08/03/2026
Dəyərli xanımlar, bayramınız mübarək! 💐
Qadınlar və kişilər arasındakı münasibətlərin gərgin olduğu bu dövrdə gəlin biri-birimizin fərqliliklərini qəbul edib hörmətlə, mümkünsə sevgiylə yanaşaq.
Bizi qütbləşdirən aqressiv fikirlərin güclənib yayılmasına imkan verməyək.
Bir-birimizi rəqib kimi yox, tamamlayan tərəf kimi görsək, həm münasibətlərimiz, həm də cəmiyyətimiz daha sağlam olar.
Gözəlliyiniz, gücünüz və zərifliyinizlə yaxşı ki, varsınız.
28/02/2026
Sosial bacarıqları yaxşı olan menecer olsun, yumoru yaxşı olan komediyaçı olsun, oyuncaqları söküb-yığan mühəndis olsun, xidmət etməyi sevən xidmət sahəsinə yönəlsin.
Fərdlərdə hansısa istedadı və təbii bacarıqları üzə çıxarmaq və onları müvafiq sahələrə yönəltmək valideynlərin və təhsil sisteminin əsas məqsədlərindən biri olmalıdır.
Onlardan öyrəşdiyimiz 3-5 sahədə eyni performansı gözləmək həm şəxslər, həm də cəmiyyət üçün böyük itkidir.
Valideynlərin istəyinə və ya dövlət imtahanında yığılan bala əsasən peşə seçmək fərdlərin özünü məmnuniyyətsiz həyatla, cəmiyyəti isə məmnuniyyətsiz və səriştəsiz işçi qüvvəsi ilə cəzalandırır.
19/02/2026
Rəsmi olaraq lüğətimizdə olmasa da, "viral olmaq" deyə bir ifadə eşidirik.
İngiliscəsi "to go viral" olan bu birləşmə internet və sosial media aləmində hər hansısa məzmunun sürətlə paylaşılması və böyük kütlələrə çatmasını ifadə etmək üçün istifadə edilir.
Buradakı "viral" sözü "virus" sözündən gəlir. Viruslar da insandan insana tez keçib yayıldığı üçün belə bir maraqlı ifadə yaranıb.
13/02/2026
Bizə IELTS üçün müraciət edən tələbələrin təxminən yarısı instaqram səhifəmizdəki yüksək nəticələri əsas səbəb kimi göstərir.
Baxmayaraq ki, bu bizə sərf edir, düşünürəm ki, yüksək nəticələr kurs seçimində əsas kriteriya olmamalıdır.
Bizlə 8.0 yığan tələbə bəlkə başqa kursda hazırlaşsa, 8.5 alacaqdı?
Bir dəfə 4 nəfərdən ibarət pre-intermediate qrup götürmüşdüm, 5.5 lazım idi. Sonda 4-ü də 5.5 topladı. Mənim onillik təcrübəmdə bəlkə də ən uğurlu qrupum o idi, amma instaqramda bu heç də uğur kimi görsənməyəcəkdi.
Tələbələr arasında nəticələrin əsas kriteriya olması həm də müəllim və kursları ancaq güclü tələbə götürməyə motivasiya edir. Bu da daha aşağı dil səviyyəsində olan tələbələrin diqqətdən kənarda qalması deməkdir.
Bəs nəyə əsasən seçim edək?
Mən hazırda IELTS kursu axtarsaydım, aşağıdakı göstəricilərə baxardım:
• Mənə dərs deyəcək müəllimin müəllimlik kvalifikasiyaları
• Mənə dərs deyəcək müəllimin IELTS nəticəsi
• Tələbələrin rəyləri
• Verilən vədlərin reallığı, dürüstlük
• Peşəkar fərdi feedback
Bəs siz ən çox nəyə diqqət edirsiniz?
06/02/2026
Kitab oxuyanda, təbii olaraq, birini tamamlayandan sonra növbətiyə keçmək istəyirik.
Əslində, eyni vaxtda bir neçə kitab oxumaq ümumi miqdarı artırır.
Çünki, belə olanda, əlimizin altında hər "mood"a uyğun kitab olur.
Eyni məntiqlə, olduğumuz məkanların hər birində (ev, ofis və s.) davam etdiyimiz kitabların olması daha çox oxumağa aparıb çıxarır.
04/02/2026
Paper-based IELTS imtahanı Azərbaycanda ləğv olundu.
Artıq imtahanı ancaq kompüter üzərindən vermək mümkün olacaq.
İnstaqram səhifəmdə computer-delievered IELTS imtahanı barədə video və ətraflı məlumat paylaşmışam.
01/02/2026
Təsəvvür edin ki, ölkədə təhsilli insanlar arasında belə, vaxt təyin etmək, vaxtında təyin edilən görüşə getmək, gecikəndə məlumat vermək, getmək alınmayanda bunu öncədən bildirmək kimi bəsit davranışlar hələ də oturuşmayıb.
01/02/2026
İngilis dilində bəzi sözlər gender ayrı-seçkiliyi olmasın deyə dəyişdirilərək “gender-neutral” formaya salınıb:
• salesman → salesperson / sales assistant
• businessman → businessperson
• businessmen → businesspeople
• fireman → firefighter
• policeman → police officer
• mankind → humankind
Bu baxımdan, Azərbaycan dili isə elə əvvəldən, bir-iki istisnanı (müəllimə, şairə və s.) çıxmaqla, əsasən neytral olub.