05/11/2025
ISE-də Zəfər Günü qeyd olundu!
Bu gün Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) xalqımızın ən şanlı səhifələrindən biri – Zəfər Günü böyük qürur və ehtiramla qeyd olundu.
Tədbirin qonağı ISE məzunu, Vətən müharibəsi iştirakçısı Kamran Əzimov idi. O, Talış, Suqovuşan və Ağdərə istiqamətlərində döyüşlərdə iştirak etmiş, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.
Kamran Əzimov 44 günlük Vətən müharibəsi zamanı yaşadıqlarını tələbələrlə səmimi şəkildə bölüşdü. Onun xatirələri, vətənpərvərlik və ruh yüksəkliyi ilə dolu çıxışı auditoriyada dərin təsir yaratdı. Tələbələrimiz maraqlı suallar verdilər, minnətdarlıq və hörmət dolu sözlərlə çıxış etdilər.
Tədbirin təşəbbüskarı və aparıcısı I kurs tələbəsi Davud Şeydayev idi. O, mərasimi Azərbaycan Dövlət Himni və şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla açaraq, “Zəfər Günü – xalqımızın iradəsinin, birliyinin və ədalətin bərpasının rəmzidir” sözləri ilə tədbirə xüsusi mənəvi dərinlik qatdı.
Zəfər Günümüz mübarək olsun!
Qarabağ Azərbaycandır!