09/08/2016
Bərdədə ötən əsrlərdən qalma qədim qala divarları, məscidlər, qədim hamamlar, türbələr və s. bu gün də qorunur. Onların arasında “Axsadan baba” (XIV əsr) mavzoleyinin qalıqları, səkkizguzşəli mavzoley (XIV əsr), İmamzadə məscidi (XVIII əsr) də vardır.
Bunlardan biri də el arasında "Nüşabə qalası" adı ilə tanınmış "Bərdə türbəsi"dir.
XIV əsrin nadir memarlıq nümunələrindən hesab olunan Bərdə türbəsi 1322-ci ildə Əcəmi məktəbinin yetişdirməsi Naxçıvanlı Əhməd ibn Əyyub Əl Hafiz tərəfindən tikilmişdir. Türbənin yuxarı hissəsindəki şirli kərpiclərə hər yandan baxanda “Allah” sözü oxunur. XX əsrin 50-ci illərində aparılan bərpa işlərinin nəticəsi olaraq abidənin quruluşunu dəyişdirərək kilsəyə bənzətməyə çalışıblar. Çünki memarların arasında erməni memarı olmuşdur. Üstünü dəmir beton konstruksiya ilə örtən memarlar bununla da türbənin divarlarına düşən yük təzyiqinin normadan yüksək olmasına səbəb olmuşlar. Abidənin divarları bu yükə hesablanmadığı üçün onun divarlarında çatlar əmələ gəlmişdir.
Bildiyimizə görə bu türbənin eyni oxşar variantı İranın İsfahan şəhərində tikilmişdir. Lakin təbii olaraq, İsfahan şəhərindəki türbənin üstündəki beton minarə yoxdur. Biz də ümid edirik ki, Bərdənin qədimi tarixini özündə əks etdirən Bərdə türbəsi bərpa edilərək öz ilkin variantında yaşamağa davam edəcək.
(Hazırda bərpa işləri davam etməkdədir.)
08/08/2016
Rayon haqqında
Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu almışdır. 1 şəhər və 110 kəndi vardır.
Rayonun əhalisi 01.06.2012-ci il tarixə rəsmi qeydiyatda 147700 nəfərdir.
Sakinlərin 222 nəfəri Qarabağ müharibəsi əlili, 438 nəfəri şəhid ailəsi, 884 nəfəri Qarabağ müharibəsi veteranı, 41 nəfəri Böyük Vətən Müharibəsi Veteranıdır. 10 sakin Azərbaycan Respublikasının Əməkdar fəxri adına layiq görülüb.
Rayonda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 9646 ailə (34833 nəfər) müvəqqəti məskunlaşmışdır.
Bərdə şəhəri ölkənin mərkəzi hissəsindədir: 400 25ı şimal enliyində və 470 05ı şərq uzunluğunda, Kür-Araz ovalığında, dəniz səviyyəsindən 87 metr yüksəklikdə, Qarabağ düzünün mərkəzində yerləşir.
Rayon qərbdən Tərtər rayonu, şimaldan Yevlax şəhəri, şimal-şərqdən və şərqdən Ağdaş rayonu və cənub-şərqdən Zərdab rayonu ilə Kür çayı boyunca, cənubdan Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir. Rayonu respublikanın digər rayonları ilə avtomobil, respublikanın paytaxtı, Yevlax şəhəri, Ağdaş, Ucar və Kürdəmir rayonları ilə dəmir yolu birləşdirir. Rayonda 35 inzibati ərazi vahidi və dairəsi var, 67 bələdiyyə fəaliyyət göstərir.
Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.
Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531)[3] İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirmişdir. Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı "Firuzabad" olmuşdur.[4][5] "Kitabi-Dədə Qorqud" dastanında Bərdədən bəhs olunur.
Tarix:
Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdir. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür. Bərdə 628-ci ildə Xəzərlər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdir. Məşhur "Əl-Kürkiy" bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olmuşdur. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.
Şəhər bəzi mənbələrdə "Aranın baş şəhəri", "Aranın anası" adlanıb.
Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər.[6] Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür. [7] Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur.