18/12/2025
Allah rəhmət eləsin!
Şəmkir ictimaiyyətinə ağır itki üz verib… 🥀
Dərin hüzn və kədər hissi ilə bildiririk ki, uzun illər səmərəli fəaliyyəti ilə rayonumuzun ictimai, təhsil və idarəçilik həyatında yaxından iştirak etmiş Allahverən müəllim dünyasını dəyişib.
ℹ️ Allahverən İsrafil oğlu Alırzayev 16 mart 1937-ci ildə rayonunun kəndində anadan olmuşdur.
1960-cı ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Tarix-filologiya" fakültəsini əyani, 1993-cü ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsini qiyabi bitirmişdir.
Əmək fəaliyyətinə başladığı illərdən etibarən rayonumuzda partiya-sovet, təsərrüfat, maarif və mədəniyyət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır.
O, Düyərli kənd orta məktəbində ixtisası üzrə müəllim, rayon Partiya Komitəsində təlimatçı, rayon Mədəniyyət şöbəsinin müdiri, Şəmkir Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin katibi, rayon Xalq Maarif şöbəsində inspektor, Düyərli kənd sovxoz Partiya Komitəsinin katibi, sovxoz direktoru, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Respublika Komitəsinin Şəmkir rayonu üzrə nümayəndəsi, həmçinin Şəmkir rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir.
Allahverən müəllim müəllimlik fəaliyyəti dövründə qabaqcıl pedaqoq kimi fərqlənmiş, şəkli Siyasi Maarif Evində Şərəf lövhəsində asılmışdır.
Hansı vəzifədə çalışmasından asılı olmayaraq, yüksək məsuliyyət hissi, səmimiyyəti və insanlara qayğıkeş münasibəti onun əsas xarakter xüsusiyyətləri olmuşdur. O, hər kəslə açıq və mehriban ünsiyyət qurur, əməkdaşlarının problemlərinə biganə qalmırdı.
Rayonun Tatarlı kəndindən (Zəyəm çayından) Düyərli kəndinə içməli su xəttinin çəkilməsində, eləcə də kənddə xəstəxananın açılmasının təşkilində Allahverən müəllimin böyük əməyi olmuşdur.
Mərhum 5 övlad atası idi və bütün övladlarına ali təhsil vermişdir.
Allahverən müəllim uzun illər səmimi fəaliyyəti, xeyirxahlığı və xidmətləri ilə yaddaşlarda qalacaq. Allahdan rəhmət diləyir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. 🥀🙏🏻
©️ Şəmkir 57