16/02/2021
Konsaltinq....
Müxtəlif sahələr üzrə mütəxəssis məsləhətinin verilməsi kimi sadə təriflə izah etmək olar.
İşinlə və ya biznesinlə bağlı bir sualla qarşılaşmısan və bu sualın cavabı sənin işinin gedişatı üçün əhəmiyyət kəsb edir. Neynirsən? Telefonu alırsan əlinə və ya hansısa başqa bir vasitə ilə kiməsə müraciət edirsən. Azərbaycanda çox zaman bu tanışın, dostun və ya dostunun əmisioğlu və s. olur. Sual ünvanladığımız şəxs bizim sualımızı cavablandırır və onun cavabına əsasən biz qarşıladığımız problemi həll edirik və ya məsələnin həlli üçün ideya formalaşdırırıq. Deməli, biz nə etmiş olduq sual verdiyimiz şəxsin konsultasiya xidmətindən yararlanmış olduq.
Yenə sadə bir formada nəzər salsaq aydın olar ki sualımıza cavab verən şəxs bu suala cavab vermə potensialını və bacarığını işləyərək, zəhmət çəkərək, zaman ayıraraq, oxuyaraq və illərin təcrübəsi hesabına sahib olub. Biz isə bu qədər zəhməti sadəcə "qardaş çox sağol" və ya "haqqını halal et kimi" halallaşma formasında "ödənişin" edirik. Düzdürmü?
Təsəvvür edin bir nəfər dostumuz var taksi şoferidir və biz də hər gün ona "qardaşımsan məni filan yerə atarsan" kimi xahiş edirik. Təbii ki, bu hal bir və ya iki dəfə olduqda normal qarşılana bilər. Amma bəs hər gün təkrarlanarsa? Və ya usta dostumuzdan evimizi pulsuz təmir etməsini, maşın ustasından maşınımızı pulsuz düzəltməsini necə?
Əqli mülkiyyət əzizlərim. Yəni insanın satdığı gərək əllə tutulacaq bir nəsnə olmalıdır ki, onun qarşılığı verilsin? Bəs ayrılan zaman, bəs məlumat, məsləhət, bilgi, elm və s. kimi birbaşa beyin məhsulunun qiymətləndirilməsi nə üçün cəmiyyətimizdə bu qədər aşağı səviyyədədir.
Mən bəzən düşünürəm ki, bu birbaşa cəmiyyətimizin elmə, bilgiyə, savada verdiyi qiymətdən irəli gəlir. Siz necə düşünürsünüz?