13/06/2026
E.Cəlilov adına 272 nömrəli tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin başa çatmasını simvolizə edən ən duyğulu və ən yaddaqalan günlərdən biri – “Son zəng” tədbiri təntənəli şəkildə keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, Nizami rayonu İcra Hakimiyyətinin əməkdaşı Mənsum
İsmayılov, müəllimlər, şagirdlər, valideynlər və məktəb ictimaiyyəti iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ənənəvi olaraq bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Anar Mustafazadə çıxış edərək qonaqları, müəllimləri, valideynləri və xüsusilə məzunları bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib.
Anar müəllim çıxışında qeyd edib ki, məktəb 2025–2026-cı tədris ilində həm təhsil, həm də idman sahəsində mühüm uğurlara imza atıb. Şagirdlərimizin əldə etdiyi nailiyyətlərin məktəbin inkişafının və müəllim əməyinin nəticəsi olduğunu vurğulayan Anar müəllim məzunlarımızın fərqlənən uğurlarını xüsusi qeyd edib.
Bildirilib ki, məktəbin 11-ci sinif şagirdi Fərhad Babayev Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə III yerə layiq görülərək bürünc medal qazanıb. Eyni zamanda məktəbin məzunu Jalə Muradlı nüfuzlu uğura imza ataraq Amerikanın 7 universitetinə qəbul olunub. Bu nailiyyətlər məktəb kollektivinin və şagirdlərimizin zəhmətinin bariz nümunəsi kimi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra Nizami rayonu İcra Hakimiyyətinin əməkdaşı Mənsum müəllim çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar, düzgün seçimlər və böyük nailiyyətlər arzulayıb.
Tədbirin bədii hissəsində 11-ci sinif şagirdləri tərəfindən hazırlanan rəngarəng çıxışlar, musiqi nömrələri və duyğusal anlar tədbirə xüsusi ab-hava qatıb. Məzunların məktəb illərinə həsr olunan çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin ən təsirli anlarından biri isə məktəbin gələcəyinin simvolu olan açarın 11-ci siniflər tərəfindən 1-ci sinif şagirdlərinə təhvil verilməsi olub. Bu ənənə bilik və etimadın nəsildən-nəslə ötürülməsini, məktəb həyatının davamlılığını simvolizə edib.
Sonda illərlə gözlənilən o an yetişdi və “Son zəng” səsləndi… Bu zəng bir tərəfdən məktəb illəri ilə vidalaşmanın, digər tərəfdən isə yeni həyat mərhələsinə atılan ilk addımın sədası olub.
Əziz məzunlar, yolunuz açıq, arzularınız böyük, uğurlarınız daim olsun.