Mənim inandığım İSLAM.
Hz. Adəm əs. ilə Xatəmül-Ənbiya Hz.Muhəmməd səs. kimi gələn bütün dinlərin tək adı var İSLAM. Bəli bir İslam var, amma bu günün reallığında sanki min islam var. Elə isə hansı İslam? Oxuduqlarımı iman və vicdan süzgəcindən keçirtdiyimdə:
1. Mənim inandığım İslam, zorakılıqla, qorxu ilə deyil — sevgi, mərhəmət və könül qazanmaqla yayılmalıdır. Bu İslam insanı azaldan yox, dəyərləndirən, ruhu zənginləşdirən bir islamdır.
2. Mənim inandığım İslam, fərdi şüura və azad iradəyə hörmət edən, insanı kor itaətə yox, düşünməyə, sorğulamağa və məsuliyyət daşımağa çağıran bir islamdır.
3. Mənim inandığım İslam, cəmiyyətləri və fərqləri boğmaq əvəzinə onları rəhmət və zənginlik sayan, təriqətçiliyin və ruhaniliyin əsarətinə yox, azad düşüncəyə və bəşəri həmrəyliyə əsaslanan bir islamdır.
4. Mənim inandığım İslam, iradəni öldürən, insanı “meyyit” kimi idarə edən bir ideologiya deyil — insana həyatın sahibi olduğunu xatırladan, onu məsuliyyətli və dirənişli edən bir islamdır.
5. Mənim inandığım İslam, güclülərin və imtiyazlıların tərəfini tutmaz; o, yetimin, kasıbın, məzlumun, haqqı tapdalanmış insanın yanındadır. Bu İslam ədaləti, mərhəməti və bərabərliyi yaşadan islamdır.
6. Mənim inandığım İslam, ağlın, elmin və təbiətin ayələri ilə müxalifətdə deyil; onları Quranın ayələri ilə birgə oxuyan, insanı bilik və əməl vasitəsilə kamilliyə aparan bir İslamdır.
7. Mənim inandığım İslam, siyasətin, fanatizmin və məzhəbçilik çərçivələrinin alətinə çevrilməz. O, çağın tələblərinə cavab verən, insanı həm dünyada, həm də mənəviyyatda azad və ədalətli yaşamağa çağıran bir İslamdır.
Allah doğruluqdan və sırati müstəqimindən ayırmasın!
Samir Hasanov
Ph.D Samir Hasanov - Academic Advisor (Akademik müşavir), History of Azerbaijan (Azərbaycan Tarixi)
12/01/2025
İlahi Ədalət
Hz. Musanın həyatı ilə bağlı ibrətamiz bir hadisə, ilahi ədalətin heç vaxt təxirə düşməyəcəyini açıq şəkildə göstərir. Hz. Musa bir gün Rəbbinə belə bir sual verir:
"Ey Rəbbim! Niyə bəzi insanlar zalımların etdiklərinin yanlarına qaldığını zənn edir? Ona görə də pislik edən öz pisliyindən, yaxşılıq edən isə gördüyü zülmdən başqa bir şey qazanmadığını düşünür. Pislik edənlər başlarına heç bir bəla gəlmədiyi üçün özlərini təhlükəsiz hiss edirlər. Haram yeyir, pislik edir, haqq yeyirlər və bunları qazanc zənn edirlər. Ey Rəbbim, mənə bu dünya həyatında ədalətinin təcəllisindən bir nümunə göstər ki, bunu insanlara danışıb ibrət dərsi verim."
Allah Hz. Musaya belə buyurur:
- Ey Musa, səhra yollarının dörd istiqamətdə birləşdiyi bir yerdə, bulaq başında baş verəcək hadisələri seyr et. Gör zalım və haqsız necə etdiyi zülmün və haqsızlığın qarşılığını alır."
Hz. Musa ağacların arasına gizlənir və bulağın yanında baş verənləri izləməyə başlayır:
1. İlk olaraq bir atlı gəlir, su içir, yemək yeyir və içi qızıl dolu heybesini orada unudaraq gedir.
2. Sonra bir gənc gəlir, bulaq başında heybəni görür və götürərək uzaqlaşır.
3. Üçüncü olaraq, gözləri görməyən yaşlı bir adam gəlir, su içir və dincəlmək üçün oturur.
Sonra heybəni itirən atlı qayıdır, heybəsini axtarır və yalnız yaşlı adamı görür. Qəzəblənərək deyir:
- Heybəni sən almısan, ya pulumu ver, ya da canını!
Yaşlı adam deyir:
- Mən görmürəm, sənin heybənin harada olduğunu bilmirəm!
Lakin atlı yaşlı adamı öldürür və uzaqlaşır.
Bütün bunları izləyən Hz. Musa deyir:
- Ey Rəbbim, buradakı ədalət haradadır?"
- Ey Musa, insanlar hadisələrin yalnız zahirinə baxar, lakin içindəki ilahi ədaləti çox vaxt görə bilməzlər. Burada hər kəs öz etdiklərinin əvəzini aldı. Heybəni unudan atlı vaxtilə bir fəhlənin haqqını verməmişdi. Heybəni götürən gənc isə o fəhlənin oğludur. Yaşlı adam isə vaxtilə həmin atlının atasını öldürmüşdü. Beləcə hər kəs öz əməlinin nəticəsini gördü.
Allah Hz. Musaya belə deyir:
- Ey Musa, insanlara de ki, anlamadıqları hadisələrə etirazla baxmasınlar. Bilsinlər ki, ilahi ədalət gec-tez yerini tapacaq.
Dağ çiçəyi.
Ərim mühəndis idi. Onunla sakit təbiətinə görə evlənmişdim. Bu sakit adamın sinəsinə başımı qoyub yatmaq mənim içimi necə də isitmişdi. Amma nişanlılığımızın iki ili və evliliyimizin beş ili tamam olduqdan sonra bu sakitlik məni yormuşdu. Bir zamanlar çox sevdiyim bu xüsusiyyət artıq məni narahat edirdi. Mən olduqca həssas bir qadınam. Romantik anlara, kiçik bir uşağın şirniyyata olan düşkünlüyü kimi can atıram. Amma ərimin sakitliyi – başqa sözlə, laqeydliyi – evliliyimizdə romantizmin olmaması məni sevgidən soyutmuş, uzaqlaşdırmışdı.
Nəhayət, qərarımı ona açıqladım: boşanmaq istəyirdim.
Gözləri təəccübdən böyüyərək “Niyə?” deyə soruşdu.
“Həqiqətən də xüsusi bir səbəbi yoxdur,” dedim, “sadəcə yorulmuşam.”
Bütün gecə susdu. Düşünürdü. Amma bu halı mənim məyusluğumu daha da artırırdı. Düşüncələrini belə dilə gətirə bilməyən bir adamla evli idim. Ondan nə gözləyə bilərdim ki?
Nəhayət, sükutu pozdu və soruşdu: “Səni fikrindən döndərmək üçün nə edə bilərəm?”
Deyirlər ki, insanların xasiyyəti dəyişməz. Mən də artıq bunu qəbul etmişdim. Axırıncı ümid qırıntılarım da yox oldu.
“Məsələ də elə bundadır,” dedim. “Əgər problemin həllini özün tapa bilsən və qəlbimi inandıra bilsən, qərarımdan dönə bilərəm.”
Sonra bir misal gətirdim: “Deyək ki, dağın zirvəsində, uçurumun kənarında bir çiçək var. O çiçəyi mənim üçün dərmək sənin bütün sümüklərinin qırılmasına, hətta ölümünə səbəb ola bilər. Bunu mənim üçün edərsənmi?”
O, üzümə diqqətlə baxdı və “Sənə cavabımı sabah verəcəyəm,” dedi. Bu cavabla son ümidim də sönmüşdü.
Ertəsi səhər oyananda evdə yox idi. Mətbəx masasında boş bir süd qabı qoymuş və altına bir qeyd buraxmışdı.
“Sevgilim,” deyə başlayırdı, “O çiçəyi sənin üçün dərməzdim.”
Qəlbim bir daha qırıldı. Amma oxumağa davam etdim.
“Çünki həmişə etdiyin kimi kompüteri xarab edəndə və monitor qarşısında ağlayanda onu yenidən düzəldə bilmək üçün əllərimə ehtiyacım var.
Ev açarlarını həmişə unutduğunu bildiyimdən, səndən əvvəl evə çatmaq üçün qaça bilmək üçün ayaqlarıma ehtiyacım var.
Maşın sürməyi çox sevdiyin halda şəhərdə həmişə yolu azdığından, sənə yolu göstərmək üçün gözlərimə ehtiyacım var.
.. hər ay baş verən kəskin qarın ağrılarını sakitləşdirmək üçün ovuc içlərimə ehtiyacım var.
Evdə oturmağı sevdiyin üçün can sıxıntını dağıtmaq, sənə zarafatlar edib hekayələr danışmaq üçün dilimə ehtiyacım var.
Səhərdən axşama qədər kompüterə baxaraq gözlərinin zəifləməsi qaçılmaz olduğundan, yaşlandığımızda dırnaqlarını kəsə bilmək, saçlarındakı ağ telləri çıxara bilmək, pilləkənlərdən enəndə əlindən tuta bilmək, çiçəklərin rənginin bir vaxtlar üzünün rəngi kimi olduğunu deyə bilmək üçün gözlərimə ehtiyacım var.
Amma səni məndən çox sevən biri varsa, bəli, o uçuruma gedər və o çiçəyi sənin üçün dərərdim, sevgilim.”
Qeydin üstündə mürəkkəb yerlərdə yayılmışdı. Göz yaşlarım qeydin üstünə tökülürdü.
“Əgər bu qeydi oxuyub qəlbin inandısa, lütfən qapını aç, canım. Sənin sevdiyin susamlı çörək və təzə süd ilə qapının önündə gözləyirəm.”
Qaçaraq qapını açdım. O, endişəli bir üz ifadəsi ilə və əlində bərk-bərk tutduğu susamlı çörək və süd ilə qapının qarşısında idi.
Artıq çox yaxşı bilirdim: məni ondan daha çox heç kim sevə bilməzdi. O çiçəyi uçurumun kənarında buraxmağa qərar verdim. Bu, əsl sevgi idi!
İllərin ötüb keçməsi ilə ilk vaxtlardakı həyəcan və romantik anların yox olması sevgimizin də bitdiyini düşünməyimizə səbəb ola bilər. Amma sevgi həmişə var. Bəlkə həyəcanlı deyil, bəlkə romantik deyil… Amma o, həmişə bir yerdədir.
Çiçəklər və romantik anlar münasibətlərin başlanması üçün şübhəsiz ki, vacibdir. Amma zaman keçdikdən sonra bunlar getsə belə, əsl sevginin sütunu əbədi qalır.
Həyat elə belə bir şeydir.
22/09/2024
Özünü ələkdən keçirtmək, yəni özünü mühakimə və hesaba çəkmək, şəxsin öz davranışlarını, düşüncələrini və qərarlarını dəyərləndirməsi, onlara obyektiv şəkildə baxaraq düzgün və səhv tərəflərini müəyyən etməsi prosesidir. Məşhur bir sözdə deyildiyi kimi:
- Ey bəni Adəm! Hesaba çəkilmədən özünü hesaba çək.Bu, insanın mənəvi inkişafı, fərdi məsuliyyəti və özünü tanıması baxımından mühüm rol oynayır.
Özünü hesaba çəkməyin əsas mərhələləri:
1. Daxili dürüstlük.
Özünü mühakimə edən şəxs özünə qarşı dürüst olmalıdır. Həyatında baş verən hadisələr və qərarlar haqqında yanlış təsəvvürlər yaratmamalı, səhvləri və uğurları obyektiv şəkildə dəyərləndirməlidir.
2. Tənqid və təhlil.
Şəxsin hərəkətləri, niyyətləri və düşüncələri üzərində düşünərək onların mənfi və müsbət tərəflərini dəyərləndirmək vacibdir. İnsan öz səhvlərini anlamalı və onların hansı səbəblərdən baş verdiyini araşdırmalıdır. Bu proses tənqidi düşüncə və özünü təhlil bacarığı tələb edir.
3. Məsuliyyət.
Öz davranışlarının nəticələrinə görə məsuliyyət daşımaq vacibdir. Şəxs öz hərəkətlərinin və qərarlarının nəticələrini qəbul etməli və bunlara görə başqalarını ittiham etməməlidir. Məsuliyyət hissi özünü inkişaf etdirən fərdlər üçün vacibdir.
4. Düzəltmə və dəyişiklik.
Mühakimə prosesindən sonra insan öz səhvlərini düzəltməyə və daha yaxşı olmaq üçün dəyişikliklər etməyə qərar verməlidir. Özünü hesaba çəkməyin əsas məqsədi dəyişiklik və təkmilləşmədir. Bu mərhələ insanın mənəvi və şəxsi inkişafını təmin edir.
5. Nəticə çıxarma.
Keçmiş hərəkətlərdən öyrənilən dərslər gələcəkdə daha ağıllı və məlumatlı qərarlar verməyə kömək edir. Şəxs öz həyatında əldə etdiyi təcrübədən istifadə edərək irəliləməlidir.
Faydaları:
Özünüinkişaf: Şəxsin güclü və zəif tərəflərini daha yaxşı anlamasına kömək edir.
Emosional sağlamlıq - duyğuları və hərəkətləri təhlil etmək emosional sabitlik yaradır.
Təkmilləşmə - həyatını təkmilləşdirmək üçün hədəfləri və davranışları yenidən dəyərləndirmək imkanı verir.
Özünü mühakimə və hesaba çəkmək davamlı bir prosesdir və insanın öz həyatını daha yaxşı anlamağa və daha dolğun yaşamağa kömək edir.
Barabbas cəmiyyəti - yaxşılığın cəza, pisliyin isə mükafat gördüyü cəmiyyət.
Roma imperiyasının Qüds valisi Ponti Pilat, Həzrəti İsanı (ə) "camaatı üsyana qaldırmaq" iddiası ilə həbsə atmışdı. Bu zaman onunla birlikdə həbsdə yatanlardan biri də Barabbas idi. Barabbas oğru, qatil və təcavüzkar idi. Yəhudilərin pasxa bayramı ənənəsi vardı. Həmin gün xalq kimi istəsəydi valiyə əvf etdirib həbsdən azad edə bilirdi. Amma yəhudi xalqı Məsihə o qədər kin bəsləyirdi ki, oğru və qatil olan Barabbasın azadlığını istədi. Beləcə Barabbas azad edilərkən İsa Məsih çarmıxa çəkilir.
Barabbas azad edilən kimi oğruluq, qətl və təcavüz cinayətləri ilə yenidən həbsə atılır. Bir il sonra yenə pasxa bayramında yəhudi xalqının istəyi üzərinə Barabbas həbsdən azad edilir. Beləcə "Barabbas cəmiyyəti" termini yaxşılığın cəza, pisliyin isə mükafat gördüyü cəmiyyətlər üçün istifadə edilir.
Tarixdə bir sıra cəmiyyətin yer üzündən silinib həlak olması sırf bu səbəbdən olmuşdu. Misal üçün Lüt gövmü üçün çox zaman onların sapğın (homoseksual) adətləri misal göstərilir. Amma onlar sadəcə sapğın deyildi, Ərəf surəsi 82-ci ayədə qövmün: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır” deməsi yaxşılığın cəzalandırılması idi.
Quran təbiri ilə deyək, veyl olsun o cəmiyyətə ki, orada yaxşılıq cəza, pislik isə mükafat görər.
17/07/2024
Müasir məktəb nəyi öyrətməlidir?
Uğurlu gələcəyin 7 açarı.
Dünya sürətlə dəyişir və buna uyğun olaraq da dəyişən dünya ilə ayaqlaşmaq üçün qabiliyyət və bacarıqlar olduqca böyük əhəmiyyət kəsb edir. XXI əsrin tələbi olan bacarıq və qabiliyyətlər haqqında “Harvard Innovation Lab”da təlim və tədris üzərində tədqiqatlar aparmış Toni Wagner, müasir dünyada uğurlu olmağın 7 təməl bacarıq və qabiliyyətindən bəhs açır: tənqidi düşüncə, kollektiv iş, zehni çeviklik, təşəbbüskarlıq, şifahi və yazılı ünsiyyət, məlumatların təhlili və təxəyyül. Hər birinə ayrı-ayrılıqda nəzər salaq.
1. Tənqidi düşüncə və problemləri həll etmək bacarığı.
Tənqidi sevən bir millət deyilik, amma qəbul etmək lazımdır ki, tənqid və etiraz etmədən yeni bir məhsul, xidmət və ya fikir ortaya çıxarmaq çox çətindir. Mövcud olanı olduğu kimi qəbul etmək, hər fikrə “bəli” deyən bir anlayışdan icad və ixtira gözləmək əbəsdir. Məktəbdə tənqid və etiraza sərhəd qoymaq, yeniliyi və azad fikirliliyi boğmaq, səfalət və cəhalətdir.
2. Əməkdaşlıq və kollektiv iş.
Əfsus olsun ki, sosioloqlarımız bu mövzuda Azərbaycanda yetərli təhlil və analizlər aparmamışdır. Amma sadəcə idman yarışlarımıza nəzər salsaq, açıq bir şəkildə görüləcəkdir ki, ölkəmizdə kollektiv oyunlarda uğurlu olmadığımız çılpaq bir gerçəklikdir. Kollektivlə işləmə bacarığını şagirdlərimizə qazandırmaq məcburiyyətindəyik, Ölkəmizin inkişafı üçün birlik və bərabərliyimizə ən çox ehtiyac hiss etdiyimiz bir tarixi dövrdən keçirik.
3. Zehni və əqli çeviklik.
Müasir günümüzdə tək bir peşə bacarığı ilə ömür keçirtmək çox çətindir. Elmin və texnologiyanın sürətli inkişafı ilə birlikdə peşə bacarıqları ilə bağlı ehtiyaclar da dəyişməkdədir. Dünən doğru bildiklərimiz, bu gün artıq səhv sayıla bilər. Ona görə bir insanın “öz doğruları”nda və ya doğru bildiklərində israr etməsi günümüzün tələbi deyildir. Uzun müddət test sistemində qapalı suallarda şagirdlərimizə “tək doğru bənd” seçdirməyimiz də zamanla problemlərə səbəb olmuşdur.
4. Təşəbbüskarlıq və yenilikçilik.
Köhnədən qalma və qıra bilmədiyimiz stereotiplərdən biri də səssiz və sakit keçən bir dərsin uğurlu bir dərs hesab edilməsidir. Səsini çıxaranların susturulduğu bir mühitdə təşəbbüs irəli sürmək qeyri mümkündür. Erkən yaşlarında şagirdlərə bu qabiliyyəti aşılamsaq, onlardan hər hansı bir sahədə yenilik, mütərəqqi ideyalar və novatorluq gözləmək əbəsdir.
Şagirdlərə danışıb fikirlərini söyləyə biləcəkləri mühiti yaratmaq, onlarda üzünəinam və mədəni cəsarəti formalaşdırmaq ən vacib hədəflərdən olmalıdır.
5. Ünsiyyət qurmaq və yazılı kommunikasiya bacarığı.
Özünü ifadə edə bilməyən və fikirlərini yazıya almaq, esse və inşa yazmaq şagirdlərimizn ən çox çətinlik çəkdiyi qabiliyyətlərdəndir. Günümüzün ən böyük ehtiyaclarından olan bu qabiliyyətləri inkişaf etdirmək üçün məktəblər, fərqli layihə və yarışlar təşkil etməlidir. Orta və Ali məktəbləri bitirən gənclər üçün əksər vakansiyalarda –savadlı ünsiyyət qabiliyyəti tələb olunur –belə ki, bu yaxşı məhsuldarlıq üçün mütləq xarakter daşıyır. Anadan gəlmə xarizmatik xüsusiyyətlər və ünsiyyət qabiliyyəti ilə doğulan insanların işi daha rahatdır. Bəs qalanları, təbiətin bu bəxşişindən məhrum olan digər gənclər necə etsin?
6. Məlumatın əldə edilməsi və təhlili qabiliyyəti.
Yaşadığımız XXI əsr informasiya əsridir. Əvvəlki dövrlərdən daha çox informasiya və məlumatlarla yüklənirik. Yeni nəsil bəzi ədəbiyyatlarda “Google nəsli” adlandırılır. Onlar məlumatları hifz etmək və əzbərləmək ehtiyacı görmürlər, çünki bu məlumatlar artıq internet şəbəkəsində əlçatandır. Dolayısı ilə artıq məktəb əvvəllər olduğu kimi bilik və məlumat qaynağı olmaq funksiyasını itirmişdir. Bu dövrdə məktəb, şagirdlərə informasiyanı əldə etməyi və onu təhlili bacarıqlarını aşılamalıdır. Şagird məlumatı daşıyan deyil, onu işləyə bilən olmalıdır.
7. Maraq və xəyal qurmaq bacarığı.
Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir. Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur.
Beləliklə, müasir günümüzdə məktəb, şagirdin fiziki, zehni, əxlaqi və ruhi baxımından balanslı və sağlam bir şəkildə inkişafını; dünyadakı aktual hadisə və problemlərin fərqində olmalarını, cəmiyyətə qarşı məsuliyyətli, sərbəst, azad və elmi düşüncəli olmalarını; qabiliyyət və bacarıqlarını müasir üsullarla inkişaf etdirmələrini; qloballaşan dünyada dil, din və etnik ayrı-seçkilik güdmədən hər kəslə ünsiyyət qura biləcək müasir səviyyədə olmalarını; yenilikləri davamlı təqib edərək müasir texnologiyalardan istifadə bacarıqlarını inkişaf etdirmələrini təmin etməlidir.
PhD Samir Həsənov
Zirvə liseyinin direktoru.
https://zirveliseyi.edu.az/az/news/-jg8c41p
17/07/2024
Azərbaycan Tarixində müstəsna yeri olan Şah İsmayıl Səfəvinin doğum günüdür. Şeyx İsmayıl sadəcə bir siyasi lider deyil, eyni anda da dini bir lider kimi tarix səhnəsinə çıxmışdı. Siyasi tarixi haqqında çox yazıldı, sizə onun dini görüşləri haqqında dinlər tarixi kitabımdakı məlumatları çatdırmaq istəyirəm.
Şeyx İsmayıl 1499-cu ildə gizləndiyi Gilanın Biyəpiş mahalını tərk edərək müridlərini bir araya toplamaq üçün Anadoluya səfər etdi. Qısa bir zamanda səfəvi mürdiləri onun ətrafında toplaşmağa başladı. 1500-cü ildə Şirvanşahları məğlub etdikdən sonra İsmayıl daxili çəkişmələr yaşayan Ağqoyunlu dövləti üzərinə yürüş etdi. 1501-ci ilin payızında İsmayıl Ağqoyunlu dövlətinin mərkəzi olan Təbriz şəhərini ələ keçirərək Səfəvi dövlətinin (1501-1736) əsasını qoydu. Şah İsmayıl (1501-1524) İsna-əşəriyyə (Cəfərilik) məzhəbini yeni qurduğu dövlətin rəsmi məzhəbi elan etdi.
Şeyx Səfiəddindən başlayaraq sünni bir təriqət olaraq qurulmuş Səfəviyyənin sonralar şiə məzhəbini qəbul etməsi ilə bağlı bir sıra görüşlər mövcuddur. Birinci görüşə görə, Səfəviyyə təriqəti Xacə Əli zamanında şiəliyi qəbul etmişdir. Xacə Əlinin xahişi ilə Əmir Teymurun əsirlikdən azad etdiyi Osmanlı əsgərləri Anadoluya qayıdarkən onların qarşısına şiə-səfəvi ideologiyasının təbliği də hədəf kimi qoyulmuşdu. Lakin tədqiqatlar bu görüşün doğru olmadığını göstərir. Belə ki, Teymuri Şahrux Mirzə 1420-ci ildə Ərdəbildə Xacə Əlini ziyarət edib ondan mənəvi dəstək istəyəndə Xacə Əlinin Qüdsdəki xəlifəsi İbnus-Saiq məşhur bir Hənəfi fəqihi idi. Həmçinin onun Anadoludakı xəlifələrindən Kamal Ümmi yazdığı şeirlərində sünni əqidəsindən kənara çıxmırdı. Şeyx Cüneyd Anadoluda Uzun Həsənin yanında qaldığı dövrdə (1456-1459) Sultan II Mehmet Fateh (1451-1481) “çıraq ağcası” adı ilə Səfəvi təkkəsinə maddi yardım ayırırdı.
İkinci görüşə görə isə Səfəvi təriqətində əhli-şiə meyilləri Şeyx Cüneydlə əmisi Şeyx Cəfər arasında ədavətin yaranması və birincinin Ərdəbildən çıxarılması ilə başladı. Şeyx Cüneyd dövrün sünni hakimlərindən (Teymuri, Qaraqoyunlu, Ağqoyunlu və Osmanlı) narazı olan Anadolu oymaqlarını bu yolla birləşdirməyi hədəfləyirdi. Şiəliyin Anadoluda yayılmasında Şeyx Cüneydin rolu böyük olmuşdur O, 1449-cu ildə Anadoluya getmiş, Qaraman bəyliyində, Toros dağlarında yaşayan varsaq türkmənləri arasında, İsgəndərunda, Samsunda və Diyarbəkirdə şiəliyi təbliğ etmişdir. Tarixi qaynaqlara görə yetərli dini biliklərə sahib olmayan bu oymaqlar Şeyx Cüneydi və onun oğlu Şeyx Heydəri ilahiləşdirirdilər. Onlar Şah İsmayıla qarşı da eyni münasibəti bəsləmiş və ona fövqəladə, mistik güc nisbət etmişlər.
Şah İsmayılın “Divan”ındakı şeirlər bu fikri təsdiqləyir. Belə ki, Qızılbaş nəzəriyyəsi Xətainin “Divan”ında öz əksini tapmışdır. Buna görə Xəlifə Əli Allahdır və kim bunu qəbul etmirsə, o, kafirdir. Həzrət Məhəmməd yalnız peyğəmbərdir, Həzrət Əli isə “Allahın təcəssümüdür” (“məzhəri-həqq”dir). İsmayıl özünün Əli və Fatimədən başlayan “mənşəyi” ilə fəxr edir. O, Həzrət Əlidə ilahi mahiyyətin başqa şəklə düşdüyünə inanır. Əvvəlcə o, İsmayıl Allahla (Həzrət Əli ilə) bir olmuş, indi isə yenidən zühur etmişdir. Peyğəmbərin və imamın keyfiyyətləri onun simasında təcəssüm etmişdir. İnsan Allahın təcəssümü ola bilər. İsmayıl − insan qiyafəsində olan Allahdır (“adam donuna girmiş Xuda”) və o bu dünyaya “Allahın nuru”, “peyğəmbərin möhürü”, “kamil mürşid”, “aparıcı imam”, mütləq həqiqət − Allah (həqqi-mütləq) kimi gəlmişdir.
Mənbə: Samir Həsənov "Azərbaycanda Dinlər Tarixi", Bakı: Ave Print, 2023. ss. 359-361.
05/07/2024
Valideyn məktəbə getmirsə, məktəb valideynə getməlidir!
Valideyn məktəbə gəlmirsə, məktəb evə getməlidir...Necə ideal məktəb yaradaq? - MÜSAHİBƏ Anews.az » Valideyn məktəbə gəlmirsə, məktəb evə getməlidir...Necə ideal məktəb yaradaq? - MÜSAHİBƏ
Qədər və İradə
İlahi təqdir və ya qədər kimi də tanınan tale məsələsi, yəni əbədi olaraq baş verəcək hər şeyin yaradıcı tərəfindən əvvəlcədən qərar verildiyi fikri əsrlər boyu ilahiyyatçı və filosofların ciddi marağına səbəb olmuşdur. İlk baxışda bir-birinə zidd görünən iki məfhum:
- Allah bütün kainat üzərində mütləq qüdrət sahibidir;
- İnsan əməllərinə gerə hesaba çəkiləcək.
Bu məsələ müsəlmanlar arasında ilk məzhəb ayrılıqlarına belə səbəb oldu. Qədəriyyə insan iradəsinin mütləq azadlığa malik olduğunu və Allahın insan iradəsi üzərində heç bir nəzarəti olmadığını iddia edərkən, Cəbriyyə əqidəsinə görə isə Allah insan iradəsini tamamilə idarə edir və insanın iradəsinin onun hərəkətlərinə heç bir təsiri yoxdur. Əslində, həm Qədəriyyə, həm də Cəbriyyə iman mövzusunda ifrat və yanlış anlayışa malikdir.
- Əgər iradəmizə Allahın təsiri yoxdursa, niyə dualarımızda ona yalvarırıq?
- Əgər öz əməllərimizə və taleyimizə təsirimiz yoxdursa, niyə həmişə yaxşı əməllər görməliyik?
Quran və Sünnə tarix boyu bu mövzuda irəli sürülən iki marjinal fikir arasında orta yol tutmuş və həm Allahın insan əməlləri üzərində təsirini, həm də insanın öz əməllərinə görə məsuliyyətini qəbul edən bir anlayış inkişaf etdirmişdir. Allah zamandan və məkandan münəzzəhdir və qeyb aləmində kainatda mövcud olan qaydalara uyğun fəaliyyət göstərmir. İnsan isə zaman və məkanın dar çərçivəsi ilə sərhədlidir və həqiqətləri yalnız bu prizmadan anlamaq qabiliyyətinə malikdir. İlahi təqdir və ya qədər zaman və məkan sərhədlərini aşan bir məfhumdur. Ona görə də imkanları məhdud olan insan ağlının bu məsələni qavraması çox çətindir.
İlahi təqdir məfhumunun dini ədəbiyyatdakı qarşılığı qəza və qədərdir. Qəza – qərar, qədər isə ölçüdür. Həmçinin qəza və qədər, İlahi təqdirin iki yönünə işarət edir. İslam alimləri, əzəldə verilmiş olan qərara – qəza, təfərrüat və detallara isə qədər deyirlər.
Allah aləmlərin Rəbbidir. Onun aləmlərə hökm edən bir səltənəti vardır. O, baş verəcək hər şeyi əvvəlcədən bilir və onları sonsuz qüdrəti ilə yaradır. Eyni zamanda, Allah insanlara qiyamət gününə qədər saleh əməllər görmək iradəsi verərək imtahan etmişdir. Qədərdə ixtiyar sahibi olduğumuzu Hz. Ömərin ra. hekayəsi ilə izah edək:
Xəlifəliyi dövründə Hz. Ömər Suriyaya yola düşdü. Şam şəhərinə yaxınlaşanda öyrəndi ki, şəhərdə vəba epidemiyası var. Bunun üzərinə Mədinəyə qayıtmağı əmr etdi. Əbu Ubeydə “Allahın qədərindənmi qaçırsan ey Ömər?” deyə soruşduqda, Hz. Ömər ona belə cavab verdi:
“Kaş bunu səndən başqa biri desəydi, ey Əbu Ubeydə! Bəli, biz Allahın qədərindən yenə də Allahın qədərinə qaçırıq. Nə deyirsən, dəvələrinlə bir dərəyə və dərənin bir tərəfi yaşıllıq, digər tərəfi çöllük olsa hansı tərəfi seçərdin? Qərarından asılı olamayaraq seçimin Allahın da qədəri olmazdımı?
Göründüyü kimi Allahın bizə lütf etdiyi cüzi iradə ilə qədərimizdə seçim edə bilirik. Nəticə etibarı ilə önümüzdə cənnət və cəhənnəmə gedən iki yol vardır. Allah göndərdiyi müqəddəs bəyanı (Quran) və göndərdiyi Rəsulu (Hz.Muhəmməd səs.) ilə bu yolun tərifini bizə öyrətməkdədir.
Elə isə seçimində ixtiyar sahibisən ey insan!
Samir Hasanov Ph.D Samir Hasanov - Academic Advisor (Akademik müşavir), History of Azerbaijan (Azərbaycan Tarixi)
Ömrünü tamamlamış təhsil sistemi.
Müasir təhsil sisteminin bütün dünya üzrə ciddi böhranla üzləşdiyinin şahidiyik. Pandemiya dövründə bu böhran özünü daha qabarıq bir şəkildə biruzə verməyə başladı. Bələki, çağın ehtiyacları ilə təhsilin təqdim etdiyi demək olar ki, üzləşmir. Hal-hazırda istifadə etdiyimiz təhsil sisteminin 200 illik tarixi vardır. XVIII əsrin sonunda Napoleon Fransasının Almaniya / Prusiya üzərindəki qələbəsindən sonra almanlar yeni əskər və məmur modeli üzərində hazırlıqlar görməyə başladılar. Nəticədə, məktəb, sinif, müəllim, məzmun, tapşırıq, qiymət və s. anlayışların yer aldığı təhsil modeli hazırlandı. Bu modeli bir az daha inkişaf etdirən ABŞ, immiqrantlardan sənayedə işləmək üçün daha bilgili fəhlə modeli hazırlamaq üçün istifadə etməyə başladı.
Tarixin sonrakı mərhələlərində məzmun və mahiyyət baxımından bəzi dəyişiliklər edilsə də nəticə dəyişmədi. Amma tam səmimi etiraf edim ki, ibtidai icma quruluşunda daşdan və ağacdan əmək alətləri və silahlar hazırlayan ibtidai insanların təcrübə əsaslı təhsil ənənəsi daha təsirli və qalıcı idi. Beləki, son zamanlarda aparılan tədqiqatlar, mövcud təhsil sistemi bütün şagirdləri vahid bir qəlibə salan və onların təxəyül və yaradıcılığına əngəl olan böük bir əngəldir.
NASA təhsil müddətində nə qədər yenilikçi və yaradıcı qaldığımızı öyrənmək üçün fərqli yaş qrupları üzərində testlər apardı. Bizim üçün ən əhəmiyyətli bacarıq olan yaradıcılıqda "fərqli düşüncə" nə qədər rol oynayır? Testin nəticələləri hamı üçün şok təsiri bağışladı.
- 5 yaş qrupu - 98% (xəyal gücünün zirvəsi);
- 10 yaş qrupu - 30%;
- 15 yaş qrupu - 12%
- yuxarı yaş qrupu (ortalama 31 yaş) - 0,2%.
Bu test inkişaf etmiş ölkələrdə aparıldı. Əfsus olsun ki, PİSA nəticəsinə görə bizim şagirdlərimizin yarısı demək olar ki, oxuduğunu anlamır. Eyni test bizdə keçirilərsə nəticəni təsəvvür belə etmək istəməzdim.
Azərbaycanda müasir təhsilin əsası Sovet dövründə atıldı və əsas hədəf olaraq itaətkar sosialist / kommunist yetişdirmək məqsəd qoyulmuşdu. Təhsil sistemində 11 illik əzbərlçilik və sonda test sistemindən yeni bir modelə keçid etməzsək daha çox yerimizdə addımlayacağıq.
Bu gün bilik hər kəs üçün əlçatan və pusuzdur. Təhsil modeli və məktəb şagirdə bacarıqlar aşılamalıdır. Müsir mərhələdə müəllim, şagirdinə öyrənməyi öyrətməlidir. Müəllim, kitabdakı biliyi şagirdə nəql edən insan deyil, o bir mənada mentor və rəhbər (kouç) olmalıdır. Şagirddə aşağıdakı bacarıqları üzə çıxarmalıdır:
1. Tənqidi yanaşma;
2. Analitik yanaşma;
3. Azad fikirlilik;
4. Əməkdaşlıq;
5. Komunikasiya
6. Kreativlik;
7. Problem həll etmə;
Nə vaxtadək şagird məktəbdə standart bir qəlibə salınıb 11 illik təhsilin yekununda test bacarıqlarına görə qiymətləndiriləcək?
Nə vaxtadək valideyn məktəbdən, məktəb valideyndən və şagird hər ikisindən narazı qalacaq?!
Uşaq tərbiyəsində ədəb və həya.
Ədəb, insanın söz və davranışlarının digər insanlarla münasibətində ölçüdür. İnsanın şəxsiyyətinə yerləşən ədəb, onu alçalda və ya utandıra biləcək hallardan qoruyan davranışlar sistemidir. Həya isə əxlaq və ədəbə tərs düşən əməllər qarşısında utanmaqdır. Digər bir mənada həya, çirkin davranışlar qarşısında ruhun sıxılması və qəlbin titrəyib hüznlənməsidir.
Allah Təala insanı ən gözəl şəkildə yaratmış, ona rəhbər olması üçün kitablar və peyğəmbərlər göndərmişdir. Peyğəmbərlərin varlıq qayəsi həm də insanı kamil bir əxlaqla tərbiyə etməkdir. Hz.Muhəmməd səs. bir hədisində “Mən, gözəl vərdiş və xasiyyətləri tamamlamaq üçün göndərildim” deməkdədir. Gözəl xasiyyət, əxlaq və həya insanı Allahın rizasına nail edəcək xüsusiyyətlərdir. “Qiyamət günü, möminin tərəzisində ən böyük ağırlıq, gözəl xasiyyətdir”.
Allah Təala insanı ən gözəl şəkildə yaratmış, ona rəhbər olması üçün kitablar və peyğəmbərlər göndərmişdir. Peyğəmbərlərin varlıq qayəsi həm də insanı kamil bir əxlaqla tərbiyə etməkdir. Hz.Muhəmməd səs. bir hədisində “Mən, gözəl vərdiş və xasiyyətləri tamamlamaq üçün göndərildim” deməkdədir. Gözəl xasiyyət, əxlaq və həya insanı Allahın rizasına nail edəcək xüsusiyyətlərdir. “Qiyamət günü, möminin tərəzisində ən böyük ağırlıq, gözəl xasiyyətdir”.
Ədəb və həya imanla bağlıdır və imanın olması dəlillərindəndir. Bu xüsusiyyəti isə hədisi-şərifdə belə ifadə olunmuşdur: “İman, yetmiş dərəcədir. En üstünü “La ilahe illallah (Allahdan başqa ibadətə layiq məbud yoxdur)” sözüdür, ən aşaqı dərəcəsi də rahatsız edən bir şeyi yoldan qaldırmaqdır. Həya da imandandır.” Həya, həm Allah nəzərində, həm də insanlar nəzərində dəyərimizi ifadə edir.
İslam, gözəl əxlaqdır. İnsan hər zaman öz əxlaqını gözəlləşdirməyə çalışmalıdır. Çünki, insanı üstün, xilqət yolunda dəyərli edən bu xüsusiyyətdir. Şəxsiyyətin inkişaf və olğunlaşması mükəmməl bir təhsil ilə mümkündür. Həmçinin bu təhsil özündə mütləq ədəb və əxlaq ehtiva etməlidir.
Ədəb və həya, nəzakət və təvazökarlıq bizim qazanmalı olduğumuz xüsusiyyətlər olduğu kimi, övladlarımıza da aşılamalı olduğumuz xüsusiyyətlərdir. Peyğəmbərimiz bir hədisində “Heç bir ata övladına yaxşı tərbiyədən daha böyük hədiyyə verə bilməz” buyurmuşdur.
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Baku