11/03/2026
Bu gün məktəbdə 11-ci sinif şagirdləri ilə bağlı valideyn iclası keçirilmişdir. İclasda məktəb rəhbərliyi, sinif rəhbərləri və 11-ci sinif şagirdlərinin valideynləri iştirak etmişlər.
İclasın keçirilməsində əsas məqsəd qarşıdan gələn buraxılış imtahanları ilə əlaqədar verilmiş təlimat və qaydaların valideynlərin nəzərinə çatdırılması olmuşdur. Məktəb rəhbərliyi tərəfindən valideynlərə imtahan prosesinin məsuliyyətli mərhələ olduğu qeyd edilmiş və bu dövrdə şagirdlərə xüsusi diqqət və qayğı ilə yanaşmağın vacibliyi vurğulanmışdır.
Valideynlərə tövsiyə olunmuşdur ki, imtahan ərəfəsində şagirdlərə psixoloji təzyiq göstərilməsin, onların rahat və sakit şəkildə imtahana hazırlaşmaları üçün əlverişli şərait yaradılsın. Həmçinin qeyd olunmuşdur ki, şagirdlər imtahana gedərkən yalnız tələb olunan zəruri vəsaitləri özləri ilə aparmalı, əlavə və lazımsız əşyaların aparılmasına yol verilməməlidir.
Şagirdlərin imtahan günündə vaxtında imtahan yerində olmaları, qaydalara riayət etmələri və verilmiş təlimatlara uyğun hərəkət etmələri barədə də valideynlərə geniş məlumat verilmişdir.
İclas zamanı valideynlərin fikirləri və çıxışları dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş və valideynlərə imtahan prosesi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.