Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya, School, Heydər Əliyev prospekti, 71, Belokan.

Azərbaycan–Qırğızıstan münasibətləri yeni müttəfiqlik mərhələsindəAzərbaycan ilə Qırğızıstan arasında dostluq və qardaşl...
01/08/2026

Azərbaycan–Qırğızıstan münasibətləri yeni müttəfiqlik mərhələsində

Azərbaycan ilə Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətləri ortaq tarixi, dil, mədəniyyət və milli-mənəvi dəyərlər üzərində formalaşaraq illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Müstəqilliyin ilk illərində məhz onun siyasi iradəsi sayəsində Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər möhkəmləndirildi və 1995-ci ildə imzalanan Dostluq və Əməkdaşlıq haqqında Müqavilə iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratdı.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan regionun aparıcı dövləti, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi mövqeyini daha da möhkəmləndirib. Bu siyasət dost və qardaş ölkələrlə, xüsusilə Türk dünyası dövlətləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib.
Bu baxımdan Prezident İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına etdiyi dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Çolpon-Ata şəhərində Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən təkbətək görüş, eləcə də Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm siyasi hadisə oldu. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı" və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkənin əlaqələrinin artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirdi.
Son illər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf edərək yeni məzmun qazanıb. Dövlət başçıları arasında formalaşmış yüksək etimad və səmimi münasibətlər, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əməkdaşlığın strateji xarakterini daha da gücləndirib. Tərəflər iqtisadiyyat, nəqliyyat, logistika, investisiya, kənd təsərrüfatı, enerji və rəqəmsal inkişaf kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atırlar.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən Dövlətlərarası Şuranın üçüncü iclası yalnız siyasi dialoqun möhkəmləndirilməsi deyil, həm də iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər bir daha göstərdi ki, Azərbaycan və Qırğızıstan qarşılıqlı etimada əsaslanan münasibətlərini daha da inkişaf etdirməkdə qətiyyətlidir.
İki ölkə arasında humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz hissəsini təşkil edir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesində Qırğızıstanın fəal iştirakı bu dostluğun əməli təzahürüdür.
Bu baxımdan Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın dəstəyi ilə inşa olunan Ayköl Manas adına tam orta məktəb xüsusi əhəmiyyət daşıyır. Müasir standartlara cavab verən bu təhsil ocağı yalnız bölgənin təhsil infrastrukturunun inkişafına töhfə vermir, həm də Azərbaycan və Qırğızıstan xalqları arasında qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsinin rəmzi kimi çıxış edir. Məktəbin tikintisi Qırğızıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəldilməsinə verdiyi dəstəyin bariz nümunəsidir və Türk dünyasında həmrəyliyin praktik ifadəsi kimi yüksək qiymətləndirilir.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma proqramlarında dost ölkələrin iştirakı həmin ərazilərin beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini göstərir. Bu proses həm də Türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndiyini nümayiş etdirir.
Bu gün Azərbaycan–Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkənin gələcək əməkdaşlığı üçün yeni perspektivlər açır. Siyasi dialoqun, iqtisadi əlaqələrin və humanitar əməkdaşlığın daha da genişlənməsi Türk dünyasının birliyinin möhkəmlənməsinə, regionda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha sübut etdi ki, Azərbaycan və Qırğızıstan ortaq dəyərlərə söykənən münasibətlərini gələcəkdə də yüksələn xətt üzrə inkişaf etdirmək əzmindədirlər.

🌹 Təbrik edirik! 🌹Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın kollektivi adından gimnaziyanın tədris i...
25/07/2026

🌹 Təbrik edirik! 🌹

Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın kollektivi adından gimnaziyanın tədris işləri üzrə direktor müavini Murad Qarakişili müəllimi səmimi qəlbdən təbrik edirik!

Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, peşə fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq. Səmərəli əməyiniz, məsuliyyətiniz və müəllimlik peşəsinə olan sədaqətiniz daim yüksək qiymətləndirilir.

Qoy həyat yolunuz həmişə uğur, sevinc və xoş günlərlə dolu olsun. Sizə ailə səadəti, firavanlıq və bütün arzularınızın gerçəkləşməsini diləyirik.

Hörmətlə,
Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasının kollektivi. 🌷.

Cəmiyyətdə demokratik münasibətlərinin inkişafıölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidirDövlətlərin inkişaf dinamika...
22/07/2026

Cəmiyyətdə demokratik münasibətlərinin inkişafı
ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir

Dövlətlərin inkişaf dinamikası və cəmiyyətlərin mənəvi tərəqqisi onların azad sözə, informasiya təhlükəsizliyinə və maarifçilik ənənələrinə verdiyi strateji dəyərlə birbaşa bağlıdır. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” qəzeti yalnız anadilli mətbuatın təməlini qoymadı, həm də Azərbaycan xalqının azadlıq, müstəqillik və milli özünüdərk uğrunda mübarizə tarixinin ayrılmaz tərkib hissəsinə çevrildi.
XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş, sürətli iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən əsaslı dəyişikliklər milli mətbuatın yaranmasını tarixi zərurətə çevirmişdi. 1875-ci ildən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qısa ömrünə baxmayaraq, cəhalətə və xurafata kəskin zərbə vuraraq maarifçi ideyaların carçısı oldu, mütərəqqi jurnalist nəslinin yetişməsinə müstəsna töhfələr verdi. Çar Rusiyasının qəzetin yaratdığı ictimai-siyasi intibahdan çəkinərək nəşrini dayandırmasına rəğmən, “Əkinçi”nin bəyan etdiyi prinsiplər milli mətbuatımızın gələcək inkişaf xəttini cızdı. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
XIX əsrin sonu və XX əsrin əvvəllərində işıq üzü görən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi nəşrlər tariximizin güzgüsünə çevrilərək ədəbi dilimizin və mənəvi dəyərlərimizin qorunmasında böyük xidmətlər göstərdi.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra kütləvi-informasiya vasitələrinin azad, demokratik və iqtisadi baxımdan dayanıqlı instituta çevrilməsi dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində mətbuatın inkişafını ləngidən süni maneələr aradan qaldırıldı. Ölkənin müharibə şəraitində yaşamasına baxmayaraq, “Jurnalistlərin dostu” adını qazanmış Ulu Öndər böyük siyasi cəsarət nümayiş etdirərək əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə KİV üzərində dövlət senzurasını ləğv etdi.
Bu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip kimi əks olunması, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbulu azad sözün inkişafına zəmin yaratdı. Dövlətimizin başçısı söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edərək bildirmişdir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq.”
Mətbuatın inkişafına göstərilən ali diqqətin təcəssümü olaraq Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev isə 2010, 2013, 2017 və 2018-ci illərdə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Yeni dövrün çağırışları media sahəsində hüquqi bazanın təkmilləşdirilməsini zəruri edir. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması media sahəsində islahatların dərinləşməsində dönüş nöqtəsi oldu. 2021-ci il dekabrın 30-da qəbul edilmiş “Media haqqında” qanun informasiya məkanının təhlükəsizliyini sağlamaq, rəqabət qabiliyyətini artırmaq və jurnalistika peşəsinin nüfuzunu yüksəltmək məqsədi daşıyır.
Media subyektlərinin iqtisadi müstəqilliyini gücləndirmək üçün 2023-cü il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media fəaliyyətindən əldə olunan gəlirlər (reklam gəlirləri də daxil olmaqla) və MEDİA Agentliyinin maddi yardımları 6 il müddətinə gəlir, mənfəət, sadələşdirilmiş vergidən və ƏDV-dən azad olunub. Həmçinin jurnalistlərin sosial müdafiəsini gücləndirmək məqsədilə 2022-ci ildən Media Reyestrinə daxil edilmiş və müvafiq iş stajına malik jurnalistlərə güzəştli ipoteka kreditlərindən istifadə hüququ verilib. 2026-cı il iyulun 14-də Milli Məclis tərəfindən qəbul olunmuş yeni qanunla Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında vahid Media və Yayım Şurası təsis edilir. Çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silindiyi bir dövrdə bu addım dezinformasiyaya qarşı mübarizə, innovasiyaların tətbiqi və media subyektlərinə vahid, operativ, kollegial rəhbərliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
Azərbaycan mediası 44 günlük Vətən müharibəsində və postmüharibə dövründə üzərinə düşən tarixi vəzifəni şərəflə yerinə yetirdi. Cəbhə xəttində operativ informasiya istehsal edən jurnalistlərimiz düşmənin dezinformasiya maşınına qarşı effektiv mübarizə apardı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərin həqiqətlərini dünya ictimaiyyətinə çatdıran media subyektləri bu gün də işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işlərini fəallıqla işıqlandırır. Müstəqillik tariximizdə ilk dəfə media nümayəndələrinin öz peşə bayramlarını işğaldan azad edilmiş mədəniyyət paytaxtımız, Qarabağın tacı Şuşada qeyd etmələri mətbuat tariximizin ən şanlı səhifələrindəndir. Dövlət başçısının qeyd etdiyi kimi: “Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.”
Müasir Azərbaycan mətbuatı lokal çərçivəni aşaraq qlobal informasiya şəbəkəsinin fəal subyektinə çevrilmişdir. 2020-ci il dekabrın 10-da imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu çərçivəsində yaradılan Birgə Media Platforması beynəlxalq müstəvidə dezinformasiyaya qarşı birgə mübarizənin uğurlu modelidir. Azərbaycanın qlobal media arxitekturasındakı aparıcı rolu Şuşada təşkil olunan beynəlxalq forumlarda öz əksini tapır. 2023-cü ildən etibarən keçirilən Şuşa Qlobal Media Forumları rəqəmsal keçidlər, dezinformasiya ilə mübarizə və süni intellekt dövründə media etikası kimi qlobal mövzuların müzakirə mərkəzinə çevrilmişdir. 2026-cı il iyulun 13-14-də keçirilmiş IV Şuşa Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunaraq, medianın sülh quruculuğundakı rolu və informasiya mühitinin təhlükəsizliyi istiqamətində beynəlxalq dialoqa konseptual töhfə vermişdir.
Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 illik yubileylərinin ölkə miqyasında təntənə ilə qeyd olunması nəsillərin varisliyini təmin etmişdir. Dövlət başçısının təşəbbüsü ilə 2025-ci il fevralın 3-də “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi mətbuat tariximizə verilən ali dəyərin bariz nümunəsidir.
Dünya nizamının dəyişdiyi, rəqəmsallaşma və süni intellekt texnologiyalarının prioritet təşkil etdiyi hazırkı dövrdə Azərbaycan mediası qarşısında yeni vəzifələr dayanır. Qabaqcıl texnologiyaların tətbiqi, media savadlılığının yüksəldilməsi və saxta xəbərlərlə mübarizə mediamızın gələcək inkişaf perspektivini müəyyən edir. Azərbaycan jurnalistikası peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edərək, dövlətçilik maraqlarımızı qlobal informasiya məkanında uca tutmaqda davam edir.

📌 Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasında valideynlərlə görüş keçirilibBalakən Rayon İnteqrasiya...
22/07/2026

📌 Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasında valideynlərlə görüş keçirilib

Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasında məktəb rəhbərliyi tərəfindən birinci sinfə qəbul prosesi ilə bağlı valideynlərlə görüş təşkil olunub.

Görüş zamanı valideynlərə qəbul prosesinin mərhələləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və prosesin şəffaf şəkildə həyata keçirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, əvvəlcə valideynlərlə görüş keçirilir, uşaqlarla fərdi söhbət aparılır və təqdim olunan sənədlər diqqətlə yoxlanılır. Bütün bu mərhələlər başa çatdıqdan sonra şagirdin gimnaziyaya qəbul olunub-olunmaması ilə bağlı müvafiq qərar qəbul edilir.

Məktəb rəhbərliyi valideynləri yalnız rəsmi məlumatlara etibar etməyə və qəbul prosesi başa çatanadək səbirli olmağa çağırıb.

Azərbaycan-Slovakiya siyasi əlaqələri yüksək səviyyədədirAzərbaycanın xarici siyasətində Avropa ölkələri ilə münasibətlə...
15/07/2026

Azərbaycan-Slovakiya siyasi əlaqələri yüksək səviyyədədir

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə münasibətlər mühüm yer tutur. Xüsusilə ölkəmizin Şərqi Avropa dövlətləri ilə əlaqələri davamlı olaraq genişlənir. Bu baxımdan, Azərbaycan-Slovakiya münasibətləri xüsusi vurğulanmalıdır.
Son illər Azərbaycanla Slovakiya arasında əməkdaşlıq güclənməkdədir. 2024-cü ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətlərimizi yeni səviyyəyə yüksəldib. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.
İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət edir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə əhəmiyyətli təsir göstərəcək. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Dövlətimizin başçısı 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənı xatırladaraq sənədin icrasından məmnunluq ifadə edib. Nəzərə alaq ki, Slovakiya Prezidentinin səfəri zamanı iqtisadi-ticari əlaqələr, energetika, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr müzakirə mövzusu olub.
Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Belə ki, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir. Dövlət başçıları Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar. Bu məktəb Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunub. Daha bir Avropa ölkəsinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirakı əsl dostluq nümunəsidir.
Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində də müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.
Avropa ölkəsi olan Slovakiyanın liderinin ölkəmizə rəsmi səfərinin Şuşa şəhərindən başlaması xüsusilə diqqətəlayiqdir. Bu, o deməkdir ki, artıq Şuşa yalnız tarixi-mədəni məkan deyil, həm də beynəlxalq tədbirlərin, xarici ölkələrin qəbul olunduğu şəhərdir.
Bu gün ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz həm regionda sabitliyin təmin olunmasına, həm də qlobal əməkdaşlığın inkişafına mühüm töhfələr verir.
Müasir dövrdə Azərbaycanın xarici siyasəti yalnız mövcud tərəfdaşlıqların qorunmasına deyil, həm də yeni əməkdaşlıq formatlarının yaradılmasına, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə və davamlı sülhün təmin olunmasına xidmət göstərir. Məhz bu strateji kurs ölkəmizin gələcək inkişafının, beynəlxalq nüfuzunun və qlobal siyasətdə rolunun daha da artmasını təmin edən əsas amillərdir.

IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq siyasinüfuzunu və strateji gücünü nümayiş etdirirAzərbaycan növbəti dəfə ...
15/07/2026

IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq siyasi
nüfuzunu və strateji gücünü nümayiş etdirir

Azərbaycan növbəti dəfə qlobal əhəmiyyətli beynəlxalq tədbirə yüksək səviyyədə evsahibliyi edib. Ölkəmizin mədəniyyət paytaxtı, tarixi və strateji əhəmiyyəti ilə seçilən Şuşa şəhəri növbəti dəfə möhtəşəm forum iştirakçılarına qapılarını açıb.
Artıq ənənə halını alan və dünya ictimaiyyətinin diqqətini Azərbaycana, Qarabağa yönəldən IV Şuşa Qlobal Media Forumu iyulun 13-də öz işinə başlayıb. Bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forum miqyasına və iştirakçı sayına görə diqqət çəkir. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsini, 30-a yaxın beynəlxalq informasiya agentliyini, 60-dan çox aparıcı media qurumunu bir araya toplayan forum qlobal informasiya məkanında sülh quruculuğu, dezinformasiya ilə mübarizə və rəqəmsal təhlükəsizlik kimi aktual çağırışların müzakirə olunduğu önəmli platformadır.
2022-ci ildə ilk dəfə keçirilən və sonrakı illərdə Şuşa Qlobal Media Forumu formatında davam etdirilən bu beynəlxalq təşəbbüs qısa müddətdə qlobal medianın nəbzini tutmağı bacarıb. Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.
Bu mühüm dialoqun Şuşada təşkil edilməsinin həm rəmzi, həm də siyasi və mənəvi mənası var. Azərbaycan xalqının tarixində və dövlətçilik salnaməsində xüsusi yeri olan mədəniyyət paytaxtımızın bu miqyasda qlobal tədbirlərə evsahibliyi etməsi Qarabağın inkişafını nümayiş etdirməklə yanaşı, Şuşanı dünyanın mühüm siyasi, geosiyasi və humanitar dialoq mərkəzlərindən birinə çevirdiyini nümayiş etdirir.
Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi olaraq xarici media təmsilçilərinin dünyada və regionda baş verən proseslərə, mövcud vəziyyətə və gələcəyə dair suallarını cavablandırıb. Dövlətimizin başçısı qlobal aləmdə cərəyan edən geosiyasi prosesləri dolğun təhlil edərək Azərbaycanın bu məsələlərə prinsipial mövqeyini növbəti dəfə dünyaya bəyan edib. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, Azərbaycanın Avropa İttifaqı və ABŞ ilə münasibətləri kimi bir çox mühüm məsələyə toxunub.
Prezident İlham Əliyevin bir sıra məsələlərə dair suallara ətraflı aydınlıq gətirməsi informasiya manipulyasiyalarının qarşısının alınması və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bir daha nümayiş etdirir ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini və təhlükəsizlik balansını müəyyənləşdirən əsas siyasi aktorlardan biridir.
Azərbaycan Prezidenti ölkəmizin xarici siyasət prioritetlərindən bəhs edərkən, ilk növbədə, regional dialoqun və qarşılıqlı etimad mühitinin yaradılmasının vacibliyini önə çəkib. Vurğulanıb ki, rəsmi Bakının yürütdüyü xarici siyasi kurs hər zaman həm qonşu dövlətləri, həm də Azərbaycanı narahat edən problemlərin qarşılıqlı dialoq müstəvisində və əməkdaşlıq çərçivəsində həllinə hesablanıb. Bu strateji yanaşma Azərbaycanın təkcə öz təhlükəsizliyini düşünmədiyini, eyni zamanda regional problemlərin həllində məsuliyyətli və konstruktiv tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir.Məhz Şuşada formalaşan dialoq mühiti rəsmi Bakının beynəlxalq münasibətlərdə dayanıqlı tərəfdaşlıq qurmaq əzminin növbəti əyani göstəricisidir.
Ölkəmiz regional sülh gündəliyini həm də konkret əməli addımlarla dəstəkləyir. Azərbaycanın Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması sayəsində Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 min tondan çox müxtəlif təyinatlı yükün Azərbaycan ərazisindən tamamilə maneəsiz və təhlükəsiz şəkildə daşınması təmin edilib. Bu addım regionun gələcək inteqrasiyası üçün atılmış böyük geosiyasi jestdir və ölkəmizin regionda iqtisadi əlaqələrin inkişafına verdiyi real töhfənin əyani göstəricisidir. Bu məqam da dövlətimizin başçısı tərəfindən Şuşa Forumunda önəmli mesaj kimi diqqətə çatdırılıb.
Digər tərəfdən, Prezident İlham Əliyev ölkəmizin Qərb və Şərq istiqamətindəki bütün qonşuları, eləcə də Mərkəzi Asiya, Gürcüstan, Türkiyə və Avropa ilə qurduğu yüksəksəviyyəli əlaqələrin geostrateji əhəmiyyətini önə çəkib. Qeyd olunub ki, nəqliyyat dəhlizlərinin tam səmərəli və faydalı fəaliyyət göstərməsi üçün respublikamız ardıcıl infrastruktur layihələri həyata keçirir. Xüsusilə regional nəqliyyat şəbəkəsinin mühüm qolu olan Orta dəhlizin inkişafı və bu marşrut boyunca yerləşən dövlətlərlə çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycanın qlobal logistika xəritəsində mərkəzi siyasi mövqeyini təmin edir. Hazırda Çindən və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi sürətlə artır ki, bu da rəsmi Bakını dəniz limanının imkanlarını iki dəfə genişləndirməyə və öz geosiyasi çəkisini artırmağa sövq edir.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm siyasi mesajlar verib. Ölkəmizin artıq 16 ölkəyə birbaşa boru kəmərləri ilə mavi yanacaq nəql etdiyi və bu göstərici ilə qlobal miqyasda lider mövqedə dayandığı vurğulanıb. Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükünün genişləndirilməsi istiqamətində aktiv danışıqların getdiyi diqqətə çatdırılıb. Bu gün Azərbaycanın qitənin enerji təhlükəsizliyində oynadığı həlledici rol ölkəmizə Avropa ilə münasibətlərdə güclü diplomatik və siyasi üstünlük qazandırır. Azərbaycanın beynəlxalq arenada tamamilə etibarlı, proqnozlaşdırıla bilən və məsuliyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmizin son onillikdə qlobal geosiyasi statusunu fundamental şəkildə dəyişib.
Nəqliyyat-logistika sahəsində qazanılan uğurlar və enerji diplomatiyasındakı strateji nailiyyətlər Azərbaycanın beynəlxalq müstəvidəki geosiyasi çəkisini tamamilə yeni pilləyə qaldırıb. Ölkəmizin qlobal güc balansındakı yeni mövqeyinə toxunan Prezident İlham Əliyev suallara cavabında Azərbaycanı beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını qətiyyətlə müdafiə etmək bacarığına və böyük potensiala malik ortasəviyyəli güc kimi xarakterizə edib. Bu status Azərbaycanın regionda gedən siyasi proseslərdə müstəqil qərarverici qüvvə olduğunu göstərir. Bununla yanaşı, Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin Azərbaycana yekdil şəkildə səs verməsi də ölkəmizin qlobal səviyyədə qazandığı böyük siyasi etimadın ən yüksək təzahürü kimi qiymətləndirilib.
Nəticə etibarı ilə IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Şuşa Forumu rəsmi Bakının regional sülhün və əməkdaşlığın şərtlərini diktə edən aparıcı qüvvə olduğunu beynəlxalq siyasi müstəvidə bir daha bəyan etdi.
Dövlətimizin başçısının forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərdi. Şuşadan dünyaya ünvanlanan mühüm siyasi mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanına çatdırılmasına, eyni zamanda beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir.

Bakı-Brüssel tərəfdaşlığında yeni dövrAzərbaycanın müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursu...
06/07/2026

Bakı-Brüssel tərəfdaşlığında yeni dövr

Azərbaycanın müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursu qlobal güc mərkəzləri ilə münasibətlərdə keyfiyyətcə yeni və strateji xarakterli mərhələnin əsasını qoyub. Bu kontekstdə rəsmi Bakı ilə Avropa İttifaqı arasında formalaşan və yüksək dinamika ilə xarakterizə olunan çoxşaxəli tərəfdaşlıq platforması regional sabitliyin, geoiqtisadi bağlantının və təhlükəsizliyin təmin olunmasında fundamental amilə çevrilib.
Bu ilin martında Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koştanın və may ayında Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasdan sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iyulun 1-də ölkəmizə rəsmi səfəri 27 Avropa dövlətini bir araya gətirən Aİ ilə münasibətlərin inkişafında tamamilə yeni dövrün başlanğıcı kimi qəbul edilir. Yüksəksəviyyəli ardıcıl səfərlər Brüsselin Azərbaycanı Cənubi Qafqaz regionunda güvənilən və uzunmüddətli strateji tərəfdaş qismində gördüyünün növbəti təsdiqidir.
İkitərəfli təmaslarda tərəfdaşlığın gələcək prioritetləri Bakıda ali səviyyədə keçirilən görüşlərdən sonra verilən rəsmi bəyanatlarda özünün aydın ifadəsini tapıb. Dövlətimizin başçısı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə mətbuata birgə bəyanatında münasibətlərdəki mövcud dinamikanı yüksək qiymətləndirib və Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələdə olduğunu deyib: "Bu ilin martında biz Avropa İttifaqı Şurasının prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının prezidenti bizimlədir. Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk". Azərbaycan Prezidentinin vurğuladığı kimi, ardıcıl səfərlər rəsmi Bakı ilə Brüssel arasında qurulan dialoqun funksionallığını, ikitərəfli əlaqələrin sistemli xarakter daşıdığını nümayiş etdirir.
Aİ və Azərbaycan əlaqələrində enerji sahəsində əməkdaşlıq tərəfdaşlığın ən mühüm məqamlarından biridir. Xüsusilə 2022-ci ildə Avropanın qaz tədarükündə ciddi böhranla üzləşdiyi bir vaxtda Azərbaycan etibarlı tərəfdaşlığını əməli şəkildə nümayiş etdirib. Həmin dövrdən bəri ölkəmizin Aİ-yə qaz ixracını 65 faiz artırması Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığımız mühüm roldan xəbər verir. Təsadüfi deyil ki, Avropa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə ümumi ticarət dövriyyəsinin təqribən 70 faizi məhz Azərbaycanın payına düşür. Brüsselin ticarət əlaqələrini daha da genişləndirmək niyyəti bu qarşılıqlı etimadın davamlı olduğunu göstərir.
Prezident İlham Əliyev iqtisadi münasibətlərin və enerji sahəsindəki tərəfdaşlığın real statistik mənzərəsini bu sözlərlə diqqətə çatdırıb: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır". Azərbaycanın Avropa üçün iqtisadi əhəmiyyətini Ursula fon der Lyayen də bəyanatında dilə gətirib: "Avropa İttifaqı artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən iri sərmayədarıdır".
Azərbaycan qlobal logistik proseslərə istiqamət verən fəal təşəbbüskar dövlətdir. Dünyanın ən mühüm transmilli marşrutları sayılan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin məhz ölkəmizin ərazisində kəsişməsi Bakını Avrasiya materikinin strateji logistik mərkəzinə çevirir. Dəniz limanlarının və dəmir yolu şəbəkəsinin imkanlarının daha da genişləndirilməsi dövlətimizin qlobal çağırışları qabaqlayan çevik idarəetmə strategiyasından xəbər verir. Avropa İttifaqı ilə aparılan müzakirələrdə bağlantı mövzusunun təməl hədəf kimi qoyulması Brüsselin də bu məsələyə böyük marağını göstərir.
Ölkəmizin logistik əhəmiyyətini Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen də vurğulayıb. Aİ rəsmisi bildirib ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir və Azərbaycan burada əsas rol oynayır: "Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir".
Avropa İttifaqı bölgədə davamlı sülhün qurulması prosesini də yaxından dəstəkləyir. Bu, faktiki olaraq Azərbaycanın təşəbbüsü ilə regionda qurulan yeni əməkdaşlıq modelinə verilən beynəlxalq dəstəkdir. Regionda yaranmış sülh şəraitini və onun qorunmasının vacibliyini önə çəkən Prezident İlham Əliyev de-fakto sülh qurulduğunu vurğulayıb: "Sülhün təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk".
Dövlətimizin başçısının "sülh de-fakto qurulub" tezisi Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının tamamilə dəyişdiyinin və geri dönməz xarakter aldığının rəsmi bəyanıdır. Münaqişədən sonrakı dövrdə rəsmi Bakının sülhə xidmət edən praktiki addımları ölkəmizin regionda sabitliyin təmin olunmasında maraqlı olduğunu, sülh prosesində səmimiyyətini və konstruktiv mövqeyini nümayiş etdirir. Avropa İttifaqının sülhün iqtisadi əsaslarını möhkəmləndirməyə yönələn addımları Brüsselin bu prosesdə rəsmi Bakının formalaşdırdığı reallıqları əsas götürdüyünü göstərir.
Ursula fon der Lyayenin strateji tərəfdaşlıq kontekstində Azərbaycanın rolunu xüsusi vurğulaması böyük önəm kəsb edir. Aİ rəsmisi ölkəmizin bölgənin aparıcı qüvvəsi olduğunu, Cənubi Qafqazda sülh prosesinin formalaşmasına fundamental töhfələr verdiyini bildirərək Prezident İlham Əliyevin siyasi liderliyini ön plana çəkir: "Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir".
Avropa Komissiyasının prezidentinin dövlətimizin başçısı İlham Əliyevin şəxsi liderlik keyfiyyətlərini və sülhün formalaşmasındakı rolunu xüsusi qeyd etməsi Bakının apardığı müstəqil siyasətin və regional reallıqların Qərb tərəfindən rəsmən qəbul edilməsidir. Bu, ölkəmizin regionda şərtləri diktə edən əsas güc mərkəzi olduğunun, beynəlxalq arenada qazandığı böyük etimadın bariz göstəricisidir.
Son dövrlər Bakıya səfər edən, həmçinin beynəlxalq tribunalardan çıxış edən aparıcı Avropa liderləri və dövlət başçıları Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini, uzaqgörən strateji gedişlərini və qlobal çağırışlar qarşısındakı prinsipial tərəfdaşlığını səmimi şəkildə etiraf edirlər. Dünyanın geosiyasi nizamının yenidən qurulduğu mürəkkəb bir dövrdə Avropa paytaxtlarının Azərbaycan Liderinə tam etimadı rəsmi Bakını qlobal təhlükəsizlik arxitekturasında əvəzolunmaz tərəfdaşa çevirir.
Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni əməkdaşlıq modeli Aİ tərəfindən tam dəstəklənir. Brüssel qəbul edir ki, regionun gələcək inkişafı və təhlükəsizliyi birbaşa olaraq Bakının sülh gündəliyindən və bu gündəliyi reallaşdıran Prezident İlham Əliyevin strateji baxışından asılıdır.
Hazırda Azərbaycanın dünyanın əsas güc mərkəzləri ilə formalaşdırdığı çoxşaxəli və balanslaşdırılmış xarici siyasət xətti özünün real bəhrəsini verir. ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli əməkdaşlıq və Avropa İttifaqı ilə qurulan əlaqələr Prezident İlham Əliyevin yürütdüyü diplomatik siyasi kursun mühüm uğurlarıdır. Dövlətimizin başçısının praqmatik siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkəmizin qlobal regional proseslərdə aparıcı dövlət statusunu daha da möhkəmləndirir.

Address

Heydər Əliyev Prospekti, 71
Belokan

Telephone

+994242955134

Website

Alerts

Be the first to know and let us send you an email when Balakən Rayon İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category