13/11/2023
Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur.
Hamımıza məlumdur ki, Vətən müharibəsində Azərbaycanın igid oğulları böyük qəhrəmanlıq və şücayət göstərərək 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdilər. Onlar Azərbaycanın musiqi və mədəniyyət beşiyimiz sayılan, Xan qızı Natəvanın vətəni olan gözəl Şuşamızı heç bir silah, hərbi texnika işlətmədən azad etdilər. Onlar bütün dünyaya Azərbaycan dövlətinin gücünü, ordumuzun məğlubedilməzliyini nümayiş etdirdilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Qarabağ Azərbaycandır”-sözlərini birdəfəlik yaddaşlara həkk etdilər. Şuşa döyüşü haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır”.
İstər 44 Günlük Vətən Müharibəsi dövründə, istərsə də müharibə başa çatdıqdan sonra ölkə prezidenti İlham Əliyevin məqsədyönlü və sistemli siyasəti nəticəsində informasiya müharibəsində də dövlətimiz beynəlxalq arenada öz sözünü ləyaqətlə deyə bildi. Dünya miqyasında Azərbaycanın ərazi bütövlüyünün tanınmasına nail oldu.
Fərrux əməliyyatı, Sarıbaba və Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu öz strateji mövqeylərini daha da möhkəmləndirməyə nail oldular. Onlar Ermənistana mesaj göndərdilər ki, bizi heç nə və heç kim öz yolumuzdan dayandıra bilməz. Onlar Qarabağda olan silahlı birləşmələri bizim torpaqlarımızdan çıxarmalıdırlar. Laçın-Xankəndi yolu ilə Qarabağda olan separatçı qüvvələrə silah sursat göndərən Ermənistan hökuməti müharibə başa çatdıqdan sonra da öz məkrli planlarından əl çəkməyərək Qarabağda qanunsuz erməni separatçılarını silahlandırmaqda davam edirdilər.
Azərbaycanın müzəffər ordusu bu ilin aprelin ayının 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdi və sentyabrın 20-də isə dövlət suverenliyini tam bərpa etdi.
Azərbaycan ordusu sentyabr ayında həyata keçirilmiş “Antiterror əməliyyatı” zamanı 1 gün ərzində peşəkarlıq və qəhrəmanlıq nümunəsi göstərərək çox qısa vaxt ərzində bütün strateji yerləri ələ keçiriərək düşməni təslim olmağa məcbur etdi. Qarabağda fəaliyyət göstərən qondarma, qanunsuz rejimin fəaliyyətinə xitam verildi. Azərbaycan dövləti tarixi ədaləti bərpa etdi.
Azərbaycan ordusu oktyabrın 15 -də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndində hər bir azərbaycanlının qürur mənbəyi olan üçrəngli bayrağımızı böyük fəxarətlə dalğalandırdılar. Xankəndində Azərbaycanın üçrəngli bayrağının dalğalanması hər bir Azərbaycan vətəndaşı üçün qürurverici bir hadisədir.
İlham Əliyev 8 noyabr Zəfər Günü ilə bağlı Xankəndində keçirilmiş hərbi Paradda çıxışı zamanı demişdir: “ Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə tam nəzarət edir və bunun səbəbkarları bu gün bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı və canı bahasına biz bu qələbəni əldə etmişik”.
Doğrudanda biz bu gün fəxrlə deyirik: Xocalı bizimdir, Ağdərə bizimdir, Xankəndi bizimdir.
Günel Bilalova,
Q.Sadıqov adına Mollakənd kənd
tam orta məktəbin tarix müəllimi