18/07/2025
Dünya universitetlərinin innovasiya üzrə reytinqində 16 kateqoriyadan biri olan “A8. Qlobal çağırışlara DİM-əsaslı (Dayanıqlı İnkişaf Məqsədləri) cavablar (A8. SDG-Based Responses to Global Challenges)” üzrə ilk 100 universitet siyahısına düşən Gəncə Dövlət Universitetinə müfaviq sertifikat təqdim olunub.
10/07/2025
Tələbələrə Türkiyədə təcrübə keçmək üçün əla fürsət!!!
Tələbələr üçün “Yaşıl Transformasiya Təlim Modulu” adlı layihəyə start verilir
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Çanaqqala Onsəkkiz Mart Universitetinin (COMU) birgə təşəbbüsü ilə Gəncə Dövlət Universitetində növbəti tədris ilindən etibarən “Yaşıl Transformasiya Təlim Modulu” adlı beynəlxalq layihə fəaliyyətə başlayır. Bu modul tələbələri dayanıqılılıq, iqlim dəyişikliyi və ətraf mühit texnologiyaları kimi mövzularda bilikli “Yaşıl Yaka” mütəxəssisi olaraq yetişdirmək məqsəd daşıyır. Təlimlər və imtahanlar türk dilində təşkil ediləcək.
Bu layihədə Gəncə Dövlət Universitetində təhsil alan mühəndislik, texniki və təbiət elmləri sahəsi üzrə bakalavr (yalnız III və IV kurs tələbələri) və magistr tələbələri iştirak edə bilər.
Layihədə iştirak etmək istəyən tələbələr ilk öncə aşağıda verilən link vasitəsilə qeydiyyatdan keçməlidir.
Qeydiyyatdan keçən və uyğun şərtlərə cavab verən tələbələr:
1. İlkin olaraq sentyabr ayından etibarən 6 həftəlik onlayn (asinxron formada) təlimdə iştirak edəcək. Təlimin sonunda onlayn formada imtahan təşkil ediləcək. İmtahandan uğur qazanan tələbələr layihədə fəaliyyətlərini davam etdirəcək.
2. İlkin imtahandan keçən tələbələrə Çanaqqala Onsəkkiz Mart Universitetinin professor-müəllim heyəti tərəfindən GDU-da 10 günlük üzbəüz praktik təlimlər təşkil ediləcək. Sonda tələbələr qonaq professor-müəllim heyəti tərəfindən qiymətləndiriləcəkdir. Qiymətləndirmə zamanı uğur qazanmış tələbələr layihədə fəaliyyətlərini davam etdirəcək.
3. Sonda seçilmiş 5 nəfər tələbə Türkiyə Respublikasının Çanaqqala şəhərində yerləşən Çanaqqala Onsəkkiz Mart Universitetinin Texnoparkına səfər edəcək, burada olan proseslərlə yaxından tanış olacaq və müxtəlif şirkətlərlə təcrübə mübadiləsi aparacaq.
Layihənin əsas məqsədlərindən biri də proqramı uğurla tamamlayan tələbələrə “Yaşıl Yaka” titulunun verilməsidir. Layihənin şüarı isə belədir: “Dayanıqlı bir gələcək üçün sən də “Yaşıl Yaka” ol, fərq yarat!”
Proqramı uğurla bitirmiş tələbələrə növbəti təhsil pilləsi üzrə təhsillərini davam etdirmələri və mütəxəssis kimi yetişmələri üçün Çanaqqala Onsəkkiz Mart Universitetində təqaüd əsasında magistr və doktorantura təhsili almaları üçün şans veriləcək.
Səfər zamanı təyyarə bileti və otel TİKA tərəfindən, gündəlik yemək isə layihənin tərəfdaş şirkətləri tərəfindən qarşılanacaq.
Yerlərin məhdud sayda olduğunu nəzərə alıb qeydiyyatdan keçdikdən sonra (əgər iştirakları təsdiqlənərsə) tələbələr proqramda əvvəldən sona bütün mərhələlərdə (əgər imtahandan uğurla keçib və Türkiyəyə səfərə göndərilərsə) iştirak etmələri üçün öhdəlik götürəcək və onlardan əvvəldən sona qədər aktiv iştirak tələb olunacaq.
Əlavə məlumat üçün GDU-nun əsas tədris binasında yerləşən İnnovasiyalar departamentinə (4-cü mərtəbə) müraciət edə bilərsiz.
Qeydiyyat Forması: https://forms.gle/cZ9QPVgnK7kiKQk17
16/05/2025
Gəncə Dövlət Universitetində innovasiya yönümlü sahibkarlığın inkişafı məqsədi ilə təşkil ediləcək “Yeni bir fikrim var 2” ideya yarışması.
İstiqamətlər:
Müsabiqədə həm texnologiya həm də sosial innovasiya yönümlü ideyalar iştirak edə bilər. Aşağıda qeyd edilən kateqoriyalar müsabiqədə iştirak edəcək ideyalar üçün nümunələrdir. Lakin fərqli mövzularda olan maraqlı ideylar da müsabiqəyə müraciət edə bilər.
-Məhsul və ya Xidmətlər: Bazarda müəyyən ehtiyaclara cavab verən yeni məhsul və ya xidmətlərlə bağlı ideyalar.
-Sosial və ya Yaşıl artımla bağlı problemlər: Ətraf mühitə və ya sosial problemlərin həllinə kömək edən ideyalar.
-Bədii yaradıcılıq: İncəsənət sahəsinə daha çox insanı cəlb etmək, sənətə olan qiymətin artması və incəsənətin cəmiyyətdəki əhəmiyyətini artırmaq, bədii yaradıcılığı daha əlçatan etmək, və ya hər hansı bir sənəti kommersiyalaşdırmaq üçün ideyalar.
-Kampusla bağlı İnnovasiyalar: Kampus həyatını zənginləşdirəcək və ya kampuslarda sərfiyyatı azaltmaqla bağlı innovativ ideyalar.
Qiymətləndirmə Meyarları:
Müsabiqədə iştirak üçün müraciət edən layihələr aşağıdakı 6 meyar üzrə qiymətləndiriləcək:
1. Problem/ehtiyac kifayət qədər aktualdır və aradan qaldırılması mümkündür.
2. Təklif olunan məhsul /həll yolu aydın dəyərə malikdir və insanlar tərəfindən qəbul olunma ehtimalı yüksəkdir.
3. Cari zaman ideyanın həyata keçməsi üçün uyğundur və ehtiyac hələ qarşılanmamışdır
4. Müştəri bazarı mövcuddur və müştərilərin təklif olunan məhsula ehtiyacı var
5. İdeyanın həyata keçməsi üçün ciddi maliyyə tələb edilmir və aydın gəlir modeli var
6. Bazara daxil olmaq üçün maneə yoxdur və alternativ məhsullardan fərqli dəyər təklif olunur
Necə iştirak etmək olar:
Müsabiqə iki fərqli kateqoriyada təşkil ediləcək:
1. Tələbələr arasında
2. Akademik-İnzibati heyət arasında
-İştirakçılar müsabiqə şərtləri daxilində istədikləri sayda layihə ilə yarışmaya müraciət edə bilər.
-Müsabiqəyə komanda şəklində (3-4 nəfərdən ibarət komanda) müraciət etmək tövsiyyə olunur.
-Müsabiqədə yalnız GDU-nun akademik-inzibati heyəti və tələbələri iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilər.
https://forms.gle/dSvsPBeGeqtp45ou6
Müsabiqəyə təqdim olunan ideyalar iki mərhələdə qiymətləndiriləcək. Əvvəlcə təqdim olunan bütün ideyalar meyarlar üzrə qiymətləndiriləcək. Seçilmiş ideyalar növbəti mərhələ olan final mərhələsinə keçəcək. Finalçılar hazırlıq mərhələsindən keçdikdən sonra finalda təqdimat edəcək və ən yaxşı ideyalar qalib elan ediləcək.
Müraciət tarixi: 12.05.2025 – 07.09.2025
İlkin qiymətləndirmə: 08.09.2025 – 12.09.2025
Finalçıların elanı: 15.09.2025
Finala hazırlıq: 15.09.2025 – 25.09.2025
Finalda yekun təqdimat və qaliblərin seçimi: 03.10.2025
Mükafat fondu:
Qaliblər aşağıdakı formada mükafatlandırılacaq:
Akademik-inzibati heyət arasında təşkil ediləcək müsabiqənin qalibləri üçün: I yer 800 AZN, II yer 600 AZN, III yerə 400 AZN pul mükafatı nəzərdə tutulmuşdur.
Tələbələr üçün isə bu məbləğ I yerə 700 AZN, II yerə 500 AZN, III yerə isə 300 AZN nəzərdə tutulmuşdur.
Bunlardan əlavə olaraq qaliblərə müsabiqənin sponsorları tərəfindən əlavə həvəsləndirici mükafatlar təqdim olunacaq. Final mərhələsində iştirak hüququ qazanmış bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.
25/02/2025
REFRESH layihəsinin Keyfiyyətin Təminatı Şurasının növbəti iclası keçirilib.
24 fevral tarixində UNEC-in koordinator, Gəncə Dövlət Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa olunan Enerji və İqlim Dəyişikliyinin Azaldılması - REFRESH” layihəsinin Keyfiyyətin Təminatı Şurasının növbəti iclası keçirilib. Görüşdə İtaliyanın Boloniya Universiteti, İspaniyanın Barselona Universiteti, İsveçin Kral Texnologiya İnstitutututun, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Univeristeti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Univeristetinin əməkdaşları iştirak emtişdir.
Görüşdə Boloniya Universitetinin REFRESH layihəsi üzrə koordinatoru Domiziano Mostacci layihənin xarici auditləri ilə tərəfdaşları tanış edib. Görüş REFRESH layihəsinin ümumi fəaliyyətinin və nailiyyətlərini qiymətləndirmək rolunu oynayıb. İştirakçılar indiyə qədər əldə edilmiş mərhələləri əks etdirərək və əlavə diqqət tələb edən əsas sahələri müəyyənləşdirərək layihə fəaliyyətlərinin cari vəziyyətini müzakirə edib. İclasın əhəmiyyətli hissəsi daxili monitorinq prosesinə həsr olunub, burada tərəfdaşlar layihə çərçivəsində həyata keçirilən İş Paketləri (İP) ilə bağlı monitorinq öhdəliklərini birgə nəzərdən keçirib öz aralarında bölgü edib.
07/02/2025
Bu il Gəncə Dövlət Universiteti beynəlxalq reytinq agentliklərinin müxtəlif kateqoriyalar üzrə təşkil edilən aşağıdakı reytinqlərində iştirak edir:
-THE "Impact Ranking 2025".
Bu kateqoriyada universitetlər müxtəlif dayanıqlı inkişaf məqsədləri üzrə ekoloji davamlılıq, sosial inklüzivlik, iqtisadi artım kimi mövzularda dünyanın ən aktual problemlərinin həllinə verdiyi töhvələr əsasında iştirak edirlər. THE "Impact Ranking 2025"-in nəticələri 16-19 iyun 2025-ci il tarixlərində İstanbulda 5000-dən çox insanın iştirakı ilə təşkil olunacaq Qlobal Dayanıqlı İnkişaf Konqresində elan ediləcək.
-THE-nin Asiya Ali Təhsil Mükafatları 2025 Müsabiqəsi.
Bu müsabiqədə Gəncə Dövlət Universiteti “Ətraf Mühitə Verilən Müstəsna Töhfə” kateqoriyasında iştirak edir. Universitet müsabiqəyə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı, və nəhayət Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhvələr əsasında müraciət etmişdir. Müsabiqənin qaliblər bu il 22 apreldə, THE Asiya Universitetləri Sammitinin ilk günündə Makao Elm və Texnologiya Universitetində keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.
-THE “İnterdisiplinar Elm Reytinqi”.
THE-nin “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı “İnterdisiplinar Elm Reytinqi” dünyanın aparıcı universitetlərinin interdisiplinar araşdırmalar sahəsində əldə etdikləri göstəriciləri əsasında hazırlanır.
-İnnovasiya üzrə Dünya Universitetləri Reytinqi.
İnnovasiya üzrə Dünya Universitetləri Reytinqinə (The WURI) aparıcı təhsil müəssisələri sənaye və cəmiyyətə təhsildə innovasiya, tədqiqat, ictimai əlaqələr vasitəsilə töhvələri əsasında müraciət edir. Universitet müsabiqəyə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı, və nəhayət Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhvələr əsasında müraciət etmişdir. Gəncə Dövlət Universitetinin bu reytinq üzrə mövqeyi 9-11 iyul, 2025-ci il tarixində elan ediləcək.
-THE "Fənnlər üzrə Dünya Universitetləri Reytinqi"
Fənnlər üzrə Dünya Universitetləri Reytinqi universitetləri 11 fənn üzrə qiymətləndirmək üçün nəzərdə tutulub. İncəsənət və Humanitar Elmlər, Biznes və İqtisadiyyat, Kompüter Elmləri, Mühəndislik, Tibb və Sağlamlıq, Fizika Elmləri, Psixologiya, Sosial Elmlər kimi sahələr daxildir.
-QS Dünya Universitetləri Reytinqi.
QS Dünya Universitetləri Reytinqi dünyanın ən yaxşı universitetlərinin ətraflı reytinqini təklif edir. Bu reytinq on minlərlə ali təhsil müəssisəsi ilə əməkdaşlıq vasitəsilə məlumat sorğularının köməyi ilə tərtib edilir.
-QS Fənnlər üzrə Dünya Universitetləri Reytinqi.
"QS World University Rankings by Subjects" təhsil alanlara onlar üçün vacib olan fənn sahələrində təhsil verən qabaqcıl universitetlər haqqında məlumat verir.
-QS Dayanıql İnkişaf üzrə Dünya Universitetləri Reytinqi.
QS Dayanıql İnkişaf üzrə Dünya Universitetləri Reytinqi təhsil alanlara universitetləri dayanıqlı inkişaf istiqamətində verdiyi töhvələr əsasında qiymətləndirmək imkanı verir. Bu reytinq universitetlərin sosial və ətraf mühitə təsirini qiymətləndirir.
16/08/2024
Gəncə Dövlət Universitetinin tələbəsi xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olub.
Günay Hümmətova 2018-ci ildə 653 bal toplayaraq Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasına qəbul olub. Yüksək balla müəllimlik ixtisasını seçdiyi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Code Academy tərəfindən həyata keçirilən "Code For Future" layihəsini “Honour Degree” ilə başa vurub. Günay IELTS imtahınından 7 nəticəsi əldə edib və University of Sheffield, University of Edinburgh, University of Bristol kimi universitetlərdən magistr dərəcəsi üzrə qəbul alıb. Günay Hümmətova 2024/2025-ci tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarından biri olaraq sentyabr ayından təhsilini Bristol Universitetində Mühəndis Riyaziyyatı ixtisası üzrə davam etdirəcək.
23/07/2024
ENGAGE layihəsi çərçivəsində Portuqaliyada növbəti təlim proqramı keçirilib
Gəncə Dövlət Universitetinin tərəfdaş və Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində 2024-cü ilin 1-4 iyul tarixlərində Portuqaliyanın Lissabon Texniki Universitetinə növbəti məhsuldar səfər baş tutub.
Təlim proqramının ilk günü universitetin Beynəlxalq Əlaqələr üzrə vitse-prezidenti professor Zita Martins layihənin üzvü olan 9 Azərbaycan ali təhsil müəssisəsinin nümayəndə heyətini salamlayaraq sahibkarlıq təhsilində beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb. Daha sonra Gülşən Bayramova ENGAGE layihəsi haqqında qısa hesabatla çıxış edərək təlim proqramının məqsədlərini və planlaşdırılan fəaliyyətləri iştirakçıların diqqətinə çatdırıb. Proqrama uyğun olaraq, Lissabon Texniki Universitetinin məsul nümayəndələri universitetin resursları, əməkdaşlıq şəbəkəsi və yeni başlayan sahibkarlar üçün mövcud olan dəstək mexanizmləri haqqında məlumat veriblər. Eyni zamanda, innovativ fəaliyyətdə dizayn yönümlü düşüncənin inkişaf etdirilməsi, bu istiqamətdə mövcud metodologiyaların tətbiqi və Técnico İnnovasiya Mərkəzində sahibkarlıq təhsilinin praktiki tətbiqləri, sahibkarlıq təhsilinin beş əsas təcrübəsi, effektiv tədris strategiyaları və kurrikulumun tərtibi, rəqəmsal innovasiya və rəqəmsal transformasiya təşəbbüslərinin əhəmiyyəti barədə öz təcrübələrini bölüşüblər.
Nümayəndə heyəti, həmçinin Técnico Lisboa Doktorantura Məktəbi modeli və məktəbin tədqiqat və innovasiyaları inkişaf etdirmə üçün mövcud yanaşması ilə tanış olub. Təlim müddətində Eşqin Bayramov və Ana Lukasın moderatorluğunda Azərbaycan nümayəndə heyəti ilə sahibkarlıq təhsili üzrə açıq müzakirə də təşkil edilib, təcrübə mübadiləsi aparılıb.
Tələbələrin öz sahibkarlıq layihələrini təqdim etdikləri “E.Awards” proqramı da bu səfərin vacib məqamlarından biri olub. Təlim proqramının yekununda Texnologiya Laboratoriyasına ziyarət təşkil edilib, İnnovasiya Mərkəzi və Tələbə Laboratoriyaları Təcrübələri haqqında geniş məlumatlar verilib.