14/08/2026
11 avqust 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.
Müsahibədə dövlət başçısı Naxçıvanın Azərbaycanın tarixində və dövlətçilik ənənələrində xüsusi yerindən, bölgənin bu gün həyata keçirilən genişmiqyaslı layihələr əsasında inkişafından və qarşıda duran mühüm vəzifələrdən bəhs edib.
Prezident İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafı, müasir infrastrukturun yaradılması, enerji potensialının artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi, sənaye və turizmin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Səfər çərçivəsində Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanışlıq, dəmir yolu infrastrukturunda aparılan işlər, yeni sosial və iqtisadi layihələr, DOST Regional Mərkəzinin açılışı, sosial evlər kompleksinin təməlqoyma mərasimi və digər mühüm tədbirlər Naxçıvanın gələcək inkişaf perspektivlərinin geniş olduğunu bir daha nümayiş etdirib.
Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın hərtərəfli inkişafının, insanların rifahının yüksəldilməsinin və qədim diyarın Azərbaycanın ümumi inkişaf prosesində rolunun daha da gücləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu göstərir.
🇦🇿 Naxçıvan – Azərbaycanın ayrılmaz hissəsi, qədim dövlətçilik və zəngin mədəniyyət məkanıdır!