21/09/2019
Şərqi Avropa qonşu ölkələrində Boloniya prosesinin əsas müddəalarının həyata keçirilməsinə yardım edən, onun müxtəlif istiqamətlərdə inkişafını dəstəkləyən və 2013-cü ildə universitetimizin ilk dəfə qoşulduğu Avropa Komissiyasi ERASMUS MUNDUS təhsil, ixtisasartirma və təcrübə proqramının MEDical UnivErsities Alliance (MEDEA) – Tibb Universitetləri Alyansı layihəsi yola saldığımız 2017-ci ildə başa çatdı. 4 il davam edən layihə dövründə universitetimiz Avropanın qabaqcıl Pol Sabatye Tuluza (Fransa), Berlin Humbold universitetinin Şarite Tibb fakültəsi (Almaniya), Kardiff (BK), Çester (BK), Peruca Universiteti (İtaliya), Porto (Portuqaliya), Santyaqo de Kompostella (İspaniya), Vilnyus (Litva), Latviya, Saloniki (Yunanıstan) universitetləri ilə tibb, əczaçılıq, stomatologiya, səhiyyənin təşkili, tibbi elmləri sahəsində tələbə, magistr, doktorant və müəllim mübadiləsi həyata keçirmək imkanı əldə edib.
İyun ayında Yunanıstanın Saloniki şəhərində keçirilmiş konfransda layihənin işinə yekun vuruldu və universitetlərin layihədə aktivliyi müzakirə olunub.Yekun konfransda koordinator və partnyor universitetlərin hesabatı dinlənilib. Yığıncaqda layihə dövrü ərzində ATU-dan Avropaya 11 (bunlardan Berlin Humbold universitetinin Şarite Tibb fakültəsinə - 3 tələbə, Peruca universitetinə – 1 tələbə, 1 magistr, 1 müəllim, Vilnyus universitetinə - 1 müəllim, 1 tələbə, Kardiff universitetinə - 1 magistr, Pol Sabatye Tuluza universitetinə - 1 magistr, Santyaqo de Kompostella universitetinə - 1 doktorant), Vilnyus (Litva) universitetindən ATU-ya 1 bakalavr dərəcəsi üzrə mobilliyin həyata keçirildiyi qeyd edildi.
Tərəfdaş universitetlər və koordinatorların bu təcrübəni yüksək qiymətləndirmələri, bunun həm iştirakçıların gələcək fəaliyyətləri, həm də ali təhsil ocaqları arasında əməkdaşlığın davam etdirilməsi üçün faydalı olacağı xüsusi vurğulanıb.
ATU-nun ilk mübadilə proqramı olan MEDEA layihəsi Azərbaycanın ali tibb təhsilinin Avropa tibb təhsil məkanına inteqrasiyası, universitetimiz və Avropa universitetləri arasında tələbə və müəllim kontingentinin mobilliyinin asanlaşdırılması yolunda vacib addımlardandır.
Aİ Erasmus Mundus MEDEA layihəsinin koordinatoru
Dosent R.İ. Qabulova