Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb

Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb

Share

Gədəbəy rayon Nizami Gəncəvi adına Kiçik Qaramurad kənd tam orta ümumtəhsil məktəbi.

Photos from Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb 's post 18/03/2026

Məktəbimizin ibtidai sinif şagirdləri ilə “Oxu dəqiqələri” təşkil olundu. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, onların oxu bacarıqlarının inkişaf etdirilməsi və kitaba olan marağın artırılması idi. Şagirdlər müxtəlif mövzularda kitablar oxuyaraq öz fikirlərini bölüşdülər, müzakirələr apardılar və oxuduqları mətnlər haqqında təəssüratlarını ifadə etdilər. Bu cür fəaliyyətlər onların söz ehtiyatının zənginləşməsinə, nitq qabiliyyətlərinin inkişafına və dünyagörüşlərinin genişlənməsinə müsbət təsir göstərir.

Photos from Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb 's post 17/03/2026

Məktəbimizdə mart ayı ərzində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə şahmat yarışları təşkil olundu.
Yarışlarda müxtəlif siniflərdən olan şagirdlər böyük həvəslə iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Şahmatın inkişaf etdirici rolu nəzərə alınaraq, bu cür tədbirlərin keçirilməsi şagirdlərin məntiqi təfəkkürünün, diqqətinin və strateji düşünmə qabiliyyətinin formalaşmasına müsbət təsir göstərir.
Yarışın sonunda qalib şagirdlər müəyyən edilərək təltif olundular. Bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Photos from Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb 's post 17/03/2026

Riyaziyyat fənnindən 7-ci sinifdə dərsdinləmə təşkil olundu. Dərs Əliyeva Təranə tərəfindən yüksək səviyyədə aparıldı.
Mövzu: Bir dəyişənli xətti tənliklər və onların qrafiki.
Dərs prosesində müəllim tərəfindən mövzu ətraflı və anlaşıqlı şəkildə izah olundu, şagirdlərin mövzunu daha yaxşı qavraması üçün müxtəlif üsul və vasitələrdən istifadə edildi. Xətti tənliklərin həlli qaydaları izah edildi, onların koordinat müstəvisində qrafikinin qurulması addım-addım göstərildi.
Şagirdlər dərs boyu fəal iştirak edərək verilən sualları cavablandırdılar, tapşırıqları yerinə yetirdilər və qrafiklərin qurulmasında öz bacarıqlarını nümayiş etdirdilər. Fərdi və qrup işi formasında təşkil olunan fəaliyyətlər şagirdlərin əməkdaşlıq və məntiqi düşünmə bacarıqlarının inkişafına müsbət təsir göstərdi.
Dərsin sonunda mövzu üzrə ümumiləşdirmə aparıldı, şagirdlərin bilikləri qiymətləndirildi. Ümumilikdə dərs səmərəli, maraqlı və yüksək təşkilatçılıq səviyyəsində keçdi.

Photos from Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb 's post 16/03/2026

Məktəbimizdə xalqımızın qədim və zəngin ənənələrini yaşadan Novruz bayramı münasibətilə rəngarəng bayram şənliyi təşkil olundu. Tədbirdə məktəbin müəllim və şagird kollektivi böyük həvəslə iştirak etdi.
Şagirdlər milli geyimlərdə çıxış edərək Novruz adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirdilər, milli rəqslər ifa etdilər və bayramın sevincini hamı ilə bölüşdülər. Tonqal qalanaraq şagirdlər tonqal ətrafında yallı gedib, baharın gəlişini böyük coşqu ilə qeyd etdilər.
Tədbir zamanı Novruzun maraqlı oyunları da keçirildi. Şagirdlər yumurta döyüşdürmə kimi qədim oyunlarda iştirak edərək bayram əhval-ruhiyyəsini daha da artırdılar. Məktəbin həyətində keçirilən bu şənlik şagirdlərə milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi daha yaxından tanıtmaq və onları yaşatmaq baxımından böyük əhəmiyyət daşıdı.
Sonda bayram tədbiri xoş ovqat, gülüş və sevinc dolu anlarla yadda qaldı.
🌿 Novruz bayramınız mübarək! Bahar hər bir evə sevinc, ruzi-bərəkət və xoşbəxtlik gətirsin! 🔥

14/03/2026

Azərbaycanın qlobal dialoq platforması

2013-cü ildən başlayaraq hər il keçirilən Qlobal Bakı forumlarına ev sahibliyi edən Azərbaycan bununla həm tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən, müxtəlif dinləri və mədəniyyətləri bir arayan gətirən, həm də dünyanı narahat edən problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran, dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkə olduğunu bir daha təsdiqləyir.
12 mart 2026-cı il tarixində paytaxtımızda işinə başlayan XIII Qlobal Bakı Forumu, Azərbaycanın dünya siyasətindəki intellektual və diplomatik liderliyini bir daha təsdiqlədi. Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş prezidentlər, baş nazirlər, beynəlxalq təşkilat rəhbərləri, nazirlər və parlamentarilərin iştirakı bu platformanı qlobal idarəetmənin “intellektual mərkəzi”nə çevirir. Xüsusilə, zəngin siyasi təcrübəyə malik sabiq dövlət və hökumət başçılarının bu müzakirələrə qatılması, keçmişin dərsləri ilə gələcəyin çağırışları arasında səmərəli sintez yaradır.
Həmişə olduğu kimi yenə də Azərbaycan qlobal tədbirlərə ev sahibliyi missiyasını uğurla həyata keçirir. Artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Əminliklə deyə bilərik ki, ölkəmizin bu istiqamətdə beynəlxalq arenada çəkisi get-gedə daha da artır. XIII Qlobal Bakı Forumu da bunun bariz nümunələrindən biridir.
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu qlobal əhəmiyyətli məsələlərin müzakirə olunması ilə yadda qalacaq. Bu forumun da Prezident İlham Əliyevin himayəsi altında keçirilməsi xüsusi önəm kəsb edir. Cənab Prezident artıq dünyada qlobal təşəbbüslərin müəllifi kimi qəbul olunur. Bu baxımdan ölkə başçısının Forumda çıxışı və nitqində toxunduğu regional və beynəlxalq məsələlər qlobal dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin Forumun açılış mərasimindəki dərin məzmunlu və konseptual çıxışı, əslində mövcud qlobal böhranlardan çıxış yolunu göstərən strateji bir “yol xəritəsi” idi. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə Azərbaycanın mövqeyini deyil, bəşəriyyətin gələcək taleyi ilə bağlı narahatlıqları və həll yollarını özündə ehtiva edir.
Ölkə başçımız cənab İlham Əliyev çıxışında Azərbaycanın son onilliklərdə keçdiyi yolu xüsusi vurğulayaraq qeyd etmişdir ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu mənfi təcrübə olmuşdur. Daha sonra 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Biz yeddi aydır sülh şəraitində yaşayırıq.
Ölkə başçısı bildirmişdir ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur. Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik.
Cənab Prezident İlham Əliyev qeyd etdi ki, indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar.
Forumdakı çıxışında cənab Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı təcrübənin yalnız region üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün də mühüm əhəmiyyət daşıdığını vurğuladı. Azərbaycanın beynəlxalq dialoq platformasına çevrilmiş XIII Qlobal Bakı Forumunda səsləndiirilən fikirlər, istiqamətlər müasir dünya qarşısında duran əsas çağırışları bir daha gündəmə gətirdi. Bu forum həm də beynəlxlaq əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mühüm siyasi dialoq məkanı kimi çıxış edir.

13/03/2026

Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə və diplomatik danışıqlarda ardıcıl şəkildə əksini tapıb. Ölkəmizlə Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir.
Qeyd etmək lazımdır ki, bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də vacib rol oynayır. Yeri gəlmişkən, martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Aİ-nin ölkəmizə verdiyi önəmin ifadəsidir. Nəzərə alaq ki, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.
Onu da qeyd edək ki, Azərbaycan Avropa İttifaqının bir sıra üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri bütövlükdə regionumuz üçün önəmlidir. A.Koştanın Azərbaycana reallaşan səfəri də məhz yeni reallıqlar fonunda olduqca müsbət dəyərləndirilə bilər. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı vurğuladığı kimi, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır.
Antonio Koştanın ölkəmizə səfəri çox böyük önəm daşıyır. Bu səfər indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Bəzi iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur. Ümumiyyətlə göstəricilərdən də göründüyü kimi Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, bundan sonra da yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq.
Ölkə başçısının qeyd etdiyi kimi Azərbaycanın müstəqilliyini 1991-ci ildə bərpa olunsa da, ölkə cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır. Bununla belə, artıq sülhün müsbət nəticələri hiss olunur. Dövlət başçısı əminliyini ifadə edib ki, Ermənistan ilə əldə olunan sülh uzunmüddətli və davamlı olacaq.
Sözsüz ki, Azərbaycan sülh prosesini yalnız imzalanmış sənədlərlə deyil, real addımlarla da dəstəkləyir. Bu çərçivədə Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlayıb və digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu addımlar Azərbaycanın sülhə və regional əməkdaşlığa sadiqliyinin bariz nümunəsidir.
Azərbaycan 2020-ci ilin 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Müharibədən sonra isə Ermənistana sülh təklif edən tərəf də məhz Azərbaycan olub. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sənədinin paraflanması isə məhz bu məntiqi ardıcıllığın davamıdır. Bunun nəticəsidir ki, sülhə xidmət edən və onun iqtisadi-siyasi tərəflərini formalaşdıran addımlar ardıcıl xarakter almağa başlayıb.
İqtisadi əməkdaşlıq, siyasi dialoq, enerji tərəfdaşlığı, qarşılıqlı investisiyalar bu münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirir. Bu qarşılıqlı əməkdaşlıq təkcə iki tərəf üçün deyil, həm də regionun sabitliyi, tərəqqisi, inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə, dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu siyasi xətt, eləcə də müstəqil və balanslaşdırılmış xarici siyasət, Azərbaycanın geostrateji mövqeyi, enerji və nəqliyyat layihələrində oynadığı rol Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir.

Photos from Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb 's post 12/03/2026

Məktəbimizdə İngilis dili fənnindən dərsdinləmə təşkil olundu. Dərs fənn müəllimi Əsgərova Gülnaz tərəfindən keçirildi. Dərsin mövzusu “Friends Forever” idi.
Dərs zamanı şagirdlər dostluğun əhəmiyyəti, səmimi münasibətlər və yaxşı dostun xüsusiyyətləri haqqında ingilis dilində fikir mübadiləsi apardılar. Müəllim tərəfindən müxtəlif interaktiv üsullardan istifadə olunaraq şagirdlərin danışıq, dinləmə və anlama bacarıqlarının inkişafına xüsusi diqqət yetirildi. Şagirdlər mövzu ilə bağlı mətnlər oxudular, sualları cavablandırdılar və qrup şəklində tapşırıqlar yerinə yetirdilər.
Dərs şagirdlərin mövzuya böyük marağı və fəallığı ilə yadda qaldı. Belə dərslər şagirdlərin həm ingilis dili biliklərinin möhkəmlənməsinə, həm də dostluq və qarşılıqlı hörmət kimi dəyərlərin daha yaxşı mənimsənilməsinə kömək edir.

Photos from Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb 's post 11/03/2026

Məktəbimizdə riyaziyyat fənni üzrə maraqlı və maarifləndirici nümunəvi dərs təşkil olundu. Dərsin mövzusu “Üçbucaqlı və dördbucaqlı fiqurlara aid məsələlərin həlli” idi. Dərs Aslanov Röyal müəllim tərəfindən keçirildi.
Dərs zamanı şagirdlərə üçbucaq və dördbucaqlı fiqurların xüsusiyyətləri, onların tərəfləri və bu fiqurlarla bağlı müxtəlif məsələlərin həlli yolları izah olundu. Müəllim mövzunu izah edərkən müxtəlif üsullardan istifadə edərək şagirdlərin dərsdə fəal iştirakını təmin etdi.
Şagirdlər verilmiş tapşırıqları həll edərək öz bilik və bacarıqlarını nümayiş etdirdilər, həmçinin fiqurların xüsusiyyətlərini tətbiq etməklə məsələlərin həllini praktik şəkildə yerinə yetirdilər. Dərs interaktiv və maraqlı müzakirələrlə yadda qaldı və şagirdlərin riyaziyyata olan marağının artırılmasına xidmət etdi.

06/03/2026

𝟖 𝐦𝐚𝐫𝐭 – 𝐁𝐞𝐲𝐧ə𝐥𝐱𝐚𝐥𝐪 𝐐𝐚𝐝ı𝐧𝐥𝐚𝐫 𝐆𝐮̈𝐧𝐮̈: 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐐𝐚𝐝ı𝐧ı𝐧ı𝐧 𝐓𝐚𝐫𝐢𝐱𝐢 𝐌𝐢𝐬𝐬𝐢𝐲𝐚𝐬ı 𝐯ə 𝐌𝐮̈𝐚𝐬𝐢𝐫 𝐂ə𝐦𝐢𝐲𝐲ə𝐭𝐝ə 𝐑𝐨𝐥𝐮

8 Mart – Beynəlxalq Qadınlar Günü dünyada qadınların hüquqları, azadlıqları və cəmiyyətdə rolu ilə bağlı mübarizənin rəmzi kimi qeyd olunur. Bu əlamətdar gün qadınların sosial, iqtisadi, siyasi və mədəni həyatdakı rolunun dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda isə bu gün yalnız bayram deyil, həm də Azərbaycan qadınının tarix boyu göstərdiyi qəhrəmanlıq, fədakarlıq və yüksək mənəvi keyfiyyətlərin təntənəsi kimi qeyd olunur.

Azərbaycan qadını tarixən cəmiyyətin inkişafında mühüm rol oynamışdır. O, həm ailənin dayağı, həm də dövlət və cəmiyyət həyatında fəal iştirak edən şəxsiyyət kimi formalaşmışdır. Müasir dövrdə isə Azərbaycan qadınları dövlət quruculuğu, elm, təhsil, mədəniyyət, səhiyyə, sahibkarlıq və digər sahələrdə böyük nailiyyətlər əldə edərək ölkənin inkişafına əhəmiyyətli töhfələr verməkdədirlər.

Azərbaycan tarixində qadınların rolu həmişə yüksək olmuşdur. Qədim dövrlərdən etibarən Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm mövqe tutmuş, dövlət idarəçiliyində, ictimai-siyasi həyatın müxtəlif sahələrində fəallıq göstərmişlər.

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan qadınının igidliyini, cəsarətini və müdrikliyini əks etdirən mühüm mənbədir. Dastanda qadın obrazları yalnız ailə qayğıları ilə məhdudlaşmır, eyni zamanda döyüş meydanında şücaət göstərən, qəhrəmanlıq nümunəsi sərgiləyən şəxsiyyətlər kimi təqdim olunur.

Tariximizdə Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi görkəmli qadınların fəaliyyəti Azərbaycan qadınının dövlətçilik ənənələrindəki rolunu aydın şəkildə nümayiş etdirir. Bu qadınlar həm siyasi diplomatiyada, həm də vətənin müdafiəsində mühüm xidmətlər göstərmişlər.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə müsəlman Şərqinin deyil, ümumilikdə dünya tarixinin ən mühüm demokratik hadisələrindən biri hesab olunur. Cümhuriyyət dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi Azərbaycan cəmiyyətinin mütərəqqi inkişafının bariz göstəricisi idi.

Azərbaycan qadınları bir çox Avropa ölkələrindən əvvəl seçki hüququ əldə etmişlər. Bu, qadınların ictimai-siyasi həyatda fəal iştirak etməsi üçün geniş imkanlar yaratmışdır və ölkədə demokratik prinsiplərin möhkəmlənməsinə mühüm töhfə vermişdir.

Müstəqil Azərbaycan dövlətində qadın siyasətinin əsasının formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkənin sosial-iqtisadi və siyasi həyatında qadınların roluna xüsusi diqqət yetirmiş, onların potensialının reallaşdırılması üçün geniş imkanlar yaratmışdır.

1998-ci ildə Azərbaycan qadınlarının ilk qurultayının keçirilməsi dövlət qadın siyasətinin inkişafında mühüm mərhələ olmuşdur. Bu qurultay qadınların ictimai-siyasi həyatdakı rolunun gücləndirilməsi, onların problemlərinin müzakirəsi və həlli istiqamətində mühüm platformaya çevrilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınların bərabər hüquqları təsbit olunmuşdur. Dövlət cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edir.

2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun və 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun ölkədə gender bərabərliyinin təmin edilməsinə və qadın hüquqlarının qorunmasına xidmət edən mühüm hüquqi sənədlərdir.

Bu gün Azərbaycanda qadın siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində qadınların ictimai həyatda iştirak imkanları daha da genişlənmişdir.

Qadınların dövlət idarəçiliyində, parlamentdə, yerli özünüidarəetmə orqanlarında, eləcə də müxtəlif dövlət strukturlarında təmsilçiliyi ildən-ilə artmaqdadır. Bu isə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan ardıcıl siyasətin nəticəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınının dünyada nüfuzunun artmasına mühüm töhfə verir. Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar və mədəni layihələr Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına xidmət edir.

Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən xeyriyyəçilik və sosial layihələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılanır və Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm komponentinə çevrilmişdir.

Azərbaycan Respublikasında gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə qəbul edilən dövlət proqramları, milli fəaliyyət planları və institusional mexanizmlər qadınların cəmiyyət həyatında rolunun daha da artmasına şərait yaradır.

2026–2028-ci illər üçün təsdiq edilmiş Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı qadınların ictimai fəallığının artırılması, əmək bazarında bərabər imkanların yaradılması, təhsil və rəqəmsal bacarıqların inkişafı kimi mühüm istiqamətləri əhatə edir.

Statistik məlumatlara görə, Azərbaycan əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir. Qadınlar elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində mühüm nailiyyətlər əldə etmişlər.

Milli Məclisdə qadın deputatların sayının artması, sahibkarlıq sahəsində qadınların fəallığının yüksəlməsi və yerli özünüidarəetmə orqanlarında qadınların geniş təmsil olunması ölkədə gender bərabərliyi istiqamətində əldə olunan mühüm nəticələrdəndir.

Azərbaycan qadını tarix boyu yüksək mənəvi keyfiyyətləri, vətənpərvərliyi, zəhmətkeşliyi və müdrikliyi ilə seçilmişdir. Müasir dövrdə isə qadınlarımız dövlət quruculuğunda, ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində fəal iştirak edərək ölkənin inkişafına mühüm töhfələr verirlər.

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan qadınının cəmiyyətdəki rolunun yüksək qiymətləndirilməsi, onların hüquq və imkanlarının daha da genişləndirilməsi istiqamətində aparılan siyasətin əhəmiyyətini bir daha nümayiş etdirir. Bu gün Azərbaycan qadınları öz bilik və bacarıqları ilə dövlətimizin inkişafına xidmət edir, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayırlar.

Photos from Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb 's post 06/03/2026

Məktəbimizdə 2–11-ci sinif şagirdləri arasında “Mübariz olmaq” və “İnsan həyatında idmanın rolu” mövzularında esse yazı müsabiqəsi təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərdə mübarizlik, iradə, sağlam həyat tərzi və idmana maraq kimi dəyərlərin formalaşdırılması idi.
Şagirdlər yazdıqları esselərdə insanın həyatda qarşılaşdığı çətinliklərə qalib gəlməsi, iradəli və məqsədyönlü olmasının vacibliyi, həmçinin idmanın insan sağlamlığı və inkişafı üçün əhəmiyyətindən bəhs etdilər.
Həftə ərzində təqdim olunan esselər müəllimlər tərəfindən qiymətləndirildi və xüsusilə fərqlənən şagirdlər seçildi. Sonda uğurlu nəticə göstərən şagirdlər mükafatlandırıldı və onların səyləri yüksək qiymətləndirildi. Bu cür tədbirlər şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafına, düşüncələrini yazılı şəkildə ifadə etmə bacarığının formalaşmasına və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verir.

Photos from Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb 's post 05/03/2026

Məktəbimizdə İdman Həftəsi (2–7 mart) proqramı çərçivəsində müxtəlif idman tədbirləri təşkil olundu. Tədbirlər zamanı şagirdlər arasında qol güləşi və “Şən startlar” yarışları keçirildi.
Yarışlarda şagirdlər böyük həvəslə iştirak edərək güclərini və çevikliklərini sınadılar. Qol güləşi yarışında iştirakçılar öz fiziki güclərini nümayiş etdirir, “Şən startlar” oyunlarında isə komanda ruhu, çeviklik və sürət ön plana çıxırdı.
Keçirilən tədbirlər şagirdlərin sağlam həyat tərzinə marağının artırılmasına, onların idmana olan sevgisinin güclənməsinə və kollektiv ruhunun formalaşmasına müsbət təsir göstərdi.

Photos from Kiçik Qaramurad kənd N. Gəncəvi adına tam orta məktəb 's post 05/03/2026

Məktəbimizin müəllim kollektivi 8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə bir araya gələrək bu əlamətdar günü qeyd etdilər. Tədbirdə məktəbin xanım müəllimlərinə səmimi təbriklər çatdırıldı, onların cəmiyyətin inkişafında, xüsusilə də gənc nəslin tərbiyə və təhsilində göstərdikləri fədakar əməyin əhəmiyyəti vurğulandı.
Səmimi və mehriban mühitdə keçən görüş zamanı müəllimlər bir-birilərinə xoş arzularını bildirdilər, bayram sevincini birlikdə paylaşdılar. Belə görüşlər kollektivdə həmrəyliyin və qarşılıqlı hörmətin daha da möhkəmlənməsinə töhfə verir. 🌸🌷

Want your school to be the top-listed School/college in Kedabek?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kiçik Qaramurad Kəndi
Kedabek