16/06/2026
Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni geosiyasi mərhələsi
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra imzalanan bu sənəd təkcə Azərbaycan-Türkiyə əlaqələrinin hüquqi-siyasi əsaslarını möhkəmləndirmədi, həm də regionun gələcək geosiyasi mənzərəsini müəyyən edən mühüm strateji sənədə çevrildi. Məhz buna görə Şuşa Bəyannaməsi XXI əsrdə türk dünyasının siyasi birliyinin ən mühüm hadisələrindən biri hesab olunur.
Bəyannamənin əsas ideoloji dayağını Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşada imzalanan bu sənəd əcdadların siyasi və mənəvi vəsiyyətinə sadiqliyin nümayişidir. Bu baxımdan Bəyannamə sadəcə dövlətlərarası sənəd deyil, eyni zamanda ortaq tarixə, dilə, mədəniyyətə və milli kimliyə əsaslanan strateji birlik konsepsiyasının təsdiqidir.
Şuşa Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri onun əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir. Sənəddə siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, elm, təhsil, mədəniyyət və informasiya siyasəti kimi sahələr üzrə konkret hədəflər müəyyənləşdirilib. Bu isə Azərbaycan və Türkiyə münasibətlərini klassik tərəfdaşlıq səviyyəsindən çıxararaq tamhüquqlu müttəfiqlik mərhələsinə yüksəldib.
Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Sənəddə hər iki dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyət göstərilməsi prinsipi əks olunub. Bu müddəa regionda sülh və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda müdafiə sənayesi, hərbi təlimlər, müasir silah sistemlərinin tətbiqi və silahlı qüvvələrin modernləşdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan-Türkiyə hərbi ittifaqının daha da möhkəmlənməsinə xidmət edir.
Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın yeni mərhələsini də formalaşdırır. Xüsusilə Zəngəzur dəhlizi layihəsinin sənəddə öz əksini tapması regionun nəqliyyat və logistika xəritəsində yeni imkanlar yaradıb. Bu layihə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin imkanlarını genişləndirərək Avropa ilə Asiya arasında ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi və digər nəqliyyat təşəbbüsləri gələcəkdə regionun iqtisadi inteqrasiyasını daha da sürətləndirəcək.
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması prosesi də Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biridir. Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq layihələrində fəal iştirak edir. Yol, enerji, kənd təsərrüfatı, yaşayış məntəqələrinin tikintisi və turizm infrastrukturunun yaradılması istiqamətində əməkdaşlıq həm regionun sosial-iqtisadi inkişafına, həm də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının praktiki nəticələrinin görünməsinə şərait yaradır.
Sənəddə informasiya siyasəti və diaspor fəaliyyətinə xüsusi yer ayrılması da diqqət çəkir. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti, beynəlxalq mediada ortaq mövqenin formalaşdırılması, informasiya mübadiləsinin gücləndirilməsi və diplomatik səylərin əlaqələndirilməsi müasir dövrün mühüm çağırışlarına cavab verir. Xüsusilə qlobal informasiya müharibələrinin getdikcə intensivləşdiyi bir dövrdə bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynayır.
Bu gün Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hüquqi bazası deyil, həm də regionun gələcək inkişaf konsepsiyasını müəyyən edən strateji yol xəritəsidir. Bəyannamədən irəli gələn öhdəliklərin ardıcıl icrası Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, türk dünyasının inteqrasiyasının dərinləşməsinə və hər iki dövlətin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Şuşada imzalanan bu tarixi sənəd bir daha təsdiqlədi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər zamanın sınağından çıxmış, ortaq milli maraqlara söykənən və gələcəyə hesablanmış sarsılmaz müttəfiqlik modelidir.
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri
15/06/2026
15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü
15/06/2026
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.
14/06/2026
Aspire Riyaziyyat və Məntiq Olimpiadasının nəticələri 🏆📚
Məktəbimizin şagirdləri Aspire Riyaziyyat və Məntiq Olimpiadasında uğurla çıxış edərək yüksək nəticələr əldə etmişlər:
🥇 I yer – Ağayev Yusif (5A sinfi)
🥇 I yer – Əlizadə Əli (5A sinfi)
🥈 II yer – Murtuzayeva Fatimə (5A sinfi)
Şagirdlərimizi qazandıqları uğurlar münasibətilə ürəkdən təbrik edir, onlara gələcək yarış və müsabiqələrdə yeni nailiyyətlər arzulayırıq! 👏🌹
🎉📖✨
14/06/2026
15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın xilası və yüksəlişə aparan tarixi dönüş nöqtəsi
Azərbaycan xalqının müasir tarixində elə günlər vardır ki, həmin tarixlər təkcə təqvim hadisəsi deyil, bütöv bir dövlətin taleyini müəyyənləşdirən dönüş nöqtəsi kimi yadda qalır. 15 İyun – Milli Qurtuluş Günü məhz belə əlamətdar günlərdəndir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişaf yoluna çıxarılması baxımından müstəsna əhəmiyyət daşıyır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq, vətəndaş qarşıdurması və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindəki yüksək vəzifələrindən istefa verməsindən sonra Azərbaycana qarşı yönəlmiş məkrli planların həyata keçirilməsi üçün münbit şərait yarandı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq şəkildə ortaya qoyulması, Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması və sonrakı illərdə baş verən faciəli hadisələr ölkənin üzləşdiyi ağır sınaqların başlanğıcı oldu. Müstəqilliyin ilk illərində isə siyasi idarəetmədə yol verilən ciddi səhvlər, dövlət institutlarının zəifliyi və daxili qarşıdurmalar vəziyyəti daha da mürəkkəbləşdirdi.
1991–1993-cü illərdə Azərbaycan həm xarici təcavüz, həm də daxili siyasi böhranlarla üz-üzə qalmışdı. Dövlət idarəçiliyində təcrübəsizlik, silahlı qruplaşmaların özbaşınalığı, separatçılıq meyllərinin güclənməsi və iqtisadi tənəzzül ölkəni dərin uçuruma sürükləyirdi. Cəbhədə ardıcıl uğursuzluqlar yaşanır, torpaqlar işğal edilir, əhalinin sosial vəziyyəti ağırlaşırdı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı isə dövlətin mövcudluğunu təhlükə altına alan proseslərin kulminasiya nöqtələrindən biri oldu.
Belə mürəkkəb şəraitdə Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü. 1993-cü il iyunun 9-da Ümummilli Lider xalqın çağırışına cavab verərək Bakıya gəldi. Həmin günlərdə ölkədə hakimiyyət böhranı hökm sürür, qardaş qırğını təhlükəsi real xarakter alırdı. Heydər Əliyev böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək yaranmış qarşıdurmaların qarşısını aldı, dövlətçiliyin xilası naminə məsuliyyəti öz üzərinə götürdü. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkənin taleyində yeni mərhələ başlandı və həmin tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə həkk olundu.
Ulu Öndərin hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkədə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Qanunsuz silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət idarəetmə sistemi yenidən formalaşdırıldı, hüquq-mühafizə orqanlarının fəaliyyəti gücləndirildi. Azərbaycan beynəlxalq təcriddən çıxaraq dünya birliyi ilə münasibətlərini bərpa etməyə başladı. Məhz həmin dövrdə gələcək inkişafın əsasını təşkil edən siyasi və iqtisadi islahatların təməli qoyuldu.
Milli Qurtuluşdan sonrakı illər Azərbaycanın dövlət quruculuğu tarixində yeni mərhələnin başlanğıcı oldu. Nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, atəşkəs əldə edildi, xarici siyasətdə balanslaşdırılmış kurs müəyyənləşdirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu, xarici investisiyaların cəlb edilməsinə və Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm mövqe qazanmasına şərait yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiya isə hüquqi dövlət quruculuğunun möhkəm təməlini formalaşdırdı.
Heydər Əliyevin dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri milli həmrəyliyin və ictimai-siyasi sabitliyin təmin olunması idi. Ümummilli Lider dəfələrlə vurğulayırdı ki, sabitlik olmadan nə iqtisadi inkişafdan, nə də sosial rifahdan danışmaq mümkündür. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi, müstəqil və prinsipial mövqeyi ilə beynəlxalq aləmdə nüfuz qazandı. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli maraqların qorunması və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi məhz həmin dövrdə mümkün oldu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, ölkəmizin beynəlxalq nüfuzunun artması Milli Qurtuluş ideyalarının real nəticələridir. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik iradəsinin, milli birliyinin və müstəqillik əzminin təntənəsi kimi tariximizdə yaşayır. Bu əlamətdar gün bir daha sübut edir ki, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müasir inkişaf yolunun əsasını təşkil etmiş, ölkəmizin bugünkü uğurlarının möhkəm təməlini yaratmışdır.
Sevinc Qasımova,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyinin direktoru
14/06/2026
Son zəng tədbiri çərçivəsində ötən ilin məzunu, şəhidimiz Ramin Ağayevin əmanəti Zəhra məktəbimizin qonağı oldu. 🌹
Zəhra məktəb rəhbəri Qədir Mikayılov və müəllim kollektivi ilə səmimi görüş keçirərək məktəb həyatının unudulmaz xatirələrini bir daha yaşadı. Tədbir zamanı məktəb direktoru Qədir Mikayılovla rəqs etməsi iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı. 👏
Şəhidimiz Ramin Ağayevin əziz xatirəsini dərin ehtiramla yad edir, Zəhraya gələcək həyatında uğurlar və xoşbəxtlik arzulayırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanı cənnət olsun. 🇦🇿🙏🏻
TikTok · Şəhid Ramin Agayev1984
13/06/2026
🏫 🔔 Bu gün 116 550 şagird üçün “Son zəng” çalınır.
Əziz məzunlar, sizi təbrik edirik!
13/06/2026
🌹 Uzunillik pedaqoji fəaliyyətə təşəkkür 🌹
Məktəbimizdə keçirilən “Son zəng” tədbiri çərçivəsində sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Nağıyeva Afilə müəllimənin təqaüdə çıxması münasibətilə ona təşəkkür ifadə olundu.
Məktəb rəhbəri Qədir Mikayılov çıxış edərək Afilə müəllimənin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, məktəbin ictimai həyatında fəal iştirakından və şagirdlərin hərtərəfli inkişafına verdiyi töhfələrdən bəhs etdi. O, Afilə müəlliməyə gələcək həyatında möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və uzun ömür arzuladı, təhsilimizin inkişafına verdiyi dəyərli xidmətlərə görə ona təşəkkürnamə təqdim etdi.
Daha sonra çıxış edən Afilə müəllimə ona göstərilən diqqət və qayğıya görə məktəb rəhbərliyinə və pedaqoji kollektivə səmimi minnətdarlığını bildirdi. O, məktəb kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı, məktəbdə keçirdiyi illərin onun həyatının ən dəyərli və unudulmaz dövrü olduğunu qeyd etdi.
Tədbirin sonunda şagirdlər uzun illərini təhsil işinə, gənc nəslin tərbiyəsinə həsr etmiş Afilə müəlliməni gur alqışlarla yola saldılar. Bu duyğulu anlar tədbir iştirakçıları tərəfindən böyük hörmət və ehtiramla qarşılandı.
Afilə müəlliməyə uzunillik səmərəli fəaliyyətinə görə təşəkkür edir, ona sağlamlıq, xoşbəxtlik və firavan ömür arzulayırıq. 🌹👏
13/06/2026
🎓 “Son zəng” tədbiri keçirildi 🎓
Bu gün məktəbimizdə məzunlar üçün “Son zəng” tədbiri böyük coşqu və təntənə ilə keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Açılış nitqi ilə çıxış edən məktəb direktoru Qədir Mikayılov məzunları bu əlamətdar gün münasibətilə təbrik etdi. O, məzunlara gələcək həyat yollarında uğurlar arzulayaraq, onların savadlı, vətənpərvər, məsuliyyətli və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişəcəklərinə inandığını bildirdi. Məktəb rəhbəri qeyd etdi ki, məktəb illərində qazanılan bilik və dəyərlər hər bir insanın gələcək həyatında mühüm rol oynayır. O, məzunlara qarşılarına qoyduqları məqsədlərə inamla irəliləməyi, daim öyrənməyi və ölkəmizin inkişafına töhfə verməyi arzuladı. Eyni zamanda müəllimlərə və valideynlərə göstərdikləri zəhmət və dəstəyə görə təşəkkürünü bildirdi.
Tədbirin bədii hissəsində məzunlar bir-birindən maraqlı rəqs nömrələri, şeirlər və musiqili çıxışlar təqdim etdilər. Onların hazırladıqları proqram tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı və alqışlarla müşayiət olundu.
Tədbirdə iştirak edən qonaqlar da çıxış edərək məzunları təbrik etdilər, onlara gələcək həyatlarında uğurlar, xoşbəxtlik və yeni nailiyyətlər arzuladılar.
Daha sonra məktəb rəhbəri Qədir Mikayılov təhsil və ictimai fəaliyyətlərdə fərqlənən müəllim və şagirdlərə sertifikatlar təqdim etdi.
Tədbirin sonunda bütün məzunların iştirakı ilə yallı rəqsi ifa olundu. Birlik, həmrəylik və sevinc rəmzi olan yallı tədbirə xüsusi rəng qatdı və “Son zəng” mərasimi xoş təəssüratlarla başa çatdı.
Məzunlarımıza gələcək həyatlarında uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və yeni nailiyyətlər arzulayırıq! 🎉📚
13/06/2026
🎓🌹 SON ZƏNG – 2026 🌹🎓
Əziz məzunlarımız!
Bu gün həyatınızın ən unudulmaz səhifələrindən biri bağlanır və gələcəyə aparan yeni bir yol başlayır. Məktəb illərində qazandığınız bilik, dostluq və xatirələr hər zaman sizinlə olacaq.
Sumqayıt şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi və məktəbin direktoru Qədir Mikayılov adından bütün məzunlarımızı "Son zəng" münasibətilə ürəkdən təbrik edirik!
Sizə gələcək həyatınızda möhkəm iradə, uğurlu seçimlər, yüksək nailiyyətlər və xoşbəxt bir ömür arzulayırıq. Qoy hər biriniz Vətənimizə layiqli, savadlı və dəyərli vətəndaş kimi öz arzularınıza çatasınız.
Əziz məzunlar, yolunuz daim açıq, uğurlarınız bol olsun!