02/02/2018
VALİDEYNLƏR NƏ DEYİR?
Deyirlər öz müəlliminin yanına göndərməsək “müəllim” uşağı gözüm-çıxdıya salacaq, onun qiymətini aşağı yazacaq. Ona görə məcbur qalıb göndəririk... Belə təhlükələrdən özünü sığortalayan valideyn və şagirdin itirdiyi bəs nə olur? Ümumiyyətlə, bəs niyə uşağı öz müəlliminin yanına hazırlığa göndərmək ziyanlıdır?
Bu sallara “Dərsdən sonra öz müəlliminin yanına hazırlığa getmək – Azərbaycan təhsilinin sağalmaz bəlası” yazımda qismən cavab axtarmağa çalışmışam. Bu yazıda isə bu prosesdə valideynlərin iştirakı və onların arqumentlərinə diqqət ayırmağa çalışarıq.
Valideynlər bu məsələdə heç də birmənalı olaraq yekdil deyillər. Uşağına ayırmağa vaxtı olmayan valideynlərin əksəriyyətinin bu barədə mülahizəsi heç yoxdur, onları bu problem maraqlandırmır. İkinci tip valideynlər “müəllim”dən gələn təhlükədən uşağını qorumağın yolunu uşağı onun yanına hazırlığa göndərməkdə görür və belə də edirlər. Yalnız bir qism valideyn var ki, həqiqətən bu problemin mahiyyətini başa düşür, bunun özü və uşağı üçün necə ziyanlı bir proses olduğunu bilir və bu bəladan uşağını qorumağın yollarını arayır. Belə valideynlərlə hər dəfə rastlaşanda bu sahə ilə bağlı adamın kəskin pessimist ovqatı azda olsa müsbətə dəyişir. Fikirləşirsən nə yaxşı ki, problemdən agah olan valideynlər də var. Onların arasında orta təhsilli olanlar da az deyil. Bu hal isə gələcəyə olan ümidin sona qədər itməsinə imkan vermir.
Valideynlərin dediklərindən belə anlaşılır ki, bu problemlə mübarizə heçdə asan məsələ deyil. Proses məktəb direktorlarının da marağında olduğundan onlar da buna mümkün qədər dəstək verir və onun təşkili üçün münbit şərait yaradırlar. Valideyn komitələrində isə bu problemin müzakirəsi məişət səviyyəsindəki müzakirələrdən yuxarı qalxa bilmir. Valideyn iclaslarında isə nəinki bu problemin varlığı barədə danışılmır, əksinə daha çox bu prosesə dəstək məsələləri müzakirə olunur. Əksər hallarda bu iclaslar da elə məhz bu prosesin təşkili məqsədi ilə çağrılır, valideynə bildirilsin ki, bəs uşağın dərslərdən zəifdi, qiymətləri aşağıdı, onu dərsdən sonrakı “dərslərə” göndərin. Uşağın zəif bilməsinə görə valideyn müəllimdən soruşmaq əvəzinə, müəllim valideyni ittiham edir.
Heç ömründə eşitməzsiz ki, dərsdən sonra öz müəlliminin yanına hazırlığa gedən uşaq məktəb dərslərindən aşağı qiymət alsın və ya həmin uşaqdan müəllim valideynə şikayət eləsin. Sanki uşağı müəlliminin ödənişli dərslərinə göndərən kimi uşaq hər şeyi əla bilməyə başlayır. Nə vaxt eşitmisiz ki, müəlliminin yanına hazırlığa gedən uşağın valideyni müəllimdən uşağın necə oxuduğunu soruşanda müəllim desin ki, yox, yaxşı deyil, öyrənə bilmir, bir ayda nəticəsi olmasa daha dərs keçməyəcəm, hazırlığa göndərməyin. Əlbəttə belə hal olsaydı möcüzə olardı... Möcüzə gözləməyə dəyərmi?
Nəyi daha çox gözləməyə dəyər? Hər ay hər şagirdə görə 50-60 manatı rahat şəkildə qazanan “müəllimin” nə vaxtsa insafa gələcəyini, yoxsa övladının gələcəyi üçün narahat olmalı olan valideynin daha çox çalışmasını? İndinin “yüksək qiymət”, alan, gələcəyin savadsız şagirdi yaxşı olar, yoxsa indinin aşağı qiymət alan, gələcəyin savadlı şagirdi? Çətinlik bahasına olsa belə mübariz övlada sahib olmaq yaxşı olar, yoxsa təslimçiliyə aludə olmuş övlada? Məncə bu barədə düşünməyə dəyər...
P.S. Yazı məktəb müəllimlərinin hazırlıq keçməyinə qarşı yönəlməyib. Söhbət ondan gedir ki, həmin müəllimlər bunu dərsdən dərhal sonra başdansovdu kimi eləməsinlər. Öz evlərində və ya məktəbdə hamı kimi uşaqla normal məşğul olsunlar. Həmdə bu öz dərs dediyi şagirdlər olmamalıdı. Özü zəhmət çəksin (necə ki, orta məktəblərin savadlı, zəhmətkeş müəllimləri bunu edir) yaxşı hazırlıq keçsin, qoy onun yanına öz adına görə hazırlığa gəlsinlər, daha qiyməti aşağı yazacaq qorxusuna görə yox.
Firdovsi ŞAHBAZOV