26/05/2026
Poeziyanın işığında yanan bir yubiley.
25 may 2026-cı il tarixində Elşən Səfərov adına Çayrud kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan ədəbiyyatının qüdrətli siması, dahi şair, akademik, dramaturq və ədəbiyyatşünas Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Sözə, sənətə və milli-mənəvi dəyərlərə ehtiram ruhunda təşkil olunan bu tədbir məktəbdə əsl poeziya bayramına çevrildi.
Tədbirin təşkilatçısı məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, Azərbaycan dili və ədəbiyyat müəllimi Qədir Kərimov idi. Tədbirdə məktəbin direktoru cənab Eltay Almasov, təlim-tərbiyə işləri üzrə direktor müavini Elçin Mirzəyev, Azərbaycan dili və ədəbiyyat müəllimi Emil Qulamov, Çayrud kənd klubunun müdiri Sulduz Hüseynov, coğrafiya müəllimi Həmdulla Bayramov, fizika müəllimi Şahid Hümmətov, ingilis dili müəllimi Şəbnəm Bədəlova, kitabxanaçı Zəminə Əliyeva, həmçinin laborant və kompüter mütəxəssisləri iştirak edirdilər.
Qədir müəllim xüsusi əzmkarlıq və böyük məsuliyyət hissi ilə hazırladığı zəngin slayd təqdimatları vasitəsilə Səməd Vurğun poeziyasının dərin mənəvi-estetik dünyasına işıq saldı. Slaydlarda dahi şairin həyat yolu, yaradıcılığının əsas mərhələləri, Vətən, ana, insan və milli ruh haqqında yazdığı ölməz misralar xüsusi zövqlə nümayiş etdirildi. Təqdim olunan görüntülər və poetik parçalar tədbir iştirakçılarını sanki sözün sehrinə apararaq Səməd Vurğun sənətinin əzəmətini bir daha hiss etdirdi.Qədir müəllimin ədəbiyyata sevgisi, şair irsinə ehtiramı və gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq istəyi tədbirin hər anında aydın duyulurdu.
Tədbir boyunca şagirdlər Səməd Vurğun poeziyasından şeir-kompozisiyalar səsləndirdilər, dahi sənətkarın söz dünyasının ecazını iştirakçılara yaşatdılar. Xüsusilə “Vaqif” dramından Vaqiflə Qacarın dialoqunun səhnələşdirilməsi tədbirə xüsusi bədii ovqat bəxş etdi. Şagirdlərin ifasında səslənən misralar yalnız bir şairin deyil, bütöv bir xalqın ruhunu, tarixini və mənəviyyatını yaşadırdı.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Elçin Mirzəyev, Azərbaycan dili və ədəbiyyat müəllimi Emil Qulamov və Çayrud kənd klubunun müdiri Sulduz Hüseynov çıxış edərək Səməd Vurğun poeziyasının dərin estetikasından, onun milli düşüncəyə və gənc nəslin mənəvi tərbiyəsinə təsirindən danışdılar. Onlar belə tədbirlərin şagirdlərdə ədəbiyyata sevgi yaratdığını vurğulayaraq tədbirin təşkilatçısı Qədir müəllimə təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda məktəbin direktoru cənab Eltay Almasov Səməd Vurğunun yaradıcılıq uğurlarından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi ölməz əsərlərdən söhbət açdı. Direktor çıxışında qeyd etdi ki, Səməd Vurğunun poeziyası zaman keçdikcə daha da ucalır, xalqın yaddaşında milli ruhun əbədi səsinə çevrilir. O, tədbirin yüksək səviyyədə təşkilinə görə Qədir müəllimin zəhmətini xüsusi dəyərləndirdi.
Sonda tədbirdə fəal iştirak edən şagirdlər Diplomlarla təltif olundular. Bu yubiley tədbiri bir daha sübut etdi ki, böyük sənətkarların sözü zamanın sərhədlərini aşaraq yeni nəsillərin qəlbində yenidən doğulur. Çayrud məktəbində keçirilən bu tədbir isə poeziyaya, milli ədəbiyyata və mənəvi dəyərlərə göstərilən ehtiramın parlaq nümunəsi oldu.