27/02/2024
SDU THİK və “Div Academy”nin birgə təşkilatçılığı ilə təlim keçirilib
Fevralın 27-də Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Div Academy”nin birgə təşkilatçılığı ilə “Proqramlaşdırma sahəsinin inkişafı və yeniliklər” mövzusunda təlim keçirildi.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək qonaqları, iştirakçıları salamladı, bu cür təlimlərin vacibliyini qeyd edərək İKT bacarıqlarının və süni intellekt texnologiyalarının geniş istifadəsinin müasir dövrümüz üçün mühüm əhəmiyyətindən danışdı.
Sonra “Div Academy” nin marketinq mütəxəssisi Orxan Abbasov çıxış edərək təmsil etdiyi akademiyanın fəaliyyətindən danışdı. Bildirdi ki, akademiya IT sektorunda 10 illik təcrübəsi olan “OKmedia LLC” şirkəti tərəfindən təsis edilmişdir. Akademiyada Front-end development, Back-end development, Full Stack development, Digital marketinq ixtisasları üzrə peşəkar dərslər keçirilir.
Təlimçi Murad Ağayev müasir texnologiyalar, proqramlaşdırma və rəqəmsal savadlılıq sahələri üzrə layihələrdən danışaraq veb proqramlaşdırma sahəsindəki təcrübələrini gənclərlə bölüşdü. Həmçinin proqramlaşdırma sahəsində karyera qurmaq istəyənlərin potensialını üzə çıxarmaq, onların fərdi və peşəkar inkişaf yollarından danışdı. Qeyd etdi ki, proqramlaşdırma sahəsində 5 illik təcrübəyə sahibdir. Yerli layihələrdə developer kimi çalışmışdır. Hal-hazırda “Div Academy” də müəllimi kimi fəaliyyət göstərir.
Hal-hazırda “Div Academy”də Veb Development mentor olaraq fəaliyyət göstərdiyini diqqətə çatdıran David Məmmədov proqramlaşdırma sahəsinin gələcəyi, iş imkanları, diqqət olunmalı olan risklər, ölkədə iş imkanları, proqramçı olmağın üstünlükləri, xaricdə olan fürsətlər, dil biliklərinin əhəmiyyəti kimi bir çox istiqamətlərə toxundu.
Təlimin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırıldı, fəal tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.
26/02/2024
Əziz Tələbələr🤩
Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Div Academy”nin birgə təşkilatçılığı ilə “Proqramlaşdırma sahəsinin inkişafı və yeniliklər” mövzusunda təlimə Sizləri dəvət edirik!
Məkan: SDU kiçik akt zalı
Tarix: 27.02.2024
Saat: 13:00
Qeyd edək ki, təlimdə proqramlaşdırma sahəsinin gələcəyi, sahənin iş imkanları, sahədə diqqət olunmalı olan risklər, təlimçinin təcrübəsi üzərində nümunələr, ölkədə iş imkanları, proqramçı olmağın üstünlükləri, xaricdə olan fürsətlər, dil biliklərinin əhəmiyyəti kimi bir çox istiqamətlərə toxunulacaq.
🔗Ətraflı məlumat və qeydiyyat üçün SDU THİK-in fakültə sədrlərinə və ya +99470 220 40 77 (SDU THİK whatsapp) nömrəsi ilə əlaqə saxlamağınız kifayətdir!
17/02/2024
SDU-nun əməkdaşları TOT təlimlərində
Fevralın 17-də ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları üçün təlim keçirib.
Təlimin əsas məqsədi təlimçilərin təlimçilik keyfiyyətinin artırılması, təlim proqramının qurulması və qiymətləndirilməsi, peşəkar təqdimetmə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.
Təlimçi Fəridə Fərəcovanın apardığı “Təlimçilər üçün təlim”-də (TOT) iştirak edən SDU-nun əməkdaşlarına ilk olaraq 4 moduldan ibarət təlimin əsas hədəfləri və metodları barədə məlumat verilib.
İştirakçıların interaktivliyi fonunda keçən tədbirdə universitet müəllimlərinın təlimçiyə ünvanladığı suallar cavablandırıldı.
Qeyd edək ki, təlimlər fevralın 18-i, 24-ü və 25-də modullar üzrə davam edəcəkdir.
25/12/2023
Əziz Tələbələr!
Sizi maraqlı labirintə gözləyirik🤩
İştirak tamamilə ÖDƏNİŞSİZDİR!
Toplaşma yeri: SDU əsas korpusun qarşısı.
Ətraflı məlumat üçün SDU THİK fakültə sədrlərinə müraciət etməyiniz kifayətdir.
20/12/2023
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib
Dekabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI Qurultayı keçirilib.
Qurultaydan öncə AHİK rəhbərliyi və üzv təşkilatların sədrləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sonra Bakı Konqres Mərkəzində AHİK-in növbədənkənar VI Qurultayı başlayıb.
Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Reqlamentə uyğun olaraq, Qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.
Qurultayın gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi”, “AHİK-in Bəyanatı haqqında”, “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti”, “Təftiş komissiyasının hesabatı” və “AHİK sədrinin seçilməsi” barədə məsələlər daxil edilib.
Gündəlikdəki “AHİK sədrinin seçilməsi” barədə məsələ ilə bağlı çıxışlarda sədr vəzifəsinə Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi irəli sürülüb. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.
Səttar Möhbalıyev ona etimad göstərən Qurultay iştirakçılarına təşəkkür edib, bundan sonra da Azərbaycan həmkarlar ittifaqının inkişafı, üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.
Qeyd edək ki, SDU-nun Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri qurultayda iştirak etmişdir.
15/12/2023
SDU Ağsaqqallar Şurası “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirdi
Ağsaqqallar Şurasının təşkilatçılığı ilə dekabrın 15-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur” mövzusunda tədbir keçirildi.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov tədbir iştirakçılarını salamlayaraq onlara rektor Rüfət Əzizovun salamlarını çatdırdı, cari ildə Ümummilli Liderin 100 illiyi ilə bağlı universitetdə silsilə tərbirlərin təşkil olunduğunu xatırlatdı.
SDU Ağsaqqallar Şurasının sədrinə və hörmətli üzvlərinə təşkilatçıları olduqları tədbirə görə təşəkkür edən Elmar Xəlilov onları və iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni İl münasibəti ilə təbrik etdi, uğurlar arzuladı.
SDU Ağsaqqallar Şurasının sədri, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev “Heydər Əliyevin nəsillərə örnək həyat yolu” mövzusundakı çıxışına Ümummilli Liderin “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikri ilə başladı. Prezident İlham Əliyevin ağsaqqallara böyük diqqət göstərdiyini, onları mənəvi sərvət kimi dəyərləndirdiyini qeyd edən professor gənclərə Heydər Əliyev irsini dərindən mənimsəməklə əsl vətənpərvər olmağın mümkünlüyünü bildirdi.
SDU Ağsaqqallar Şurasının sədr müavini, Proseslərin avtomatlaşdırılması kafedrasının professoru Əli Nağıyev, SDU Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu çıxış edərək Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolunu təkrarsız dövlətçilik ənənələri ilə məktəb olaraq daim yaşayacağını və gələcək nəsillərə örnək olacağını qeyd etdilər.
10/12/2023
8 dekabr Şahdağ Milli Parkının yaranmasından 17 il ötür.
Bu münasibətlə Sumqayıt Dövlət Universiteti Kimya və Biologiya fakültəsinin tələbələri, Biologiya və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Milli parkın İsmayıllı bölməsinə ekskursiya təşkil edildi.
Burada Azərbaycan faunasına reintraduksiya olunmuş, qırmızı kitaba düşmüş zubrlar və nəcib marallar adaptasion dövr keçirdikdən sonra vəhşi təbiətə buraxılır.
Ümumiyyətlə Azərbaycanda reintraduksiya layihələrinə geniş diqqət göstərilir.
10/12/2023
SDU-da intellektual bilik yarışı keçirildi
Dekabrın 9-da Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tələbələr arasında intellektual bilik yarışı keçirildi.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamladı və Ümummilli Liderin dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasında müstəsna xidmətlərindən, elm, təhsil, mədəniyyət sahələrində gördüyü işlər barədə danışdı. Bildirdi ki, “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi Sumqayıt Dövlət Universitetində də müxtəlif tədbirlər, müsabiqələr, yarışlar keçirilir, bu cür yarışların keçirilməsi olduqca tədqirəlayiqdir.
Bugünkü bilik yarışının keçirilməsində əsas məqsəd xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin təbliğ olunmasına, Ulu Öndər irsinin tələbələr tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir.
Gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən yarışda Ulu Öndərin həyat və fəaliyyətindən ibarət müxtəlif suallar təqdim edildi.
Üç mərhələdə davam edən yarışın qalibləri sırasında Tarix və coğrafiya fakültəsinin komandası I yer, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası II yer və Filologiya fakültəsinin komandası III yerin sahibi olub.
09/12/2023
SDU TƏLƏBƏLƏRİNİN NƏZƏRİNƏ!
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğu və Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən yuxarıda qeyd olunan nominasiyalar üzrə “İLİN TƏLƏBƏSİ” müsabiqəsi elan olunur.
Suallarınızın cavabı üçün ön postu çevirin➡️
02/12/2023
SDU-da Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirildi
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox mənəvi yardıma ehtiyacı vardır. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu məqsədlə dekabrın 1-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və İnklüziv Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
22/11/2023
SDU-da “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə infosessiya təşkil olunub
Noyabrın 22-də Sumqayıt Dövlət Universitetində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə “Könüllülük fəaliyyətinin təbliği və təşviqi” mövzusunda universitet tələbələri üçün infosessiya təşkil edilib.İnfosessiya 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin direktor müavini Könül Kərimova, Könüllülər üzrə məsul şəxs, Vətəndaşların qəbulu işinin təşkili sektoru üzrə məsul şəxs Sənan Sadıqov, Vətəndaşların qəbulu işinin təşkili sektoru üzrə baş mütəxəssis Rəşidə Talıblı və Vətəndaşların qəbulu işinin təşkili sektoru üzrə böyük mütəxəssis Türkan Qəhrəmanovanın iştirakları ilə keçirilib.
Ətraflı: https://sdu.edu.az/az/news/2739