19/03/2026
Məktəbimizdə milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramı ilə əlaqədar tədbir təşkil olundu. Tədbirdə Novruzla bağlı müxtəlif adətlər yerinə yetirildi. Bu adətlərin icrası şagirdlərin böyük sevincinə səbəb oldu. Bayramla əlaqədar məktəbimizin müəllim və şagird kollektivini təbrik edir, hər kəsə sağlam can, süfrələrə ruzi-bərəkət arzulayırıq!
18/03/2026
18.03.2026-cı il tarixində məktəbimizdə valideyn iclası təşkil olundu. İclasda
şagird davranış qaydaları, valideyn və məktəb arasında kommunikasiya, valideyn–məktəb əlaqələrinin inkişafı barədə müzakirələr aparıldı. Sadalanan istiqamətlərdə valideynlərə məlumatlar verildi.
14/03/2026
15.03.2026-cı il tarixində həmçinin, VI sinif şagirdləri - Nuruşova Rəvanə, Həşimli Mədinə və İsmayıllı Əli "Təbiət" fənni üzrə Respublika Fənn Müsabiqəsinin (RFM) rayon (şəhər) turu imtahanında iştirak edəcəklər. Şagirdlərimizə imtahanda uğurlar arzulayırıq!
14/03/2026
Məktəbimizdə "Zərərli vərdişlərə yox deyək!" adlı maarifləndirici tədbir təşkil olundu.
!
13/03/2026
Məktəbimizin XI sinif şagirdləri ilə buraxılış imtahanı ilə əlaqədar görüş keçirildi. Görüşdə həmin sinifin sinif rəhbəri Taleh Cavadov, müəllimləri Elşən Zamanov və Asim Hüseynli tərəfindən ruhlandırıcı və istiqamətverici söhbətlər aparıldı. Şagirdlərin uğurlu nəticə əldə etməsi üçün onların yüksək səviyyədə çalışması, cavab kartlarının düzgün doldurulması üçün texniki qaydaları bilməyin vacibliyi diqqətə çatdırıldı. Sonda imtahana buraxılış vərəqləri təqdim olundu. Görüş şagirdlərimizə motivasiyaverici təsiri ilə yadda qaldı. İmtahan verəcək məzunlarımıza uğurlar arzulayırıq. İnşallah, hər şey yaxşı olacaq!
11/03/2026
“Oxu dəqiqələri” layihəsi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, ümumi təhsil müəssisələrində Azərbaycan dili dərslərində “Oxu dəqiqələri” tətbiq olunur. Layihənin məqsədi şagirdlərdə kollektiv mütaliə vərdişlərini formalaşdırmaq, oxu mədəniyyətini inkişaf etdirmək və bədii ədəbiyyata marağı artırmaqdır.
Azərbaycan dili müəllimi Samirə Zeynalova və 7-ci sinif şagirdlərinin iştirakı ilə Artur Konan Doylun "Şerlok Holmsun macəraları" əsəri mütaliə edilib. Şagirdlər əsərin mövzusu, obrazı və əsas ideyası haqqında fikirlərini bölüşüb, oxu bacarıqlarını nümayiş etdirdilər.
03/03/2026
Bu gün məktəbimizdə "Od çərşənbəsi" münasibəti ilə tədbir təşkil olundu. Tədbirdə ilk öncə Dövlət himnimiz səsləndirildi. (Himnin ifası video şəkilində rəy bölməsində yerləşdirilib). Daha sonra şagirdlər bayram ab-havalı şeirlər ifa etdilər. Tonqalın qalanması və səmənilərin nümayişi şagirdlərin sevincinə səbəb oldu.
Qeyd edək ki, "Od çərşənbəsi" Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Bu çərşənbənin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
"Od çərşənbəsi" münasibəti ilə məktəbimizin bütün müəllim və şagird kollektivini təbrik edirik, sağlam can, gözəl ömür və süfrələrə bol ruzi-bərəkət arzulayırıq. Çərşənbəniz mübarək olsun!
27/02/2026
Üzeyir Hacıbəyovun anadan olmasının 140 illiyi ilə əlaqədar məktəbimizdə 27.02.2026-cı il tarixində "Üzeyir Hacıbəyov irsi" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə ilk öncə bəstəkarın xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra dahi bəstəkarın Azərbaycan milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətləri, zəngin yaradıcılıq irsi və maarifçilik fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Üzeyir Hacıbəyovun milli-mənəvi dəyərlərin qorunması və təbliğindəki rolu xüsusi vurğulanmışdır. Tədbirin gedişində şagirdlər bəstəkarla bağlı fikirlərini bildirmiş, müxtəlif şeir və musiqi nümunələri səsləndirmişlər.
27/02/2026
Məktəbimizdə 27.02.2026-cı il tarixində valideyn iclası təşkil olundu. İclasda şagirdlərin dərsə davamiyyəti, məktəbdaxili nizam-intizam qaydaları barədə söhbət aparıldı.
26/02/2026
🕯️ Xocalı Soyqırımı – Unutmadıq, Unutmarıq.!
26 fevral — tariximizin ən ağrılı və faciəli səhifələrindən biri olan Xocalı soyqırımının ildönümüdür. Bu gün biz yalnız hüznlə xatırlamırıq, həm də ədalətin bərqərar olduğunu Xocalının düşmən tapdağından azad olunduğunu bir daha ifadə edirik.
1992-ci ilin qarlı fevral gecəsində günahsız insanlar — qadınlar, uşaqlar, qocalar — amansızcasına qətlə yetirildi. Xocalı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayətdir və xalqımızın yaddaşında silinməz iz buraxıb.
Bu gün şəhidlərimizin əziz xatirəsini dərin rəhmət və ehtiramla anır, onların ruhu qarşısında baş əyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! 🥀
24/02/2026
Bu gün məktəbimizdə dünya incəsənət tarixində özünəməxsus üslubu və dərin emosional təsiri ilə seçilən böyük rəssamlardan biri – Vinsent Van Qoq haqqında maarifləndirici təqdimat keçirildi.
Şagirdlərə rəssamın həyat və yaradıcılığı barədə ətraflı məlumat verildi, onun sənət dünyasına bəxş etdiyi töhfələrdən danışıldı. Tədbir çərçivəsində Van Qoqun əsərlərindən ibarət videoçarx nümayiş etdirildi.
Qeyd olundu ki, onun “Ulduzlu gecə” və “Günəbaxanlar” kimi məşhur əsərləri rənglərin dili ilə insan ruhunun ən incə qatlarını ifadə edir, dərin hiss və düşüncələri tamaşaçıya çatdırır. Şagirdlər xüsusilə “Ulduzlu gecə” əsəri üzərində müzakirələr apararaq, rəssamın istifadə etdiyi rəng çalarları, fırça texnikası və əsərlərin emosional təsiri haqqında fikirlərini bölüşdülər.
24/02/2026
Bu gün məktəbimizdə səhər gimnastikası təşkil edilmişdir.