İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına tam orta məktəb

İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına tam orta məktəb, School, İmişli rayonu Hacalmuradlı kəndi, Imishly.

14/08/2026

Prezident İlham Əliyevin Naxçıvan səfəri: Muxtar respublikanın inkişafında yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf prioritetlərini müəyyən edən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının qeyd etdiyi kimi, Prezident kimi Naxçıvana 17-ci səfər də muxtar respublikanın sosial-iqtisadi, hərbi, enerji, nəqliyyat və mədəni inkişafı baxımından əhəmiyyətli tədbirlərlə müşayiət olunub. Səfər çərçivəsində həyata keçirilən layihələr və səsləndirilən fikirlər Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin müsahibəsində əsas diqqət yetirilən məsələlərdən biri Naxçıvanın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi oldu. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması onun strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının davamlı şəkildə artırıldığını göstərir. Dövlət başçısının sözləri ilə desək, bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir və Naxçıvanın hərbi potensialı bundan sonra da gücləndiriləcək. Müsahibənin mühüm istiqamətlərindən biri də Naxçıvanın enerji təhlükəsizliyi və gələcəkdə enerji ixrac edən bölgəyə çevrilməsi ilə bağlı planlardır. Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını mühüm hadisə kimi qiymətləndirərək burada yeni sənaye müəssisələrinin və iş yerlərinin yaradılacağını bildirdi. Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Bu stansiya Naxçıvanın mövcud generasiya gücünü əhəmiyyətli dərəcədə artıracaq və həm daxili tələbatın etibarlı qarşılanmasına, həm də gələcəkdə elektrik enerjisinin ixracına imkan yaradacaq.
Naxçıvanın bərpaolunan enerji potensialı da xüsusilə vurğulandı. Günəş enerjisinin istehsalı baxımından Naxçıvanın Azərbaycanın ən əlverişli ərazilərindən biri olduğu qeyd edildi. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Təkcə Günəş enerjisinin istehsalının gələcəkdə ən azı 500 meqavat, hətta 1000 meqavata çata biləcəyi bildirilir. Bu isə Naxçıvanın enerji təhlükəsizliyindən enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımdır. Bərpaolunan enerji layihələrinin genişləndirilməsi ilə yanaşı, enerji saxlanc sistemlərinin yaradılması da diqqət mərkəzindədir. Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavat gücündə batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır. Bu cür müasir texnologiyalar Günəş və su elektrik stansiyalarından əldə olunan enerjinin səmərəli şəkildə toplanmasına və lazım gəldikdə sistemə ötürülməsinə imkan verəcək. Beləliklə, Naxçıvanda müasir, dayanıqlı və çevik enerji sistemi formalaşdırılması hədəflənir.
Naxçıvanın enerji imkanlarının artırılması həm də regional əməkdaşlıq və ixrac perspektivləri baxımından əhəmiyyətlidir. Muxtar respublikanın İran və Türkiyə ilə elektrik əlaqələrinin mövcud olması gələcəkdə daha böyük həcmdə enerjinin ixracına imkan yarada bilər. Eyni zamanda, Ermənistan ərazisindən keçəcək enerji xətlərinin yaradılması ideyası Naxçıvanın daha geniş regional enerji sisteminə inteqrasiyasını təmin edə bilər. Bu yanaşma Zəngəzur dəhlizinə yalnız nəqliyyat layihəsi kimi deyil, enerji, rabitə və digər infrastruktur istiqamətlərini özündə birləşdirən genişmiqyaslı regional layihə kimi baxıldığını göstərir.
Müsahibədə Zəngəzur dəhlizinin yaradılması məsələsinə xüsusi yer ayrıldı. Prezident İlham Əliyev bu təşəbbüsün Azərbaycanın uzun illər ərzində qarşıya qoyduğu əsas məqsədlərdən biri olduğunu bildirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra TRIPP layihəsinin icrasına başlanması bu istiqamətdə yeni mərhələnin əsasını qoyub. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının yaradılması ölkəmizin iqtisadi və geostrateji mövqeyini daha da gücləndirəcək.
Bu baxımdan Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin başa çatmaq üzrə olması, dəmir yolu layihələrinin sürətləndirilməsi və Naxçıvan dəmir yolunun reabilitasiyası xüsusi əhəmiyyət daşıyır. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğunun 194 kilometr olması və xəttin gələcəkdə 15 milyon tonadək yükdaşıma qabiliyyətinə çatdırılması nəzərdə tutulur. Bu, Naxçıvanın yalnız Azərbaycan daxilində deyil, beynəlxalq nəqliyyat sistemində mühüm qovşaqlardan birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Naxçıvanın strateji mövqeyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində mühüm üstünlük yaradır. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycan ərazisinin digər hissələri ilə birləşdirilməsi, Culfa istiqamətindən İranla dəmir yolu bağlantısının mövcudluğu bölgənin beynəlxalq tranzit imkanlarını artırır. Gələcəkdə böyük həcmdə yüklərin Naxçıvandan keçməsi iqtisadi fəallığın yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və xidmət sektorunun genişlənməsinə səbəb ola bilər.
Dövlət başçısının diqqət yetirdiyi digər mühüm istiqamət sosial-iqtisadi inkişafdır. Naxçıvan Sənaye Parkının yaradılması, müasir sənaye komplekslərinin qurulması, kənd təsərrüfatının inkişafı, suvarma layihələrinin həyata keçirilməsi və yeni iş yerlərinin açılması muxtar respublikanın iqtisadi potensialının tam şəkildə reallaşdırılmasına xidmət edir. Qarşıdakı dövrdə yüzlərlə artezian quyusunun qazılması, müasir suvarma sistemlərinin qurulması və istifadəsiz qalan torpaqların su ilə təmin edilməsi kənd təsərrüfatının inkişafına ciddi təkan verə bilər.
Nəqliyyat infrastrukturunun yenilənməsi də Naxçıvanın gündəlik həyatına birbaşa təsir edən məsələlərdəndir. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsi ilə yanaşı, ekoloji baxımdan da əhəmiyyətlidir. Rayonlararası və şəhərlərarası nəqliyyatın yaxşılaşdırılması məqsədilə 217 müasir avtobusun alınması, həmçinin 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Bu tədbirlər 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min insanın nəqliyyat imkanlarının yaxşılaşdırılmasına xidmət edəcək.
Naxçıvanın inkişafında tarixi-mədəni irsin qorunması da xüsusi yer tutur. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinə abidənin ucaldılması və digər tarixi-mədəni obyektlərin konservasiyası Naxçıvanın zəngin keçmişinə dövlət səviyyəsində göstərilən diqqətin nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi ilə yanaşı, milli kimlik, tarix, mədəniyyət, dil və ədəbiyyat da dövlət siyasətinin əsas dayaqlarındandır.
Turizmin inkişafı da Naxçıvan üçün böyük perspektivlər açır. Qədim tarixi abidələri, zəngin mədəni irsi, təmiz havası və təbii gözəllikləri muxtar respublikanı mühüm turizm məkanına çevirə bilər. Bu istiqamətdə əsas problemlərdən biri olan müasir mehmanxana infrastrukturunun inkişaf etdirilməsi məqsədilə Naxçıvan şəhərində beşulduzlu yeni mehmanxananın təməlinin qoyulması mühüm addımdır.
Bütün bunlarla yanaşı, Prezidentin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də diqqət çəkən məqamlardan oldu. Hər üç bölgənin strateji əhəmiyyəti, enerji və nəqliyyat imkanları, tarixi bağlılığı və gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların qarşılıqlı əlaqəsinin gücləndirilməsi hədəflənir. Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyinin yaradılması da idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm struktur islahatı kimi qiymətləndirilir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

22/07/2026

22 iyul Azərbaycanda Milli Mətbuat günüdür

22 iyul Azərbaycan milli mətbuatının yaranması günü kimi ölkəmizin ictimai və mədəni həyatında xüsusi əhəmiyyət daşıyır. Məhz 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti milli mətbuatımızın əsasını qoymuşdur. Cəmi iki il fəaliyyət göstərməsinə və 56 nömrəsinin çap olunmasına baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, milli düşüncənin formalaşmasına və Azərbaycan ədəbi dilinin inkişafına əvəzsiz töhfələr vermişdir. Qəzet cəhalətə və xurafata qarşı mübarizə aparmış, elmə, təhsilə və tərəqqiyə çağırış etmiş, milli özünüdərk ideyalarının yayılmasında mühüm rol oynamışdır. “Əkinçi”nin bağlanması milli mətbuatın inkişafını dayandıra bilmədi. Sonrakı illərdə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Tərəqqi”, “Açıq söz” və digər qəzet və jurnallar Azərbaycan mətbuatının inkişaf tarixini zənginləşdirdi. Bu nəşrlər xalqın milli şüurunun yüksəlməsinə, maarifçilik hərəkatının genişlənməsinə, ictimai və siyasi fikrin formalaşmasına mühüm təsir göstərdi.
Müstəqillik dövründə Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoydu. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğvi Azərbaycanda azad medianın inkişafı üçün geniş imkanlar yaratdı. Sonrakı illərdə media fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası formalaşdırıldı, jurnalistlərin peşə fəaliyyətinin və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli medianın inkişafına xüsusi diqqət göstərilir. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman əsasında Medianın İnkişafı Agentliyi yaradılmış, 2021-ci ildə qəbul edilən “Media haqqında” Qanun media fəaliyyətinin müasir çağırışlara uyğun təşkilinə hüquqi zəmin yaratmışdır. Həmçinin media subyektlərinə vergi güzəştlərinin tətbiqi, jurnalistlərin güzəştli ipoteka imkanlarından yararlanması və peşəkarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər dövlətin mediaya göstərdiyi diqqətin bariz nümunəsidir.
Müasir dövrdə rəqəmsallaşma və informasiya texnologiyalarının sürətli inkişafı Azərbaycan mediasını qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevirmişdir. İnternet jurnalistikası, sosial media platformaları və süni intellekt texnologiyaları medianın fəaliyyətinə yeni imkanlar qazandırmışdır. Bununla yanaşı, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin qorunması və peşəkar jurnalistika prinsiplərinə sadiqlik günümüzün əsas vəzifələri sırasındadır. Azərbaycan mediası Birinci və İkinci Qarabağ müharibələri zamanı da üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmiş, ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmış, informasiya müharibəsində mühüm rol oynamışdır. Bu gün də jurnalistlər dövlət maraqlarının qorunması, obyektiv və operativ məlumatlandırmanın təmin edilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər. Şuşada keçirilən Qlobal Media Forumları isə beynəlxalq media əməkdaşlığının inkişafına, dezinformasiyaya qarşı birgə mübarizəyə və rəqəmsal dövrdə media etikası məsələlərinin müzakirəsinə mühüm töhfə verir.
Milli mətbuatımızın keçdiyi 151 illik şərəfli yol göstərir ki, azad, peşəkar və məsuliyyətli media demokratik cəmiyyətin əsas sütunlarından biridir. Azərbaycan mediası öz tarixi ənənələrinə sadiq qalaraq müasir texnologiyaların imkanlarından səmərəli istifadə etməli, obyektivlik, qərəzsizlik, vətənpərvərlik və yüksək peşəkarlıq prinsiplərini rəhbər tutaraq ölkəmizin inkişafına, milli maraqların qorunmasına və cəmiyyətin düzgün məlumatlandırılmasına bundan sonra da layiqli töhfələr verməlidir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

15/07/2026

Azərbaycan və Slovakiya arasında siyasi dialoq və strateji əməkdaşlıq möhkəmlənir

2026-cı il iyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etmişdir. Dövlət başçısı çıxışında Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişaf etdiyini, ölkələr arasında siyasi dialoqun və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu vurğulamışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan və Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlər bu münasibətlərin inkişafına mühüm töhfə verir. Dövlət başçısı 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin uğurla icra olunduğunu, bunun isə hər iki ölkənin güclü siyasi iradəsinin və əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz nümunəsi olduğunu bildirmişdir.
Bəyanatda Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin, energetika, hərbi-texniki əməkdaşlıq, investisiya və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində aparılan müzakirələrin məhsuldar olduğu diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev vurğulamışdır ki, nümayəndə heyətlərinin geniş tərkibdə təmsil olunması əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını və konkret nəticələrə yönəldiyini göstərir. Dövlət başçısı Slovakiyanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi töhfəni yüksək qiymətləndirərək, Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini əməkdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirmiş, bu dəstəyə görə Slovakiya tərəfinə təşəkkürünü ifadə etmişdir. Qeyd olunmuşdur ki, bu cür layihələr azad olunmuş ərazilərin dayanıqlı inkişafına və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışında Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə səfər etmədiyini, onun əvvəlki vəzifələrində – Slovakiya parlamentinin sədri və Baş nazir kimi ölkəmizə səfərlər etdiyini, həmçinin Prezident qismində COP29 tədbirində iştirak etdiyini xatırlatmışdır. Bu səfərin Şuşa və Qarabağ bölgəsini də əhatə etməsinin iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin səmimiliyinin göstəricisi olduğu vurğulanmışdır.
Sonda Prezident İlham Əliyev Azərbaycan-Slovakiya münasibətlərinin qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə etmiş, hər iki dövlətin konkret nəticələrə əsaslanan əməkdaşlıq siyasəti həyata keçirdiyini və son illərdə formalaşmış strateji tərəfdaşlığın yeni birgə layihələrlə daha da möhkəmlənəcəyini bildirmişdir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

03/07/2026

Azərbaycan–Avropa Komissiyası münasibətlərində yeni strateji mərhələ

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2026-cı il 01 iyul tarixində Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri tərəflər arasında siyasi dialoqun intensivləşdiyini və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın sürətlə genişləndiyini təsdiq edir.
Prezident İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərin payına düşməsi, eləcə də Cənubi Qafqaz regionunun Avropa İttifaqı ilə ticarətinin təxminən 70 faizinin Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin iqtisadi və geostrateji əhəmiyyətini bir daha nümayiş etdirir. Bəyanatda enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısı xatırlatdı ki, 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan sonra Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artmış, hazırda isə ölkəmizdən ixrac olunan qazın yarısı Avropa bazarına yönəldilir. Bu gün Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Prezident İlham Əliyev enerji təhlükəsizliyinin müasir dövrdə milli təhlükəsizliyin əsas elementlərindən biri olduğunu vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirdi. Bununla yanaşı, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi regional logistika və tranzit imkanlarını ardıcıl şəkildə genişləndirdiyi diqqətə çatdırıldı.
Bərpaolunan enerji sahəsində əməkdaşlıq da görüşün əsas mövzularından biri oldu. Prezident İlham Əliyev bildirdi ki, xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr nəticəsində yaxın beş-altı il ərzində Azərbaycanda 8 giqavat həcmində günəş və külək enerjisi istehsal ediləcək. Bu layihələr ölkəmizin "yaşıl enerji" sahəsində regional lider mövqeyini daha da möhkəmləndirəcək və Avropa ilə enerji tərəfdaşlığını yeni məzmunla zənginləşdirəcək.
Dövlət başçısı regional təhlükəsizlik və sülh gündəliyinə də toxunaraq Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etdiyini vurğuladı. Azərbaycanın sülhün möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi humanitar və iqtisadi addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji daşıyıcılarının Ermənistana tədarükünə başlanılması regionda qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın əsas məqsədi Cənubi Qafqazı münaqişələrdən uzaq, əməkdaşlıq, tərəfdaşlıq və davamlı inkişaf məkanına çevirməkdir.
Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Avropa Komissiyası münasibətləri siyasi dialoq, enerji təhlükəsizliyi, bərpaolunan enerji, nəqliyyat-logistika və regional sülh kimi strateji istiqamətlər üzrə sürətlə inkişaf edir. Qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan bu tərəfdaşlıq həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verməklə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında məktəbimizin müəllimləri yüksək nəticələr əldə edərək uğur qazanmışl...
25/06/2026

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında məktəbimizin müəllimləri yüksək nəticələr əldə edərək uğur qazanmışlar:
🔹 Günay Qurbanova – sinif müəllimi (58 bal)
🔹 Günay İbışova – müəllimi (52 bal)
🔹 Vüsal Nəcəfalıyev – tərbiyə müəllimi (43 bal)
Müəllimlərimizi əldə etdikləri uğurlu nəticələr münasibətilə məktəb rəhbərliyi və bütün pedaqoji kollektivimiz adından səmimi-qəlbdən təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər, möhkəm can sağlığı və bol uğurlar arzulayırıq.
Bu uğur müəllimlərimizin peşəkarlığının, zəhmətinin və təhsilin inkişafına verdikləri töhfənin bariz nümunəsidir.
Uğurlarınız daim olsun!





25/06/2026

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanınaəsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin göstərişinə əsasən 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.
2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Bu gün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanında məktəbimizin   müəllimi Bəyiş Bəyişov yüksək nəticə...
24/06/2026

Bu gün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanında məktəbimizin müəllimi Bəyiş Bəyişov yüksək nəticə göstərərək 52 bal toplamışdır.
Məktəb rəhbərliyi və bütün pedaqoji kollektivimiz adından dəyərli həmkarımızı ürəkdən təbrik edir, əldə etdiyi bu uğur münasibətilə ona gələcək pedaqoji fəaliyyətində yeni nailiyyətlər, möhkəm can sağlığı və daha böyük uğurlar arzulayırıq.
Uğurlarınız daim bol olsun, Bəyiş müəllim!





24/06/2026

Azərbaycan–Türkmənistan münasibətləri yeni inkişaf mərhələsində

2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi sənəd kimi diqqəti cəlb edir. Bəyanatda Azərbaycan–Türkmənistan əlaqələrinin strateji xarakter daşıdığı, qarşılıqlı etimada, ortaq tarixi köklərə və dostluq münasibətlərinə əsaslandığı bir daha vurğulanmışdır.
Prezident İlham Əliyev çıxışında ilk növbədə Türkmənistanın Qarabağın bərpasına verdiyi dəstəyə görə minnətdarlığını ifadə etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Türkmən xalqının Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılması qardaş ölkənin Azərbaycana olan səmimi münasibətinin növbəti nümunəsidir. Bu təşəbbüs işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində beynəlxalq həmrəyliyin və türk dünyasının birliyinin bariz göstəricisi kimi qiymətləndirilir.
Bəyanatda Azərbaycan və Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın inkişafına da xüsusi yer verilmişdir. Prezident İlham Əliyev xalqlarımızı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin münasibətlərin möhkəm təməlini təşkil etdiyini vurğulamışdır. Son illərdə hər iki ölkədə keçirilən Mədəniyyət Günləri, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri və Bakı–Aşqabad, Füzuli–Arkadağ şəhərləri arasında qardaşlaşma münasibətləri əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə xidmət edir.
Dövlət başçısı Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsində göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyevin fikrincə, bu hadisə tarixi əhəmiyyət daşıyır və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin daha da dərinləşməsinə şərait yaradır. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, ortaq tarix, mədəniyyət və iqtisadi maraqlar ölkəmizi bu regionun ayrılmaz tərəfdaşlarından birinə çevirir.
Çıxışın əsas məqamlarından biri də nəqliyyat-logistika sahəsində əməkdaşlıq məsələləri olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, müasir dövrdə təhlükəsiz və etibarlı nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artır. Azərbaycan və Türkmənistanın birgə səyləri nəticəsində Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri geniş coğrafiyada iqtisadi əlaqələrin inkişafına töhfə verir. Dövlət başçısı vurğulamışdır ki, siyasi etimad və qarşılıqlı fəaliyyət olmasaydı, bu qədər genişmiqyaslı layihələrin həyata keçirilməsi mümkün olmazdı. Bu baxımdan nəqliyyat və logistika sahəsi gələcək dövrdə də ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri olacaqdır.
Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın perspektivlərinə də toxunaraq bildirmişdir ki, hər iki ölkə zəngin enerji ehtiyatlarına malikdir və bu sahədə birgə fəaliyyət regional enerji təhlükəsizliyinə mühüm töhfələr verə bilər. Azərbaycan və Türkmənistanın enerji resurslarının səmərəli istifadəsi və beynəlxalq bazarlara çıxarılması istiqamətində əməkdaşlığı gələcək illərdə daha da genişlənəcəkdir.
Bəyanatda Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar da yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyev qardaş ölkənin şəhərlərinin sürətlə inkişaf etdiyini, müasir infrastrukturun yaradıldığını və əhalinin rifahının yüksəldiyini qeyd etmişdir. Eyni zamanda Azərbaycanın Türkmənistanın beynəlxalq nüfuzunun möhkəmlənməsini və neytrallıq siyasətini daim dəstəklədiyi vurğulanmışdır.
Nəticə etibarilə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı etimad, qardaşlıq və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. İki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat-logistika layihələrinin və mədəni əlaqələrin genişləndirilməsi regionda sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Address

İmişli Rayonu Hacalmuradlı Kəndi
Imishly

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category