Saray qəsəbə 1 nömrəli tam orta məktəb

Saray qəsəbə 1 nömrəli tam orta məktəb Təhsil / Education

HÖRMƏTLİ VALİDEYNLƏR!2026–2027-ci tədris ilində də vahid məktəbli geyim forması qüvvədə qalır.Azərbaycan Respublikası Na...
20/08/2026

HÖRMƏTLİ VALİDEYNLƏR!

2026–2027-ci tədris ilində də vahid məktəbli geyim forması qüvvədə qalır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi davam etdirilir.

Bildiririk ki, Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində 2026–2027-ci tədris ilində də əvvəlki illərdə təsdiq edilmiş vahid məktəbli geyim forması qüvvədə qalacaq.

Sizdən xahiş edirik ki, övladlarınızın məktəbə ilk gündən etibarən müəyyən edilmiş geyim qaydalarına riayət etmələrini təmin edəsiniz.

Əməkdaşlığınıza görə təşəkkür edirik.

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

17/08/2026
14/08/2026

Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, müdafiə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm və tarixi-mədəni irsin qorunması, eləcə də Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı mühüm məsələlərə toxunub.

Dövlət başçısı bildirib ki, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. O, son illərdə muxtar respublikada bir sıra mühüm layihələrin həyata keçirildiyini və bundan sonra da Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini qeyd edib.
Müdafiə məsələlərinə toxunan Prezident Naxçıvanın təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Əlahiddə Ordunun yaradılması, ən müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu deyən dövlət başçısı Naxçıvanın hərbi potensialının bundan sonra da gücləndiriləcəyini bildirib.
Müsahibədə Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da xüsusi qeyd olunub. Prezident bildirib ki, parkın yaradılması yeni sənaye müəssisələrinin və iş yerlərinin açılmasına mühüm imkan yaradacaq. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur. Bu stansiyanın həm Naxçıvanın dayanıqlı enerji təminatına, həm də gələcəkdə elektrik enerjisinin ixracına xidmət edəcəyi bildirilib. Qeyd edib ki, muxtar respublikada qazlaşma 100 faizdir, Günəş və su elektrik stansiyaları fəaliyyət göstərir. Naxçıvanda Günəş enerjisinin istehsalı üçün 600 hektardan çox ərazi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə yeni stansiyaların yaradılması planlaşdırılır. Prezident yalnız Günəş enerjisi hesabına Naxçıvanda ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavatadək elektrik enerjisi istehsalının mümkün olduğunu bildirib.

Dövlət başçısı Naxçıvanın zəngin tarixi və mədəni irsinin qorunmasının da mühüm istiqamət olduğunu qeyd edib. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi abidələrin konservasiyası və qorunması ilə bağlı işlərin davam etdiriləcəyi bildirilib. Prezident Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini vurğulayaraq, milli kimliyin, tarix və mədəniyyətin qorunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Müsahibənin əsas mövzularından biri də Zəngəzur dəhlizi olub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək bu nəqliyyat bağlantısının ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirib. Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu, dəmir yolunun tikintisinin isə davam etdiyini qeyd edən dövlət başçısı Naxçıvan ərazisində dəmir yolunun bərpası istiqamətində işlərə başlanıldığını açıqlayıb.
Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan dəmir yolunun uzunluğunun 194 kilometr olacağı və gələcəkdə onun yükdaşıma qabiliyyətinin ildə ən azı 15 milyon tona çatdırılmasının planlaşdırıldığı bildirilib. Prezident Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevrilə biləcəyini vurğulayıb.

Dövlət başçısı Zəngəzur dəhlizinin yalnız avtomobil və dəmir yolundan ibarət olmayacağını da qeyd edib. Gələcəkdə bu istiqamətdə elektrik xətlərinin, fiber-optik kabellərin və zərurət yaranacağı təqdirdə digər enerji infrastrukturlarının yaradılmasının mümkün olduğu bildirilib.
Prezident şəhərlərarası və rayonlararası sərnişindaşmanın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınacağını, həmçinin muxtar respublikada 420 kilometr uzunluğunda yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulduğunu açıqlayıb.
Naxçıvanın turizm potensialından da danışan İlham Əliyev muxtar respublikanın zəngin tarixi abidələrə, gözəl təbiətə və əlverişli iqlimə malik olduğunu bildirib. Turizmin inkişafı üçün müasir mehmanxana infrastrukturunun yaradılmasının vacibliyini qeyd edən Prezident Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulduğunu və onun təxminən 2028-ci ildə istifadəyə veriləcəyini bildirib.
Prezident Naxçıvanın kənd təsərrüfatı, suvarma və yol infrastrukturunun inkişafının da diqqətdə saxlanıldığını qeyd edib. Yeni artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və kənd təsərrüfatı üçün istifadə olunan torpaqların genişləndirilməsi nəzərdə tutulur.
İlham Əliyev Naxçıvan şəhərinin Baş Planının hazırlanmasının vacib addım olduğunu bildirib. Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı Naxçıvanda idarəetmə sisteminin də təkmilləşdiriləcəyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin üstünlüklərinin nəzərə alınacağını qeyd edən Prezident Naxçıvan Muxtar Respublikasının muxtar statusunun qorunacağını xüsusi vurğulayıb və Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət tərəfindən bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

Firdovsi Calalov,
Masazır bələdiyyəsinin sədri

11/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

11/08/2026
07/08/2026

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində tədris-köməkçi heyətinin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu elan edilir.

DİQQƏT !!! Müsabiqə qaydalarına görə namizəd yalnız bir vəzifə üzrə müsabiqədə iştirak edə bilər. Bir neçə vəzifə üzrə qeydiyyat etibarsız sayılacaq və şəxsin qeydiyyatdan keçdiyi bütün vakansiyalar üzrə namizədliliyi nəzərə alınmayacaq.

Qeydiyyat linki:

🔹 Laborant, kitabxanaçı və psixoloq vəzifələri üzrə qeydiyyat: https://forms.cloud.microsoft/r/9mBhgvt5bk

🔹 Müsabiqə proqramı və vakansiyalar: https://studenteduaz-my.sharepoint.com/:f:/g/personal/absheron-xizi_student_edu_az/IgAxawwmfa0uTbN-NOqc5Fu-Afgfko9elHo4hhPOyhLYsWM?e=BFAckT

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanı mərhələlərindən ibarətdir.

Sənəd qəbulu mərhələsində təqdim edilmiş sənədlərin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaq. Test imtahanında yalnız namizədin müraciət etdiyi vakant vəzifənin tələblərinə uyğun olan şəxslər iştirak edə biləcəklər.

Şəhid ailəsi üzvləri qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədənkənar işə qəbul ediləcəklər.

İmtahan prosesi zamanı namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq:

* 15 sual – informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə;
* 15 sual – qanunvericilik üzrə;
* 30 sual – vakant vəzifənin tələblərinə uyğun olaraq.

İmtahan prosesinə 120 dəqiqə vaxt ayrılacaq. İmtahan zamanı səhv cavablar düzgün cavablara təsir göstərmir.

30 bal və daha yüksək nəticə göstərmiş namizədlər müsabiqədə uğur qazanmış hesab ediləcəklər.

Təyinatlar namizədlərin topladıqları balların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Bir vakant vəzifə üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda, aşağıdakı meyarlara uyğun namizədlərə üstünlük veriləcək:

1. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
2. Təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
3. İş stajı daha çox olan şəxslərə;
4. Vakant vəzifənin yerləşdiyi əraziyə daha yaxın ərazidə yaşayan şəxslərə

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır.

Qeyd edirik ki, qeydiyyat 15 avqusta qədər davam edəcək.

01/08/2026

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır

Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar iki dost və qardaş ölkə arasında əməkdaşlığın artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi.

Dövlət başçıları arasında keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Prezident qeyd etdi ki, bundan sonra da iki ölkə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi davam etdirəcək, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevin sözlərinə görə, səfər zamanı imzalanan sənədlər paketi əməkdaşlığın geniş istiqamətlərini əhatə edir və əldə olunan razılaşmalar Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin daha da dərinləşməsinə yeni imkanlar yaradacaq.

Səfərin iqtisadi nəticələri də xüsusi diqqət çəkir. Tərəflər Azərbaycan - Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə razılığa gəliblər. Bu qərar Fond vasitəsilə həyata keçirilən layihələrin miqyasını genişləndirəcək, yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və qarşılıqlı investisiyaların həcminin yüksəlməsinə əlavə stimul verəcək.

Səfər çərçivəsində İssık-Kul gölünün sahilində inşa olunan beşulduzlu "Baku Resort & Spa" hotelinin açılışı da baş tutdu. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilən və "Bakı" adını daşıyan bu layihə iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu nümunələrindən biri olmaqla yanaşı, turizm sahəsində tərəfdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyev çıxışında humanitar əməkdaşlığın münasibətlərin ayrılmaz hissəsi olduğunu vurğuladı. Dövlət başçısı Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək Ağdam rayonunda inşa edilən və "Manas" adını daşıyan məktəbi qardaşlıq münasibətlərinin parlaq rəmzlərindən biri adlandırdı. Onun sözlərinə görə, bu layihə Qırğız xalqının işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi mühüm töhfəni əks etdirir.

Prezident İlham Əliyev xalqlarımızı ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini diqqətə çatdıraraq Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılmasını, Bişkekdə isə Qırğızıstan-Azərbaycan Dostluq Parkının salınmasını dostluğun və qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirdi. Həmçinin qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi və humanitar əlaqələrin genişlənməsi iki ölkə xalqlarını daha da yaxınlaşdıran mühüm amillərdən biri kimi dəyərləndirildi.

Dövlət başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişləndiyini də vurğulayaraq, ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qəbul olunmasına görə Qırğızıstan Prezidenti Sadır Japarova və digər Mərkəzi Asiya liderlərinə təşəkkürünü ifadə etdi.

Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisi kimi qarşılıqlı ali dövlət təltifləri təqdim olundu. Prezident İlham Əliyev Qırğız Respublikasının ən ali mükafatlarından olan I dərəcəli "Manas" ordeni ilə təltif edildi. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev" ordeninə layiq görüldü. Bu addım Azərbaycan–Qırğızıstan dostluğunun və strateji tərəfdaşlığının yüksək səviyyəsinin rəmzi kimi qiymətləndirilir.

Səfərin mühüm siyasi nəticələrindən biri də Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi oldu. Bəyannamə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyərək siyasi dialoq, iqtisadi inteqrasiya, enerji, nəqliyyat, logistika və humanitar əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər açır.

İmzalanan sənədlər, qəbul edilən qərarlar, qarşılıqlı etimad və ortaq strateji baxış iki qardaş ölkənin gələcək əməkdaşlığının daha da möhkəmlənəcəyinə və Türk dünyasında birliyin güclənməsinə mühüm töhfə verəcəyinə əminlik yaradır.

Vüqar Bəşirov
Abşeron RİH başçısının Aşağı Güzdək qəsəbə İƏD üzrə nümayəndəsi

01/08/2026

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Dilimiz xalqımızın tarixini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətimizdir. Ana dilimizi sevmək, zənginliyini qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.

31/07/2026

Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır

Avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu tarix ana dilimizin qorunması, inkişafı və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini bir daha ön plana çıxarır. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın milli kimliyini, tarixini və mədəni irsini yaşadan ən mühüm dəyərlərdəndir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsini müstəqil dövlət quruculuğunun əsas istiqamətlərindən biri hesab edirdi. Onun təşəbbüsü ilə hələ sovet dövründə - 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm tarixi hadisə oldu. O dövrdə milli dillərin sıxışdırıldığı bir şəraitdə bu qərarın qəbul edilməsi böyük siyasi iradənin və uzaqgörənliyin göstəricisi idi.

Müstəqillik illərində də Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Ardınca "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul olunaraq dilimizin tətbiqi, qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi.

Azərbaycan dilinin inkişafı istiqamətində mühüm mərhələlərdən biri də Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi oldu. Bu qərar milli-mənəvi irsimizin qorunmasına xidmət edən ən əlamətdar addımlardan biri kimi tarixə düşdü.

Ulu Öndər Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir". Onun fikrincə, ana dilini bilməyən insan öz tarixini, milli köklərini və mənsub olduğu xalqın mənəvi dəyərlərini də tam dərk edə bilməz. Məhz buna görə Azərbaycan dilinin saflığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlarla Azərbaycan dilinin qloballaşma şəraitində inkişafı, elektron məkanda tətbiqinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi və dövlət dilinin saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

2013-cü ildə təsdiq olunan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" bu sahədə strateji sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Daha sonra qəbul edilən normativ hüquqi aktlar, o cümlədən 2018-ci ildə dövlət dilinin saflığının qorunmasına dair Fərman dil siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.

2025-ci ildə imzalanan yeni Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına dövlət nəzarəti funksiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edildi. Bu qərar dövlət dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində institusional mexanizmlərin daha da gücləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir və onun inkişafı hər bir vətəndaşın borcudur. Dövlət başçısının sözləri ilə desək, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur". Bu yanaşma ana dilimizin saflığının qorunmasının yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyəti olduğunu göstərir.

Bu gün Azərbaycan dili 50 milyondan artıq insanın ana dili olmaqla yanaşı, müstəqil Azərbaycanın dövlətçilik rəmzlərindən biri kimi ölkənin ictimai-siyasi, elmi, mədəni və informasiya məkanında aparıcı mövqeyə malikdir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə də dilimizin zənginliyinin qorunması, düzgün istifadəsinin təşviqi və gələcək nəsillərə saf şəkildə ötürülməsi milli təhlükəsizlik və milli-mənəvi dəyərlərin qorunmasının mühüm tərkib hissəsi hesab olunur.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təkcə əlamətdar tarix deyil, həm də hər bir vətəndaşı ana dilinə daha həssas yanaşmağa, onun saflığını qorumağa və gələcək nəsillərə zəngin irs kimi ötürməyə çağıran mühüm ictimai mesajdır.

Afət Camalova
Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru

Address

Absheron
Saray
37

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Saray qəsəbə 1 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category