29/03/2023
Biləsuvarda Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun dəstəyi ilə təşkil edilən ekoloji maarifçilik və ekofəallıq layihəsi yekunlaşıb.
Biləsuvarda Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Qrant müsabiqəsinin qalibi olan «Biləsuvarda ekoloji könüllülüyün təbliği və ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması» layihəsinə yekun vurduq. Layihə çərçivəsində fondun maliyyə dəstəyi ilə Biləsuvar şəhərində məktəbli yeniyetmə və gənclərlə 3 görüş və 1 intensiv təlim keçirdik.
Layihə rəhbəri Pərvin İsgəndərova görüş iştirakçılarını salamladıqdan sonra, layihəni maliyyələşdirən Azərbaycan Respublikasının Gənclər Fondu və həyata keçirilən layihənin məqsədləri haqqında məlumat vermişdir. Layihənin tərəfdaşı VİTA İB-nin sədri Asif Orujlu Biləsuvarda ekofəallığın artmasının və müxtəlif resursların bölgədə və eləcə də bütün ölkə ərazisində ətraf mühitin qorunması üçün səfərbər edilməsinin önəmini vurğulamışdır. VİTA İB-nin idarə heyətinin üzvü Fərid Rustamzadə iqtisadi səmərəliliyin təmin edilməsi üçün “yaşıl iqtisadiyyat” prinsiplərinin bölgələrdə də tətbiqinin və eyni zamanda ətraf mühitin qorunması sahəsində dövlət tənzimlənməsinin vacibliyindən danışmışdır. Görüşlər zamanı iştirakçılarla birlikdə bölgədə mövcud olan müxtəlif ətraf mühit problemlərindən bəhs edilmiş, fikir mübadiləsi aparılmış, bir neçə təklif irəli sürülmüşdür.
3 gün ərzində görüşlərdə iştirak edən gənclərdən ən fəal 22 gənc seçilərək onlara “Ekoaktivizm və onun əsasları” mövzusunda 1 günlük intensiv interaktiv təlim keçilmişdir. Təlimçi Macarıstanın Korvinus Universitetinin ətraf mühit iqtisadiyyatı üzrə məzunu, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, ornitoloq ekoaktivist Zülfü Fərəcli olmuşdur. Təlimdən öncə və sonra qiymətləndirmə sorğusu keçirilmişdir. Təlimdə fəal iştirak edən gənclər rəsmi sertifikatla təltif edilmişdir.
İştirakçılar arasından seçilmiş gənc fəallardan ibarət Bolqarçay Ekoloji Klubu yaradılmışdır. Qeyd edək ki, Bolqarçay Ekoloji Klubu təbiətin, çevrənin və ekosistemin qorunması üçün çalışan sosial təşəbbüsdür.
Təşkilati dəstək üçün VİTA ictimai birliyinə, "Təmiz Bolqarçay" layihəsinin koordinatoru Elshan Adaletliyə, Biləsuvar Gənclər evi / Bilasuvar Youth house-ə, Biləsuvar Gənclərinin İnkişaf və Karyera Mərkəzinə, RİH-nin başçısının müavini Ləman Yüzbaşovaya və xüsusi diqqətə görə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı F**g Gurbatova təşəkkür edirik.
Biləsuvar bizimdir, güc birlikdədir!