12/06/2026
𝐒̧𝐮𝐬̧𝐚 𝐁ə𝐲𝐚𝐧𝐧𝐚𝐦ə𝐬𝐢 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐢𝐥ə 𝐓𝐮̈𝐫𝐤𝐢𝐲ə𝐧𝐢𝐧 𝐪𝐚𝐫𝐝𝐚𝐬̧𝐥ı𝐠̆ı𝐧ı 𝐛𝐮̈𝐭𝐮̈𝐧 𝐝𝐮̈𝐧𝐲𝐚𝐲𝐚 𝐛𝐢𝐥𝐝𝐢𝐫ə𝐧 𝐛𝐢𝐫 𝐦𝐞𝐬𝐚𝐣𝐝ı𝐫
2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki qardaş ölkə arasındakı tarixi əlaqələri rəsmən ən yüksək — strateji müttəfiqlik mərhələsinə ucaltdı. Özündə çox dərin rəmzi mənalar daşıyan bu sənəd, düz yüz il əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edərək keçmişlə gələcək arasında sarsılmaz bir körpü yaratdı. Bəyannamənin fəlsəfəsi və daxili mahiyyəti xalqlarımızın böyük öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarına əsaslanır. Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki dövlət əcdadların vəsiyyətinə sadiqliyini bütün dünyaya nümayiş etdirməklə yanaşı, gələcək nəsillərin bərabər addımlayacağı fəaliyyət xəttini və strateji yol xəritəsini müəyyənləşdirdi.
Bu tarixi sənəd sadəcə ikitərəfli müqavilə olmaqdan sökülüb, bütün dünyaya ötürülən çox güclü geostrateji mesaj xarakteri daşıyır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbədən sonra regionda formalaşan yeni reallıqların fonunda imzalanan bu sənəd Ermənistandakı revanşist qüvvələrə və onların himayədarlarına mühüm bir ismarışdır. Bəyannamə ilə Türkiyə Respublikası açıq şəkildə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və ya dövlət sərhədlərinə hər hansı təhdidin yaranması halında, öz ordusu və bütün imkanları ilə qardaş ölkənin yanında yer alacaqdır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin sənəddə rəsmən əks olunması hər iki dövlətin hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edən tarixi bir nailiyyətdir. Sənəd çərçivəsində iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və birlikdə fəaliyyət qabiliyyətinin artırılması nəzərdə tutulur. Xüsusilə İkinci Qarabağ müharibəsində böyük rəşadət göstərmiş pilotsuz uçuş aparatlarının və müasir hərbi texnologiyaların idarə olunmasında, eləcə də birgə istehsal prosesində Azərbaycanın mühüm bir sənaye və istehsal mərkəzi kimi inkişaf etdirilməsi hədəflənir.
Şuşa Bəyannaməsi siyasətdən iqtisadiyyata, enerjidən nəqliyyata, mədəniyyətdən təhsilə qədər həyatın bütün strateji sahələrini əhatə edən kəsintisiz bir işbirliyinin təminatıdır. Xarici siyasət müstəvisində tərəflərin öz milli maraqlarına uyğun müstəqil xətt yürütməklə bərabər, regional və qlobal miqyasda təhlükəsizlik məsələlərinin həlli üçün birgə səylər göstərməsi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əlaqələndirilməsi sənədin əsas sütunlarındandır. Eyni zamanda, iqtisadi müstəvidə ixracın və daxili bazarların şaxələndirilməsi, qarşılıqlı surətdə strateji investisiya qoyuluşlarının həyata keçirilməsi hər iki dövlətin iqtisadi qüdrətini maksimum dərəcədə artırır. Vətən müharibəsində olduğu kimi, bu gün işğaldan azad edilmiş ərazilərin sürətlə yenidən qurulması, bərpası prosesində də iki ölkə çiyin-çiyinə fəaliyyət göstərir və bu tərəfdaşlıq Şuşa ilə yanaşı ətraf bölgələrin də beynəlxalq turizm, investisiya potensialını sürətlə aktivləşdirir.
Bəyannamədə yer alan ən strateji iqtisadi və nəqliyyat bəndlərindən biri də regionda tamamilə yeni geosiyasi nəfəs yaradan Zəngəzur dəhlizidir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı qlobal ticarət əlaqələrini genişləndirməklə yanaşı, türk dünyasının coğrafi inteqrasiyasını da dərinləşdirir. Orta Dəhlizin mühüm tərkib hissəsi olaraq uğurla reallaşdırılan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat-blokada statusunu tamamilə qıraraq onun iqtisadi potensialını zirvəyə daşıyır. Bu qlobal dəmir yolu şəbəkəsi Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə sıx şəkildə birləşdirir və Bakı-Tbilisi-Qars xətti ilə inteqrasiya olunaraq Şərqlə Qərb arasında ən əlverişli tranzit marşrutunu formalaşdırır.
İqtisadi və hərbi uğurlarla yanaşı, sənəd beynəlxalq arenada daha çevik fəaliyyət göstərmək üçün xaricdəki Azərbaycan və türk diasporlarının parametrlər üzrə birgə addımlamasını, media platforması vasitəsilə informasiya, kommunikasiya və diplomatiya sahələrində vahid strateji qərarların qəbul edilməsini zəruri edir.
Milli Qurtuluş Günü ilə eyni tarixə təsadüf edən Şuşa Bəyannaməsinin imzalanmasından sonra, hər il iyunun 15-də Şuşa şəhərində ənənəvi olaraq qlobal əhəmiyyətli beynəlxalq konfransların keçirilməsi mühüm bir ənənəyə çevrilmişdir. Belə ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci il iyunun 15-də sənədin birinci ildönümünə həsr olunmuş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı konfrans baş tutmuşdur. Növbəti il, 2023-cü il iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində “Qurtuluşdan Zəfərə” mövzusunda möhtəşəm tədbir keçirilmiş, 2024-cü ildə isə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” adlı beynəlxalq konfrans regionun gələcək hədəflərini müəyyən etmişdir. Nəhayət, 2025-ci il iyunun 15-də Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” adlı beynəlxalq konfrans göstərdi ki, Şuşa artıq sadəcə mədəniyyət mərkəzi deyil, həm də qlobal çağırışların müzakirə olunduğu strateji bir məkandır. Azərbaycan ilə Türkiyə arasındakı bu sarsılmaz və çoxtərəfli müttəfiqlik əlaqələri keyfiyyətcə ən uca zirvədə olmaqla, regional inteqrasiyanın, əhatəli sülhün və tərəqqinin ən etibarlı təminatçısı rolunu oynayır.