26/05/2026
Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var.
5 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə kənd təsərrüfatının inkişafı, regionlarda infrastruktur layihələrinin icrası, məşğulluğun artırılması və aqrar sahənin perspektivləri ilə bağlı mühüm məsələlər müzakirə olunmuşdur.
Dövlətimizin başçısı çıxışında qeyd etmişdir ki, kənd təsərrüfatı sahəsinə daim böyük diqqət göstərilir və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti ölkənin ümumi sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev bildirmişdir ki, 2004-cü ildə ilk dəfə prezident seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı olmuşdur və kənd təsərrüfatının inkişafı da həmin proqramın əsas tərkib hissələrindən birini təşkil etmişdir.
Qeyd olunmuşdur ki, 2004-cü ilin əvvəlində qəbul edilən ilk beşillik regional inkişaf proqramı regionlarda mövcud problemlərin aradan qaldırılmasına, kəndlərin dirçəldilməsinə və əhalinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfə vermişdir. Sonrakı illərdə isə bu siyasətin davamı olaraq bir neçə regional inkişaf proqramı qəbul edilmiş və uğurla icra olunmuşdur.
Prezident cənab İlham Əliyev vurğulamışdır ki, həyata keçirilən proqramlar nəticəsində bütün regionlarda canlanma baş vermiş, məşğulluq səviyyəsi yüksəlmiş, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. Bildirilmişdir ki, həmin dövrdə bölgələrdə qaz, elektrik və su təchizatı ilə bağlı ciddi problemlər mövcud idi, avtomobil yolları yararsız vəziyyətdə idi. Görülən tədbirlər nəticəsində isə regionların infrastrukturu əsaslı şəkildə yenilənmiş, kənd təsərrüfatının inkişafı üçün mühüm zəmin yaradılmışdır.
Dövlətimizin başçısı qeyd etmişdir ki, azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur.
Ölkə Prezidenti bildirmişdir ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.
Prezident cənab İlham Əliyev vurğulamışdır ki, ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır. İkinci vacib amil, - bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır.
Dövlətimizin başçısı müşavirədə çıxışı zamanı kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, idxaldan asılılığın azaldılması, məhsuldarlığın artırılması və aqrar sahədə innovativ yanaşmaların tətbiqi ilə bağlı mühüm məsələlərə toxunmuşdur.
Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında mühüm rol oynamışdır. Bununla yanaşı, ölkədə buğda istehsalının və özünü təminetmə göstəricisinin artırılmasının vacibliyi vurğulanmış, ərzaq təhlükəsizliyi baxımından daxili istehsalın gücləndirilməsinin əsas hədəflərdən biri olduğu bildirilmişdir.
Dövlətimizin başçısı digər dənli bitkilər, kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə istehsalı sahəsində vəziyyətin ümumilikdə müsbət olduğunu qeyd etmiş, xüsusilə fındıqçılıq sahəsində əldə olunan uğurları diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan hazırda qoz-fındıq istehsalı üzrə dünyada qabaqcıl yerlərdən birini tutur.
Çıxış zamanı heyvandarlıq məhsulları, quşçuluq, balıqçılıq, bitki yağları, çayçılıq, şəkər və digər məhsullar üzrə təminat göstəriciləri açıqlanmış, investorlar idxal olunan məhsulların ölkə daxilində istehsalına töhfə verməyə dəvət edilmişdir.
Prezident cənab İlham Əliyev iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirindən danışaraq, su ehtiyatlarının səmərəli idarə olunmasının vacibliyini vurğulamışdır. Torpaqlardan düzgün istifadə, torpaq analizlərinin aparılması, süni intellekt və peyk texnologiyalarından istifadə etməklə kənd təsərrüfatında məhsuldarlığın artırılmasının əhəmiyyəti qeyd olunmuşdur.
Dövlətimizin başçısı subsidiyaların çevik mexanizm əsasında tətbiq edilməsinin, bazar tələblərinin nəzərə alınmasının və ixrac strategiyasının düzgün qurulmasının vacibliyini diqqətə çatdırmışdır. Eyni zamanda kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalı, fermerlərin maarifləndirilməsi və aqrar sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs olunmuşdur.
Müşavirədə son illər ərzində ölkədə 400 min ton tutumlu soyuducu anbarların yaradıldığı, su təminatı sahəsində mühüm layihələrin həyata keçirildiyi qeyd edilmişdir. Taxtakörpü, Şəmkirçay və digər su anbarlarının kənd təsərrüfatının inkişafında mühüm rol oynadığı vurğulanmış, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələrinin böyük əhəmiyyət daşıdığı bildirilmişdir.
Prezident cənab İlham Əliyev Şirvan və Qarabağ kanallarının yenidən qurulması, müasir suvarma sistemlərinin genişləndirilməsi, məhsuldarlığın artırılması, pambıqçılıq, intensiv bağçılıq və istixana komplekslərinin inkişafı ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, qarşıya qoyulan əsas məqsədlərdən biri ölkənin ət, süd və quş əti məhsulları ilə tam təmin olunmasıdır.
Sonda ölkə Prezidenti hökumətə tapşırmışdır ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləsinlər. Vurğulanmışdır ki, əlbəttə, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.