06/05/2026
Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib
İlham Əliyev 2026-cı il 4 may tarixində Avropa Siyasi Birliyi-nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək bir sıra mühüm məqamlara toxundu və regionda baş verən son proseslərə aydınlıq gətirdi. Prezident çıxışında ilk olaraq Zirvə görüşlərinin gələcək təşkilinə dair razılaşmalardan bəhs etdi. O bildirdi ki, Ermənistan 2028-ci ildə bu mötəbər tədbirin Azərbaycanda keçirilməsini dəstəkləyib. Bu qərarın qəbul olunması əvvəlki müzakirələrin nəticəsi kimi formalaşıb və tərəflər arasında balanslı yanaşmanın qorunmasına xidmət edir. Dövlət başçısı vurğuladı ki, bir il əvvəl Tirana səfəri zamanı Ermənistanın 2026-cı ildə ev sahibliyi etməsi ideyasını dəstəklədiyi kimi, Azərbaycanın da növbəti mərhələdə bu zirvəyə ev sahibliyi etməsi təklifi qəbul olunub. Bu kontekstdə o, bütün üzv ölkələri 2028-ci ilin may ayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət etdi və Ermənistanın da bu təşəbbüsü dəstəkləməsini sülhə doğru atılmış real addım kimi qiymətləndirdi. Prezident qeyd etdi ki, tərəflər cəmi doqquz aydır sülh şəraitindədir və bu yeni mərhələyə uyğunlaşma prosesi davam edir. Çıxışın mühüm hissələrindən biri Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan praktiki nəticələrə həsr olundu. Prezident bildirdi ki, Vaşinqtonda imzalanmış birgə bəyanatdan sonra tərəflər arasında sülhün əsasları formalaşıb. Bu çərçivədə Azərbaycan uzun illər tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Nəticədə Ermənistan istiqamətində Azərbaycan ərazisindən 28 min ton yük daşınıb. Bununla yanaşı, Azərbaycan ilk dəfə olaraq Ermənistana benzin və dizel ixracına başlayıb və artıq 12 min ton neft məhsulu qarşı tərəfə çatdırılıb. Bu addımlar iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətli addımlar kimi təqdim olundu. Prezident çıxışında bəzi Avropa institutlarının mövqeyinə də toxundu. O, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası-nın Ermənistan-Azərbaycan münasibətlərində obyektiv mövqe sərgiləmədiyini və ikili standartlara yol verdiyini qeyd etdi. Azərbaycanın 2001-ci ildən Avropa Şurası-nın üzvü olduğunu xatırladan dövlət başçısı bildirdi ki, uzun illər ərzində ölkə nümayəndə heyətinə heç bir məhdudiyyət tətbiq olunmayıb. Lakin 2023-cü ildə Azərbaycanın Qarabağda separatçılığa son qoymasından sonra bu münasibətdə dəyişiklik baş verib və AŞPA tərəfindən sanksiyalar tətbiq olunub. Prezident bu yanaşmanı ədalətsiz hesab edərək vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü digər ölkələrinki ilə eyni səviyyədə qiymətləndirilməlidir. Eyni zamanda, Avropa Parlamentinin fəaliyyətinə toxunan Prezident bildirdi ki, bu qurum əsas problemlərlə məşğul olmaq əvəzinə Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul edir. Onun sözlərinə görə, son beş ildə bu tipli 14 sənəd qəbul edilməsi artıq sistemli yanaşmanın göstəricisidir. Ən son qətnamənin isə Zirvə görüşü ərəfəsində qəbul olunması xüsusi diqqət çəkir. Prezident qeyd etdi ki, bu cür addımlar sülh prosesinə dəstək vermək əvəzinə ona mane olur. Buna cavab olaraq Azərbaycan parlamenti Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və bir sıra platformalarda iştirakın məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Dövlət başçısı bu məlumatları həmkarlarına təqdim etməklə mümkün yanlış təsəvvürlərin qarşısını almaq istədiyini bildirdi. Çıxışda regional nəqliyyat və iqtisadi layihələrə də yer verildi. Prezident qeyd etdi ki, yeni təşəbbüslər, o cümlədən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adlandırılan layihə Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcək. Bu layihələr sülhün konkret nəticələrinin formalaşdığını göstərir və regionda əməkdaşlıq imkanlarını genişləndirir. Sonda Prezident Ermənistanın Baş naziri Nikol Paşinyan-ı Zirvə görüşünün Ermənistanda keçirilməsi münasibətilə təbrik etdi və vurğuladı ki, müxtəlif maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiq qalır. Onun sözlərinə görə, qarşı tərəfin də açıqlamaları bu istiqamətdə irəliləyişin mümkün olduğunu göstərir və regionda sabitliyin möhkəmlənməsi üçün real zəmin yaradır.
16/03/2026
Azərbaycanın beynəlxalq dialoqa verdiyi töhfə
Müasir dünya mürəkkəb və ziddiyyətli bir mərhələdən keçir. Qlobal siyasi sistem dəyişir, yeni güc mərkəzləri formalaşır, beynəlxalq münasibətlər isə əvvəlki sabitliyini qismən itirir. Belə bir şəraitdə dövlətlər arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dialoq daha böyük əhəmiyyət kəsb edir. Bakıda keçirilən XIII Qlobal Bakı Forumu məhz bu məqsədlə – dünyada mövcud fikir ayrılıqlarının aradan qaldırılması və ortaq yanaşmaların formalaşdırılması üçün təşkil edilmişdir. Forum beynəlxalq siyasət, təhlükəsizlik, iqtisadi inkişaf və humanitar əməkdaşlıq kimi mühüm mövzuların müzakirə olunduğu nüfuzlu platformaya çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış edərək müasir dünyada baş verən geosiyasi dəyişikliklər, beynəlxalq münasibətlərdə mövcud problemlər və onların həlli yolları barədə geniş fikirlər səsləndirmişdir. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, dünya hazırda yeni bir mərhələyə daxil olmuşdur. Bu mərhələni keçid dövrü kimi xarakterizə etmək olar. Çünki mövcud beynəlxalq sistem tam sabit deyil və yeni qlobal nizam hələ formalaşma mərhələsindədir. Son illərdə müxtəlif regionlarda münaqişələrin artması, böyük dövlətlər arasında rəqabətin güclənməsi və beynəlxalq hüququn bəzən selektiv şəkildə tətbiq edilməsi qlobal münasibətlərə mənfi təsir göstərir. Bu vəziyyət beynəlxalq təşkilatların fəaliyyətinə də müəyyən çətinliklər yaradır. Dövlət başçısı vurğulamışdır ki, qlobal problemlərin həlli yalnız əməkdaşlıq və dialoq yolu ilə mümkündür. Ayrı-ayrı ölkələrin təkbaşına hərəkət etməsi dünya üçün daha böyük risklər yarada bilər. Buna görə də dövlətlər arasında etimadın möhkəmləndirilməsi və beynəlxalq hüququn prinsiplərinə hörmət olunması mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qeyd etmişdir ki, qlobal problemlərin həlli üçün ən təsirli vasitə dialoq və qarşılıqlı anlaşmadır. Müxtəlif ölkələr və sivilizasiyalar arasında fikir ayrılıqları mövcud olsa da, bu fərqlər qarşıdurma deyil, əməkdaşlıq üçün əsas olmalıdır. Forumun əsas məqsədlərindən biri də məhz fərqli mövqelərin müzakirəsi və ortaq həll yollarının tapılmasıdır. Bu cür beynəlxalq platformalar dövlətlər arasında etimadın möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın formalaşmasına töhfə verir. Prezident vurğulamışdır ki, dünyada mövcud problemlər yalnız siyasi deyil, həm də iqtisadi və sosial xarakter daşıyır.
Enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi və humanitar problemlər bütün dövlətləri narahat edən məsələlərdir. Bu səbəbdən də onların həlli üçün qlobal əməkdaşlıq vacibdir. Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq dialoqun təşviqində oynadığı rolu da xüsusi qeyd etmişdir. Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayan ölkə kimi tanınır. Ölkəmiz uzun illərdir ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir və qlobal məsələlərin müzakirəsi üçün mühüm platformalar yaradır. Qlobal Bakı Forumu da bu istiqamətdə mühüm təşəbbüslərdən biridir. Azərbaycanın xarici siyasəti qarşılıqlı hörmət, əməkdaşlıq və bərabər tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu siyasət ölkənin beynəlxalq nüfuzunun artmasına və müxtəlif regionlarla əlaqələrin genişlənməsinə imkan yaradır. Prezident İlham Əliyev çıxışında regional sabitliyin təmin edilməsinin qlobal təhlükəsizlik üçün mühüm olduğunu vurğulamışdır. Münaqişələrin həlli, dövlətlərin suverenliyinə hörmət və beynəlxalq hüququn prinsiplərinə əməl olunması sabitliyin əsas şərtlərindən biridir. Dövlət başçısı qeyd etmişdir ki, sülh və təhlükəsizlik yalnız hərbi güc vasitəsilə deyil, diplomatik yollar və əməkdaşlıq vasitəsilə təmin olunmalıdır. Münaqişələrin həlli üçün beynəlxalq təşkilatların və regional platformaların fəaliyyəti daha da gücləndirilməlidir. Bu baxımdan Qlobal Bakı Forumu müxtəlif ölkələr arasında dialoqun inkişafına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyev müasir dünyanın üzləşdiyi əsas çağırışlar barədə də danışmışdır. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, iqtisadi qeyri-sabitlik və humanitar problemlər qlobal miqyasda diqqət tələb edən məsələlərdir. Bu problemlərin həlli üçün dövlətlər arasında yeni əməkdaşlıq mexanizmlərinin yaradılması vacibdir. Enerji resurslarının səmərəli istifadəsi, yaşıl enerji layihələrinin həyata keçirilməsi və davamlı inkişafın təmin edilməsi beynəlxalq gündəliyin əsas mövzularındandır. Azərbaycan da bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verir.
XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışı müasir dünyanın qarşısında duran əsas problemləri və onların həlli yollarını əhatə edən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Çıxışda vurğulanan əsas məqam ondan ibarətdir ki, dünya hazırda mürəkkəb və qeyri-müəyyən bir dövrdən keçir. Bu dövrdə dövlətlər arasında əməkdaşlıq, dialoq və qarşılıqlı hörmət prinsipləri daha böyük əhəmiyyət daşıyır. Qlobal Bakı Forumu isə müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirərək qlobal problemlərin müzakirəsi və ortaq həll yollarının axtarılması üçün mühüm platforma rolunu oynayır. Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun artdığını və qlobal dialoq prosesində fəal rol oynadığını göstərir. Beləliklə, Prezident İlham Əliyevin çıxışı dünya dövlətlərini qarşılıqlı anlaşmaya, əməkdaşlığa və sülhə çağıran mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu mesaj müasir dövrdə beynəlxalq münasibətlərin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
20/01/2026
20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsidir.
Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 36 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi daxil oldu.20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olmaqla bərabər, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələri totalitar Sovet rejimi tərəfindən Azərbaycanda xalqa, demokratik proseslərə qəsd, öncədən planlaşdırılmış, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan haqlarını pozan cinayət idi.
Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə 20 Yanvar hadisələri ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə, məhz Heydər Əliyev xalqımızın haqq səsini dünyaya çatdırdı. İlk olaraq Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi. Azərbaycan xalqına qarşı tətbiq edilən bu vəhşilik əks-təsir yaratmış və müstəqil Azərbaycan Respublikasının qurulmasında dönüş nöqtələrindən biri olmuşdur. Bu faciədən sonra Azərbaycan xalqı səsini daha da yüksəklərə çatdırmaq üçün səy göstərmiş, 18 oktyabr 1991-ci ildə müvəffəqiyyət qazanaraq, müstəqilliyini bütün dünyaya elan etmişdir.1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı da məhz 20 Yanvar gecəsi qoyuldu. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq qələbəsi oldu.Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Bərdə şəhər Alı Mustafayev adına 5№li tam orta ümumtəhsil məktəbinin Təlim tərbiyə işləri üzrə direktor müavini Baxşaliyeva Aynur
19/01/2026
1990 cu il 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq🥀