16/07/2026
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı ilə bağlı
- Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır
Bu gün Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir;
- Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir.
Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir;
- Qonşularla qarşılıqlı əlaqələr olmadan, heç zaman tranzit ölkəyə çevrilmək mümkün deyil.
Bilirsiniz, biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz p*sdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir.
Beləliklə, eyni yanaşmanı bağlantılara da tətbiq edirik. Söylədiyim kimi, fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq, çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır. Əlbəttə, bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi;
- Bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır.
Bəli, hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik. Hazırda biz öz imkanlarımızı artırırıq;
- Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq.
Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir. Burada, Şuşada, Media Forumda bəhs etdiyim mühiti bir çox beynəlxalq iştirakçılar arasında yaratmağa çalışırıq və ümid edirəm ki, yaratmağa nail olmuşuq;
- Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır.
Düşünürəm və əminəm ki, Türkiyə və Azərbaycanda da insanlar sizinlə həmfikirdir. Onlar dünyanın bütün ölkələrini götürsək belə, ən yaxın ölkələrdir. Əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız.
Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı;
- Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik.
Əgər bizlərdən kiməsə xoşagəlməz və ya p*s hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır. Əminəm ki, bilirsiniz, çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar;
- Beynəlxalq Məhkəmənin keçmiş hakimi Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı.
Avropa təsisatları, o cümlədən Avropa Komissiyası və Avropa Şurasının Parlament Assambleyası ilə münasibətlərimizdə bir sıra vacib məqamları qeyd etdiniz. Bildiyiniz kimi, onlarla münasibətlərdə böyük fərq var. Avropa Komissiyası ilə əvvəlki Komissiya zamanı, xüsusən də Avropa diplomatiyasının əvvəlki rəhbəri cənab Borrelin dağıdıcı rolu səbəbindən asan vaxtlarımız olmayıb. O, əslində, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı. İndi isə səbəbi məlumdur, çünki o, korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş hakimi cənab Okampo ilə qəti şəkildə əlbir olmuşdur. Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı. Bununla belə, cənab Okampoya pul hazırda Ermənistanda ev dustlaqlığında olan rus-erməni oliqarxından gəlirdi. Bu, Avropa Komissiyasında mövcud olmuş anti-Azərbaycan qrupunun uzun zənciridir. Yaxşı haldır ki, cənab Borrel hazırda siyasətdə deyil. Ümid edirik, əbədi gedib;
- Bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu.
Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı. Bu, xüsusən də əlaqələrin yenidən baxılması üçün qarşılıqlı böyük marağı gördüyümüzdən sonra baş verdi və biz bunları dəstəklədik. Sizə sadəcə deyə bilərəm ki, bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana gəldilər.
Onların və mənim ictimaiyyətə açıqlamalarımızda hər kəs iki tərəfin əməkdaşlıq səviyyəsindən razı qaldıqlarını görə bilər. Təsvir etdiyiniz tərəfdaşlıq sahələri, əlbəttə, nəinki ikitərəfli, o cümlədən daha geniş çərçivə üçün vacibdir. Avropa Şurasının Parlament Assambleyasına gəldikdə isə əfsuslar ki, biz tamamilə başqa mənzərəni görürük və mən şəxsən təəssüf edirəm. Çünki mən 2001-ci ildə Parlament üzvü olanda Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri olmuşam və iki il orada işləmişəm. Bildiyiniz kimi, il ərzində orada dörd sessiya olur;
- Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır.
Bir sözlə, yaranmış vəziyyət mənim üçün xoşagələn deyil, lakin onun baş verməsinin səbəbi sualınıza cavab vermək üçün çox vacibdir. Dalandan çıxmaq üçün nə edilməlidir? 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik.
2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?;
- Biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir.
Biz buna səs verməmişik. İki ildən artıqdır ki, ayrı-seçkiliyə məruz qalırıq. Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq.
Lakin Avropa Şurasının Baş katibi cənab Alen Berse mənə yaxınlaşaraq bunu etməməyi xahiş etdi ki, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılsın və mən bunu hələlik dayandırdım. Lakin əfsuslar ki, həmin vaxtdan etibarən heç nə baş vermir;
- AŞPA-dan Azərbaycana qarşı çox müəmmalı və ultimatum formasında bəzi tələblər var ki, onlar tamamilə qəbuledilməzdir.
Əlaqələri biz pozmamışıq, onlar pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil!
Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir.
Bilmirəm, orada olmaq bəlkə də daha yaxşı olardı. Biz toqquşma axtarmırıq və xüsusən də bir vaxtda ki, nəinki Avropa Şurası Parlament Assambleyası, o cümlədən Avropa Parlamenti dövri olaraq bizə yenə də hər hansı əsas olmadan hücum çəkir;
AŞPA-nın Azərbaycana bir növ qərəzi var.
Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir. Beləliklə, əlbəttə, həmin təsisatlarla toqquşma deyil, normal münasibətlərin olması daha yaxşıdır. Amma bir daha deyirəm ki, bu, bizim seçimimiz olmayıb. Biz Avropa Şurasına 2001-ci ildə könüllü şəkildə qoşulmuşuq.
O vaxtlar həmin təşkilat fərqli idi və ümumiyyətlə, Avropa başqa idi. Biz Avropaya o istəklə və ümidlə daxil olurduq ki, üzvlük bizə əsas məsələnin - Qarabağ münaqişəsinin həllində, suverenliyimizin bərpasında kömək edəcək. Bir daha hesab edirəm ki, həmin məsələ ilə bağlı auditoriyanın çox vaxtını almaq istəmirəm;
- 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə çox ədalətsiz addımı idi.
O vaxt, Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi Azadlığa Dəstək Aktını qəbul etdi və 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdür. Yeri gəlmişkən, Prezident Bayden onlardan biri idi. Həmin vaxt o, senator idi və ola bilsin, bu göstərir ki, nəyə görə bizim Bayden administrasiyası ilə bu qədər çox çətinliklərimiz oldu.
Buna səbəb təsvir edildiyi kimi, Azərbaycanın Ermənistana qarşı blokadası idi. İlk olaraq bu, düz deyil. Biz Ermənistanı blokadaya almamışıq. Ermənistan ərazimizi işğal edib və işğal olunmuş ərazilər məhz Ermənistan ilə Azərbaycan arasında yerləşir. Beləliklə, işğal olmasaydı, blokada, həmçinin olmazdı. Bunu həmin vaxt görmək bizim üçün, əlbəttə, ağrılı idi, çünki ölkə çox yoxsul idi;
- Biz yeganə keçmiş sovet respublikası idik ki, ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qaldıq.
Bu gün həmin düzəliş tamamilə köhnəlib. Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı.
İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar.
Bir sözlə, bütün bunlar göstərir ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir. Prezident Trampın qəti mövqeyinə baxmayaraq, əfsuslar ki, vəziyyət olduğu kimi qalır. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı Ağ Evdə Prezident Tramp mənim iştirakımla həmin düzəlişin qüvvəsinin növbəti bir il üçün dayandırılması ilə bağlı sənədi imzaladı və o, hazırda işləmir, lakin onun rəmzi mənası, siyasi mənası hələ də qalır;
- 907-ci düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar.
Çünki biz artıq ayrı-seçkiliyə məruz qalmayacağıq və ABŞ Konqresi isə məsuliyyəti, səhvləri etiraf etmək bacarığını, cari geosiyasi vəziyyətə uyğun hərəkət etdiyini göstərə biləcək. Ümid edirik, bunlar baş verəcək. Amma yenə də sizə deyə bilərəm ki, bu günün Administrasiyası ilə həmin 907-ci düzəliş hər hansı mənfi təsirə malik deyil;
- Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.
Ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.
Xüsusən də yaratdığımız həmin işçi qruplar ticarət və sərmayələr, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və hərbi məhsulların satışı üzərində çox fəal şəkildə çalışırlar. Birləşmiş Ştatlar Azərbaycana silah təchizatına dair bütün embarqonu aradan qaldırıb və bundan dərhal sonra eyni addımları Birləşmiş Krallıq və Avropa İttifaqının digər üzvləri atıblar. Düşünürəm ki, bunlar ikitərəfli münasibətlərimizin mahiyyətini, formasını və gələcək üçün potensialını çox yaxşı xarakterizə edir;
- Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam.
Orta güclə bağlı ikinci sualınıza gəldikdə, bəli, mən bəzi analitik yazıları oxuyuram və həmçinin Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam. Bununla belə, düşünürəm ki, bu cür toplantı ölkənin orta güc olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər. Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib. Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur;
- Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir.
Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir. Fikrimcə, sonradan heyət də bu meyara əlavələr edə biləcək. Lakin düşünürəm ki, bütün bu dediklərimi Azərbaycana aid etmək olar. Ola bilsin bu səbəbdən bir sıra ekspertlər bizi orta güc adlandırır və səmimi desəm, mən buna etiraz etmirəm;
- Əminəm ki, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcək.
Bizim İordaniyanın Əlahəzrət Kral ilə qardaşlıq münasibətlərimiz var və ölkələrimiz arasında əlaqələr də çox sıxdır. Yəqin bilirsiniz ki, bir neçə gün öncə mən İordaniyanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul etdim. O, öz həmkarı ilə ətraflı danışıqlar apardı, daha sonra isə mənimlə görüşdə əlaqələrimizin gələcək inkişafı, regional təhlükəsizlik və regional çağırışlarla bağlı fikir mübadiləmiz oldu. Əminəm ki, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcək, çünki artıq böyük iş həcmi görülüb;
- Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib.
Biz gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Xüsusilə indiki təlatümlü dövrdə bu, bizim üçün böyük məsuliyyətdir. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib. Zirvə Toplantısınadək hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Təəssüf ki, bu gün biz bir o qədər həmrəyliyin şahidi olmuruq. Əksinə, biz gərginliyin artdığını, qarşılıqlı ittihamları, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu isə olduqca məyusedicidir. Çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Daha çox həmrəylik və qarşılıqlı anlaşma olduğu təqdirdə, çətin dönəmlərin də sayı azalacaq;
- Bizim rolumuz hər zaman konstruktiv və nəticəyönümlü olmuş, gərginliyin azaldılmasına hesablanmışdır.
Azərbaycanın rolu hər zaman yüksək qiymətləndirilib. Biz müxtəlif dövrlərdə müxtəlif aktorların iştirakı ilə vacib rol oynamışıq. Yeri gəlmişkən, biz bu imkanlarımızı Qoşulmama Hərəkatına sədrliyimiz dövründə nümayiş etdirdik. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının üzvləri həm də Qoşulmama Hərəkatının üzvləridir. 120 ölkəni birləşdirən Hərəkat Azərbaycanın sədrliyini tam dəstəklədi. Biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçildik. Üstəlik, sədrliyimizin müddəti də bütün ölkələrin yekdil qərarı ilə daha bir il uzadıldı. Bu, bir-birindən uzaq mövqelərdə dayanan tərəfləri yaxınlaşdırmaq istiqamətində oynadığımız müsbət rolun yüksək qiymətləndirilməsinin bariz nümunəsi idi. Məhz bu potensial COP29-a sədrliyimiz dövründə mühüm qərarların razılaşdırılmasında da bizə böyük dəstək oldu. Bu, daha mürəkkəb bir proses idi. Çünki tamamilə fərqli baxışlar, ziddiyyətli mövqelər və ciddi fikir ayrılıqları mövcud idi. Lakin buna baxmayaraq, biz buna nail olduq;
- Bu gün COP29-un irsi gələcək bütün COP konfransları və qlobal yaşıl gündəlik üçün mühüm əhəmiyyət kəsb edir.
Sammitədək olan dövrdə və sammit zamanı malik olduğumuz bütün imkanları və potensialı bu məqsədlərə nail olmaq üçün səfərbər edəcəyik. Biz həmrəylik nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik. Nə qədər uğurlu olacağımızı demək çətindir. Həm də gələn ilin yayına dünyada və regionumuzda vəziyyət necə olacaq? Bunu söyləmək də çətindir. Lakin ümid edirəm ki, İordaniya, Azərbaycan və sülhü, sabitliyi, təhlükəsizliyi öz gündəliyinin əsas prioriteti hesab edən həmfikir ölkələr səylərini birləşdirərək müsbət nəticələrə nail olacaqlar;
- Bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq.
Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir. Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Bəli, hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik.
Bu, son deyil, qarşıda əlavə imkanlar var. Hazırda Avropa İttifaqının bəzi üzv dövlətləri ilə həm yeni qaz tədarükünə başlamaq, həm də mövcud tədarük həcmlərinin artırılması istiqamətində danışıqlar aparırıq. Beləliklə, bizə hər iki istiqamətdə müraciətlər var. Bugünkü enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycanın qazı, yəqin ki, on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Bizim hasilatı və ixracı artırmaq üçün kifayət qədər potensialımız var. Cəmi bir neçə ay əvvəl AÇG-nin dərin qaz yatağından – bizim “ACG Deep Gas” adlandırdığımız layihə çərçivəsində hasilata başladıq. Eyni zamanda, təsdiq edilmiş iş proqramı və investisiya portfeli əsasında mövcud yataqlarda da hasilat artacaq;
- Bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirilir.
Bərpaolunan enerji mənbələri artıq bizə xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə bu göstərici daha da artacaq. Çünki 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Beləliklə, həmin qaz həcmləri də istehlakçılar üçün əlçatan olacaq. Yəni biz iki mühüm amilə malikik: artan qaz hasilatı və ixrac potensialı, həmçinin bu qaz üçün mövcud bazar. Buna görə də aradakı boşluğu aradan qaldırmalı, xüsusilə də nəqliyyat infrastrukturunu genişləndirib modernləşdirməliyik.
Qaz nəqli infrastrukturumuz 2022-ci ildə başlayan Rusiya–Ukrayna müharibəsindən əvvəl mövcud olan şərait nəzərə alınmaqla layihələndirilmiş və inşa edilmişdi. Boru kəmərlərinin ötürmə qabiliyyəti hasilat proqnozlarımıza və qaz yataqlarının işlənməsi sürəti üzrə strategiyamıza uyğun müəyyən edilmişdi. Çünki qaz ehtiyatlarını istər 10 il, istərsə də 100 il ərzində hasil etmək mümkündür. Burada əsas məsələ ondan ibarətdir ki, bizim üçün hansı yanaşma daha məqsədəuyğundur: hasilatı onilliklər ərzində sabit səviyyədə saxlamaq, yoxsa daha böyük sərmayələr yatıraraq hasilatı qısa müddətdə əhəmiyyətli dərəcədə artırmaq;
- Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qazına tələbat kəskin şəkildə artdı.
Avropa Komissiyası bizə müraciət edərək hasilatı mümkün qədər tez artırmaq üçün əlimizdən gələni etməyimizi xahiş etdi və biz bunu etdik. Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidentinin Azərbaycana son səfəri zamanı da qeyd olundu ki, 2022-ci ildən bəri Avropa İttifaqına qaz tədarükümüzü 65 faiz artırmışıq və bu göstərici gələcəkdə də artacaq.
Buna görə də mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsi zəruridir. Lakin bu istiqamətdə əsas maneə Avropa İttifaqının yaşıl gündəliyidir. Avropa maliyyə institutları faydalı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsində maraqlı deyillər.
Bu baxımdan əsas sual ondan ibarətdir ki, boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması üçün zəruri maliyyə vəsaiti haradan cəlb edilməlidir. Digər, bəlkə də daha mühüm məsələ isə uzunmüddətli müqavilələrdir. Bu barədə biz xanım Ursula Fon der Lyayenlə də ətraflı fikir mübadiləsi apardıq ki, bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var. Çünki hasilatı əhəmiyyətli dərəcədə artırmaq üçün irihəcmli investisiyalar tələb olunur. Əgər müəyyən vaxtdan sonra bizə “təşəkkür edirik, artıq qazınıza ehtiyacımız yoxdur” deyilərsə, onda biz nə edəcəyik?;
- Bazarların şaxələndirilməsi də mühüm əhəmiyyət daşıyır.
Əvvəllər heç nəzərdə tutmadığımız bir bazara - Suriyaya qaz ixracına başlamışıq və buradan yüksək tələbatın mövcud olduğu qonşu bazarlara çıxış imkanlarımız da var. Ona görə də Avropadakı tərəfdaşlarımızla münasibətlərdə bizim üçün iki məsələ xüsusi əhəmiyyət kəsb edir: uzunmüddətli müqavilələrin bağlanması və mövcud qaz nəqli sisteminin genişləndirilməsi istiqamətində birgə fəaliyyət;
- Avropa Komissiyası ilə münasibətlərin mövcud səviyyəsindən çox məmnunuq.
Hesab edirəm ki, Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələrinin və Avropa Komissiyası rəhbərliyinin Azərbaycana səfərlərinin intensivliyi də misli görünməmiş xarakter daşıyır. Çünki bu ilin mart ayından iyul ayınadək ölkəmizə Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi səfər ediblər. Bütün bu səfərlər son dərəcə uğurlu keçdi, çox müsbət nəticələr oldu və həm ikitərəfli münasibətlərimiz, həm də qlobal gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı;
- Prezident Tramp sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir.
Bəli, Prezident Trampın bu günə qədər və bugünkü yanaşması ilə ondan əvvəlki administrasiyaların siyasəti arasında çox ciddi fərq var idi və bu fərq bu gün də özünü göstərir. Təəssüf ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in ozamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi;
Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu;
- Prezident Tramp mənim iştirakımla məhdudiyyətlərin və sanksiyaların tətbiqini müvəqqəti dayandıran sənədi imzaladı.
Onlar sülhlə bağlı narahatlıqlarımızı tam şəkildə anlayırdılar. Onlar Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini aydın şəkildə dərk edirdilər və Ermənistanı da bu sülhün vacibliyinə inandırmaq istiqamətində olduqca səmərəli fəaliyyət göstərdilər. Nəticədə, Ağ Evdə Ermənistanın Baş naziri, Prezident Tramp və mənim iştirakımla keçirilən tarixi görüş zamanı birgə Bəyannamə imzalandı. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar. Qeyd etdiyim kimi, Prezident Tramp mənim iştirakımla məhdudiyyətlərin və sanksiyaların tətbiqini müvəqqəti dayandıran sənədi imzaladı. Eyni zamanda, altı ay ərzində Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması məqsədilə Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutan sənədi də imzaladıq.
Məhz altı ay ərzində bu iş başa çatdırıldı. Mənim təcrübəmdə ilk dəfə idi ki, ABŞ rəsmiləri verdikləri sözə bu qədər dəqiqliklə əməl edirdilər. Beləliklə, avqust ayından fevral ayınadək bütün proses uğurla tamamlandı və daha sonra Vitse-prezident Vens Bakıya səfər etdi. Həmin səfər zamanı biz Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq.
Bu, həqiqətən də heyrətamiz idi. Buna inanmaq çətin idi. Bu, uzun illər yalnız arzulaya biləcəyimiz bir hadisə idi. Biz hər zaman Amerika Birləşmiş Ştatları ilə yaxşı münasibətlər qurmaq istəmişik. Lakin erməni lobbisinin təsiri, mövcud stereotiplər, Azərbaycan barədə yanlış təsəvvürlər və ölkəmizin imkanlarının lazımi səviyyədə qiymətləndirilməməsi buna mane olurdu;
- Prezident Bayden senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüsünün müəlliflərindən biri idi və onun regiona baxışı da məhz belə idi.
Onun yanaşmasına görə, region parçalanmış, münaqişələr və qarşıdurmalar şəraitində qalmalı idi. Belə vəziyyətdə məqsədlərinə nail olmaq daha asan olurdu. Prezident Tramp isə tamamilə fərqli şəxsdir və fərqli baxışlara malikdir. O, sülhü arzulayır və sülhü yeni imkanlar yaradan bir amil kimi görür. Bu gün isə Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Hazırda Prezident Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib – TRIPP. Bizdə olan məlumata görə, layihə çərçivəsində praktiki işlərə, ümid edirik ki, artıq bu il başlanılacaq;
- TRIPP layihəsi regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.
Bizim buna böyük ehtiyacımız var. Eyni zamanda, bu, Cənubi Qafqazda qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək. Şəxsən Prezident Trampa və onun komandasına dərin minnətdarlığımızı bildiririk. Xüsusilə Stiv Uitkoffun və Arye Laytstounun adlarını qeyd etmək istərdim. Onlar Prezident Tramp ilə birlikdə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında həlledici rol oynayıblar;
- Gündəliyimizin əsas istiqamətlərindən biri də rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır.
Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı. Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq.
Ölkəmizdə bu sahədə artıq böyük işlər görülüb və işlər yekunlaşıb. Lakin qeyd etdiyim kimi, həm ənənəvi enerji resurslarımıza, həm də bərpaolunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək;
- Bizim bərpaolunan enerji sahəsində çox böyük potensialımız var.
Təkcə Qarabağda ümumi gücü 340 meqavat olan su elektrik stansiyaları artıq istifadəyə verilib. Bundan əlavə, növbəti bir il ərzində 340 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi də başa çatdırılacaq. Buna görə, elektrik enerjisinin Avropa bazarına ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var və bizim əlavə imkanlarımız var.
Əlbəttə, gündəlik fəaliyyətimizin mühüm istiqamətlərindən biri də ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasıdır. Bu işi fasiləsiz şəkildə davam etdirməli, qazandığımız nailiyyətləri, qarşımızda duran çağırışları və həyata keçirdiyimiz işləri dünya ictimaiyyətinə təqdim etməliyik.
Mövcud şəraitdə isə yəqin ki, bir nömrəli prioritet təhlükəsizlik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir. Çünki təhlükəsizlik məsələləri və təhdidlər bizim region üçün kitablardan oxuduğumuz anlayışlar deyil – biz bu reallıqla hər gün üz-üzəyik.
Beləliklə, gündəliyimiz kifayət qədər genişdir. Bunu bir cümlə ilə ifadə etməli olsam, deyərdim ki, əsas məqsədimiz müdafiə potensialımızı gücləndirmək, milli maraqlarımızı qorumaq və mümkün qədər çox ölkə ilə praktik və səmərəli əməkdaşlıq münasibətləri qurmaqdır;
- Biz hazırda müharibələrin əhatəsində yerləşən bir bölgədəyik.
Şimalımızda müharibə vəziyyətində olan bir qonşumuz, cənubumuzda isə müharibə aparan digər qonşumuz var. Biz isə onların arasında yerləşirik. Əlbəttə ki, belə bir şəraitdə ölkəmizi qorumaq və eyni zamanda, imkan daxilində, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək bizim üçün böyük əhəmiyyət kəsb edir. Bəli, biz sülhün mümkün olduğuna inanırıq. Hesab edirəm ki, bunu təkcə biz deyil, həm də bu qarşıdurmanı və qan tökülməsini dayandırmaq üçün əllərindən gələni edən vasitəçi ölkələr də düşünürlər. Xüsusilə Pakistanı, əziz dostum Baş nazir Şahbaz Şərifi və Feldmarşal Asim Muniri qeyd etmək istərdim. Onlar Amerika Birləşmiş Ştatları ilə İran arasında vasitəçilik səylərində həqiqətən böyük iş gördülər və mühüm uğur qazandılar.
Təəssüf ki, bu, uzun sürmədi. Lakin ümid edirəm ki, hazırkı münaqişənin alovlanması da uzun sürməyəcək. Ona görə də mən əminəm ki, sülh mümkündür. Əks təqdirdə, buna inanmadan yaşamaq çox çətin olar.
Düşünürəm ki, əsas məsələ sülh əldə edildikdən sonra regionun necə görünəcəyi olacaq. Bu baxımdan müxtəlif ssenarilər və müxtəlif variantlar mövcuddur. Təbii ki, bir çox ölkələr öz strateji baxışlarına uyğun siyasət yürüdürlər. Azərbaycana gəldikdə isə, bizim yeganə istəyimiz sərhədlərimiz boyu sülhün hökm sürməsidir. Çünki ölkə daxilində sülh şəraitində yaşadığınız halda sərhədləriniz boyunca döyüşlər gedirsə, siz heç vaxt özünüzü təhlükəsiz hiss etmirsiniz;
- Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır.
Azərbaycanda cəmi bir ildən az müddətdir ki, sülh şəraitində yaşayırıq. Biz 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi oldu, sonra atəşkəs dövründə müxtəlif qarşıdurmalar yaşandı, ardınca müxtəlif gərginliklər baş verdi və nəhayət, İkinci Qarabağ müharibəsi oldu. Beləliklə, biz müharibəsiz həyatı təsəvvür belə edə bilmirdik. Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük. Bunun çoxsaylı müsbət təsirləri var;
- Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun.
Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Ermənistanla müharibəmizə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq. Biz özümüzü müdafiə edirdik.1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu və bundan sonra biz münaqişəni sülh yolu ilə həll etməyə çalışdıq. Lakin bu, mümkün olmadı;
- Biz suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik. Biz buna nail olduq və daha irəli getmədik.
Biz dayandıq və bu, çox vacib idi. Düşünürəm ki, silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra ən vacib məqamlardan biri məhz vaxtında dayanmağı bacarmaqdır. Bu, asan deyil və biz bunu yaxşı anlayırıq. Biz 30 il qəlbimizdə bu yara ilə yaşamışıq. Lakin dayanmalı olduğumuz anda dayandıq.
Biz müharibəni sonsuz etməmək üçün dayandıq. Başqa seçimlərimiz də ola bilərdi. Lakin məsuliyyət və müdriklik tələb edirdi ki, biz dayanaq. Çünki dayanmasaydıq, Ermənistanla müharibə davam edəcəkdi. Bəlkə də, aşağı intensivliklə davam edən bir müharibəyə çevriləcəkdi. Müəyyən vaxtdan sonra yenidən alovlanacaq, sonra yenidən səngiyəcəkdi və insanlar həlak olacaqdılar.
Ona görə də Yaxın Şərqdə də silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər və İran dayanmalıdırlar. Əlbəttə, biz ermənilərin xalqımıza qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların şəhərlərimizi necə dağıtdıqlarını, günahsız qadınları və uşaqları necə qətlə yetirdiklərini, Xocalıda soyqırımı törətdiklərini heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmayacağıq;
- Başa düşürük ki, sülh nail olunmalı olan ən ali məqsəddir.
Buna görə də hesab edirəm ki, burada çoxlu psixoloji və emosional amillər, cavab vermək, qisas almaq istəyi olacaq. Mənim qonşularımıza mesajım məsuliyyətli olmaq, mümkün qədər tez dayanmaq, münasibətləri normallaşdırmağa çalışmaq və bu prosesi qlobal münaqişəyə çevriləcək səviyyəyədək eskalasiya etdirməməkdir. Bu, çox böyük təhlükədir və mən hər kəsi məsuliyyətli olmağa çağırıram. Ümid edirəm ki, dostlarımızın, bir daha qeyd edirəm, Pakistanın vasitəçilik səyləri qarşıdurmanın dayandırılması ilə nəticələnəcək;
- İnsan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir.
Biz Avropa Şurasına qəbul olunarkən mən Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim və Strasburqa gəlmişdim. Nümayəndə heyətimizin Avropa Şurası rəhbərliyindən eşitdiyi ilk fikirlərdən biri bu idi ki, insan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz. Biz yaxşı tələbələr idik və bunu öyrəndik. İndi isə Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə əsarəti və müstəmləkəçilikdən irəli gələn bərabərsizlik məsələlərini qaldıranda, onlar ittiham olunurlar. Təkcə onlar deyil, hətta Azərbaycan Hökuməti də Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Halbuki biz belə etmirik.
Çünki insan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir. Bakı Təşəbbüs Qrupu isə bu mövzunu qlobal gündəliyə çıxaran, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Uzun illər ərzində Fransanın qondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələri təzyiqlərə məruz qalıblar. Orada müxtəlif qanunsuz əməllər törədilib, o cümlədən nüvə sınaqları keçirilib. Polineziyada nə qədər nüvə sınağı keçirilib? Bəlkə 100, bəlkə 200, bəlkə də daha çox. Bunun nəticəsində çox sayda insan zərər çəkib. Çox sayda insan həyatını itirib, sağlamlığına ciddi zərər dəyib. Bakı Təşəbbüs Qrupu isə bu məsələni gündəmə gətirdiyinə görə, təəssüf ki, əsassız olaraq hansısa hibrid müharibə aparmaqda ittiham edilir. Bu, tamamilə ədalətsizdir. Hesab edirəm ki, müstəqil medianın rolu çox böyük əhəmiyyət daşıyır.
Siz çox mühüm bir məsələyə toxundunuz. Uzun illər ərzində Yeni Kaledoniya, Polineziya, Martinika və digər ərazilərdə mövcud problemlərlə bağlı eşidilən o çox zəif səslər koordinasiyalı şəkildə aparılan hücum qruplarının təzyiqi nəticəsində susdurulurdu. Onlara qarşı təzyiqlər göstərilir, hədələr edilirdi. Hətta mənə verilən məlumata görə, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edən bəzi şəxslər saxlanılıblar. Yeri gəlmişkən, onlar təkcə Fransada deyil, İsveçrədə də saxlanılıblar. Onlardan bəziləri hətta həbs olunublar. Bütün bunlar isə insan hüquqlarından danışan, dünyaya demokratiyanın nə olduğunu öyrətməyə çalışan şəxslərin gözü qarşısında baş verir. Bilirsiniz, bumeranq çox təsirli silahdır. Bunu nəzərə almaq lazımdır. Demək istədiyim odur ki, Azərbaycana hücum etmək istəyənlər bizi lazımınca qiymətləndirmədilər.
Lakin bir daha qeyd etmək istəyirəm ki, bu məsələ Bakı Təşəbbüs Qrupunun fəaliyyət çərçivəsindən qat-qat genişdir. Hesab edirəm ki, medianın rolu olduqca mühümdür. Siz də qeyd etdiyiniz kimi, buna görə sizə bir daha təşəkkür edirəm. Media, mən deyərdim ki, bu müstəmləkəçiliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarət nümayiş etdirməlidir. Çünki söhbət bizim Fransa ilə münasibətlərimizdən getmir;
- Bu gün də Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın qondarma səfirliyi fəaliyyət göstərir.
Fransa ilə münasibətlərimizə gəlincə, bəli, Fransanın ölkəmizin suverenliyinə münasibəti və qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı Fransada qəbul edilmiş qərarlar münasibətlərimizə müəyyən dərəcədə mənfi təsir göstərib. Hətta bu gün də Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın qondarma səfirliyi fəaliyyət göstərir. Lakin bunlar nisbətən kiçik məsələlərdir. Söhbət Fransa ilə münasibətlərimizdən getmir. Söhbət beynəlxalq davranışın fundamental prinsiplərindən gedir;
- XXI əsrdə sizdən 10 min kilometr uzaqlıqda yerləşən müstəmləkəyə sahib ola bilməzsiniz, xüsusilə də həmin ərazidə yaşayan insanlar sizi istəmirlərsə.
İnsanlar öz həyatlarını özləri qurmaq istəyirlər. Yeni Kaledoniyadan və ya digər ərazilərdən daha kiçik olan, lakin dövlətçiliyə malik, Birləşmiş Millətlər Təşkilatında səsini ucalda bilən və öz bayrağı olan çox sayda ölkə var. Nə üçün onlar da bu hüquqa malik olmasınlar?
Hesab edirəm ki, bu məsələ həm dövlətlərin, həm də vətəndaş cəmiyyətinin mövqeyini müəyyən edən mühüm bir sınaqdır. Düşünürəm ki, əgər dünyanın müxtəlif bölgələrində Bakı Təşəbbüs Qrupu kimi daha çox təşkilat fəaliyyət göstərsə, onlar belə qeyri-hökumət təşkilatlarının bir növ koalisiyasını yarada bilərlər. Həmin koalisiya isə bu problemlərin daha yüksək səslə gündəmə gətirilməsi və bu təzyiqə son qoyulması istiqamətində daha təsirli fəaliyyət göstərə bilər.
Söhbət təkcə Yeni Kaledoniyadan getmir. Belə ərazilərin bir çoxu hətta Avropanın özündə də mövcuddur. Korsikaya baxın, o, Avropanın lap mərkəzində yerləşir. Orada yaşayan insanlar öz həyatlarını özləri qurmaq istəyirlər. Öz dillərini qorumaq istəyirlər. Öz kimliklərinə hörmətlə yanaşılmasını istəyirlər. Onlar Fransa ərazisini işğal etmək niyyətində deyillər. Sadəcə olaraq əcdadlarının torpaqlarında ləyaqətlə, kənardan idarə olunmadan və xarici hökmranlıq olmadan yaşamaq istəyirlər;
- Bu məsələlərə bu qədər həssas yanaşmağımızın səbəblərindən biri də odur ki, biz özümüz müstəmləkə şəraitində yaşamışıq.
Biz XIX əsrdə müstəmləkəyə çevrildik və müstəmləkə kimi yaşadıq. Daha sonra Sovet İttifaqı yaradıldıqda isə biz müstəqil deyildik, Sovet İttifaqının tərkibində idik. Respublika idik? Bəli, amma heç bir real hüquqa malik olmayan bir respublika. Müstəmləkə kimi yaşamağın nə demək olduğunu da, azad olmağın nə demək olduğunu da tarixi yaddaşımızdan yaxşı bilirik.
Məsələn, XIX və XX əsrlərdə müstəmləkəçilik dövründəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etsəniz, aradakı fərqin gecə ilə gündüz qədər olduğunu görərsiniz. Onlar bizim yalnız sərvətlərimizi talayırdılar. Azərbaycandan milyardla barel deyil, milyard tonlarla neft hasil olunmuşdu. Sovet İttifaqı dağıldıqda isə biz təbii qazsız və elektrik enerjisiz qalmışdıq;
- Ötən otuz ildən çox müddətdə Azərbaycan orta gücə malik dövlətə çevrilib.
Bu gün də Bakının ətrafındakı çirklənmiş ərazilərin təmizlənməsi ilə məşğuluq. Sərvətlərimizi istismar edənlərin təbiətimizə vurduğu zərərin aradan qaldırılması üçün milyardlarla vəsait xərcləyirik. Ötən otuz ildən çox müddətdə isə Azərbaycan, artıq qeyd olunduğu kimi, orta gücə malik dövlətə çevrilib. Məhz müstəqilliyin bəhrəsi budur. Sovet İttifaqı dağılanda xatırlayıram ki, Rusiyada bir çox analitiklər deyirdilər: “Bu respublikalar məhv olacaq. Onlar mərkəz olmadan yaşaya bilməyəcəklər”.
Bəs nə baş verdi? Onların hamısı normal həyat yaşayır. Bəziləri daha firavan, bəziləri isə nisbətən az firavan yaşayır, amma onların heç biri məhv olmadı. Müstəqilliyin üstünlüyü də məhz budur. Məhz buna görə biz Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin müstəqilliyini, azadlığını dəstəkləyirik. Bir daha qeyd etmək istəyirəm ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur.
Bu məsələ yanlış şərh olunur və bəzən bizə qarşı istifadə edilir. Ümidvaram ki, mənim mesajlarım düzgün qəbul ediləcək və Parisdə də lazımi şəkildə dəyərləndiriləcək. Çünki hazırda biz münasibətlərimizin normallaşdırılması prosesindəyik.
Onlar bizi tənqid edirlər, biz də onları tənqid edirik. Bu, normaldır. Bu, hər hansı hücum deyil. Bu, iki suveren dövlət arasında işgüzar münasibətlərin təzahürüdür. Hər iki dövlət bərabərhüquqludur. Heç biri digərindən üstün deyil və heç kəs digərinə nə etməli olduğunu diktə edə bilməz. Lakin öz mövqeyini ifadə etmək, narahatlığını bildirmək və tənqid etmək tamamilə normaldır;
- Heç vaxt işğalla barışmamaq.
Ukrayna bunu edir. O, işğalla barışmır. Bu il ərzində çətin məqamlar olsa da, biz gördük, bilirik və eşitdik ki, müəyyən dairələr mahiyyətcə işğalın qanuniləşdirilməsi, döyüş əməliyyatlarının dayandırılması şərti ilə təzyiq göstərirdi. Amma Ukrayna xalqı və onun rəhbərliyi bunu qəbul etmədi.
Qarşı tərəfə məsləhətlərə gəldikdə, əgər onlar məndən soruşsalar, əlbəttə ki, məsləhət verərəm. Amma indi, zənnimcə, sizin sualınız çərçivəsində bu məsləhətləri vermək o qədər də düzgün olmazdı. Amma vəziyyətə və davam edən hərbi əməliyyatların perspektivlərinə dair qiymətləndirməmə gəldikdə, düşünmürəm ki, bu, sizinkindən çox da fərqlənmir. Fikrimcə, bu müharibəni dayandırmağın və həm də dərhal dayandırmağın lazım olduğu çoxdan başa düşülməli idi. Bu, Azərbaycanın mövqeyidir və mənim də sırf insani mövqeyimdir. Bu, işğal altında olan ərazilərini azad edən bir ölkəyə rəhbərlik edən və rəhbərlik etməkdə davam edən bir insanın mövqeyidir. Düşünürəm ki, bu təcrübə tarixdə olduqca nadirdir, çünki həm işğal, həm də kobud desək, Qarabağı təhvil verməyə məcbur etmək cəhdləri ilə bağlı təcrübəmiz var;
- Minsk qrupu ədalət prinsiplərindən uzaq idi və tərəfsiz deyildi.
ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi bu Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq. Bunun müqabilində bizə olduğumuz yerdən şərqə doğru beş rayonun qaytarılması vəd edilirdi. Amma nə mən, nə də Azərbaycanda heç kim buna razı olmazdı. Lakin bu, üç aparıcı ölkənin konsolidasiya olunmuş mövqeyi idi, ən azından onların Təhlükəsizlik Şurasının daimi üzvləri, mən bu termindən istifadə edirəm – dünyanın aparıcı dövlətləri olduqlarını nəzərə alsaq, bu mövqeyə müqavimət göstərmək olduqca çətin idi. İkinci Qarabağ müharibəsi başlayanda onların hamısı dərhal dayanmağı tələb edirdi. Bəziləri çox, digərləri az bezdirici şəkildə qorxudur, təhdid edir, zəng edirdilər. Amma hamısı istəyirdi ki, biz dayanaq, hər şeyi olduğu kimi saxlayaq. Bir məqamda bəziləri təklif edirdi: “Yaxşı, Füzuli azad edilib, amma dayanın”. Müxtəlif diplomatik mexanizmlərdən istifadə etməli olduq. Xarici işlər nazirimizi Moskvada, Vaşinqtonda və Avropada çoxsaylı görüşlərə göndərdim. Belə bir məqsəd var idi - Azərbaycanın öz ərazisini bərpa etməsinə imkan verməmək. Lakin bu məqsədə nail olunmadı, çünki xalqın iradəsini qırmaq mümkün deyil. Müstəqillik uğrunda mübarizə aparan, kimliyini qoruyan bir xalqı məğlub etmək, onları məhv etmək, başqalarının iradəsini zorla qəbul etdirmək mümkün deyil. Bu anlayış hələ də hərbi əməliyyatların davam etdirilməsi uğrunda çıxış edənlərə agah olmalıdır;
- Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik.
Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq. Bu mövzuda çox danışmaq istəmirəm. Biz bunu sadəcə danışmaq üçün etmirik. Bu, sadəcə, ürəkdən gəlir. Bu, dövlətlərə və yeri gəlmişkən, təkcə onlara deyil, adi insanlara, kommersiya şirkətlərinə də aiddir. Yəni bu, ağır vəziyyətdə olanlara, əziyyət çəkənlərə, ərazi bütövlüyü pozulanlara yardım etmək və əlimizdən gələn hər cür köməyi göstərmək üçün vahid səydir;
- Bu gün Azərbaycanın regional məsələlərdə rolu təbii olaraq artır.
Bütün hallarda və onların bir çoxunda normallaşdırma səylərində iştirak üçün bizə müraciət edən hər kəs inanırdı və başa düşürdü ki, bizim heç bir gizli niyyətimiz yoxdur. Bu, həqiqətən də belədir, heç vaxt olmayıb. Biz həmişə bacardığımız yerdə səmimiyyətlə kömək etmək istəmişik.
Bu, bir növ dövlətimizin davranış xəttidir və kifayət qədər dayanıqlı olub. Kömək etmək imkanı varsa, etməliyik. Əgər yoxdursa, yox deməliyik. Bir vaxtlar kömək etmək imkanımız yox idi, amma indi var - həm maddi, həm siyasi və həm də digər formalarda.
Buna görə də düşünürəm ki, etibar birinci yerdədir, məxfi məlumatların sızmayacağı və heç bir yerə sızmadığı – hər halda, sızsa belə, bunun bizdən olmayacağı fikridir.
İkincisi, öz aralarında ortaq dil tapa bilməyənlərin hamısı ilə dürüst olacağımıza səmimi bir inamdır. Bu cür hallar həm keçmişdə, həm də yaxın tarixdə çox olub.
Əlbəttə ki, bu, çox sevindiricidir. Bu göstərir, o dərəcədə etibarlı münasibətlər qurmuşuq ki, bu münasibətlər sadəcə vacib məsələləri müzakirə etməklə və gərginliyi azaltmaqla bəzi ölkələr üçün faydalı olmağımıza imkan verir. Həm də bu, regional siyasət amilinə çevrilir. Buna görə də bu gün Azərbaycanın regional məsələlərdə, minimum regional məsələlərdə rolu təbii olaraq artır. Bu rol müsbətdir, konstruktivdir və mümkün olan yerlərdə kömək göstərmək üçün imkan daxilində yardımlara davam edəcəyik.
Həm də düşünürəm ki, həmçinin mühüm olan digər vacib amil də artıq bir az bəhs etdiyim məsələdir. Qoşulmama Hərəkatı 120 ölkəni əhatə edir və onların bir çoxu bir-birini o qədər də çox sevmir, bəziləri hətta müharibə vəziyyətindədir. Amma biz seçiləndə və üç il sonra da hamısı yekdilliklə Azərbaycana səs verdi. Çünki seçiləndə, demək olar ki, biz kampaniya apardıq, özümüz barədə yaxşı şeylərdən danışdıq, amma üç il ərzində dediklərimizin hamısını etdik. Üç ildən sonra yeni sədr seçməkdə çətinliklər yarananda bizə müraciət etdilər: “Gəlin səlahiyyət müddətini uzadaq”. Yenə də hamı yekdilliklə səs verdi. Eyni şey bu regional formatda da baş verir, insanlar bizə dürüstlüyümüzə və necə deyərlər, bizdə belə bir söz var – “ağzıbərk” olmağımıza görə etibar edirlər – elədir? Bunu rus dilinə necə tərcümə edəcəyimi bilmirəm, elə deyilmi? Ağzına qıfıl vurmaq - eləmi? Düşünürəm ki, buna görə də bizə belə münasibət var;
- Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir