03/10/2023
27 il erməni işğalı altında qalmış Zəngilanın 3 il sonra beynəlxalq tədbirə ev sahibliyi etməsi bu günlərdə Azərbaycan tarixində ən qürurverici və şanlı səhifələrdən birinə çevrildi. Bu baxımdan 2023-cü il 29 sentyabrda BMT-nin Məskunlaşma Proqramının ( UN – Habitat ) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun açılışı və Forumda prezident İlham Əliyevin çıxışı bütün dünyaya səs saldı. Prezident qürurla qeyd etdi ki, Zəngilanda müasir texnologiyalar, “ağıllı şəhər “ və “ ağıllı kənd “lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir. Zəngilanın Ağalı kəndi, azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdır. Prezident Zəngilanda Beynəlxalq Hava Limanının və Horadiz-Zəngilan dəmir yolunun inşası haqqında söhbət açdı. Horadiz-Zəngilan dəmir yolu Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar. Prezident çıxışında bir daha qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqların qeyd şərtsiz və tam azad olunmasını tələb edən 4 qətnaməsini yerinə yetirmək üçün 44 günlük vətən müharibəsi qaçılmaz oldu.
2020-ci il noyabrın 8-də Şuşa ordumuz tərəfindən azad olundu. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu.
Prezident çıxışında bildirirdi ki, aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik. Prezident İlham Əliyev çıxışında bir daha qeyd edirdi ki, 20 sentyabrda keçirilən 24 saatlıq antiterror tədbirlərindən danışıb, bildirdi ki, bu gün Azərbaycan artıq suveren hüquqlarını tam bərpa etmişdir.
Bəli, bu gün Qarabağdan getmək istəyən ermənilər üçün Qarabağın qapıları, qalmaq istəyənlər üçün isə sülh şəraitində yaşayıb, Azərbaycan vətəndaşı kimi bütün vətəndaş hüquqlarından istifadə etmək üçün fürsət pəncərəsi açıqdır.