21/05/2022
Heydər Əliyevin uzaqgörən siyasəti qələbəmizin təməlidir.
Yer kürəsində əksər millətlərin tarixinin ən mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmuşdur. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, addımlarının təhlilini apararkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Bu mənada, xoşbəxt xalqıq ki, bizim də əbədiyyət abidəmiz var – ULU ÖNDƏR HEYDƏR ƏLİYEV !
XX əsrin 90-cı illərinin başlanğıcı Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında təlatümlü ağır dönəmlər idi. İqtidar – müxalifət savaşına başı qarışan hakimiyyət hərisləri və bundan istifadə etməyə çalışan bədnam qonşularımız. Azərbaycan artıq vətəndaş müharibəsinə sürüklənirdi. Kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız yağı düşmən tərəfindən bir-bir ələ keçirilir. Məcburən yurdundan, yuvasından didərgin düşən köçkünlərin sayı günü-gündən çoxalırdı. Sadə azərbaycanlıların sabaha olan ümidləri puç olmuşdu. “20 yanvar” qurbanlarının hesabına qazanılmış milli müstəqilliyimiz təhlükə altında qalırdı. Bax onda nəbzi vətənin nəbzi ilə vuran oğul gərək olur xalqa. Elə bir oğul ki, xalqın yaralanmış köksünə məlhəm qoysun. Sınmış qəlblərə təpər versin. Ölkənin siyasi əqidəcə sağlam qüvvələri belə bir liderin, böyük siyasi təcrübəyə malik, uzaqgörən dövlət xadimi Heydər Əliyevin ola biləcəyi qənaətinə gəlirlər. Azərbaycanı siyasi böhrandan çıxarmağa və dövlətçiliyimizi məhv olmaqdan xilas etməyə qadir olan yeganə şəxsiyyət böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev idi.
Heydər baba – sən o vaxt gəldin ki, torpağımız parça-parça qoparılıb yağıya satılır, sabaha olan inamımız əriyib gedirdi. Gəlişinlə qüdrətini, böyüklüyünü dərk etdi, özünə qayıtdı bu xalq. Sonra nələr etmədin ? Ağlının qüdrəti ilə 50 ildə görüləcək işi 10 ildə gördün. Atəşkəsə nail oldun, “Əsrin müqaviləsi” ilə iqtisadi dirçəlişimizin təməlini qoydun. Dünyaya sübut etdin ki, bu xalq yiyəsiz deyil. Xalqa da göstərdin ki, onun arxasında dağ kimi dayanmısan. Analar oğul dedi, atalar qol doladı boynuna. Körpələr “Heydər baba” deyib, köksünə sarıldı. Millətin babası oldun. Diriltdin bu xalqın ruhunu Heydər baba.
Millət əzər, əzilər də,
Kaş millətdə ruh yaşasın.
Əyri qəddi düzələr də,
Kaş millətdə ruh yaşasın…
Atəşkəs dövründə Heydər Əliyev Azərbaycan Ordusunun gücünü artırmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Silahlı qüvvələrin müasir hərbi texnika və bacarıqlı kadrlarla təchiz olunmasını diqqət mərkəzində saxladı. Ordunun şəxsi heyətinin döyüş qabiliyyətini artırdı və hərbi hissələrdə nizam-intizam möhkəmləndirdi.
Cəbhədə atəşkəsin elan edildiyi 1994-cü ildən sonrakı dövrdə Heydər Əliyev müvəqqəti itirilmiş torpaqlarımızın geri qaytarılması uğrunda səylərini bir an da olsun azaltmadı. Bu zaman Ümummilli lider həm ordu quruculuğuna, həm də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına və diplomatik fəaliyyətə xüsusi diqqət yetirdi. Ulu öndər Heydər Əliyev Qarabağ münaqişəsinin mümkün qədər dinc vasitələrlə həll etmək xəttinə üstünlük verirdi. Eyni zamanda Azərbaycanın öz torpaqlarından heç vaxt imtina etməyəcəyi ilə bağlı qətiyyətli mövqe də nümayiş etdirirdi. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət, ordu quruculuğundakı inkişaf Azərbaycanın haqlı mövqeyinin dəyişilməzliyini təmin edirdi. Xalqın yaddaşında əbədi qalan, böyük qətiyyət və iradə sahibi olan Ulu Öndər ən mürəkkəb və ən çətin vəziyyətlərdə əsl düzgün yolu tapmağı bacarırdı.
Amma Qarabağ düyününü çözməyə, xalqı erməni bəlasından qorumağa ömür bəs etmədi. Haqqın dərgahına qovuşdun. Şuşalı Azərbaycan yaratmağı xalqa və oğluna vəsiyyət etdin, qələbəmizin təməlini qoydun. Dedin ki, güclü iqtisadiyyat, mükəmməl ordu, sarsılmaz inam gərəkdir. Dünyada möhkəm dayaqları olan erməni lobbisi ilə mübarizə aparmaq çətin oldu. Amma sarsılmadı bu xalqın inamı. Dedi ki, “qan tökməyək, can almayaq” – sülh yolu ilə versin torpağımız düşmən. Amma o, yeni torpaqlar iddiasında oldu. Bax onda aşıb-daşdı nifrətimiz. Səbrimiz qol-qanad açdı. Hər səbrin bir sonu var.
44 günlük savaş əsir torpaqlarımızı azad etdi. Heydər baba sənin nəvələrin, nəticələrin şəhid oldu. Qanını bu torpağa axıdıb onu vətən elədilər. Hələ Sovetin qılıncının ən kəsərli vaxtında, bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə 1971-ci ildə təsis edilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirmələrinin rəhbərliyi ilə ordumuz şanlı tarix yazdı. O, ordu ki, bizi minillər geriyə Azıxa, cənublu soydaşlarımızı bizdən ayıran Xudafərinə, 1994-cü ilin qışını yaddan çıxarmayan Murovdağa, Üzeyirin, Bülbülün, xan qızı Natəvanın, “Şuşanın dağları başı dumanlı ” deyən – Xan əminin yurduna apardı.
“Əziz Şuşa – sən azadsan. Əziz Şuşa – biz səni dirçəldəcəyik” – dedi, müzəffər Ali baş komandan – İlham Əliyev. Qubadlının, Zəngilanın alnından öpdük. Qol doladıq Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının boynuna. Yurdu düşməndən azad etdik, Heydər baba, qələbə qazandıq. Analar ciyər parasını, bacılar qardaşını, övladlar atasını qurban verdi bu qələbə üçün. İnsan inamsız, qələbə qurbansız olmaz deyiblər. Bu gün ruhun şaddır. Verdiyin tapşırıq qüdrətli Ali baş komandanın rəhbərliyi ilə yerinə yetirildi. İndi qalır o torpaqları cənnətə çevirmək. Çiçəklənən bir diyara dönəcək ana yurdumuz – Qarabağımız. Sənin ruhun, xalqın inamı, Ali baş komandanın əməli, ordunun təpəri, dostun köməyi təməlini qoyduğun qələbəni gerçəkləşdirdi. Qalib xalqın müzəffər ruhlu Heydər babası. Biz azərbaycanlıların qəlbində əbədi yaşayacaqsan.
Şamaxı rayon 3 saylı tam orta məktəbin tarix müəllimi Şıxıyeva Nargilə Akif qızı.