Oğuz rayon Yaşar Şəfiyev adına Xalxal kənd tam orta məktəbi

  • Home
  • Azerbaijan
  • Oguz
  • Oğuz rayon Yaşar Şəfiyev adına Xalxal kənd tam orta məktəbi

Oğuz rayon Yaşar Şəfiyev adına Xalxal kənd tam orta məktəbi Yaşar Şəfiyev adına Xalxal kənd tam orta məktəbində keçirilən tədbirlər

24/08/2026

26 Avqust - Laçın şəhəri günü ilə əlaqədar

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Laçın rayonunun yeni inkişaf dövrü

“Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” - Prezident İlham Əliyev
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı (https://e-qanun.az/framework/54767) ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.
2026-cı il iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı olub. Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olub. Ərazisi 11,2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək. İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb. Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir;
Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. 2023-cü ilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb. Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub. Təməli 2025-ci ildə qoyulan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edəcək.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməli qoyulub. Layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. “Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Eyni zamanda, kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib. Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilir. Tamamilə yenidən tikilərək istifadəyə verilən və 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb. Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır. Bəylik kəndində klub-icma mərkəzində rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır. Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.

23/08/2026

Daşkənddə Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçirilib.

22 avqust 2026-cı il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında IV Regionlararası Forum keçirilib.
Forumun təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikası ilə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi xüsusi əhəmiyyətin, həmçinin iki ölkə arasında regional səviyyədə iqtisadi-ticari əməkdaşlığın daha da gücləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi niyyətinin növbəti bariz nümunəsidir. Bu forum ölkələr arasındakı mövcud potensialı reallaşdırmaq, iş adamları arasında birbaşa əlaqələri genişləndirmək və qarşılıqlı investisiya qoyuluşlarını stimullaşdırmaq baxımından mühüm platformadır.
Tədbirdə hər iki ölkənin dövlət rəsmiləri, region rəhbərləri, investisiya agentliklərinin nümayəndələri və aparıcı işgüzar dairələrinin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Qudratov çıxış edərək iki ölkə arasındakı strateji müttəfiqliyin iqtisadi müstəvidə sürətlə inkişaf etdiyini vurğulayıblar.
Görüşdə sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışı zamanı Biləsuvar rayonu haqqında ətraflı məlumat verdikdən sonra Biləsuvar rayonu ilə Özbəkistan Respublikasının Termez şəhəri arasındakı qardaşlaşma protokolunun 21 may 2024-cü il tarixində Quba şəhərində keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumu çərçivəsində imzalandığını bildirib.
İcra başçısı Azərbaycan–Özbəkistan xalqları arasında keçirilən forumların ölkələrimizin regionları arasında dostluq və qardaşlıq münasibətlərinin daha da zənginləşdirilməsi, sosial, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində mühüm rol oynadığını qeyd edib.
Faiq Qürbətov forum çərçivəsində Surxandərya vilayət hakiminin müavini Sherali Xolmaxamadoviç Jorayevlə və Surxandərya vilayətinin Termez şəhərinin icra başçısı (hakimi) Şarofiddin Usanoviç Lolayevlə görüşərək iki şəhər və region arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, eləcə də iqtisadi, sosial, mədəni və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22.08.2024-cü il tarixli, 3-29/3-2-545F/2024 nömrəli əmri ilə təsdiq ...
21/08/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 22.08.2024-cü il tarixli, 3-29/3-2-545F/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Əsasnaməsi”nin 5.5.4-cü bəndinə əsasən.

14/08/2026

Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma Naxçıvan Sənaye Parkı barədə məlumat verdi.

Bildirildi ki, bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.

Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir.

Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır.

Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb.

Xatırladaq ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.

Valideynlərin diqqətinə📢Hörmətli valideynlər, bildiyimiz kimi Nazirlər Kabinetinin 17 may 2022-ci il tarixli 96 nömrəli ...
09/08/2026

Valideynlərin diqqətinə📢

Hörmətli valideynlər, bildiyimiz kimi Nazirlər Kabinetinin 17 may 2022-ci il tarixli 96 nömrəli qərarına əsasən dövlət ümumtəhsil müəssisələrində vahid məktəbli forması tətbiq edilir. Məktəb pedaqoji şurasının qərarına əsasən məktəbimizin məktəbli forması dəyişməyib,tünd-göy rəngdədir. Valideynlərdən məsələyə ciddi yanaşaraq övladlarını həmin forma ilə təmin etmələri xahiş olunur. Fəqli forma ilə məktəbə gəlmək yolverilməzdir.



01/08/2026

Azərbaycan–Qırğızıstan əlaqələri: qardaşlığın və strateji əməkdaşlığın simvoludur.

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətləridir. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra siyasi, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirmişdir. Diplomatik münasibətlərin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zamanda qurulması ilə başlayan bu əməkdaşlıq bu gün Prezident Cənab İlham Əliyevin sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da möhkəmlənmişdir.

Son illərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında keçirilən qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. İki ölkə beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir, regional sabitlik və əməkdaşlıq naminə ortaq mövqe nümayiş etdirir.

Azərbaycan və Qırğızıstan arasında iqtisadi, nəqliyyat, turizm, elm və təhsil sahələrində əməkdaşlıq da sürətlə genişlənir. Universitetlər arasında imzalanan memorandumlar, tələbə və müəllim mübadiləsi proqramları, elmi layihələr və ortaq konfranslar iki ölkə arasında humanitar əlaqələrin daha da güclənməsinə xidmət edir. Xüsusilə Qırğızıstan–Türkiyə Manas Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıq türk dünyasının elmi inteqrasiyasına mühüm töhfə verir.

Azərbaycan–Qırğızıstan dostluğunun ən parlaq nümunələrindən biri Qarabağ bölgəsində inşa edilən Ayköl Manas adına tam orta məktəbdir. Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın dəstəyi ilə tikilən bu müasir məktəb yalnız təhsil ocağı deyil, həm də iki qardaş xalqın sarsılmaz dostluğunun və həmrəyliyinin rəmzidir. Məktəbin açılışı Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə həyata keçirilmişdir. Prezident İlham Əliyev çıxışında bu məktəbi Qırğızıstan xalqının Qarabağın dirçəlişinə verdiyi qardaşlıq töhfəsi kimi dəyərləndirmiş, Prezident Sadır Japarov isə məktəbin gələcək nəsillər arasında dostluq körpüsünə çevriləcəyini vurğulamışdır.

Bu gün Azərbaycan və Qırğızıstan münasibətləri yalnız dövlətlərarası əməkdaşlıqla məhdudlaşmır. Xalqlar arasında qarşılıqlı hörmət, etimad və ortaq milli-mənəvi dəyərlər bu əlaqələrin əsas dayağıdır. Qarabağda fəaliyyətə başlayan Ayköl Manas adına məktəb gələcək nəsillərə qardaşlıq, birlik və türk dünyasının həmrəyliyi ideyalarını aşılayacaq mühüm təhsil mərkəzi olacaq.

Nəticə etibarilə, Azərbaycan–Qırğızıstan münasibətləri türk dünyasının birliyini möhkəmləndirən uğurlu əməkdaşlıq modelidir. Qarşılıqlı siyasi iradə, iqtisadi və humanitar layihələr, xüsusilə Qarabağda inşa edilən Ayköl Manas adına məktəb bu dostluğun uzunmüddətli və möhkəm təməl üzərində qurulduğunu nümayiş etdirir. Gələcəkdə də bu münasibətlərin daha da inkişaf edəcəyi, hər iki xalqın rifahına və Türk dünyasının birliyinə mühüm töhfələr verəcəyi şübhə doğurmur.

31/07/2026

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi özündə mühüm məqamları, çağırışları ehtiva edir. Məqsəd latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam başa çatdırılması, ana dilimizin qorunması və inkişaf etdirilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi idi. Ümummilli Lider Heydər Əliyevin sözügedən Fərmanında qeyd edildiyi kimi, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq Qanunun qəbul olunması ilə nəticələndi.
Ötən əsrin 70-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirib. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər edib. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulayıb ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində, ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
Ümummilli Lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində atılmış böyük addımlardır.

23/07/2026

Azərbaycan milli mətbuatı zəngin inkişaf yolu keçib

Hər il iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu əlamətdar tarix milli mətbuatımızın yaranmasının, maarifçilik ənənələrinin yaşadılmasının və söz azadlığına verilən önəmin təcəssümüdür. Azərbaycan mətbuatı 150 ilə yaxın tarixi ərzində xalqın maariflənməsində, milli şüurun formalaşmasında, dövlətçilik ideyalarının təbliğində və milli maraqların müdafiəsində mühüm rol oynayıb.

Milli mətbuatımızın əsası 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan jurnalistikasının bünövrəsini yaradaraq milli düşüncənin inkişafına, ana dilinin qorunmasına və maarifçiliyin genişlənməsinə böyük töhfə verib.

Sonrakı dövrdə nəşr olunan “Ziya”, “Kəşkül”, “İrşad”, “Molla Nəsrəddin” və digər qəzet-jurnallar “Əkinçi”nin ideyalarını davam etdirərək cəmiyyətin tərəqqisinə xidmət ediblər. Bu nəşrlər cəhalətə, geriliyə və sosial ədalətsizliyə qarşı mübarizədə mühüm tribuna rolunu oynayıb, milli oyanış prosesini sürətləndiriblər.

Azərbaycan milli mətbuatı tarix boyu ölkənin ictimai-siyasi həyatında mühüm yer tutub. Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, milli mətbuatın inkişaf mərhələləri xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, milli mətbuat Azərbaycan cəmiyyətində azadlıq, demokratiya və dövlətçilik ideyalarının formalaşmasına mühüm təsir göstərib.

Müstəqillik illərində Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirildi, senzura ləğv olundu, medianın fəaliyyəti üçün hüquqi baza yaradıldı. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, media sahəsində müasir çağırışlara uyğun islahatlar həyata keçirilir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, mətbuat cəmiyyətin obyektiv məlumatlandırılmasında, milli maraqların qorunmasında və dövlətin informasiya siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Bu gün Azərbaycan mediası operativlik, peşəkarlıq və obyektivlik prinsiplərinə əsaslanaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına xidmət edir.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri informasiya cəbhəsində böyük peşəkarlıq nümayiş etdirərək ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırdılar. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı və regionda həyata keçirilən genişmiqyaslı layihələrin işıqlandırılmasında da milli medianın rolu xüsusi əhəmiyyət daşıyır.

Müasir dövrdə rəqəmsal media və internet jurnalistikası informasiya məkanının əsas istiqamətlərindən birinə çevrilib. Yeni texnologiyalar xəbərlərin daha operativ yayılmasına imkan yaratsa da, dezinformasiyaya qarşı mübarizə, peşə etikası, informasiya təhlükəsizliyi və milli maraqların qorunması jurnalistlərin əsas məsuliyyət sahələri olaraq qalır.

Milli mətbuatımızın zəngin ənənələri bu gün də uğurla davam etdirilir. Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik missiyası, obyektivlik, peşəkarlıq və vətənpərvərlik prinsipləri Azərbaycan mediasının fəaliyyətində yaşamaqdadır. Əminliklə demək olar ki, milli mətbuat bundan sonra da ölkəmizin inkişafına, cəmiyyətin maariflənməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfələr verməyə davam edəcək.

22/07/2026

Qətiyyətli siyasət yeni üfüqlərin qapısını açır

Prezident İlham Əliyev: Azərbaycan–Almaniya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur. Dövlət başçısı bəyanatında bildirib ki, səfər zamanı imzalanan sənədlər strateji tərəfdaşlığın möhkəmlənməsinə, siyasi dialoqun dərinləşməsinə və iqtisadi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək.

Prezident İlham Əliyev qeyd edib ki, imzalanmış Birgə Bəyannamə qarşılıqlı investisiyaların artırılması, biznes əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün əlverişli zəmin yaradacaq.

Dövlət başçısı vurğulayıb ki, hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir və bu göstəricinin yaxın illərdə daha da artacağı gözlənilir. Enerji sahəsində əməkdaşlığa toxunan Prezident bildirib ki, bu ildən etibarən Azərbaycan təbii qazı Almaniyaya ixrac olunur və ölkəmizin enerji resursları artıq Avropa İttifaqına üzv 10 dövlətə çatdırılır. Eyni zamanda, yaşıl enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Bəyanatda nəqliyyat və tranzit sahəsində əməkdaşlığın perspektivləri də xüsusi vurğulanıb. Prezident İlham Əliyev Azərbaycanın Orta Asiya ilə Avropa arasında etibarlı nəqliyyat körpüsünə çevrildiyini qeyd edərək, bu istiqamətdə Almaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün konkret fəaliyyət planlarının hazırlandığını bildirib. İmzalanmış sənədlərin icrası məqsədilə birgə işçi qruplarının yaradılacağı da diqqətə çatdırılıb.

Dövlət başçısı Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesinə də toxunaraq bildirib ki, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə uzun illər davam edən münaqişənin başa çatmasına mühüm töhfə verib. Prezident qeyd edib ki, Azərbaycan sülh razılaşmasından sonra praktiki addımlar ataraq regionda əməkdaşlığın genişlənməsinə, nəqliyyat əlaqələrinin inkişafına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən təşəbbüsləri ardıcıl şəkildə həyata keçirir.

Address

Xalxal
Oguz
AZ4812

Alerts

Be the first to know and let us send you an email when Oğuz rayon Yaşar Şəfiyev adına Xalxal kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Oğuz rayon Yaşar Şəfiyev adına Xalxal kənd tam orta məktəbi:

Shortcuts

Share

Category