Qusar rayon Eldar Əliyarov adına Çiləgir kənd tam orta məktəbi

Qusar rayon Eldar Əliyarov adına Çiləgir kənd tam orta məktəbi Qusar rayon Eldar Əliyarov adına Çiləgir kənd tam orta məktəbi Məktəb Şəhid E.Əliyarov adını daşıyır.

Qusar rayon E.Əliyarov adına Çiləgir kənd tam orta məktəbi
Tikildiyi il: 2012
Korpus: 2
Mərtəbə: 2
Telefon: 0233850207
Şagird sayı: 160
Direktor: Eldarov Farid Sultanəhməd oğlu

Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələdirAvqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Mux...
14/08/2026

Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələdir

Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində verdiyi müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafına artıq yalnız bir regionun sosial-iqtisadi tərəqqisi kontekstində deyil, Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır.
Dövlət başçısının mesajlarından aydın görünür ki, qarşıdakı dövrdə Naxçıvanın həm ölkə daxilində, həm də bütövlükdə regionda rolu əhəmiyyətli dərəcədə artacaq. Naxçıvanın coğrafi mövqeyi uzun illər müəyyən məhdudiyyətlər yaratsa da, bu gün həmin mövqe böyük strateji üstünlüyə çevrilməkdədir. Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və daha geniş mənada Mərkəzi Asiya–Avropa xəttinin kəsişməsində yerləşən Naxçıvan yeni nəqliyyat və enerji xəritəsinin mühüm qovşaqlarından biri olmaq potensialına malikdir.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri Naxçıvanın inkişafının Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi ilə vahid strateji baxış çərçivəsində təqdim edilməsidir. Dövlət başçısı yaşıl enerji, kənd təsərrüfatı, suvarma, turizm və infrastruktur istiqamətlərində görülən işlərdən danışaraq bu bölgələrin iqtisadi baxımdan bir-biri ilə əlaqələndiriləcəyini vurğulayıb. Bu yanaşma faktiki olaraq Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf məkanının formalaşdırılması deməkdir.
Burada nəqliyyat kommunikasiyalarının açılması xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması təkcə ölkəmizin daxili kommunikasiya məsələsi deyil. Bu, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da gücləndirəcək, Orta Dəhlizin imkanlarını genişləndirəcək və Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat-logistika sisteminə yeni imkanlar yaradacaq.
Prezidentin müsahibəsində qeyd etdiyi kimi, yeni kommunikasiya imkanlarından regionun digər dövlətləri, o cümlədən Ermənistan da istifadə edə bilər. Dövlət başçısının bu məsələdə ortaya qoyduğu yanaşma çox aydındır: yeni əməkdaşlıq modelində iqtisadi və nəqliyyat baxımından uduzan tərəf olmamalıdır.
Naxçıvanın inkişaf strategiyasının digər mühüm istiqaməti enerji sektorudur. Muxtar Respublikanın günəş enerjisi potensialı, burada həyata keçirilən yeni enerji layihələri Naxçıvanın gələcəkdə “yaşıl enerji” istehsalı və ixracı mərkəzlərindən birinə çevrilməsi üçün ciddi imkanlar yaradır. Naxçıvan üzərindən Türkiyəyə və oradan Avropa istiqamətinə enerji bağlantılarının inkişafı bu bölgənin əhəmiyyətini milli sərhədlərdən kənara çıxarır.
Eyni zamanda, Naxçıvanda sənayeləşmə, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı, su təminatı, turizm və sosial infrastruktur üzrə həyata keçirilən layihələr kompleks xarakter daşıyır. Burada əsas məqsəd təkcə yeni obyektlərin tikilməsi deyil, uzunmüddətli və dayanıqlı iqtisadi modelin formalaşdırılmasıdır.
Prezident İlham Əliyevin Naxçıvan şəhərinin və bütövlükdə Muxtar Respublikanın inkişafı ilə bağlı Baş Planlara xüsusi diqqət yetirməsi də bu baxımdan mühüm məqamdır. Söhbət gələcək onillikləri əhatə edən sistemli şəhərsalma və regional inkişaf modelindən gedir. Yəni bugünkü layihələr Naxçıvanın gələcək iqtisadi və demoqrafik inkişaf perspektivləri nəzərə alınmaqla həyata keçirilir.
Naxçıvanın tarixi və mədəni potensialının qorunması da bu inkişaf modelinin ayrılmaz hissəsidir. Möminə xatun türbəsi kimi dünya əhəmiyyətli memarlıq abidələrinin bərpası, Əcəmi Naxçıvani irsinə göstərilən diqqət, tarixi-mədəni məkanların yenilənməsi Naxçıvanın beynəlxalq turizm potensialının daha geniş şəkildə təqdim olunmasına imkan verəcək.
Bütövlükdə Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsində verdiyi mesajlar bir strateji nəticəni ön plana çıxarır: Naxçıvan Azərbaycanın yeni regional siyasətində periferik coğrafiya deyil, əksinə, ölkəmizin Şərqlə Qərbi, Azərbaycanla Türkiyəni və daha geniş mənada Türk dünyasını birləşdirən əsas strateji məkanlardan birinə çevrilir.
Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində Naxçıvan nəqliyyat və logistika qovşağı, yaşıl enerji mərkəzi, sənaye və ticarət platforması, eyni zamanda mühüm turizm məkanı kimi inkişaf etdirilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid iqtisadi və kommunikasiya məkanında birləşdirilməsi isə Azərbaycanın regional gücünü və tranzit imkanlarını daha da artıracaq.
Bu baxımdan Prezidentin Naxçıvana səfəri yalnız görülmüş işlərin təqdimatı deyil, Naxçıvanın gələcək onilliklərdə Azərbaycanın regional və qlobal mövqeyində tutacağı yerin strateji konturlarının nümayişidir.

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələPrezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğı...
03/08/2026

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni strateji mərhələ

Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və verilən siyasi mesajlar göstərir ki, tərəflər əməkdaşlığı ənənəvi dostluq münasibətlərindən strateji müttəfiqlik səviyyəsinə yüksəltmək əzmindədir. Prezident İlham Əliyevin “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri iki ölkənin gələcək əməkdaşlıq modelinin əsas siyasi fəlsəfəsini ifadə edir. Bu yanaşma qarşılıqlı etimada, ortaq maraqlara və beynəlxalq münasibətlər sistemində birgə fəaliyyətə söykənən uzunmüddətli tərəfdaşlığın formalaşdığını nümayiş etdirir.
Səfərin mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan addımlar oldu. Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması iki ölkənin iqtisadi əməkdaşlığa verdiyi strateji əhəmiyyətin göstəricisidir. Bu qərar yalnız maliyyə resurslarının artırılması deyil, həm də sənaye, kənd təsərrüfatı, turizm, logistika və emal sənayesi kimi sahələrdə birgə layihələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Fond vasitəsilə həyata keçirilən layihələrin yeni iş yerlərinin yaradılmasına, istehsal imkanlarının genişlənməsinə və qarşılıqlı investisiyaların artmasına xidmət etməsi Azərbaycanın Mərkəzi Asiyada iqtisadi mövqeyini daha da gücləndirir.
İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş "Baku Resort & SPA" hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycanın xaricdə həyata keçirdiyi uğurlu investisiya siyasətinin nümunəsi kimi diqqət çəkir. Azərbaycanın adını daşıyan bu müasir turizm kompleksinin Qırğızıstanın ən məşhur turizm bölgəsində yerləşməsi ölkəmizin iqtisadi potensialını və investisiya imkanlarını nümayiş etdirməklə yanaşı, Azərbaycan brendinin beynəlxalq səviyyədə tanınmasına da töhfə verir. Bu layihə gələcəkdə turizm, xidmət və infrastruktur sahələrində yeni birgə investisiyalar üçün də stimul rolunu oynaya bilər.
Azərbaycan–Qırğızıstan münasibətlərinin əsas sütunlarından biri ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərdir. Qarabağın bərpası çərçivəsində Ağdam rayonunda "Manas" adına məktəbin inşa edilməsi qırğız xalqının Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyin rəmzinə çevrilib. Eyni zamanda Bakıda Çingiz Aytmatovun abidəsinin və parkının yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında humanitar əlaqələrin davamlı inkişaf etdiyini göstərir. Bu layihələr dövlətlərarası münasibətləri cəmiyyətlər səviyyəsində də möhkəmləndirərək gələcək əməkdaşlıq üçün etibarlı sosial baza formalaşdırır.
Səfərin geosiyasi baxımdan ən mühüm nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul olunmasıdır. Bu qərar Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlığının institusional xarakter aldığını və Türk dünyasının inteqrasiya prosesində rolunun daha da artdığını göstərir. Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Avropa arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsi, Orta Dəhlizin inkişafında oynadığı rol və enerji təhlükəsizliyinə verdiyi töhfələr ölkəmizin region üçün strateji əhəmiyyətini daha da artırır. Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi isə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
Dövlət səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər də əməkdaşlığın əhatə dairəsinin kifayət qədər geniş olduğunu göstərir. Siyasi münasibətlər, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, elm, rəqəmsal inkişaf, mədəniyyət və digər istiqamətləri əhatə edən razılaşmalar tərəflərin əməkdaşlığı sistemli şəkildə inkişaf etdirmək niyyətini ortaya qoyur. Bu sənədlərin icrası nəticəsində ikitərəfli ticarət dövriyyəsinin artacağı, biznes mühitinin genişlənəcəyi və yeni regional layihələrin reallaşacağı gözlənilir.
Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – I dərəcəli "Manas" ordeni ilə təltif olunması, Qırğızıstan Prezidenti Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə mükafatlandırılması dövlət başçıları arasında mövcud olan yüksək etimadın və qarşılıqlı hörmətin bariz ifadəsidir. Bu addımlar diplomatik protokol çərçivəsini aşaraq, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin xüsusi xarakter daşıdığını və strateji tərəfdaşlığın siyasi əsaslarının daha da möhkəmləndiyini nümayiş etdirir.
Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın Mərkəzi Asiya siyasətinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. İqtisadi əməkdaşlığın genişlənməsi, investisiyaların artırılması, humanitar əlaqələrin möhkəmləndirilməsi, regional inteqrasiyanın dərinləşdirilməsi və Türk dünyasında həmrəyliyin gücləndirilməsi bu səfərin əsas nəticələri sırasında yer alır. Qəbul edilən qərarlar göstərir ki, Azərbaycan və Qırğızıstan gələcək illərdə də qarşılıqlı etimada əsaslanan, regional sabitliyə və ortaq inkişafa xidmət edən strateji müttəfiqlik münasibətlərini daha da inkişaf etdirmək əzmindədir.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla da...
01/08/2026

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir

Azərbyacan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Ulu öndər Azərbaycan dilinə qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müstəqil siyasəti, ictimai mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ölməz lider millətin milliliyini təsdiq edən dilimizə həssaslıq, qayğıkeşliklə yanaşaraq onun dövlət dili kimi yaşaması, inkişaf etməsi üçün çalışmışdır.
Prezident İlham Əliyev də ölməz rəhbərin dil siyasətini uğurla davam etdirə¬rək dilimizin saflığının qorunması barədə fərmanlar imzalamaşdır. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il Fərmanı isə dilimizə qayğının bariz nümunəsidir. “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. Möhtərəm prezident İlham Əli¬yevin bu fikirləri onun təsdiqidir ki, ana dilinin qorunması, zənginləşdirilməsi məsələləri dövlət qurulucuğu siyasətində önəmli yer tutur.
Prezident İlham Əliyev dilimizlə bağlı silsilə sərancam və fərmanlarla yanaşı, müxtəlif tədbirlərdəki çıxışları zamanı qiymətli fikirlər səsləndirmişdir. “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”.
Prezident çıxışlarında dövlət dilinin yad təsirlərdən qorunması və saflılığının təmin olunmasının vacibliyi məsələlərinə toxunmaqla yanaşı, lüzumsuz yerə dilimizdə yad kəlimələrin işlədilməsinin əleyhinə olduğunu bildirir. “Bəzi ictimai xadimlərin, hökümət üzvlərinin çıxışlarında, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, onu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır” deyən prezident yad ifadələrdən uzaq, doğma ana dilinin qrammatik quruluşuna uyğun çıxışları ilə hər kəsə nümunədir.
Milli varlığın qorunması, kimliyimizin sübutu olan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəvi aləminin güzgüsüdür.Azərbaycan dövlətinin apardığı dil siyasəti bu həqiqətin bütövlükdə gerçəkləşməsinə, əbədiləşdirilməsinə xidmət edir ki, bu da prezidentin dilimizə böyük sevgi və qayğısının göstəricisidir. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin dövlət dil siyasətini uğurla davam etdirərək dilimizin beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə nail olmuşdur.
Ana dilinə belə həssas münasibət təbii ki, varislikdən, vətənə, dilə, milli ənənənlərə sadiqlikdən irəli gəlir.

Prezident İlham Əliyev: Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiy...
23/07/2026

Prezident İlham Əliyev: Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

“Bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var, çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə ediblər”.
Bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın.

Milli mətbuat yolunda atılan ilk addım - “Əkinçi” qəzetiAzərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-dən baş...
22/07/2026

Milli mətbuat yolunda atılan ilk addım - “Əkinçi” qəzeti

Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-dən başlanır. Həmin gün böyük maarifçi, alim və publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr edilən “Əkinçi” qəzetinin ilk nömrəsi çap olundu. Bu qəzet təkcə ilk milli mətbuat orqanı deyil, həm də xalqın maariflənməsi, milli şüurun formalaşması və ana dilinin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri idi. Məhz buna görə də “Əkinçi” Azərbaycan milli mətbuatının təməl daşı hesab olunur.
XIX əsrin ikinci yarısında Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Həmin dövrdə əhalinin böyük hissəsi savadsız idi, ana dilində mətbuat isə demək olar ki, yox idi. Həsən bəy Zərdabi bu vəziyyəti dəyişmək, xalqı elmə, təhsilə və yeniliyə təşviq etmək məqsədilə böyük çətinliklərə baxmayaraq “Əkinçi” qəzetini yaratdı. O, inanırdı ki, xalqın tərəqqisi yalnız maariflənmə və bilik yolu ilə mümkündür.
“Əkinçi” qəzeti sadə və anlaşıqlı Azərbaycan dilində yazılırdı. Bu da qəzetin geniş oxucu kütləsi tərəfindən qəbul edilməsinə şərait yaradırdı. Qəzetdə kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və gündəlik həyatla bağlı məqalələr dərc olunurdu. Həsən bəy Zərdabi insanların faydalı biliklər əldə etməsini, yeni əkinçilik üsullarını öyrənməsini, sağlam həyat tərzi sürməsini və cəmiyyətin inkişafında fəal iştirak etməsini istəyirdi.
“Əkinçi” yalnız kənd təsərrüfatından bəhs edən qəzet deyildi. O, milli birlik, vətən sevgisi, ana dilinin qorunması və milli-mənəvi dəyərlərin yaşadılması kimi mühüm məsələləri də diqqət mərkəzində saxlayırdı. Qəzet insanları düşünməyə, elm öyrənməyə və cəmiyyətin problemlərinə biganə qalmamağa çağırırdı. Bu baxımdan “Əkinçi” maarifçilik hərəkatının əsas tribunasına çevrilmişdi.
Qəzetin fəaliyyəti müxtəlif çətinliklərlə müşayiət olunurdu. Maddi imkanların məhdudluğu, oxucu sayının azlığı və senzura “Əkinçi”nin işini çətinləşdirirdi. Buna baxmayaraq, Həsən bəy Zərdabi öz məqsədindən dönmədi və böyük fədakarlıq göstərərək qəzeti yaşatmağa çalışdı. Lakin çar hakimiyyətinin təzyiqləri nəticəsində “Əkinçi” 1877-ci ildə fəaliyyətini dayandırmağa məcbur oldu. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, onun Azərbaycan cəmiyyətinə təsiri çox böyük oldu.
“Əkinçi”dən sonra Azərbaycanda “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “Füyuzat” kimi qəzet və jurnallar nəşr olunmağa başladı. Bu mətbuat orqanları Həsən bəy Zərdabinin başladığı maarifçilik yolunu davam etdirərək milli mətbuatın inkişafına mühüm töhfələr verdilər. Beləliklə, “Əkinçi” Azərbaycan mətbuat məktəbinin əsasını qoydu və gələcək nəşrlər üçün örnək oldu.
Bu gün Azərbaycanda hər il 22 iyul – Milli Mətbuat Günü kimi qeyd edilir. Bu tarix “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü günə həsr olunmuşdur. Bu gün ölkəmizdə yüzlərlə qəzet, jurnal, televiziya kanalı və internet informasiya resursu fəaliyyət göstərir. Müasir Azərbaycan mediasının formalaşmasında “Əkinçi”nin tarixi rolu və Həsən bəy Zərdabinin xidmətləri daim yüksək qiymətləndirilir.
Nəticə etibarilə, “Əkinçi” qəzeti milli mətbuat yolunda atılmış ilk və ən mühüm addımdır. Bu qəzet xalqın maariflənməsinə, milli özünüdərkin güclənməsinə, ana dilinin inkişafına və milli jurnalistikanın formalaşmasına misilsiz töhfə vermişdir. Həsən bəy Zərdabinin yaratdığı bu irs bu gün də Azərbaycan mətbuatının inkişafında mühüm əhəmiyyət daşıyır və gələcək nəsillər üçün örnək olaraq yaşayır.

Azərbaycan-Slovakiya siyasi əlaqələri yüksək səviyyədədir Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə münasibətl...
15/07/2026

Azərbaycan-Slovakiya siyasi əlaqələri yüksək səviyyədədir

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə münasibətlər mühüm yer tutur. Xüsusilə ölkəmizin Şərqi Avropa dövlətləri ilə əlaqələri davamlı olaraq genişlənir. Bu baxımdan, Azərbaycan-Slovakiya münasibətləri xüsusi vurğulanmalıdır.
Son illər Azərbaycanla Slovakiya arasında əməkdaşlıq güclənməkdədir. 2024-cü ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətlərimizi yeni səviyyəyə yüksəldib. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət edir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə əhəmiyyətli təsir göstərəcək. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Dövlətimizin başçısı 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənı xatırladaraq sənədin icrasından məmnunluq ifadə edib. Nəzərə alaq ki, Slovakiya Prezidentinin səfəri zamanı iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr müzakirə mövzusu olub.
Avropa ölkəsi olan Slovakiyanın liderinin ölkəmizə rəsmi səfərinin Şuşa şəhərindən başlaması xüsusilə diqqətəlayiqdir. Bu, o deməkdir ki, artıq Şuşa yalnız tarixi-mədəni məkan deyil, həm də beynəlxalq tədbirlərin, xarici ölkələrin qəbul olunduğu şəhərdir. Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumu isə qarşılıqlı iqtisadi əlaqələrimizin güclənməsinə böyük təkan verəcək.

Şuşadan dünyaya mesaj: Prezident İlham Əliyevin yeni geosiyasi baxışıIV Şuşa Qlobal Media Forumu artıq ənənəvi beynəlxal...
15/07/2026

Şuşadan dünyaya mesaj: Prezident İlham Əliyevin yeni geosiyasi baxışı

IV Şuşa Qlobal Media Forumu artıq ənənəvi beynəlxalq tədbir çərçivəsini aşaraq Azərbaycanın siyasi kommunikasiyasının, diplomatik mesajlarının və geosiyasi baxışının təqdim olunduğu mühüm platformaya çevrilib. Prezident İlham Əliyevin forum çərçivəsində media nümayəndələrinin suallarını cavablandırması yalnız gündəlik siyasi hadisələrə münasibət bildirmək deyil, həm də Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını, regional təhlükəsizlik baxışını və dövlət fəlsəfəsini sistemli şəkildə izah etmək baxımından diqqət çəkdi. Bu baxımdan Forum təkcə media hadisəsi deyil, həm də siyasi düşüncənin, dövlət idarəçiliyi konsepsiyasının və beynəlxalq münasibətlərə dair baxışların təqdim edildiyi analitik müstəvi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyevin “Mənimsə müraciətim ancaq Azərbaycan xalqına ola bilər” fikri çıxışın ideoloji mərkəzini təşkil edən əsas tezis idi. Bu ifadə ilk baxışda daxili auditoriyaya ünvanlanan müraciat təsiri bağışlasa da, əslində dövlətin siyasi fəlsəfəsini ifadə edən fundamental yanaşmadır. Dövlət başçısı müxtəlif dövrlərdə – işğal illərində, müharibə zamanı və postmüharibə mərhələsində xalqa etdiyi müraciətləri xatırladaraq göstərdi ki, dəyişən yalnız tarixi şərait olmuş, dəyişməyən isə milli həmrəyliyə, xalqın iradəsinə və dövlət-vətəndaş birliyinə əsaslanan siyasi xətt olmuşdur. Bu yanaşma Azərbaycanın son otuz illik inkişaf modelində legitimliyin əsas mənbəyinin xalqın etimadı və milli birlik olduğunu bir daha nümayiş etdirdi.

Forumda xüsusi diqqət çəkən məqamlardan biri “biz yalnız özümüzə güvənə bilərik” tezisinin yeni geosiyasi reallıqlar fonunda izah olunması idi. Prezident İlham Əliyev müstəqilliyin yalnız hüquqi status deyil, hər gün qorunmalı olan siyasi dəyər olduğunu vurğulayaraq Azərbaycanın heç bir güc mərkəzindən asılı siyasət yürütmədiyini göstərdi. Bu fikir həm tarixi təcrübənin nəticəsi, həm də gələcək təhlükəsizlik strategiyasının əsas istiqaməti kimi təqdim edildi. Xüsusilə beynəlxalq münasibətlər sistemində dəyişən güc balansı, yeni münaqişə ocaqları və artan geosiyasi rəqabət fonunda milli maraqların yalnız daxili birlik və güclü dövlət institutları vasitəsilə qoruna biləcəyi mesajı verildi. Burada diqqət çəkən cəhət ondan ibarətdir ki, Prezident milli həmrəyliyi yalnız emosional dəyər kimi deyil, dövlət təhlükəsizliyinin əsas elementi kimi təqdim etdi.

Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı yeni siyasi çəkisinin izahı oldu. Prezident İlham Əliyevin “orta güc” anlayışına münasibəti sadəcə terminoloji yanaşma deyildi. O, bu statusun ölkənin iqtisadi potensialı, hərbi qüdrəti və ya enerji resursları ilə yanaşı, milli maraqlarını müstəqil şəkildə müdafiə etmək bacarığı, regional proseslərə təsir imkanları və beynəlxalq etimad kapitalı ilə müəyyənləşdiyini vurğuladı. Azərbaycanın həm enerji təhlükəsizliyində, həm nəqliyyat-logistika dəhlizlərinin formalaşmasında, həm də müxtəlif regional münaqişələrin həllində etibarlı tərəfdaş kimi qəbul olunması bu mövqenin təsadüfi deyil, ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu göstərir.

Forum zamanı regional təhlükəsizlik məsələlərinə yanaşma da diqqətəlayiq idi. Prezident İlham Əliyev Azərbaycanın müharibələrin əhatəsində yerləşən mürəkkəb coğrafiyada fəaliyyət göstərdiyini qeyd edərək təhlükəsizlik anlayışını yalnız hərbi amillərlə məhdudlaşdırmadı. Onun fikirlərində təhlükəsizlik iqtisadi dayanıqlıq, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı, diplomatik etibar və beynəlxalq hüququn qorunması ilə vəhdətdə təqdim olundu. Eyni zamanda dövlət başçısı beynəlxalq hüququ bütün sülh təşəbbüslərinin universal platforması adlandıraraq Azərbaycanın Qarabağ məsələsində də məhz bu prinsiplərə söykəndiyini xüsusi vurğuladı. Bu yanaşma ölkənin xarici siyasət kursunun əsas fəlsəfəsinin güc nümayişindən daha çox hüquqi legitimliyə əsaslandığını nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında Qarabağın bərpası və Şuşanın beynəlxalq dialoq məkanına çevrilməsi də xüsusi məna daşıyırdı. Bir vaxtlar dağıntılarla yadda qalan ərazilərdə bu gün dünyanın onlarla ölkəsindən media nümayəndələrinin toplaşması, beynəlxalq təşkilatların və nüfuzlu informasiya qurumlarının iştirakı Azərbaycanın postmünaqişə siyasətinin real nəticələrini nümayiş etdirir. Forum vasitəsilə Qarabağın yalnız yenidən qurulan region kimi deyil, həm də beynəlxalq siyasi dialoqun yeni ünvanı kimi təqdim olunması ölkənin yumşaq güc elementlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, faktiki olaraq informasiya diplomatiyasının praktik nümunəsinə çevrilmişdir.

Çıxışın yekun hissəsində Prezident İlham Əliyevin gənc nəslə ünvanladığı mesajlar isə gələcəyə hesablanmış dövlət strategiyasının ideoloji konturlarını müəyyənləşdirirdi. Dövlət başçısı xalqın işğal, müharibə, Zəfər və bərpa mərhələlərindən keçdiyini xatırladaraq gələcək nəsillərin milli kimliyi, milli ləyaqəti və dövlətçilik düşüncəsini qorumasının vacibliyini ön plana çəkdi. Bu fikirlər siyasi ritorikadan daha çox strateji dövlətçilik konsepsiyası kimi qiymətləndirilməlidir. Çünki burada əsas məqsəd təkcə bugünkü reallıqları izah etmək deyil, gələcək onilliklər üçün milli şüurun və vətəndaş məsuliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək idi.

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı bütövlükdə göstərdi ki, Azərbaycan postmüharibə mərhələsini artıq yalnız bərpa prosesi kimi deyil, yeni geosiyasi mövqeyinin formalaşması mərhələsi kimi qiymətləndirir. Forumda səslənən fikirlər dövlətin daxili birliyi, müstəqil xarici siyasəti, regional əməkdaşlığı, beynəlxalq hüquqa əsaslanan mövqeyi və milli maraqların qətiyyətlə müdafiəsi kimi prinsiplərin vahid strateji xətt təşkil etdiyini nümayiş etdirdi. Bu baxımdan Şuşada səslənən mesajlar yalnız cari siyasi gündəmin deyil, Azərbaycanın yaxın və uzaq perspektivdə inkişaf modelinin konseptual siyasi manifesti kimi dəyərləndirilə bilər.

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyikPrezident İlham Əliyevlə Avropa Komis...
04/07/2026

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin keçirdiyi görüş və mətbuata verdikləri bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni siyasi mərhələnin başlandığını nümayiş etdirdi. Bu, sadəcə növbəti diplomatik görüş deyildi. Son aylarda Avropa İttifaqı rəhbərliyinin ən yüksək səviyyədə ardıcıl şəkildə Bakıya səfərləri göstərir ki, Brüssel artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik siyasətinin ayrılmaz hissəsinə çevrilib.
Prezident İlham Əliyevin “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik” fikri son illərin geosiyasi reallığının siyasi təsbitidir. Həqiqətən də əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, ardınca Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın, daha sonra isə Ursula Fon der Lyayenin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi xüsusi önəmi açıq şəkildə ortaya qoyur. Ən diqqətçəkən məqamlardan biri enerji məsələsinin artıq təkcə iqtisadi deyil, siyasi təhlükəsizlik məsələsinə çevrilməsidir. Prezident İlham Əliyev təsadüfi olaraq bildirmədi ki, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir.
Son dörd ildə Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, artıq Aİ-nin 10 üzv dövlətinin Azərbaycan qazı alması təsdiqləyir ki, Avropa alternativ enerji mənbələri axtararkən ən etibarlı tərəfdaşlardan birini məhz Azərbaycanda tapıb. 2022-ci ildə imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu gün konkret iqtisadi nəticələr verir və Brüssel bunu açıq şəkildə etiraf edir. Lakin münasibətlər artıq yalnız qaz üzərində qurulmur. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər gələcəyin enerji xəritəsinin də Azərbaycanda formalaşdığını göstərir. Növbəti beş-altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisinin istehsalına imkan verəcək müqavilələrin imzalanması Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilmək iddiasını gücləndirir. Xəzərin küləyi və Azərbaycanın günəşi artıq Avropanın enerji balansının gələcək elementlərindən biri kimi qiymətləndirilir. Ursula Fon der Lyayenin də çıxışında Azərbaycanın təmiz enerji və elektrik bağlantıları üzrə böyük potensiala malik olduğunu vurğulaması bu baxışın Brüsseldə də bölüşüldüyünü göstərir.

🏸 Məktəbimizin şagirdləri Respublika İdman Olimpiadasında möhtəşəm uğura imza atdılar! 🇦🇿🥇Məktəblilər arasında ilk dəfə ...
27/06/2026

🏸 Məktəbimizin şagirdləri Respublika İdman Olimpiadasında möhtəşəm uğura imza atdılar! 🇦🇿🥇
Məktəblilər arasında ilk dəfə təşkil olunan Respublika İdman Olimpiadasının (MRİO) badminton yarışına uğurla yekun vurulub. Respublikanın müxtəlif bölgələrindən 129 idmançının qatıldığı və 4 gün davam edən mötəbər yarışda məktəbimizin şagirdləri yüksək əzmkarlıq, peşəkarlıq və mübarizə ruhu nümayiş etdirərək möhtəşəm nəticələr əldə ediblər.
🏅 Həbibə Quliyeva yarışın ən uğurlu idmançılarından biri olaraq: 🥇 Şəxsi kateqoriya üzrə I yer,
🥈 Qızlar arasında qoşa kateqoriya üzrə II yer,
🥉 Qarışıq qoşa kateqoriya üzrə III yer qazanmışdır.
🏅 Əsma Məmmədova isə: 🥉 Şəxsi kateqoriya üzrə III yer,
🥈 Qızlar arasında qoşa kateqoriya üzrə II yerə layiq görülmüşdür.
Bu möhtəşəm nəticələr şagirdlərimizin zəhmətinin, məqsədyönlülüyünün və idmana olan sevgisinin parlaq göstəricisidir. Onların qazandıqları uğurlar məktəbimizin idman sahəsində əldə etdiyi nailiyyətlərə yeni bir səhifə əlavə etmişdir.
Məktəbimizin kollektivi adından Həbibə Quliyevanı və Əsma Məmmədovanı ürəkdən təbrik edir, onların bu uğurunda əməyi olan müəllimlərə, məşqçilərə və valideynlərə təşəkkürümüzü bildiririk.
Şagirdlərimizlə qürur duyur, onlara gələcək yarışlarda daha böyük qələbələr və yeni zirvələr arzulayırıq!
👏 Uğurlarınız daim olsun!Şagirdlərimizin uğurları ilə qürur duyuruq! 🇦🇿🏸

Ordu quruculuğu sahəsində mühüm nailiyyətMüasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lid...
26/06/2026

Ordu quruculuğu sahəsində mühüm nailiyyət

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib.
Məhz Azərbaycan Ordusunu da müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli lider Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı
Bu gün də Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Address

Azerbaycan
Qusar
AZ3800

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+994233850207

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar rayon Eldar Əliyarov adına Çiləgir kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Qusar rayon Eldar Əliyarov adına Çiləgir kənd tam orta məktəbi:

Shortcuts

Share

Category