22/05/2026
Tarixi İrslə Müasirliyin vəhdəti və Qarabağda Böyük Quruculuq: Bakı Qlobal Şəhərsalma Forumunun rekord layihələrinə ev sahibliyi edir
Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı (WUF13) genişmiqyaslı və proqram xarakterli çıxışı Azərbaycanın həm qlobal əməkdaşlıq platformalarındakı liderliyini, həm də ölkə daxilində apardığı nəhəng quruculuq işlərini bütün dolğunluğu ilə dünya ictimaiyyətinə təqdim etdi. Bu mötəbər tədbir 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçını bir araya gətirməklə qeydiyyat baxımından tarixi bir rekorda imza atdı və 2024-cü ildə Azərbaycanda uğurla keçirilmiş COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq hadisə kimi tarixə düşdü. Cari ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda keçirilən bu sessiya, Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığının və Ağdam, Zəngilan, Xankəndi kimi işğaldan azad edilmiş şəhərlərdə reallaşan milli şəhərsalma forumlarının məntiqi davamıdır.
Azərbaycan hər zaman Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu unikal bir məkandır və bu sivilizasiyalararası vəhdət ölkəmizin, xüsusən də paytaxt Bakının memarlıq simasında mükəmməl şəkildə əks olunub. Bakıda İçərişəhərin qədim divarlarından cəmi bir küçə adlamaqla müasir bir mühitə keçid etmək, vaxtilə 3 kilometr olan, hazırda isə 15 kilometri ötən möhtəşəm dənizkənarı bulvarda gəzmək və XIX əsrə aid Avropa üslublu binaları seyr etmək şəhərdə qədimliklə yeniliyin, tarixi irsin qorunması ilə müasir planlaşdırmanın təbii harmoniyasını nümayiş etdirir. Ölkəmiz təkcə musiqisi və poeziyası ilə deyil, həm də əcdadlarımızın istedadını yaşadan memarlıq abidələri ilə qürur duyur. Şamaxi Məscidi, Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Şəki və Qəbələnin qədim irsi, Kiş kəndindəki kilsə və hələ 15 əsr əvvəl mükəmməl su-kanalizasiya sisteminə malik olan Lahıc kəndi bu zənginliyin bariz nümunələridir. Dövlətin əsas vəzifəsi və fəlsəfəsi də məhz budur: müasirləşmədə və inkişafda cəsur, lakin tarixi irsin qorunmasında maksimum ehtiyatlı və həssas olmaq. Eynilə Bakı Qran-Prisində qədim qala divarlarının bir addımlığında yüksək sürətlə bolid idarə edən Formula 1 pilotları kimi, şəhərsalma idarəçiliyində də cəsarət və ehtiyatlılıq balansı qorunmalıdır.
Bu gün dövlətimizin qarşısında duran ən mühüm və müqəddəs vəzifə isə 30 illik erməni işğalı dövründə tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş, beynəlxalq ekspertlər tərəfindən atom bombası atılmadan məhv edildiyi üçün "Qafqazın Xirosiması" adlandırılan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Dağıtmaq üçün gələnlərdən fərqli olaraq, torpağın əsl sahibləri olan azərbaycanlılar cəmi 5 il ərzində bu bölgədə görünməmiş infrastruktur möcüzəsi yaradıblar: 70 kilometrlik tunellər, yüzlərlə körpü, elektrik stansiyaları, su anbarları, müasir məktəblər, xəstəxanalar, dəmir yolları və 3 beynəlxalq hava limanı tikilib istifadəyə verilib. "Böyük Qayıdış" Proqramı çərçivəsində şəhər və kəndlərin Baş planları əsasında tikilən fərdi evlər və salınan sənaye zonaları artıq 85 mindən çox soydaşımızın doğma yurduna qayıdaraq məşğulluq və təhsillə təmin olunmasına şərait yaradıb. Qarabağın tacı olan Şuşa şəhəri də bu gün sıfırdan bərpa edilir, onun zədələnmiş qalası yenidən ucalır.
Şəhərsalma kontekstində ekoloji transformasiya məsələsi də prioritet istiqamətdir. 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neft hasil edilən və uzun illər ətraf mühitə mənfi təsirlərə məruz qalan Bakı, son 20 ildə ekoloji intibah dövrünü yaşayır. Vaxtilə çirkliliyinə görə "Qara şəhər" adlandırılan ərazi bu gün müasir şəhərsalma nümunəsi olan "Ağ şəhər"ə çevrilib, Bibiheybət və Böyükşor gölü ətrafı tamamilə sağlamlaşdırılıb, şəhər daxilində "Sea Breeze" kimi yeni istirahət zonaları salınmışdır. Paytaxtda 100-ə yaxın park və ictimai məkan yaradılıb, mikromobillik, yaşıl nəqliyyat və elektrikli avtobusların tətbiqi ilə ekoloji təmiz ekosistem formalaşdırılıb. Bakıda keçirilən bu mötəbər forum, Azərbaycanın şəhərsalma sahəsində keçmişdə buraxılan səhvləri geridə qoyaraq, qlobal ekspertlərlə qarşılıqlı təcrübə mübadiləsi aparması və insanların rahat, dayanıqlı və firavan yaşayışını təmin edəcək gələcəyin şəhərlərini qurması üçün mühüm bir platformadır.