14/08/2026
Qarabağ Universiteti yeni tədris ilinə və gələcəyin peşəkarlarını qarşılamağa tam hazırdır.
Universitetin davamlı inkişaf strategiyasına uyğun olaraq, bu tədris ilində 9 fakültə və 49 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Ali təhsil müəssisəsinin əsas prioriteti sadəcə tədris imkanlarının genişləndirilməsi deyil, eyni zamanda təhsilin keyfiyyətinin qlobal standartlara uyğunlaşdırılmasıdır.
Bu istiqamətdə beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi İstanbul Texniki Universiteti ilə ikili diplom proqramına start verilir. Proqram çərçivəsində dörd mühəndislik ixtisası üzrə kadr hazırlığı tamamilə ingilis dilində aparılacaq. Paralel olaraq, xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik mütəxəssislərin universitetə cəlbi davam edir.
Akademik inkişafla yanaşı, infrastrukturun gücləndirilməsi də qurumun xüsusi diqqət mərkəzindədir. Xankəndi, Şuşa və Xocalıda müxtəlif istiqamətlər üzrə yeni fakültə binalarının inşası planlaşdırılır.
Qarabağ Universitetinin əsas məqsədi tələbələri müasir əmək bazarının tələblərinə cavab verən rəqəmsal və praktiki bacarıqlarla təmin etmək, onları ölkənin inkişafına töhfə verəcək rəqabətədavamlı kadrlar kimi formalaşdırmaqdır.
Reportaj: İTV