09/12/2025
Məlum olduğu kimi Prezident İlham Əliyev Slovakiya Respublikasına rəsmi dövlət səfəri çərçivəsində mühüm görüşlər keçirir. Dövlət başçısının bu səfəri Azərbaycan-Slovakiya münasibətlərinin yeni mərhələyə keçməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində Prezident İlham Əliyev dekabrın 8-də Slovakiyanın Prezidenti Peter Pelleqrini ilə görüşüb. Təkbətək və geniş tərkibdə aparılan danışıqlarda xüsusilə neft və enerji resurslarının ixracı, enerji təhlükəsizliyi üzrə gələcək əməkdaşlıq istiqamətləri, həmçinin hərbi və hərbi-texniki sahədə tərəfdaşlığın gücləndirilməsi gündəmin əsas mövzuları sırasında yer alıb.
Prezidentlər Azərbaycan-Slovakiya əlaqələrinin dostluq və etimad üzərində qurulduğunu, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin isə münasibətləri ən yüksək səviyyəyə qaldırdığını vurğulayıblar. Slovakiya Prezidenti bu səfəri Azərbaycan Prezidentinin ölkəsinə ilk rəsmi səfəri kimi tarixi hadisə adlandırıb.
Səfər çərçivəsində İlham Əliyev həmçinin Slovakiya Milli Şurasının sədri ilə görüş keçirib. Parlamentlərarası münasibətlər, qanunvericilik sahəsində əməkdaşlıq və iki ölkənin siyasi dialoqunun institusional səviyyədə dərinləşdirilməsi müzakirə olunub.