçir. Güclü media yalnız xəbəri çatdıran deyil, həm də ictimai etimadı formalaşdıran, milli dəyərləri qoruyan və dövlətçilik maraqlarını müdafiə edən strateji institutdur. Azərbaycan jurnalistikası 151 illik zəngin irsinə söykənərək yeni dövrün çağırışlarına adekvat cavab verməli, qlobal informasiya məkanında ölkəmizin sözünü daha inamla və peşəkarlıqla çatdırmalıdır.

Əli Nəcəfxanlı, əməkdar jurnalist

16/07/2026

Azərbaycan–Slovakiya münasibətlərinin yeni geosiyasi mərhələsi

Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə klassik diplomatik əməkdaşlıq çərçivəsindən çıxaraq strateji məzmun qazanmağa başlamışdır. Avropada dəyişən geosiyasi reallıqlar, enerji təhlükəsizliyinin yeni prioritetə çevrilməsi və Cənubi Qafqazın beynəlxalq nəqliyyat-kommunikasiya sistemində artan rolu Bakı ilə Bratislava arasında əməkdaşlığın mahiyyətini də dəyişmişdir. Məhz bu baxımdan Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və Şuşada Prezident İlham Əliyevlə verdiyi birgə bəyanatlar adi diplomatik protokol hadisəsi deyil, yeni siyasi mərhələnin konturlarını müəyyənləşdirən mühüm strateji hadisə kimi qiymətləndirilməlidir. Burada diqqət çəkən əsas məqam münasibətlərin artıq siyasi niyyət mərhələsini geridə qoyaraq institusional və praktik əməkdaşlıq modelinə keçməsidir.

Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqamlardan biri 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin artıq real nəticələr verməsi idi. Beynəlxalq münasibətlər nəzəriyyəsində strateji tərəfdaşlıq anlayışı yalnız siyasi yaxınlıq deyil, qarşılıqlı etimad, uzunmüddətli maraqların uzlaşdırılması və davamlı institusional mexanizmlərin formalaşdırılması deməkdir. Azərbaycan–Slovakiya münasibətlərində müşahidə olunan dinamika məhz bu meyarlara uyğun inkişaf edir. Qarşılıqlı səfərlərin intensivliyi, geniş tərkibli nümayəndə heyətlərinin iştirakı və müxtəlif istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsi göstərir ki, tərəflər əməkdaşlığı epizodik deyil, sistemli xarakterdə inkişaf etdirmək niyyətindədirlər.

Şuşada səsləndirilən mühüm mesajlardan biri Slovakiyanın Qarabağın bərpasında iştirakının yüksək qiymətləndirilməsi idi. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsi əslində beynəlxalq əməkdaşlığın yeni modelini formalaşdırır. Bu layihə təkcə texnoloji və sosial inkişaf nümunəsi deyil, həm də Azərbaycanın azad olunmuş ərazilərinin beynəlxalq iqtisadi əməkdaşlıq məkanına çevrildiyini göstərən siyasi göstəricidir. Xarici dövlətlərin və şirkətlərin Qarabağ layihələrində iştirakı bölgənin təhlükəsizlik, sabitlik və inkişaf perspektivlərinə olan beynəlxalq etimadın artmasının mühüm indikatoru hesab edilməlidir.

Bəyanatda diqqəti cəlb edən digər mühüm istiqamət iqtisadiyyat, energetika və hərbi-texniki əməkdaşlığın prioritet kimi təqdim olunması idi. Xüsusilə enerji sahəsində əməkdaşlıq Avropa İttifaqının enerji şaxələndirməsi siyasəti fonunda daha geniş geosiyasi məna daşıyır. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin vacib iştirakçılarından biridir və Slovakiya kimi Mərkəzi Avropa ölkələrinin Bakı ilə əməkdaşlığa marağı bu reallığın məntiqi nəticəsidir. Bununla yanaşı, iqtisadi və sənaye əlaqələrinin genişləndirilməsi, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq iki ölkənin münasibətlərini daha dayanıqlı iqtisadi əsaslar üzərində qurmağa imkan verir.

Şuşanın bu görüş üçün seçilməsi də ayrıca siyasi məna daşıyır. Azərbaycan son illərdə Qarabağı yalnız bərpa və yenidənqurma məkanı kimi deyil, həm də beynəlxalq diplomatiyanın mühüm platformasına çevirmək siyasəti həyata keçirir. Xarici dövlət başçılarının, beynəlxalq təşkilat nümayəndələrinin və nüfuzlu siyasi fiqurların məhz Qarabağa səfərləri Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsinin praktik ifadəsinə çevrilir. Bu baxımdan Prezident Pelleqrinin Şuşaya və Ağdama səfəri beynəlxalq münasibətlər müstəvisində simvolik deyil, konkret siyasi məzmun daşıyan addımdır.

Prezident İlham Əliyevin “biz konkret işlərin tərəfdarıyıq” fikri isə Azərbaycan xarici siyasətinin əsas metodoloji xəttini ifadə edir. Müasir beynəlxalq münasibətlərdə siyasi bəyanatlar yalnız konkret iqtisadi layihələr, investisiyalar və uzunmüddətli əməkdaşlıq mexanizmləri ilə müşayiət olunduqda real nəticə verir. Azərbaycan son illərdə məhz bu modeli tətbiq etməklə tərəfdaş ölkələrlə münasibətlərini praktik nəticələr üzərində qurmağa nail olmuşdur. Slovakiya ilə əməkdaşlıqda da eyni yanaşmanın müşahidə olunması gələcəkdə əlaqələrin daha da dərinləşəcəyini göstərən mühüm göstəricidir.
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

15/07/2026

Şuşadan dünyaya mesaj: Prezident İlham Əliyevin yeni geosiyasi baxışı

IV Şuşa Qlobal Media Forumu artıq ənənəvi beynəlxalq tədbir çərçivəsini aşaraq Azərbaycanın siyasi kommunikasiyasının, diplomatik mesajlarının və geosiyasi baxışının təqdim olunduğu mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin forum çərçivəsində media nümayəndələrinin suallarını cavablandırması yalnız gündəlik siyasi hadisələrə münasibət bildirmək deyil, həm də Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını, regional təhlükəsizlik baxışını və dövlət fəlsəfəsini sistemli şəkildə izah etmək baxımından diqqət çəkdi. Bu baxımdan Forum təkcə media hadisəsi deyil, həm də siyasi düşüncənin, dövlət idarəçiliyi konsepsiyasının və beynəlxalq münasibətlərə dair baxışların təqdim edildiyi analitik müstəvi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin “Mənimsə müraciətim ancaq Azərbaycan xalqına ola bilər” fikri çıxışın ideoloji mərkəzini təşkil edən əsas tezis idi. Bu ifadə ilk baxışda daxili auditoriyaya ünvanlanan müraciat təsiri bağışlasa da, əslində dövlətin siyasi fəlsəfəsini ifadə edən fundamental yanaşmadır. Dövlət başçısı müxtəlif dövrlərdə – işğal illərində, müharibə zamanı və postmüharibə mərhələsində xalqa etdiyi müraciətləri xatırladaraq göstərdi ki, dəyişən yalnız tarixi şərait olmuş, dəyişməyən isə milli həmrəyliyə, xalqın iradəsinə və dövlət-vətəndaş birliyinə əsaslanan siyasi xətt olmuşdur. Bu yanaşma Azərbaycanın son otuz illik inkişaf modelində legitimliyin əsas mənbəyinin xalqın etimadı və milli birlik olduğunu bir daha nümayiş etdirdi.

Forumda xüsusi diqqət çəkən məqamlardan biri “biz yalnız özümüzə güvənə bilərik” tezisinin yeni geosiyasi reallıqlar fonunda izah olunması idi. Prezident İlham Əliyev müstəqilliyin yalnız hüquqi status deyil, hər gün qorunmalı olan siyasi dəyər olduğunu vurğulayaraq Azərbaycanın heç bir güc mərkəzindən asılı siyasət yürütmədiyini göstərdi. Bu fikir həm tarixi təcrübənin nəticəsi, həm də gələcək təhlükəsizlik strategiyasının əsas istiqaməti kimi təqdim edildi. Xüsusilə beynəlxalq münasibətlər sistemində dəyişən güc balansı, yeni münaqişə ocaqları və artan geosiyasi rəqabət fonunda milli maraqların yalnız daxili birlik və güclü dövlət institutları vasitəsilə qoruna biləcəyi mesajı verildi. Burada diqqət çəkən cəhət ondan ibarətdir ki, Prezident milli həmrəyliyi yalnız emosional dəyər kimi deyil, dövlət təhlükəsizliyinin əsas elementi kimi təqdim etdi.

Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı yeni siyasi çəkisinin izahı oldu. Prezident İlham Əliyevin “orta güc” anlayışına münasibəti sadəcə terminoloji yanaşma deyildi. O, bu statusun ölkənin iqtisadi potensialı, hərbi qüdrəti və ya enerji resursları ilə yanaşı, milli maraqlarını müstəqil şəkildə müdafiə etmək bacarığı, regional proseslərə təsir imkanları və beynəlxalq etimad kapitalı ilə müəyyənləşdiyini vurğuladı. Azərbaycanın həm enerji təhlükəsizliyində, həm nəqliyyat-logistika dəhlizlərinin formalaşmasında, həm də müxtəlif regional münaqişələrin həllində etibarlı tərəfdaş kimi qəbul olunması bu mövqenin təsadüfi deyil, ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu göstərir.

Forum zamanı regional təhlükəsizlik məsələlərinə yanaşma da diqqətəlayiq idi. Prezident İlham Əliyev Azərbaycanın müharibələrin əhatəsində yerləşən mürəkkəb coğrafiyada fəaliyyət göstərdiyini qeyd edərək təhlükəsizlik anlayışını yalnız hərbi amillərlə məhdudlaşdırmadı. Onun fikirlərində təhlükəsizlik iqtisadi dayanıqlıq, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı, diplomatik etibar və beynəlxalq hüququn qorunması ilə vəhdətdə təqdim olundu. Eyni zamanda dövlət başçısı beynəlxalq hüququ bütün sülh təşəbbüslərinin universal platforması adlandıraraq Azərbaycanın Qarabağ məsələsində də məhz bu prinsiplərə söykəndiyini xüsusi vurğuladı. Bu yanaşma ölkənin xarici siyasət kursunun əsas fəlsəfəsinin güc nümayişindən daha çox hüquqi legitimliyə əsaslandığını nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında Qarabağın bərpası və Şuşanın beynəlxalq dialoq məkanına çevrilməsi də xüsusi məna daşıyırdı. Bir vaxtlar dağıntılarla yadda qalan ərazilərdə bu gün dünyanın onlarla ölkəsindən media nümayəndələrinin toplaşması, beynəlxalq təşkilatların və nüfuzlu informasiya qurumlarının iştirakı Azərbaycanın postmünaqişə siyasətinin real nəticələrini nümayiş etdirir. Forum vasitəsilə Qarabağın yalnız yenidən qurulan region kimi deyil, həm də beynəlxalq siyasi dialoqun yeni ünvanı kimi təqdim olunması ölkənin yumşaq güc elementlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, faktiki olaraq informasiya diplomatiyasının praktik nümunəsinə çevrilmişdir.

Çıxışın yekun hissəsində Prezident İlham Əliyevin gənc nəslə ünvanladığı mesajlar isə gələcəyə hesablanmış dövlət strategiyasının ideoloji konturlarını müəyyənləşdirirdi. Dövlət başçısı xalqın işğal, müharibə, Zəfər və bərpa mərhələlərindən keçdiyini xatırladaraq gələcək nəsillərin milli kimliyi, milli ləyaqəti və dövlətçilik düşüncəsini qorumasının vacibliyini ön plana çəkdi. Bu fikirlər siyasi ritorikadan daha çox strateji dövlətçilik konsepsiyası kimi qiymətləndirilməlidir. Çünki burada əsas məqsəd təkcə bugünkü reallıqları izah etmək deyil, gələcək onilliklər üçün milli şüurun və vətəndaş məsuliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək idi.

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı bütövlükdə göstərdi ki, Azərbaycan postmüharibə mərhələsini artıq yalnız bərpa prosesi kimi deyil, yeni geosiyasi mövqeyinin formalaşması mərhələsi kimi qiymətləndirir. Forumda səslənən fikirlər dövlətin daxili birliyi, müstəqil xarici siyasəti, regional əməkdaşlığı, beynəlxalq hüquqa əsaslanan mövqeyi və milli maraqların qətiyyətlə müdafiəsi kimi prinsiplərin vahid strateji xətt təşkil etdiyini nümayiş etdirdi. Bu baxımdan Şuşada səslənən mesajlar yalnız cari siyasi gündəmin deyil, Azərbaycanın yaxın və uzaq perspektivdə inkişaf modelinin konseptual siyasi manifesti kimi dəyərləndirilə bilər.

Rafiq Yusifoğlu, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü

04/07/2026

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər bu münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Dövlət başçısının bəyanatında vurğulandığı kimi, tərəflər arasında siyasi dialoq intensivləşir, qarşılıqlı etimad möhkəmlənir və əməkdaşlığın əhatə dairəsi getdikcə genişlənir.

Prezident İlham Əliyev qeyd edib ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə görünməmiş dinamikanın formalaşdığını göstərir. Bu dinamika həm siyasi, həm iqtisadi, həm də enerji sahəsində əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Avropa Komissiyası ilə münasibətlərə xüsusi önəm verir və tərəflərin qarşılıqlı siyasi iradəsi əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərlə aparılması iqtisadi əlaqələrin miqyasını aydın şəkildə göstərir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşı olaraq çıxış edir. Region üzrə ticarətin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkənin iqtisadi və geostrateji əhəmiyyətini daha da artırır.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi sahəsidir. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu qısa müddətdə mühüm nəticələr verib. Bu müddətdə Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir və bu coğrafiyanın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi rolunu daha da gücləndirir.

Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan tərəfindən böyük maliyyə sərmayələri və siyasi səylər hesabına reallaşdırılmış bu layihə hazırda 3500 kilometrlik vahid boru kəməri sistemi vasitəsilə Azərbaycan qazını Avropa bazarlarına çatdırır. Layihə təkcə enerji sahəsində deyil, həm də Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin bəyanatında nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivləri də xüsusi yer tutub. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə formalaşan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri qlobal ticarətin vacib marşrutlarından birinə çevrilir. Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan üzərindən daşınan yüklərin həcmi sürətlə artır. Bu isə ölkənin dəniz limanlarının, dəmir yolu və digər nəqliyyat infrastrukturunun daha da genişləndirilməsini zəruri edir. Həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni və perspektivli istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Ölkənin zəngin günəş, külək və su enerji potensialı Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq imzalanmış müqavilələr əsasında növbəti beş-altı il ərzində Azərbaycanda 8 giqavat həcmində günəş və külək enerjisi istehsal olunacaq. Bu göstərici Azərbaycanın yaşıl enerji mərkəzinə çevrilməsi və Avropanın enerji keçidinə töhfə verməsi baxımından mühüm perspektivlər açır.

Görüş zamanı regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi də geniş müzakirə olunub. Prezident İlham Əliyev vurğulayıb ki, artıq regionda sülhün real nəticələri hiss olunur. Azərbaycan tərəfindən tranzit məhdudiyyətlərinin aradan qaldırılması, humanitar və iqtisadi əməkdaşlıq üçün yaradılan imkanlar ölkəmizin sülhə sadiqliyinin göstəricisidir. Dövlət başçısının ifadə etdiyi kimi, məqsəd təkcə kağız üzərində deyil, gündəlik həyatda da hiss olunan dayanıqlı sülhün formalaşdırılmasıdır. Avropa Komissiyasının bu prosesə dəstəyi isə Cənubi Qafqazın əməkdaşlıq, tərəfdaşlıq və sabit inkişaf məkanına çevrilməsinə mühüm töhfə verə bilər.

Beləliklə, Ursula Fon der Lyayenin Azərbaycana səfəri və aparılan müzakirələr göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni strateji mərhələyə daxil olub. Enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, nəqliyyat bağlantıları və regional sülh gündəliyi tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Bu əməkdaşlıq təkcə Azərbaycan və Avropa üçün deyil, bütövlükdə regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Ofelya Babayeva, Şöhrət ordenli Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü

01/07/2026
01/07/2026

Yol hərəkəti qaydaları.

25/06/2026

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında iştirak edən müəllimlərimiz yüksək nəticələr əldə edərək peşəkarlıqlarını, bilik və bacarıqlarını bir daha nümayiş etdirmişlər.
Sertifikatlaşdırma imtahanında uğur qazanan bütün müəllimlərimizi səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və daha böyük uğurlar arzulayırıq!
Sizin uğurunuz məktəbimizin uğurudur!

Ulduz Mirzəyeva (fiziki tərbiyə) - 54 bal
Afiq Muradov (tarix) - 53 bal
Akif Alməmmədov ( fiziki tərbiyə) - 53 bal
Nazlı Səfərova (texnologiya) - 53 bal
Nuranə Qəhrəmanova ( coğrafiya) - 52 bal
Yeganə Əliyeva (tarix) - 51 bal

22.06.2026-cı il tarixli 8 nömrəli Pedoqoji Şura iclası: Müzakirə edilən mövzular:I-IV siniflərdə Həyat bilgisi,Texnolog...
22/06/2026

22.06.2026-cı il tarixli 8 nömrəli Pedoqoji Şura iclası:
Müzakirə edilən mövzular:
I-IV siniflərdə Həyat bilgisi,Texnologiya,Təsviri İncəsənət , musiqi, Fiziki tərbiyə fənlərinin tədrisinin monitorinqinin müzakirəsi
VIII-X siniflərdə Riyaziyyat,İnformatika,Fizika ,Kimya dərslərinin tədrisinin monitorinqinin nəticələrinin müzakirəsi
Dərsdinləmələrin müzakirəsi. Təbiət fənləri metodbirləşməsinin işinin monitorinqinin nəticələrinin müzakirəsi

Məktəb üzrə psixoloji xidmətin təşkilinin vəziyyəti
Məktəb invertarlarının qorunmasının monitrinqinin nəticələrinin müzakirəsi

Şagirdlərin sinifdən sinifə keçirilməsi
IX-XI sinfi bitirmiş məzunlara ümumi orta təhsil və tam orta təhsil haqqında attestatlarının verilməsi
Yay tədris tapşırığı alan şagirdlərlə işin təşkili
2026-2027-ci tədris ilinə hazırlıqlarla bağlı görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi. Məkətbin gələn ilki Fəaliyyət planını hazırlayacaq komissiyanın təşkili

Cari məsələlər:
Cari tədris ilinin Fəaliyyət Planının yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, növbəti tədris ili üçün müəllimlərin dərs yükünün müəyyənləşməsi, IX, XI siniflərin buraxılış imtahanların nəticələrinin müzakirəsi, IV və VI siniflərdə “Milli Qiymətləndirmə nəticələri” nin müzakirəsi və.s

22/06/2026

5B sinfində şagirdlərin milli kino sənətimizə marağının artırılması məqsədilə Bəyin oğurlanması filminin nümayişi keçirildi. Film şagirdlər tərəfindən böyük maraqla izlənildi. Nümayiş zamanı filmdə əks olunan dostluq, birlik, milli adət-ənənələr və yumor elementləri barədə söhbətlər aparıldı. Tədbirin sonunda şagirdlər filmdən aldıqları təəssüratları bölüşdülər, obrazlar və hadisələr haqqında fikir mübadiləsi apardılar. Bu cür tədbirlər şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynayır.

Address

Sumqayıt Stansiyası
Sumqayıt
AZ5001

Telephone

+994186528531

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt 43 N-li tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sumqayıt 43 N-li tam orta məktəb:

Shortcuts

Share

Category