Home
>
Azerbaijan >
Lankaran >
Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəb
Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəb
Share
Elə bir müəllim ol ki, övladlarına da özün kimi müəllimin qismət olmasını arzu edə biləsən. Fəaliyyət göstərdiyi 1922-ci ildə məktəbə 20 nəfər cəlb olunmuşdur.
Təhsil inqilaba qədər fərdi xarakter daşımış, mollaxana və mədrəsələr fəaliyyət göstərmişdir. Nəcəfül-Əşrəfdə, Məsmeyi-Qumda, Xorasanda və digər dini mərkəzlərdə təhsil almış axund və mollalar burada dərs demiş, ərəb və fars dillərində yazıb oxumağı öyrətmişlər. Mollaxana və mədrəsələrdə dərs deyənlər arasında axund Kerbelayi Mirməhərrəm Aqa Dadaşov, molla Kərim, molla Rəhman, oğlu axund Məhəmmədh
üseyn Adıgözəlov, axund Həmid Rzayev, axund Ağaxan Hüseynov və başqalarının adı bu gün də yaşlı nəslin dilindən düşmür. Sən demə, qəzanın bir çox yaşayış məntəqələrində olduğu kimi, Boladi kəndində də elmə və təhsilə tarixən maraq olub. İnqilaba qədər kəndin molloba məhəlləsindəki məsciddə mədrəsə fəaliyyət göstərmişdir. Nəcəfül – Əşrəfdə, Məsmeyi – Qumda, Xorasanda və digər dini mərkəzlərində təhsil almış axund və mollalar burada dərs demiş, uşaqlara ərəb və fars dillərində yazıb – oxumağı öyrətmişlər.1920 – ci ildə Kor mollanın dərs dediyi mədrəsədə 12 uşağın, o cümlədən 4 qızın oxuduğunu söyləyənlər vardır. Kərbalayı Həmid Rzayev axundluq etdiyi molloba məscidindəki mədrəsədə dərs demişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Boladi kəndində yeni tipli məktəbin açılmasına təşəbbüs göstərilmişdir. 1921-ci ildə təşkil olunmuş savad kursua evdar qadınlar da cəlb edilmişlər. Bu dövrdə kəndin ayrı – ayrı məhəllələrində savad kursları təşkil olunmuş, burada oxuyanlara "Zərbəçi maarifçinin kitabçası" vəsiqəsi verilmişdir. Onların arasında Musaxan Ağayev, Əliabbas Rzayev, Əsgər Qəniyev, Kərəm Rzayev, Ağababa Nəsirov, İslam Əhmədov, Güllaba Quliyev və başqaları olmuşlar. Qonşu Separadi , Zövlə , Sağlaser , Cil , Vilvan və digər kəndlərdən də məktəbə təhsil almağa gəlirdilər. Lənkəran qəzasında , o cümlədən Boladi kəndində 8 – 12 yaşlı uşaqların tamamilə məktəbə cəlb etdirmək günün ən vacib məsələsinə çevrilmişdir. Professor Z. Budaqova yazır ki, 1929-cu ildən latın əlifbasına keçən talışlar ibtidai hazırliq siniflərində, həmçinin texnikumların birinci və ikinci kurslarında öz ana dillərində oxumuşlar.M.Nəsirli və Ş.Mürsəlovun 1929-cu ildə çap olunmuş " Səvodin bibən " ( Savadlı olun – red. ) talış dili dərsliyindən Boladi kənd məktəbində " Əlifba " kimi istifadə edilmişdir. Savadsızlığa qarşı aparılan mübarizə öz səmərəsini vermişdir. Məktəblərin ayrı-ayrı məhəllələrdə pərakəndə halda fəaliyyət göstərməsi kənd ziyalılarını az narahat etmirdi.Təşəbbüs rayon rəhbərliyi tərəfindən razılıqla qarşılanmış və 1937-ci ilin noyabr ayında kənddə ikimərtəbəli , 20 sinif otağından ibarət , orta təhsil verən yeni məktəb binası istifadəyə verilmişdir.Məktəbin tikintisində kolxozun sədri Əbdül Kəlbiyevin xidmətləri vardır. Məktəbin ilk müdiri Böyükağa Talışxanovdur. O, 1922 – 1928 –ci illərdə məktəbə rəhbərlik etmişdir.Yaqub Axundov ( 1928-1931), Abdulla Quliyev ( 1932-1937), Məmməd Kərimov ( 1937-1941 , 1950-1978 ), Möhsün Dadaşov ( 1941-1943), Abdulla İbadov ( 1943-1944 ),Şükür Hüseynov ( 1944-1949), Vəliağa Əligülov ( 1978-1982), Həmid Hüseynov ( 1983-19930, Ramazan Quliyev ( 1993-cü ildən ) müxtəlif illərdə məktəbin direktoru işləmişlər. Bu təhsil ocağı 1922-1934-cü illərdə ibtidai, 1934-1938-ci illərdə əsas məktəb kimi fəaliyyət göstərmiş, 1938-ci ildə orta məktəbə çevrilmişdir. Bu dövrdə məktəbin direktoru Məmməd Kərimov, dərs hissə müdiri Ağa Quliyev olmuşdur. Əli Nəzərov tarix , Oruc Əliyev ədəbiyyat, Yevdakiya Serafimovna rus dili, Şirəli Babazadə coğrafiya, Tağı Dadaşov kimya, Xudaqulu Kəlbiyev hesab fənnindən dərs deyirdilər. Hümmət Nəhmətov sinif müəllimi idi. Ayrı-ayrı məhəllələrdə olan ibtidai məktəblər 1948-ci ildə kəndin mərkəzindəki orta məktəblə birləşdirilmişdir. 50-ci illərin əvvələrində kənd orta məktəbində ədəbiyyatı Gülağa Paşayev, Həmzə Səfərov, riyaziyyatı Rəhim Cavadov, fizikanı Həmid Hüseynov, kimyanı Mirzə İbadov, İngilis dilini Adil Axundov, Bahadir Şərifov , biologiyanı Yusif Rəsulov , Cabir Tahirov , rus dilini Nina , Alla və Nadejda , coğrafiyanı Şəfiqə Axundova , tarixi Zakir Axundov tədris edir, Teyyubə Axundova , Fəxri Heydərova , Bəhriyyə Abdullayeva , Rumiyyə Dadaşova ibtidai siniflərdə dərs deyirdilər. Boladi kəndində ilk ali təhsilli müəllim Məmməd Kərimov olmuşdur. O, coğrafiya fənnindən dərs demişdir. Bu gün Azərbaycan təhsilində qlobal dəyişikliklər, yeniləşmə prosesi gedir. Demək müstəqil Azərbaycanın gələcəyi ,milli müstəqilliyimizin taleyi təhsilə qayğıdan, gələcək nəslin necə öyrədilməsindən, daha doğrusu, təhsilimizin uğurlarından cox şey asılıdır.Bu gün təhsil sisteminin başlıca vəzifəsi dərin, hərtərəfli biliyə ,bacarığa , praktik vərdişlərə , yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik şəxsiyyət yetişdirməkdən ibarətdir. Məktəb qarşısında duran başlıca vəzifəsi " 2000-2006-ci illərdə Azərbaycan Respublikasının Təhsil Sistemində Tərbiyə İşinin İnkişaf Proqramı"nda öz əksini tapmışdir. Boladi məktəbi öz ənənəsi olan ümumtəhsil ocaqlarımızdandır və Lənkəranın məktəb tarixində özünəməxsus yer tutur. Xüsusilə 70-ci illərdən başlayaraq rayonun digər məktəblərində olduğu kimi, burada da məktəbin texniki və elmi-metodiki vasitələrlə təminatı yaxşılaşmışdır. Məktəbin həmin illərdə kabinet sisteminə keçməsi şagirdlərin bilik səviyyəsinin və dünyagörüşünün artmasında , texniki və əyani vəsaitlərdən istifadə etmək sahəsində müəyyən bacarıq və vərdişlərə yiyələnməsində rol oynamışdır.Təsadüfi deyildir ki, o vaxtlar məktəbin fizika və kimya müəllimlərinin iş təcrübəsi respublika məktəblərində yayılmışdı.Qabaqcıl təcrübənin ümumiləşdirilib yayılması sahəsində az iş görülməmişdir. Belələrinin əməyi o dövrün hökümət təltiflərilə qeyd edilmişdir. Fizika müəllimi Əliməmməd Ağayevin Respublikanın Əməkdar müəllimi adına layiq görülməsi təkcə məktəb kollrktivinə deyil , həm də rayon təhsilinə verilən qiymət idi. Bütün bunlar müəllim əməyinə , müəllim şəxsiyyətinə sonsuz etiramın və qayğının təzahürüdür. Əgər 1970-ci ildə məktəbdə 1017 şagird oxuyurdusa , 2005-ci idə onların sayı 1283 nəfər olmuşdur. 1970-ci ildə məktəbdə 16 ali təhsilli müəllim vardı. İndi isə 70 ali təhsilli müəllim dərs deyir. Hamısı da elmin sirlərinə vaxtı ilə bu məktəbdə yiyələnmişdir. Son 30 ildə məktəbdə dərs deyən müəllimlərin sayı 3 dəfədən çox artmışdır. Boladi kəndində ilk məktəbin fəaliyyətə başladığı gündən 80 il keçir. Məktəb 1992-ci ildən I saylı məktəb kimi fəaliyyət göstərir. Həmin ilin oktyabr ayında məktəbə Qarabağ döyüşlərinin qəhrəmanı Nahir Axundovun adı verilmişdir. Ötən 80 il ərzində məktəbi 5400-dən çox şagird bitirmişdir.
29/04/2026
Bu gün, məktəbimizin məzunu şəhid Heydərov Vüqar Rəfail oğlunun doğum günüdür.
Vüqar Heydərov 1988-ci il 29 aprel tarixində Lənkəran rayonunun Boladi kəndində ziyalı ailəsində anadan olub.
2002-ci ildə Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəbinin lX sinfini bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2005-ci ildə hərbi liseyi bitirib və həmin ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olunub. 2009-cu ildə ali hərbi məktəbi bitirdikdən sonra 1 il təlim-tədris mərkəzində hərbi xidmət keçib. 2010-cu il iyulun 22-dən şəhadətə yüksəldiyi anadək Naxçıvan Muxtar Respublikasında yerləşən müxtəlif hərbi hissələrdə zabit olaraq çalışıb.
Mayor Vüqar Heydərov 2023-cü il 20 sentyabr tarixində Antiterror əməliyyatı zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. O, 21 sentyabr tarixində Boladi kənd qəbiristanlığında dəfn edilib.
Ailəli idi. Vətənə 2 oğul övladı – Yüsif və Mehdi əmanət qalıblar.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.
27/04/2026
27.04.2026-cı il tarixində məktəbin VIA sinfində (sinif rəhbəri Elmir Cavadov) növbəti valideyn iclası keçirildi.
İclas zamanı şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələri valideynlərin diqqətinə çatdırıldı, onların təlim göstəriciləri ətraflı müzakirə olundu. Eyni zamanda məktəbdə təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi vurğulandı və qarşıdan gələn monitorinq prosesinə hazırlıq məsələləri barədə valideynlərlə fikir mübadiləsi aparıldı.
Valideynlərə tövsiyələr verildi, onların sualları cavablandırıldı və şagirdlərin daha yaxşı nəticələr əldə etməsi üçün məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti qeyd olundu.
27/04/2026
25/04/2026
25.04.2026-cı il tarixində fizika və coğrafiya aylığı çərçivəsində məktəbimizin bir qrup müəllim və şagird heyəti Milli Hidrometerologiya Xidmətinin Cənub Regional Hidrometerologiya Mərkəzində oldu. Mərkəz əməkdaşları tərəfindən şagirdlərimiz hidrometeroloji vasitələrlə yaxından tanış oldular. Şagirdlər Lənkəran regional hidrometroloji mərkəzdəki metroloji meydançada olan avadanlıqlarla tanış oldular.Hava üzərində aparılan müşahidələr haqqında geniş və maraqlı məlumat əldə etdilər.
Yaradılan şərait üçün mərkəzin əməkdaşlarına təşəkkür edirik.
24/04/2026
24.04.2026-cı il tarixində məktəbin psixoloqu Kəmalə Səfərova tərəfindən Xa sinfində "Rəqəmsal təhlükəsizlik və uşaqların online mühitdə qorunması" mövzusunda psixomaarifləndirici tədbir keçirildi. Tədbir slayd üzərindən qarşılıqlı müzakirə formasında davam etdi.
24/04/2026
23/04/2026
23.04.2026-cı il tarixində məktəbin 3a sinfində (sinif rəhbəri Gülnarə İsmayılova) növbəti valideyn iclası keçirildi. İclasda aşağıdakı məsələlər müzakirə olundu:
Şagirdlərin məktəbdaxili qiymətləndirmənin nəticələri təhlil edildi, zəif və yüksək nəticə göstərən şagirdlər barədə valideynlərə ətraflı məlumat verildi.
Şagirdlərin davranış qaydalarına riayət etməsi, sinifdaxili nizam-intizam məsələləri diqqətə çatdırıldı.
Verilən tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsinin vacibliyi vurğulandı.
Qarşıdan gələn summativ qiymətləndirmələr və onların təşkili barədə məlumat verildi.
Şagirdlərin dərsdənkənar fəaliyyətlərə cəlb olunması və onların inkişafına dəstək məsələləri müzakirə edildi.
Valideyn-məktəb əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti qeyd olundu.
İclasın sonunda valideynlərin sualları cavablandırıldı və gələcəkdə görüləcək işlər barədə razılığa gəlindi.
22/04/2026
Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsinin l mərhələsini uğurla keçərək finalda iştirak hüququ qazanan şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
Müsabiqənin finalına keçə bilməyən şagirdlərimizə isə bildiririk ki, Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi kimi nüfuzlu bir müsabiqədə iştirak etmək özü böyük nailiyyətdir. Finala keçə bilməmək heç də məğlubiyyət deyil — bu, sadəcə uğura gedən yolda bir mərhələdir.
Unutmayın ki, hər böyük uğurun arxasında çoxsaylı cəhdlər, səhvlər və öyrənilən dərslər dayanır. Bu gün əldə etdiyiniz təcrübə sabah sizi daha güclü edəcək. Ən önəmlisi isə odur ki, siz öyrənməkdən, düşünməkdən və inkişaf etməkdən vaz keçmədiniz.
İnanırıq ki, növbəti yarışlarda daha böyük uğurlar qazanacaqsınız.
Müsabiqənin l turunu uğurla keçən şagirdlərimizin müəllimlərinə təşəkkür edirik.
Finala çıxanlar:
Əkbərov Lətifşah Araz oğlu 94 bal
Qasımov Yunus Emil oğlu 82 bal
Səfərzadə Mədinə Elmar 60 bal
21/04/2026
21 aprel Beynəlxalq İnnovasiya günü ilə əlaqədar məktəbin bir qrup müəllim və şagird heyəti Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan infoturda iştirak etdi.
Yaradılan şərait üçün mərkəzin rəhbərliyinə təşəkkür edirik.
21/04/2026
21.04.2026-cı il tarixində məktəbin psixoloqu Kəmalə Səfərova tərəfindən VII b sinfində "Bullinq, onun növləri" mövzusunda psixomaarifləndirici tədbir keçirildi. Uşaqlarla birgə mövzuya uyğun keyzlər analiz edildi.
Tədbir qarşılıqlı müzakirə formasında davam etdi.
21/04/2026
Məktəbin IV b sinfində ‘Həyat bilgisi’ dərsi çərçivəsində sinif müəllimi Afiqə İbadova tərəfindən şagirdlərə ilkin tibbi yardım qaydaları haqqında maarifləndirici dərs keçirildi. Dərs zamanı şagirdlərə müxtəlif fövqəladə hallarda düzgün davranış qaydaları izah olundu, ilkin tibbi yardımın əhəmiyyəti vurğulandı. Praktiki nümunələr və izahlar vasitəsilə şagirdlərin mövzuya marağı artırıldı və onların bu sahədə biliklərinin formalaşdırılmasına şərait yaradıldı.
Maraqlı dərs üçün Afiqə İbadovaya təşəkkür edirik.
20/04/2026
21 aprel Beynəlxalq Yaradıcılıq və İnnovasiya günü münasibəti ilə məktəbimizin innovativ yarışmalarda iştirak edən komandası Lənkəran Regional Asan xidmət mərkəzinin qonağı oldu.