07/04/2024
Sirr deyil ki, Azərbaycan dili üzərində, digər dillərdən fərqli olaraq, intensiv inkişaf prosesi aparılmayıb.
Məsələn, Almaniyada 16-18-ci, Rusiyada 18-19-cu, Türkiyədə 20-ci əsrdə dili daha modern, rahat və standart şəklə gətirməyə yönəli addımlar aparılmışdır. Bu addımlara, həm də yeni sözlər icad etmək və ya mənimsəmək aiddir.
Oğuz türkcəsinin yeni söz əmələ gətirən xüsusiyyətlərinin bir çoxunun tədricən itirildiyindən (ingilis dilindəki kimi), yeni anlayışlar dilimizə əsasən başqa dillərdən keçirdi. Klassik dövrdə bu sözlərin mənbəyi ərəb və fars dilləri idi. Sovet dövründə yeni sözlər dilimizə əsasən rus dilinin vasitəçiliyi ilə keçməyə başladı.
Müstəqillikdən sonra, mənbə dilin yerini Türkiyə türkcəsi tutdu. Mən, şəxsən bunun əleyhinə deyiləm. Türk Dil Qurumu böyük işlər görüb, və qardaş dövlətin bu təcrübəsindən yararlanmaq lazımdır. Lakin, mənimsənən sözlərin rolunu, oturuşmuş sözlərin əvəz olunmasında deyil, dilimizi zənginləşdirməkdə görürəm. Götürək elə "zəngin" sözünün özünü. "Zəngin adam" söz birləşməsi danışıq dilində "varlı" sözünü az qala sıxışdırıb çıxarıb. Halbuki, bizdə "zəngin" sözü, azca fərqlənən mənada işlənir.
Purizm tərəfdarları üçün qeyd edim ki, "zəngin" fars mənşəli ikən, "varlı" xalis türk sözüdür. Qədim türkcə və digər müasir türk dillərində isə "bay" sözü işlənir.