19/06/2026
“İbtidai təhsil siniflərində riyaziyyat fənninin tədrisində yeni yanaşma və strategiyalar üzrə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimlərindən Ramilə Əsgərova, Fatma Ələsgərova, Lalə Süleymanova, Vəfa Nəsirova və Aygün Babayeva uğurlu fəaliyyətlərinə və təlim prosesində fəal iştiraklarına görə sertifikatla təltif olunublar.
Bu uğur müəllimlərimizin peşəkar inkişaf yolunda göstərdikləri əzmkarlığın, müasir tədris yanaşmalarına açıq olmalarının və təhsilin keyfiyyətinin yüksəldilməsinə verdikləri töhfənin göstəricisidir.
Müəllimlərimizi əldə etdikləri nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək pedaqoji fəaliyyətlərində yeni uğurlar və davamlı inkişaf arzulayırıq. İnanırıq ki, qazanılan bilik və təcrübə şagirdlərin daha keyfiyyətli təhsil almasına mühüm töhfə verəcəkdir.
17/06/2026
Müəllim – illər keçsə də izi silinməyən, gələcəyi formalaşdıran ən müqəddəs peşə sahibidir... Müəllimlik yalnız peşə deyil – səbr, məsuliyyət, fədakarlıq və gələcək nəsillərə yol göstərmək missiyasıdır. Bu müqəddəs sənəti seçən insanlar ömürlərini bilik paylaşmağa, insan yetişdirməyə və cəmiyyətin sabahını qurmağa həsr edirlər. İllər keçir, zaman dəyişir, lakin müəllimin şagird qəlbində qoyduğu iz və verdiyi dəyərlər daim yaşayır. Məhz belə dəyərli müəllimlərdən biri də uzun illərdir təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən Məlahət Hüseynovadır.
E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Məlahət Hüseynovanın 65 illik yubiley tədbiri keçirilib. Tədbirdə məktəbin direktoru Anar Mustafazadə başda olmaqla pedaqoji kollektiv iştirak edib.
Çıxışlar zamanı Məlahət müəllimənin uzunillik səmərəli fəaliyyəti, şagirdlərin təlim-tərbiyəsində göstərdiyi xidmətlər, həmkarları arasında qazandığı hörmət və məktəb həyatına verdiyi töhfələr xüsusi vurğulanıb. Səmimi və xoş ovqatda keçən yubiley tədbirində yubilyara ən xoş arzular çatdırılıb.
E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi adından Məlahət Hüseynovanı 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və bundan sonrakı həyatında da uğurlar arzulayırıq.
15/06/2026
E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin 3B sinif şagirdi Davud Ömərov “Judo Club 2012”- nin cüdo birinciliyində III yerə layiq görülüb və diplomla təltif edilibdir.
Məktəb kollektivi adından Davudu bu nəticə münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük qələbələr, yeni zirvələr və daim yüksələn nailiyyətlər arzulayırıq.
15/06/2026
E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin 3Ç sinif şagirdi Uğur Məlikov Kids Tournament cüdo yarışında 30 kq çəki dərəcəsində yüksək nəticə göstərərək I yerə layiq görülüb, göstərdiyi əzmkarlıq, iradə və idman bacarığına görə diplomla təltif edilibdir.
Məktəb kollektivi adından Uğur Məlikovu bu nəticə münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük qələbələr, yeni zirvələr və daim yüksələn nailiyyətlər arzulayırıq.
14/06/2026
E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin 3C sinif şagirdi Gündüz Aslanov idman sahəsində növbəti uğuruna imza atıb. Şagirdimiz “Judo Club 2012”-nin təşkil etdiyi cüdo birinciliyində 32 kq çəki dərəcəsində I yerə layiq görülərək diplomla təltif edilib.
Bu nailiyyət Gündüzün əzmkarlığının, intizamının və idmana olan marağının nəticəsidir. İnanırıq ki, gələcəkdə də daha böyük uğurlara imza atacaq və məktəbimizi yeni qələbələrlə sevindirəcək.
Şagirdimizi ürəkdən təbrik edir, ona gələcək yarışlarda yeni-yeni qələbələr arzulayırıq.
13/06/2026
E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatmasını simvolizə edən ən duyğulu və ən yaddaqalan günlərdən biri – “Son zəng” tədbiri təntənəli şəkildə keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, Nizami rayonu İcra Hakimiyyətinin əməkdaşı Mənsum
İsmayılov, müəllimlər, şagirdlər, valideynlər və məktəb ictimaiyyəti iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ənənəvi olaraq bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Anar Mustafazadə çıxış edərək qonaqları, müəllimləri, valideynləri və xüsusilə məzunları bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib.
Anar müəllim çıxışında qeyd edib ki, məktəb 2025–2026-cı tədris ilində həm təhsil, həm də idman sahəsində mühüm uğurlara imza atıb. Şagirdlərimizin əldə etdiyi nailiyyətlərin məktəbin inkişafının və müəllim əməyinin nəticəsi olduğunu vurğulayan Anar müəllim məzunlarımızın fərqlənən uğurlarını xüsusi qeyd edib.
Bildirilib ki, məktəbin 11-ci sinif şagirdi Fərhad Babayev Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə III yerə layiq görülərək bürünc medal qazanıb. Eyni zamanda məktəbin məzunu Jalə Muradlı nüfuzlu uğura imza ataraq Amerikanın 7 universitetinə qəbul olunub. Bu nailiyyətlər məktəb kollektivinin və şagirdlərimizin zəhmətinin bariz nümunəsi kimi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra Nizami rayonu İcra Hakimiyyətinin əməkdaşı Mənsum müəllim çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar, düzgün seçimlər və böyük nailiyyətlər arzulayıb.
Tədbirin bədii hissəsində 11-ci sinif şagirdləri tərəfindən hazırlanan rəngarəng çıxışlar, musiqi nömrələri və duyğusal anlar tədbirə xüsusi ab-hava qatıb. Məzunların məktəb illərinə həsr olunan çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin ən təsirli anlarından biri isə məktəbin gələcəyinin simvolu olan açarın 11-ci siniflər tərəfindən 1-ci sinif şagirdlərinə təhvil verilməsi olub. Bu ənənə bilik və etimadın nəsildən-nəslə ötürülməsini, məktəb həyatının davamlılığını simvolizə edib.
Sonda illərlə gözlənilən o an yetişdi və “Son zəng” səsləndi… Bu zəng bir tərəfdən məktəb illəri ilə vidalaşmanın, digər tərəfdən isə yeni həyat mərhələsinə atılan ilk addımın sədası olub.
Əziz məzunlar, yolunuz açıq, arzularınız böyük, uğurlarınız daim olsun.
11/06/2026
Respublika fənn olimpiadalarının nəticələri elan olunub və məktəbimizin növbəti uğuru hamımız üçün böyük sevinc mənbəyinə çevrilib.
E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin 11B sinif şagirdi Fərhad Babayev Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə III yerə layiq görülərək bürünc medal qazanıb.
Bu yüksək nəticə Fərhadın bilik və zəhmətinin, məqsədyönlü hazırlığının, müəllimlərinin peşəkar dəstəyinin və ailəsinin etimadının parlaq göstəricisidir. Respublika səviyyəsində keçirilən belə nüfuzlu bilik yarışında əldə olunan uğur yalnız bir şagirdin deyil, bütövlükdə məktəb kollektivinin uğuru hesab olunur.
Fərhad Babayevi bu əlamətdar nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək təhsil həyatında və yeni uğur zirvələrində ona daha böyük nailiyyətlər arzulayırıq. İnanırıq ki, bu uğur digər şagirdlərimiz üçün də motivasiya mənbəyi olacaq və yeni qələbələrə yol açacaq.
Qürurumuzsan, Fərhad.
11/06/2026
E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin 5Ə sinif şagirdi Dəniz Əsədova növbəti uğuru ilə məktəb kollektivini sevindirib.
Dəniz şahmat üzrə keçirilən Təsnifat Turnirində uğurlu çıxışı, strateji düşüncə qabiliyyəti, diqqəti və əzmkarlığı ilə fərqlənərək 4-cü dərəcə əldə edib.
Şahmat yalnız oyun deyil – məntiq, səbir, iradə və düzgün qərarvermə bacarıqlarını formalaşdıran mühüm intellektual sahələrdən biridir. Bu sahədə qazanılan hər bir nailiyyət şagirdin analitik düşüncəsinin, məqsədyönlülüyünün və davamlı inkişaf istəyinin göstəricisidir.
Şagirdimizi qazandığı bu uğur münasibətilə ürəkdən təbrik edir, gələcək yarışlarda daha yüksək nailiyyətlər, yeni dərəcələr və parlaq qələbələr arzulayırıq.
11/06/2026
Global Olympiad Center tərəfindən təşkil olunan beynəlxalq fənn olimpiadalarının ölkə mərhələlərində yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimi möhtəşəm şəkildə Heydər Əliyev Sarayında keçirilib.
Tədbirdə AI Azərbaycan, AzMİO, AzFO, Einstein Olympiad, HIPPO English Olympiad, Brainiacs, Spirit of Math, STEMCO, UAMO və Olympiad USA olimpiadaları üzrə fərqlənən qızıl, gümüş və bürünc medalçılar səhnəyə dəvət olunaraq medal və sertifikatlarla təltif ediliblər.
Qürurverici haldır ki, E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbinin 5Ə sinif şagirdi Dəniz Əsədova da bu nüfuzlu olimpiadada uğurlu nəticə əldə edənlər sırasında yer alıb.
Dəniz Əsədova Brainiacs English – İngilis dili olimpiadasında yüksək bilik və bacarığı ilə seçilərək gümüş medala layiq görülüb və sertifikatla təltif olunub.
Şagirdimizi bu uğuru münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək təhsil həyatında ona daha böyük nailiyyətlər, yeni zirvələr və beynəlxalq arenalarda yeni qələbələr arzulayırıq.
Uğurların davamlı olsun, Dəniz.