10/03/2026
Beynəlxalq Qadınlar Günü olan 8 Mart dünyada qadınların hüquqlarının, onların cəmiyyətin inkişafında oynadığı mühüm rolun və qazandıqları nailiyyətlərin qeyd olunduğu əlamətdar günlərdən biridir. Azərbaycan qadınları da tarix boyu öz zəhməti, müdrikliyi və fədakarlığı ilə xalqımızın həyatında mühüm rol oynamışdır. Qədim dövrlərdən başlayaraq Azərbaycan qadını həm ailənin dayağı, həm də cəmiyyətin inkişafına töhfə verən güclü şəxsiyyət kimi tanınmışdır. Azərbaycan xalq ədəbiyyatının qədim abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadınların igidliyi, mübarizliyi və müdrikliyi xüsusi olaraq təsvir edilir. Tariximizdə Möminə Xatun, Sara Xatun, Tomris, Nüşabə kimi qadınlar öz qəhrəmanlıqları və liderlik xüsusiyyətləri ilə yadda qalmışlar.
Azərbaycan qadınlarının cəmiyyətdəki mövqeyinin güclənməsində mühüm mərhələlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövrü olmuşdur. Məhz həmin dövrdə Şərqdə ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verilmişdir. Bu tarixi qərar Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəal iştirak etməsinə geniş imkan yaratmışdır. Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, parlamentdə, elm və təhsil sahəsində, mədəniyyətdə, idmanda və iqtisadiyyatın müxtəlif sahələrində böyük uğurlar qazanırlar.
Müstəqillik illərində ölkəmizdə qadın siyasətinin inkişafında Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Ulu Öndər qadınların dövlət idarəçiliyində və cəmiyyət həyatında fəal iştirakını daim dəstəkləmiş, onların hüquqlarının qorunması üçün mühüm addımlar atmışdır. Bu siyasət bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması və qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində mühüm layihələr və proqramlar həyata keçirilir.
Bu gün Azərbaycan qadını həm ailədə, həm də cəmiyyətdə böyük məsuliyyət daşıyır. O, ana kimi gələcək nəslin tərbiyəsində mühüm rol oynayır, müəllim, həkim, alim, dövlət qulluqçusu və digər peşələrdə çalışaraq ölkənin inkişafına töhfə verir. Azərbaycan qadınının zəhməti, sədaqəti və vətənpərvərliyi cəmiyyətimizin güclənməsinə xidmət edir. Məhz buna görə də 8 Mart yalnız bir bayram deyil, həm də qadınlara göstərilən hörmət və ehtiramın ifadəsidir. Bu əlamətdar gün münasibətilə bütün qadınları təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayırıq.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəzadə Nail.