30/08/2023
26 Avqust şəhid ruhlarımızın sevindiyi gün.
Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub;
Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
2023. 26 avqustda Laçın şəhəri gününə həsr edilmiş şənlikdə Prezidentimiz çıxışında belə demişdi:
-Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.
2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.
İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən , bu kəndlərdən keçirdi .Çətin diplomatik mübarizədən sonra 26 avqustda bu ərazilərimiz də düşməndən azad olundu.
- Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq;
Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi;
- Biz indi öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır;
- Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik;
Laçında Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi;
- 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq Qələbəni əldə etmişik və gücümüzü göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz
Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik;
- Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür; Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
26 Avqust artıq xalqımız üçün adi günlərdən biri deyil .Bu gün bizə qürurumuzu qaytardı , şəhidlərimizin ruhunun sevindiyi bir günə çevrildi.
Biz də xalqımız adından deyirik :_Bu günü bizə yaşatdığınız üçün çox sağ olun Cənab Prezident.
Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı orta məktəbin tarix müəllimi Rəhimova Xavər.