22/08/2026
Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji müttəfiqliyə.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə əks etdirir. Müsahibədə iki qardaş ölkə arasında tarixən formalaşmış dostluq və mənəvi yaxınlığın son illərdə dövlətlərarası strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi xüsusi vurğulanır.
Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, əsrlər boyu formalaşmış qarşılıqlı hörmət və rəğbət birləşdirir. Məhz bu möhkəm tarixi və mənəvi təməl üzərində qurulan münasibətlər son illərdə yeni məzmun qazanaraq çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad da bu münasibətlərin inkişafında mühüm rol oynayır.
Son illərdə Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun intensivliyi nəzərəçarpacaq dərəcədə artıb. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər iki ölkənin strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsaslarını daha da gücləndirib.
2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında mühüm institusional mexanizmə çevrilib. Şuranın fəaliyyəti iki ölkə arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə imkan yaradır. Bu platformanın fəaliyyəti Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun ardıcıl və strateji xarakter daşıdığını nümayiş etdirir.
İki ölkə arasındakı münasibətlərin mühüm istiqamətlərindən biri də iqtisadi və ticari əməkdaşlıqdır. Son illərdə ticarət dövriyyəsində müşahidə olunan artım iqtisadi əlaqələrin sürətlə genişləndiyini göstərir. 2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması iqtisadi tərəfdaşlığın real göstəricilərindən biridir.
İnvestisiya sahəsində də mühüm addımlar atılıb. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin maliyyələşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan şirkətləri Özbəkistanda, özbək şirkətləri isə Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirirlər. Bu proses iki ölkənin iqtisadi potensiallarının bir-birini tamamladığını göstərir.
Sənaye kooperasiyası da Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığının diqqətçəkən istiqamətlərindəndir. Azərbaycanda “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalının həyata keçirilməsi iki ölkə arasında birgə istehsal imkanlarının genişləndirilməsi baxımından mühüm nümunədir. Eyni zamanda, Azərbaycanın Özbəkistanda həyata keçirdiyi hotel, yaşayış və turizm layihələri qarşılıqlı investisiya əməkdaşlığının yeni imkanlarını nümayiş etdirir.
Energetika sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan neft-qaz sektorunda birgə layihələr həyata keçirir, eyni zamanda bərpaolunan enerji istiqamətində yeni əməkdaşlıq imkanları formalaşdırırlar. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi” gələcəkdə Mərkəzi Asiyanın yaşıl enerjisinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması baxımından mühüm perspektivlər açır. Bu təşəbbüs həm enerji təhlükəsizliyinə, həm də regionlararası əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.
Nəqliyyat və logistika sahəsində də Azərbaycan və Özbəkistanın maraqları üst-üstə düşür. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi hər iki ölkəni Şərqlə Qərbi birləşdirən marşrutların inkişafında təbii tərəfdaşlara çevirir. Orta Dəhlizin inkişafı və müxtəlif dəmir yolu layihələrinin bu marşrutla inteqrasiyası Azərbaycan və Özbəkistan arasında tranzit imkanlarının daha da genişlənməsinə şərait yarada bilər.
Azərbaycan–Özbəkistan əməkdaşlığının xüsusi istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Özbəkistanın göstərdiyi dəstəkdir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşası, Füzulidə “Dostluq bağı”nın salınması qardaş Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələr iqtisadi və sosial əhəmiyyətlə yanaşı, iki xalq arasında qardaşlığın rəmzi məzmununu da daşıyır.
Mədəni-humanitar sahədə əməkdaşlıq isə iki ölkə arasındakı münasibətlərin mənəvi dayaqlarını daha da möhkəmləndirir. Azərbaycan və Özbəkistanın mədəniyyət günləri, incəsənət festivalları, elmi tədbirləri və müxtəlif humanitar layihələri xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Özbəkistan Milli Pedaqoji Universitetinin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıması da ortaq mədəni irsin mühüm göstəricilərindən biridir.
Təhsil sahəsində qarşılıqlı əlaqələrin genişlənməsi gələcək nəsillər arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanlı və özbək tələbələrin qarşılıqlı olaraq hər iki ölkədə təhsil alması, Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi bu istiqamətdə görülən işlərin əhəmiyyətini artırır.
Media və vətəndaş cəmiyyəti sahəsində keçirilən forumlar da ikitərəfli əlaqələrin daha geniş ictimai müstəviyə keçdiyini göstərir. Azərbaycan və Özbəkistan media nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən tədbirlər informasiya və ictimai diplomatiya sahəsində qarşılıqlı əlaqələrin inkişafına xidmət edir.
İki ölkənin əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan TDT-ni ortaq türk tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin qorunması ilə yanaşı, siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirirlər. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv olması da Türk dünyasının ortaq irsinin qorunması istiqamətində mühüm addım kimi dəyərləndirilir.
Azərbaycan–Özbəkistan münasibətləri eyni zamanda daha geniş regional proseslərin mühüm tərkib hissəsidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin edilməsi Azərbaycanın regionla əlaqələrində yeni mərhələ yaradıb. Bunun nəticəsində Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsində daha fəal rol oynamaq imkanına malikdir.
Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu münasibətlər Türk dünyasının inteqrasiyası, regional nəqliyyat əlaqələrinin inkişafı, enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və humanitar əməkdaşlıq kimi daha geniş istiqamətləri əhatə edir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdən aydın olur ki, Azərbaycan–Özbəkistan münasibətlərinin əsasını qarşılıqlı etimad, siyasi iradə, ortaq tarixi-mədəni irs və qarşılıqlı maraqlar təşkil edir. Bu möhkəm təməl üzərində qurulan müttəfiqlik münasibətlərinin gələcəkdə daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur.
Azərbaycan və Özbəkistanın qarşılıqlı səyləri nəticəsində formalaşan bu strateji tərəfdaşlıq iki xalqın rifahına xidmət etməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə və regionda sülh, sabitlik və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verə bilər.