14/08/2026
Naxçıvanın coğrafi mövqeyi onun enerji təminatına daim xüsusi yanaşmanı zəruri edib.
Naxçıvanın gələcək inkişafında enerji amili xüsusi strateji əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyevin bu günlərdə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində enerji təhlükəsizliyi məsələsinin xüsusi vurğulanması bunun təsadüfi olmadığını göstərir. Naxçıvanın coğrafi mövqeyi onun enerji təminatına daim xüsusi yanaşmanı zəruri edib. Bu baxımdan regionun dayanıqlı enerji sistemi ilə təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Naxçıvanda qazlaşmanın 100 faizə çatdırılması enerji təminatının əsas mərhələlərindən biri olmuşdur. İranla qaz mübadiləsi mexanizminin yaradılması isə Naxçıvanın qaz təminatının davamlılığına mühüm töhfə verib. Hazırda qarşıda duran əsas məqsəd yalnız enerji ehtiyaclarını ödəmək deyil, həm də Naxçıvanı enerji ixrac edən əraziyə çevirməkdir. Bu məqsədlə müxtəlif enerji mənbələrindən istifadə imkanları genişləndirilir. Naxçıvanın Günəş enerjisi potensialı bu strategiyanın əsas istiqamətlərindən biridir. Aparılmış təhlillər regionun Günəş elektrik enerjisi istehsalı üçün əlverişli olduğunu göstərir. Bu səbəbdən yüzlərlə meqavat gücündə yeni Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Təkcə Günəş enerjisi üzrə potensialın ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavat ola biləcəyi bildirilir. Bu göstəricilər Naxçıvanın enerji istehsalında əhəmiyyətli mərkəzə çevrilə biləcəyini göstərir. Bununla yanaşı, su elektrik enerjisi də regionun enerji balansında mühüm yer tutur. Ordubad rayonunun Tivi kəndində 15 meqavatdan artıq gücə malik su elektrik stansiyasının layihəsi bu baxımdan diqqət çəkir. Enerji istehsalının müxtəlif mənbələr üzrə bölüşdürülməsi sistemin dayanıqlığını artırır. Günəş və su enerjisindən istifadə Naxçıvanın yaşıl enerji zonası kimi inkişafını da sürətləndirə bilər. Bərpaolunan enerji mənbələrinin artması isə müasir enerji saxlanc texnologiyalarına ehtiyacı artırır. Bu məqsədlə Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması nəzərdə tutulur. Belə qurğular günəş və su elektrik stansiyalarından əldə edilən enerjinin daha səmərəli idarə olunmasına imkan verəcək. Enerji istehsalının artması təbii olaraq ixrac infrastrukturunun genişləndirilməsini də tələb edir. Hazırda Naxçıvandan Türkiyə və İrana elektrik enerjisi ötürmək imkanları mövcuddur. Gələcəkdə isə bu imkanların Avropa istiqamətində genişləndirilməsi nəzərdə tutulur. Bunun üçün ötürücü xətlərin gücünün artırılması vacib məsələlərdən biridir. Ermənistan ərazisindən keçməklə Naxçıvana elektrik xətlərinin çəkilməsi ideyası da regional enerji əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətlidir. Belə bir enerji dəhlizi Naxçıvanı Azərbaycanın əsas enerji sistemi ilə daha sıx əlaqələndirə bilər. Eyni zamanda, regionun enerji sistemlərinin qarşılıqlı əlaqəsi bütün Cənubi Qafqaz üçün əlavə dayanıqlıq yarada bilər. Qara dəniz enerji kabeli və digər regional enerji layihələri ilə əlaqələndikdə Naxçıvanın enerji potensialı daha geniş coğrafi əhəmiyyət qazana bilər. Beləliklə, Naxçıvanın enerji siyasətində əsas dəyişiklik istehlakçı mövqeyindən istehsalçı və ixracatçı mövqeyinə keçidin hədəflənməsidir.
İldırım Zeynallı;
Neftçala rayonu