İmişli Rayon Otuziki kənd tam orta ümumtəhsil Məktəb

İmişli Rayon Otuziki kənd tam orta ümumtəhsil Məktəb imişli Rayon Otuziki kənd tam orta ümumtəhsil məktəbi

14/08/2026

Prezident İlham Əliyevin Naxçıvan səfəri: Muxtar respublikanın inkişafında yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf prioritetlərini müəyyən edən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının qeyd etdiyi kimi, Prezident kimi Naxçıvana 17-ci səfər də muxtar respublikanın sosial-iqtisadi, hərbi, enerji, nəqliyyat və mədəni inkişafı baxımından əhəmiyyətli tədbirlərlə müşayiət olunub. Səfər çərçivəsində həyata keçirilən layihələr və səsləndirilən fikirlər Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin müsahibəsində əsas diqqət yetirilən məsələlərdən biri Naxçıvanın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi oldu. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması onun strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının davamlı şəkildə artırıldığını göstərir. Dövlət başçısının sözləri ilə desək, bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir və Naxçıvanın hərbi potensialı bundan sonra da gücləndiriləcək. Müsahibənin mühüm istiqamətlərindən biri də Naxçıvanın enerji təhlükəsizliyi və gələcəkdə enerji ixrac edən bölgəyə çevrilməsi ilə bağlı planlardır. Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını mühüm hadisə kimi qiymətləndirərək burada yeni sənaye müəssisələrinin və iş yerlərinin yaradılacağını bildirdi. Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Bu stansiya Naxçıvanın mövcud generasiya gücünü əhəmiyyətli dərəcədə artıracaq və həm daxili tələbatın etibarlı qarşılanmasına, həm də gələcəkdə elektrik enerjisinin ixracına imkan yaradacaq.
Naxçıvanın bərpaolunan enerji potensialı da xüsusilə vurğulandı. Günəş enerjisinin istehsalı baxımından Naxçıvanın Azərbaycanın ən əlverişli ərazilərindən biri olduğu qeyd edildi. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Təkcə Günəş enerjisinin istehsalının gələcəkdə ən azı 500 meqavat, hətta 1000 meqavata çata biləcəyi bildirilir. Bu isə Naxçıvanın enerji təhlükəsizliyindən enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımdır. Bərpaolunan enerji layihələrinin genişləndirilməsi ilə yanaşı, enerji saxlanc sistemlərinin yaradılması da diqqət mərkəzindədir. Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavat gücündə batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır. Bu cür müasir texnologiyalar Günəş və su elektrik stansiyalarından əldə olunan enerjinin səmərəli şəkildə toplanmasına və lazım gəldikdə sistemə ötürülməsinə imkan verəcək. Beləliklə, Naxçıvanda müasir, dayanıqlı və çevik enerji sistemi formalaşdırılması hədəflənir.
Naxçıvanın enerji imkanlarının artırılması həm də regional əməkdaşlıq və ixrac perspektivləri baxımından əhəmiyyətlidir. Muxtar respublikanın İran və Türkiyə ilə elektrik əlaqələrinin mövcud olması gələcəkdə daha böyük həcmdə enerjinin ixracına imkan yarada bilər. Eyni zamanda, Ermənistan ərazisindən keçəcək enerji xətlərinin yaradılması ideyası Naxçıvanın daha geniş regional enerji sisteminə inteqrasiyasını təmin edə bilər. Bu yanaşma Zəngəzur dəhlizinə yalnız nəqliyyat layihəsi kimi deyil, enerji, rabitə və digər infrastruktur istiqamətlərini özündə birləşdirən genişmiqyaslı regional layihə kimi baxıldığını göstərir.
Müsahibədə Zəngəzur dəhlizinin yaradılması məsələsinə xüsusi yer ayrıldı. Prezident İlham Əliyev bu təşəbbüsün Azərbaycanın uzun illər ərzində qarşıya qoyduğu əsas məqsədlərdən biri olduğunu bildirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra TRIPP layihəsinin icrasına başlanması bu istiqamətdə yeni mərhələnin əsasını qoyub. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının yaradılması ölkəmizin iqtisadi və geostrateji mövqeyini daha da gücləndirəcək.
Bu baxımdan Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin başa çatmaq üzrə olması, dəmir yolu layihələrinin sürətləndirilməsi və Naxçıvan dəmir yolunun reabilitasiyası xüsusi əhəmiyyət daşıyır. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğunun 194 kilometr olması və xəttin gələcəkdə 15 milyon tonadək yükdaşıma qabiliyyətinə çatdırılması nəzərdə tutulur. Bu, Naxçıvanın yalnız Azərbaycan daxilində deyil, beynəlxalq nəqliyyat sistemində mühüm qovşaqlardan birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Naxçıvanın strateji mövqeyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində mühüm üstünlük yaradır. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycan ərazisinin digər hissələri ilə birləşdirilməsi, Culfa istiqamətindən İranla dəmir yolu bağlantısının mövcudluğu bölgənin beynəlxalq tranzit imkanlarını artırır. Gələcəkdə böyük həcmdə yüklərin Naxçıvandan keçməsi iqtisadi fəallığın yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və xidmət sektorunun genişlənməsinə səbəb ola bilər.
Dövlət başçısının diqqət yetirdiyi digər mühüm istiqamət sosial-iqtisadi inkişafdır. Naxçıvan Sənaye Parkının yaradılması, müasir sənaye komplekslərinin qurulması, kənd təsərrüfatının inkişafı, suvarma layihələrinin həyata keçirilməsi və yeni iş yerlərinin açılması muxtar respublikanın iqtisadi potensialının tam şəkildə reallaşdırılmasına xidmət edir. Qarşıdakı dövrdə yüzlərlə artezian quyusunun qazılması, müasir suvarma sistemlərinin qurulması və istifadəsiz qalan torpaqların su ilə təmin edilməsi kənd təsərrüfatının inkişafına ciddi təkan verə bilər.
Nəqliyyat infrastrukturunun yenilənməsi də Naxçıvanın gündəlik həyatına birbaşa təsir edən məsələlərdəndir. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsi ilə yanaşı, ekoloji baxımdan da əhəmiyyətlidir. Rayonlararası və şəhərlərarası nəqliyyatın yaxşılaşdırılması məqsədilə 217 müasir avtobusun alınması, həmçinin 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Bu tədbirlər 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min insanın nəqliyyat imkanlarının yaxşılaşdırılmasına xidmət edəcək.
Naxçıvanın inkişafında tarixi-mədəni irsin qorunması da xüsusi yer tutur. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinə abidənin ucaldılması və digər tarixi-mədəni obyektlərin konservasiyası Naxçıvanın zəngin keçmişinə dövlət səviyyəsində göstərilən diqqətin nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi ilə yanaşı, milli kimlik, tarix, mədəniyyət, dil və ədəbiyyat da dövlət siyasətinin əsas dayaqlarındandır.
Turizmin inkişafı da Naxçıvan üçün böyük perspektivlər açır. Qədim tarixi abidələri, zəngin mədəni irsi, təmiz havası və təbii gözəllikləri muxtar respublikanı mühüm turizm məkanına çevirə bilər. Bu istiqamətdə əsas problemlərdən biri olan müasir mehmanxana infrastrukturunun inkişaf etdirilməsi məqsədilə Naxçıvan şəhərində beşulduzlu yeni mehmanxananın təməlinin qoyulması mühüm addımdır.
Bütün bunlarla yanaşı, Prezidentin müsahibəsində Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də diqqət çəkən məqamlardan oldu. Hər üç bölgənin strateji əhəmiyyəti, enerji və nəqliyyat imkanları, tarixi bağlılığı və gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların qarşılıqlı əlaqəsinin gücləndirilməsi hədəflənir. Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyinin yaradılması da idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm struktur islahatı kimi qiymətləndirilir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

02/08/2026

Azərbaycan və Qırğızıstan strateji əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan–Qırğızıstan əlaqələrinin artıq müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Dövlət başçısı bildirdi ki, hər iki ölkə beynəlxalq təşkilatlarda, iqtisadi-ticari əməkdaşlıqda, təhlükəsizlik sahəsində və digər strateji istiqamətlərdə bundan sonra da bir-birini dəstəkləyəcək. Onun sözlərinə görə, səfər zamanı imzalanan sənədlər əməkdaşlığın geniş istiqamətlərini əhatə edir və əldə olunan razılaşmaların uğurla həyata keçiriləcəyinə tam əminlik var.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə razılıq oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Fondun fəaliyyəti artıq konkret layihələrlə zənginləşir, Qırğızıstanda həyata keçirilən investisiya layihələri yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və iqtisadi potensialın daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçısı bu məbləğin gələcəkdə daha da artırılmasının mümkünlüyünü də istisna etmədi.
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş “Baku Resort & Spa” beşulduzlu mehmanxanasının açılışı da baş tutdu. “Bakı” adını daşıyan bu müasir turizm kompleksi Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi əməkdaşlığın və dostluğun daha bir rəmzi kimi dəyərləndirilir.
Prezident İlham Əliyev Qarabağın bərpasına göstərilən qardaş dəstəyini yüksək qiymətləndirərək qeyd etdi ki, Ağdam rayonunda inşa edilmiş “Manas” adına məktəb Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən yenidənqurma prosesinə mühüm töhfəsidir. Dövlət başçısı bu layihəni xalqlarımızın qardaşlığının və qarşılıqlı etimadının parlaq nümunəsi adlandırdı.
Bəyanatda humanitar və mədəni əlaqələrə də xüsusi yer ayrıldı. Prezident İlham Əliyev Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılışını, eləcə də Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluq Parkının yaradılmasını iki xalqın mənəvi yaxınlığının ifadəsi kimi qiymətləndirdi. Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, ortaq tarixi və mədəni dəyərlərin təbliği xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı, həmçinin Mərkəzi Asiya ölkələrinin liderlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunmasına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, region dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verəcək.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan və Qırğızıstanı yalnız ortaq tarix, dil və mədəniyyət deyil, həm də qarşılıqlı etimad, strateji maraqlar və gələcəyə hesablanmış birgə inkişaf məqsədləri birləşdirir. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, iqtisadi layihələrin genişləndirilməsi, humanitar əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş ölkənin əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

23/07/2026

Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycan–Almaniya əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, imzalanmış sənədlər ikitərəfli əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və strateji dialoqun başlanmasına zəmin yaradacaq. Xüsusilə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm hüquqi əsas rolunu oynayacaq.
Səfər zamanı iqtisadi əməkdaşlığın inkişafı xüsusi diqqət mərkəzində oldu. Hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir və yeni sərmayələrin cəlb olunması üçün konkret təkliflər irəli sürülüb. Bununla yanaşı, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması sahibkarlar arasında əlaqələrin genişlənməsinə, investisiya imkanlarının artmasına və qarşılıqlı iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılıb. Bununla Azərbaycanın qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Eyni zamanda, ölkəmiz Almaniyaya neft ixrac edir və gələcəkdə yaşıl enerji layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə daha böyük töhfə verməyi hədəfləyir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da görüşlərin əsas mövzularından biri olub. Azərbaycan Şərqlə Qərb arasında etibarlı tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir, Orta Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Bu istiqamətdə Almaniyanın qabaqcıl təcrübəsinin tətbiqi və birgə işçi qruplarının yaradılması gələcək layihələrin uğurlu icrasına imkan verəcək.
Prezident İlham Əliyev çıxışında regionda sülh və sabitliyin təmin olunması istiqamətində əldə olunan nailiyyətlərə də toxundu. O, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması, sülh prosesinin irəliləməsi və Almaniyanın bu prosesə verdiyi töhfəni yüksək qiymətləndirdi. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, sülh gündəliyinin təşəbbüskarı olduğunu və regionda əməkdaşlığın genişləndirilməsi üçün ardıcıl addımlar atdığını vurğuladı. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və imzalanan strateji sənədlər Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu səfər siyasi dialoqun güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə, nəqliyyat və tranzit imkanlarının inkişafına, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

22/07/2026

22 iyul Azərbaycanda Milli Mətbuat günüdür

22 iyul Azərbaycan milli mətbuatının yaranması günü kimi ölkəmizin ictimai və mədəni həyatında xüsusi əhəmiyyət daşıyır. Məhz 1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti milli mətbuatımızın əsasını qoymuşdur. Cəmi iki il fəaliyyət göstərməsinə və 56 nömrəsinin çap olunmasına baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, milli düşüncənin formalaşmasına və Azərbaycan ədəbi dilinin inkişafına əvəzsiz töhfələr vermişdir. Qəzet cəhalətə və xurafata qarşı mübarizə aparmış, elmə, təhsilə və tərəqqiyə çağırış etmiş, milli özünüdərk ideyalarının yayılmasında mühüm rol oynamışdır. “Əkinçi”nin bağlanması milli mətbuatın inkişafını dayandıra bilmədi. Sonrakı illərdə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Tərəqqi”, “Açıq söz” və digər qəzet və jurnallar Azərbaycan mətbuatının inkişaf tarixini zənginləşdirdi. Bu nəşrlər xalqın milli şüurunun yüksəlməsinə, maarifçilik hərəkatının genişlənməsinə, ictimai və siyasi fikrin formalaşmasına mühüm təsir göstərdi.
Müstəqillik dövründə Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoydu. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğvi Azərbaycanda azad medianın inkişafı üçün geniş imkanlar yaratdı. Sonrakı illərdə media fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası formalaşdırıldı, jurnalistlərin peşə fəaliyyətinin və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli medianın inkişafına xüsusi diqqət göstərilir. “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman əsasında Medianın İnkişafı Agentliyi yaradılmış, 2021-ci ildə qəbul edilən “Media haqqında” Qanun media fəaliyyətinin müasir çağırışlara uyğun təşkilinə hüquqi zəmin yaratmışdır. Həmçinin media subyektlərinə vergi güzəştlərinin tətbiqi, jurnalistlərin güzəştli ipoteka imkanlarından yararlanması və peşəkarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər dövlətin mediaya göstərdiyi diqqətin bariz nümunəsidir.
Müasir dövrdə rəqəmsallaşma və informasiya texnologiyalarının sürətli inkişafı Azərbaycan mediasını qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevirmişdir. İnternet jurnalistikası, sosial media platformaları və süni intellekt texnologiyaları medianın fəaliyyətinə yeni imkanlar qazandırmışdır. Bununla yanaşı, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin qorunması və peşəkar jurnalistika prinsiplərinə sadiqlik günümüzün əsas vəzifələri sırasındadır. Azərbaycan mediası Birinci və İkinci Qarabağ müharibələri zamanı da üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmiş, ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmış, informasiya müharibəsində mühüm rol oynamışdır. Bu gün də jurnalistlər dövlət maraqlarının qorunması, obyektiv və operativ məlumatlandırmanın təmin edilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər. Şuşada keçirilən Qlobal Media Forumları isə beynəlxalq media əməkdaşlığının inkişafına, dezinformasiyaya qarşı birgə mübarizəyə və rəqəmsal dövrdə media etikası məsələlərinin müzakirəsinə mühüm töhfə verir.
Milli mətbuatımızın keçdiyi 151 illik şərəfli yol göstərir ki, azad, peşəkar və məsuliyyətli media demokratik cəmiyyətin əsas sütunlarından biridir. Azərbaycan mediası öz tarixi ənənələrinə sadiq qalaraq müasir texnologiyaların imkanlarından səmərəli istifadə etməli, obyektivlik, qərəzsizlik, vətənpərvərlik və yüksək peşəkarlıq prinsiplərini rəhbər tutaraq ölkəmizin inkişafına, milli maraqların qorunmasına və cəmiyyətin düzgün məlumatlandırılmasına bundan sonra da layiqli töhfələr verməlidir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

II və III qrupların nəticələri elan olundu.Məktəbimizin yüksək nəticə əldə etmiş şagirdləri:Əliş Cəbrayılov - 622 balVüs...
17/07/2026

II və III qrupların nəticələri elan olundu.
Məktəbimizin yüksək nəticə əldə etmiş şagirdləri:
Əliş Cəbrayılov - 622 bal
Vüsalə Sarıyeva - 586 bal
Digər uğurlu nəticələr əldə etmiş şagirdlərimizi də təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Yolunuz açıq olsun.

Bugün keçirilmiş sertifikasiya imtahanında növbəti uğur qazanmış müəllimlərimiz :Texnologiya müəllimi Zülfiyyə Hümbətli-...
25/06/2026

Bugün keçirilmiş sertifikasiya imtahanında növbəti uğur qazanmış müəllimlərimiz :
Texnologiya müəllimi Zülfiyyə Hümbətli-56 bal
Fiziki tərbiyə müəllimi Şamil Qafarov - 44 bal
Müəllimlərimizi təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Məktəbimizin tarix müəllimi Aytac Camalova müəllimlərin sertifikasiya imtahanında iştirak edərək 54 bal toplamışdır. Müə...
24/06/2026

Məktəbimizin tarix müəllimi Aytac Camalova müəllimlərin sertifikasiya imtahanında iştirak edərək 54 bal toplamışdır. Müəllimimizi bu gözəl nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona gələcək pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

24/06/2026

Azərbaycan–Türkmənistan münasibətləri yeni inkişaf mərhələsində

2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi sənəd kimi diqqəti cəlb edir. Bəyanatda Azərbaycan–Türkmənistan əlaqələrinin strateji xarakter daşıdığı, qarşılıqlı etimada, ortaq tarixi köklərə və dostluq münasibətlərinə əsaslandığı bir daha vurğulanmışdır.
Prezident İlham Əliyev çıxışında ilk növbədə Türkmənistanın Qarabağın bərpasına verdiyi dəstəyə görə minnətdarlığını ifadə etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Türkmən xalqının Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılması qardaş ölkənin Azərbaycana olan səmimi münasibətinin növbəti nümunəsidir. Bu təşəbbüs işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində beynəlxalq həmrəyliyin və türk dünyasının birliyinin bariz göstəricisi kimi qiymətləndirilir.
Bəyanatda Azərbaycan və Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın inkişafına da xüsusi yer verilmişdir. Prezident İlham Əliyev xalqlarımızı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin münasibətlərin möhkəm təməlini təşkil etdiyini vurğulamışdır. Son illərdə hər iki ölkədə keçirilən Mədəniyyət Günləri, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri və Bakı–Aşqabad, Füzuli–Arkadağ şəhərləri arasında qardaşlaşma münasibətləri əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə xidmət edir.
Dövlət başçısı Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsində göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyevin fikrincə, bu hadisə tarixi əhəmiyyət daşıyır və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin daha da dərinləşməsinə şərait yaradır. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, ortaq tarix, mədəniyyət və iqtisadi maraqlar ölkəmizi bu regionun ayrılmaz tərəfdaşlarından birinə çevirir.
Çıxışın əsas məqamlarından biri də nəqliyyat-logistika sahəsində əməkdaşlıq məsələləri olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, müasir dövrdə təhlükəsiz və etibarlı nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artır. Azərbaycan və Türkmənistanın birgə səyləri nəticəsində Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri geniş coğrafiyada iqtisadi əlaqələrin inkişafına töhfə verir. Dövlət başçısı vurğulamışdır ki, siyasi etimad və qarşılıqlı fəaliyyət olmasaydı, bu qədər genişmiqyaslı layihələrin həyata keçirilməsi mümkün olmazdı. Bu baxımdan nəqliyyat və logistika sahəsi gələcək dövrdə də ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri olacaqdır.
Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın perspektivlərinə də toxunaraq bildirmişdir ki, hər iki ölkə zəngin enerji ehtiyatlarına malikdir və bu sahədə birgə fəaliyyət regional enerji təhlükəsizliyinə mühüm töhfələr verə bilər. Azərbaycan və Türkmənistanın enerji resurslarının səmərəli istifadəsi və beynəlxalq bazarlara çıxarılması istiqamətində əməkdaşlığı gələcək illərdə daha da genişlənəcəkdir.
Bəyanatda Türkmənistanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar da yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyev qardaş ölkənin şəhərlərinin sürətlə inkişaf etdiyini, müasir infrastrukturun yaradıldığını və əhalinin rifahının yüksəldiyini qeyd etmişdir. Eyni zamanda Azərbaycanın Türkmənistanın beynəlxalq nüfuzunun möhkəmlənməsini və neytrallıq siyasətini daim dəstəklədiyi vurğulanmışdır.
Nəticə etibarilə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat göstərir ki, Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı etimad, qardaşlıq və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. İki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat-logistika layihələrinin və mədəni əlaqələrin genişləndirilməsi regionda sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Məhəmmədəli Sarıyev- İmişli RİH başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Məktəbimizdə növbəti Pedaqoji şura iclası keçirilmişdir.İclas zamanı IX və XI sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzi...
16/06/2026

Məktəbimizdə növbəti Pedaqoji şura iclası keçirilmişdir.
İclas zamanı IX və XI sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri, eləcə də IV və VI sinif şagirdlərinin tədris ili ərzində məktəbdaxili monitorinq nəticələri ətraflı təhlil olunmuş və müzakirə edilmişdir.
Cari məsələlər üzrə mövcud tövsiyə və tapşırıqlar pedaqoji kollektivin diqqətinə çatdırılmışdır.
Həmçinin 2025–2026-cı tədris ilində sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə tövsiyələr verilmiş, uğurlar arzulanmışdır.
Dəyərli müəllimlərimizə məktəbimizin fəaliyyətinə verdikləri töhfələrə, yüksək peşəkarlıqlarına və əzmkarlıqlarına görə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

14/06/2026

15 İyun – Milli Qurtuluş Günüdür

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.
1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edildi.
Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Məhəmmədəli Sarıyev -İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatının, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi

Address

Otuziki
Imishli
3000

Telephone

+994505420693

Website

Alerts

Be the first to know and let us send you an email when İmişli Rayon Otuziki kənd tam orta ümumtəhsil Məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to İmişli Rayon Otuziki kənd tam orta ümumtəhsil Məktəb:

Shortcuts

Share